Məhkəmə qərarları › İş №2(107)-166/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-166/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-166/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə yaşayış hüququnun tanınmasının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və Cavabdeh1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasındakı nikah pozulmuş və onların birgə nikahdan olan uşaqlarının iddiaçının yanında qalması qət olunmuşdur. Cavabdeh2 **********10 reyestr nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus 0,2031 ha torpaq sahəsinin 0,05 ha hissəsini xx.xx.2014-cü il tarixli, 4Ə-791 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən digər cavabdeh - oğlu Cavabdeh1 bağışlamışdır. Qeyd olunan 0,05 ha torpaq sahəsində 4 otaqdan ibarət yaşayış evi inşa edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cаvаbdеhlərə qаrşı “mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2010-cu il tarixdə doğulmuş X1, xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun keçmiş qayınanası, digər Cavabdeh1 isə keçmiş həyat yoldaşıdır. Belə ki, o, Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2010cu il tarixdə X1, xx.xx.2012-ci il tarixdə X4, xx.xx.2018-ci il tarixdə X2 və xx.xx.2020-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Oğlu Əli autizm xəstəsidir, uşaqları onun himayəsindədir. O, Cavabdeh1lə ailə qurduqdan sonra, yəni xx.xx.2009-cu il tarixdə cavabdehlərin yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi almışlar və həmin ildə həmin torpağın üzərində 3 otaqlı ev tikmişlər, hazırda həmin ev yaşayış üçün tam hazır vəziyyətdədir. 2015-ci ilin sentyabr ayında o və əri Cavabdeh1 uşaqları ilə birgə yaşamaq üçün Almaniyaya getmişlər, orada xeyli qazanc pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan - 3 yataq və 1 qonaq otağından ibarətdir. Mübahisəli evin tikintisi onun və ərinin vəsaiti hesabına həyata keçirilmişdir. Həmin torpaq sahəsində birgə nikah dövründə əri diş həkimi işlədiyi üçün ona aid ev formasında kabinet tikmişlər, həmçinin həmin həyətdə digər yardımçı tikililər də vardır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Hazırda onun əşyaları mübahisəli mənzil olan ünvan 4 ünvanında yerləşir. Onun başqa yaşayış yeri yoxdur. Uşaqlara rütubətli mənzildə yaşamaq həkim tərəfindən qadağan edilmişdir. Məhz bu səbəbə görə də onun və azyaşlı uşaqlarının həmin mənzildə yaşayış sahəsindən istifadə hüququ tanınmalıdır. Cavabdeh2 iddia tələbinə qarşı etiraz edərək, etirazını belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 16 iyun 2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş, onların birgə nikahlarından 4 uşağı doğulmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-739/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalması müəyyən edilmiş, həmçinin həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 120 manat, cəmi 480 manat miqdarında alimentin hər ay tutulub iddiaçıya verilməsi qət edilmişdir. Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsi 11 ünvanında yerləşən torpaq sahəsi ona və əri Arif Paşayevə məxsus olmuşdur. O, ərinin razılığı ilə mülkiyyətində olan torpaq sahəsini 2014-cü ildə Cavabdeh1 da daxil olmaqla, 3 oğluna bağışlamışdır. Cavabdeh1 adına bağışlama müqaviləsi olsa da, torpaq sahəsi hələ də onun mülkiyyətindədir. İddiaçı ilə cavabdeh ailə qurduqdan sonra bir müddət ünvan 2 ünvanında yaşamışlar, həmin mənzil satıldıqdan sonra kirayə mənzildə yaşamışlar. 2015- 2019-cu illərdə Almaniyada yaşamışlar. Aylin adlı uşaqları Almaniyada doğulmuşdur. ünvan 5 ünvanında yerləşən torpaq sahəsindəki evi isə o, və əri Arif Paşayev tikmişlər. Ev hazır olandan sonra onlar iddiaçının və oğlunun kirayədə yaşadıqlarını nəzərə alıb, onlara həmin evdə yaşamağa icazə vermişlər. Mülkiyyətçi kimi o, iddiaçının mübahisəli evə köçməsinə razı deyil. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(051)- 1401/2022 nömrəli iş üzrə qəbul etdiyi 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən yaranmış, həmin vaxt iddiaçı cavabdehlərin yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə gəlin köçmüş, lakin sonradan həmin mənzil tərəflərin razılığı ilə satılmışdır. Sonradan, yəni 2014-cü ildə Cavabdeh2 özünə məxsus torpaq sahəsində mübahisəli fərdi yaşayış evini inşa etdirmiş və iddiaçı öz ailəsi ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı 2015-ci ildə ailəsi ilə birlikdə yaşamaq üçün Almaniya Federativ Respublikasına köçmüş və 2019-cu ildə qayıtdıqdan sonra mübahisəli evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçı 2014-cü ildə Cavabdeh2 mülkiyyətində inşa edilmiş fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etdiyindən, onlar arasındakı mübahisə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2014-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Ona görə də hazırkı mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2014-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisə olduğundan, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün Cavabdeh2 ilə iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə iddiaçının Cavabdeh2 məxsus torpaq sahəsi üzərində tikilmiş evdən istifadə hüququnun tanınmasına qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub-olmaması məsələsi də müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 evlənən vaxt iddiaçı ünvan 2 ünvanına gəlin köçmüş, yaşayış yeri üzrə həmin mənzilə qeydiyyata alınsa da, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Bununla belə həmin mənzil isə sonradan satılmışdır. Cavabdeh2 özünə məxsus torpaq sahəsinin müəyyən hissəsini oğlu Cavabdeh1 bağışlama yolu ilə versə də, hədiyyə edilmiş torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, bu səbəbdən həmin torpaq sahəsi hazırda da Cavabdeh2 mülkiyyətindədir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, eləcə də Cavabdeh1 hədiyyə edilmiş, lakin adına rəsmiləşdirilməmiş, ünvan 8 ünvanda yerləşən bölgüdən sonra yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində də Cavabdeh2 mülkiyyət hüququ vardır. İddiaçının istifadə hüququ tanınmaqla köçmək istədiyi mübahisəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçının göstərdiyi ünvan 9 ünvanında yerləşən mübahisəli ev üzərində cavabdehlərdən heç birinin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bununla belə mübahisəli evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 məxsus olduğundan, onun həmin mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətə qanuni gözlənti hüququ vardır. Məhkəmə, həmçinin hesab edir ki, həmin mübahisəli fərdi yaşayış evi Cavabdeh2 və onun ərinin vəsaiti hesabına inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, onun həmin mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə Cavabdeh2 mülkiyyətə gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçı cavabdehlərin yaşadığı, sonradan satılmış mənzilə köçən vaxt iddiaçının istifadə hüququ yaranmadığından, mülkiyyət hüququnun başqasına keçməsi, həmçinin yeni fərdi yaşayış evinin əldə edilməsi halında da yaranmamışdır. Bununla belə məhkəmə hazırkı vəziyyətdə iddiaçının mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olub- olmaması məsələsinin müəyyən edilməsini də mübahisənin qanuni həll edilməsi baxımından zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, həmçinin ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 keçmiş gəlini, digər Cavabdeh1 isə keçmiş arvadıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin oğlu, Cavabdeh1 arasında mövcud olmuş ailə münasibətləri faktiki pozulduğundan, həmçinin iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə gəlin köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının özünün və azyaşlı uşaqlarının cavabdehlərin yaşadığı və Cavabdeh2 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şəhər Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı Mingəçevir şəhərinin N.Nərimanov küçəsindəki 38 saylı evin 81 saylı mənzilinə gəlin köçüb. Həmin mübahisəli mənzil 2014-cü ildə iddiaçının razılığı ilə qaynatası, qaynanası və digər şəxslər razılıq verməklə kənar bir şəxsə satılmışdır. Qeyd edilən mənzil kənar şəxsin, yəni alıcının xüsusi mülkiyyətinə keçdiyi üçün onlar iddiaçını və dörd övladını qeydiyyatdan çıxarmaq istəyirlər. İddiaçı isə həmin şəxsdən dəfələrlə xahiş etmişdir ki, başqa yerdə ev tikmişlər və qısa zamanda həmin mənzilə qeydiyyata düşəcəklər. Belə ki, iddiaçı azyaşlı övladları ilə birlikdə Mingəçevir şəhərinin Müşfiq Rəhimov küçəsində yerləşən 11 d saylı fərdi yaşayış evində yaşamışlar. Eyni zamanda da həmin evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Belə olan halda iddiaçının və uşaqlarının qeyd olunan fərdi yaşayış evindən istifadə istifadə hüququ vardır. Qətnamədə göstərilir ki, guya mübahisəli yaşayış evini təqaüdçü şəxs olan Cavabdeh2 tikdirmişdir. Halbuki, bu şəxs təqaüdçüdür və onun təqaüdü də 180 manat təşkil edir. Belə bir şəxs necə ev tikdirə bilər? Həmin evi iddiaçı və əri öz vəsaiti hesabına tikdirmişdir. Sonuncular uzun müddət Almaniyada yaşamışlar və yaxşı qazanc əldə etmişlər. Həmçinin iddiaçı birinci gəlin köçdüyü mənzilə də mülkiyyətçinin razılığı ilə qeydiyyata düşmüşdür və həmin mənzil də iddiaçının razılığı ilə satılmışdır və onlara düşən pul hesabına da birinci evi tikdirmişlər. Cavabdeh2 iddiaçının qayınanasıdır. 2014cü ildə Mingəçevir şəhərində torpaq sahəsi almışlar və həmin il həmin torpağın içərisində 3 otaqlı ev tikdirmişlər, 2015-ci ilin sentyabr ayında iddiaçı, əri və uşaqları Almaniyaya yaşamağa getmiş, orada xeyli qazanc, yəni pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan ibarətdir və 3-ü yataq otağı, biri isə qonaq otağıdır, evin tikintisi iddiaçının və onun həyat yoldaşının vəsaiti hesabına həyata keçirilmişdir. İddiaçının əşyaları mübahisəli mənzildə yerləşir. İddiaçının başqa yaşayış yeri yoxdur. İddiaçının köçmək istədiyi ev onun və həyat yoldaşının vəsaiti hesabına tikilmişdir. Qeyd olunan fərdi yaşayış evinin çıxarışı yoxdur. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birinə hüquqi qiymət verməmişdir. Bundan başqa işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman iddiaçı tərəfdən mübahisəli torpaq və fərdi yaşayış evinə yerində baxış keçirilməsi barədə vəsatət də təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehlər və onların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normative hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hеsаb еdir ki, Şəhər Məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Yuxarıda qeyd olunduğu kimi, üzərində mübahisəli evin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumi sahəsi 0,2031 ha təşkil edən torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. Daha sonra Cavabdeh2 həmin torpaq sahəsini, hər biri 0,05 ha olmaqla 3 övladı, o cümlədən də hazırki iş üzrə Cavabdeh1 notariat qaydada təsdiqlənmiş bağışlama müqavilələrinə əsasən hədiyyə etmişdir. Cavabdeh2 digər iki övladı Xəyal Paşayev və Röyal Paşayevin, onlara hədiyyə edilmiş həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırki iş üzrə Cavabdeh1, ona hədiyyə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmasa da, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi, hədiyyə edən Cavabdeh2 tərəfindən ləğv edilməmişdir, müqavilə bu gün də qüvvədədir. Qeyd olunan hallar tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında o da mübahisə doğurmur ki, iddiaçını hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi, Cavabdeh2 övladı Cavabdeh1 xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında hədiyyə etdiyi 0,05 ha torpaq sahəsində inşa edilmiş tikilidir. Tərəflər arasında mübahisə doğuran hal həmin tikilinin kimin tərəfindən və kimin vəsaiti hesabına inşa edilməsidir. İddiaçının məhkəmələrə bildirdiklərinə görə, onun gəlin köçdüyü və qeydiyyata alındığı Mingəçevir şəhərinin N.Nərimanov küçəsindəki 38 №-li evin 81 №-li mənzili 2014cü ildə satıldıqdan sonra, Mingəçevir şəhərində torpaq sahəsi almışlar və həmin il həmin torpağın bir hissəsinin üzərində 3 otaqlı ev tikdirmişlər, 2015-ci ilin sentyabr ayında o, əri və uşaqları yaşamaq üçün Almaniyaya köçmüşlər. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra, orada əldə etdikldəri qazanc hesabına əvvəl inşa etdikləri tikilinin yanında 4 otaqlı fərdi yaşayış evinin inşasını başlatmışlar. 2020-ci ildə evin inşası başa çatmış, iddiaçıya aid mebel və sair əşyalar həmin evdə yerləşdirilmiş, iddiaçı keçmiş əri Rafael Paşav və azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. 2014cü ildə inşa etdikləri 3 otaqlı tikili isə Cavabdeh1 tərəfindən stamotoloji kabinet kimi istifadə olunmuşdur. Sonradan iddiaçı və əri Cavabdeh1 arasındakı münasibətlər pozulmuş, iddiaçı övladları ilə birlikdə 2022-ci ilin may ayında yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır. Məhkəmə, iddiaçının dəlillərinin yoxlanılması məqsədilə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvanda iş üzrə tərəflərin iştirakı ilə yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavadeh Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən bağışlanmış 0,05 ha torpaq sahəsində iki tikili yerləşir. Tikililərdən biri fərdi yaşayış evi olmaqla torpaq sahəsinin şimalında, digəri isə hazırda stomotoloji kabinet təyinatına uyğun olmaqla torpaq sahəsinin cənubunda yerləşir. Fərdi yaşayış evi 2 uşaq, 1 yataq, 1 qonaq otağı olmaqla 4 otaqdan ibarətdir. Otaqlarda istifadəyə yararlı mebel dəstləri, geyim əşyaları və uşaq əşyaları mövcuddur. Torpaq sahəsinə qonşu sahədə(paralalel olaraq) Cavabdeh2 digər övladlarına bağışladığı və özünün mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri yerləşir. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi və digər tikililərin inşa edildiyi 0,05 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən oğlu, iş üzrə digər Cavabdeh1 hədiyyə etdiyi torpaq sahəsidir. Cavabdeh1 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, sözügedən bağışlama müqaviləsi ləğv olunmamış, etibarsız hesab edilməmişdir. Müqavilə hal-hazırda da qüvvədədir. İddiaçı, keçmiş əri Cavabdeh1 və onların övladları mübahisəli evin tikintisi başa çatdığı vaxtdan 2022-ci ilin may ayınadək birlikdə həmin evdə yaşamış, birgə təsərrüfat aparmışlar. Cavabdeh2 mübahisəli fərdi yaşayış evinin özünün və əri Arif Paşayevin vəsaiti hesabına, iddiaçı həmin evə köçməmişdən qabaq inşa edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanundayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1- ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, Cavabdeh1lə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh1 mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində iki il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da Cavabdeh1lə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir. Bu qənaətə gələrkən Məhkəmə onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən görünür ki, iddia tələbi “mənzilə yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və mənzilə küçürülmə tələbidir”. Şəhər Məhkəməsi “yaşamaq hüququnun müəyyən edilməsi” tələbini “istifadə hüququnun müəyyən edilməsi” kimi qiymətləndirsə də, iş materiallarında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə mövcud deyil. Məhkəmə hesab edir ki, yaşamaq hüququnun tanınması, mənzilə köçürülməklə mənzildə yaşamaq hüququnu ehtiva etdiyi üçün də iddia tələbi əsaslıdır. Şərh olunanları ümumiləşdirərək Məhkəmə hesab edir ki, iddiaçının, azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Lakin Şəhər Məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Şəhər Məhkəməsi iddianı təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı, övladları xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsində yerləşən(şərti olaraq ünvan 5 ünvanı adlandırılan) və Cavabdeh2 tərəfindən xx.xx.2014-cü il tarixli, 4Ə-791 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş və Cavabdeh1 yaşadığı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar