Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1665/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi və Ərizəçi iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən Ərizəçi verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsna qarşı mirasın qəbulu ilə əlaqədar buraxılmış müddətin uzadılmasına dair ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, Ağsu rayonunun Bico kəndində xx xxx 2015-ci ildə vəfat etmiş əmisi X2 miras qalmış bütün əmlaka və yay torpağına vəsiyyət üzrə vərəsəliyin qəbulu ilə əlaqədar vəsiyyət üzrə vərəsə tərəfindən buraxılmış müddətin uzadılmasına (bərpasına) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim T.İsmayılov) xx xxxx 2017-ci il tarixli 2(016)- 701/2017 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, əmisi X6 xx xxx 2015-ci ildə Ağsu rayonunun Bico kəndində vəfat etmişdir. Mərhum əmisi vəfat etdiyi günə kimi, Ağsu rayonunun Bico kəndində yaşamış və vəfat edərkən ondan Ağsu rayonunun Bico kəndində yerləşən həyətyanı və pay torpaq sahəsi miras qalmışdır. X11 rayonunun Bico kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2013-cü il tarixli 01 saylı reyestr üzrə rəsmiləşdirilmiş vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən pay torpağını ona vəsiyyət etmişdir. Əmisi, ümumiyyətlə ailə qurmamış, onun nə qanun üzrə, nə də vəsiyyət üzrə digər vərəsəsi yoxdur. Əmisi xəstə olduğu üçün ona baxmış, ailə üzvləri ilə birlikdə ona qulluq etmiş, vəfat edəndə dəfnini təşkil etmiş, hüzr mərasimlərini, yəni ölümünün 3, 7 və 40 günlərini, ilini öz şəxsi vəsaiti ilə keçirmiş, xərcini çəkmişdir. Əmisinin vəfatından sonra da onun əmlakını idarə etməklə nəzarət etmişdir. Vəsiyyət üzrə vərəsəlik hüququnun rəsmiləşdirilməsi və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün aidiyyəti üzrə Maraqlı şəxsna müraciət etmiş, lakin sənədləri araşdırılarkən ona qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyinə görə buraxılmış müddətin bərpasının vacibliyi bildirilərək, məhkəməyə müraciət edə bilmək hüquqları izah edilmişdir. Notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə ərizə verməməsinin səbəbi həm əmisinin sağlığında ona baxıb qulluq etməsi, həm də əmlakını ona vəsiyyət etməsi, həm də dəfn və hüzr mərasimlərini təşkil etməsilə əlaqədar olmuşdur. Odur ki, Ağsu rayonunun Bico kəndində xx xxx 2015-ci ildə vəfat etmiş X2 miras qalmış bütün əmlaka və pay torpağına vəsiyyət üzrə vərəsəliyin qəbulu ilə əlaqədar tərəfindən buraxılmış müddətin uzadılmasına (bərpasına) dair qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Ona görə də ləğv edilməli və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, X6 vəfat etdiyi günədək Ağsu rayonu Bico kəndində yaşamış və xx xxx 2015-ci il tarixdə vəfat etmişdir. Məlik Şahbazov bütün əmlakını ona vəsiyyət etmiş və vəsiyyətnamə xx xxxxxx 2013-cü il tarixdə tərtib edilməklə, Bico kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bico kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş arayışda X3 vəfat etdiyi günədək Ağsu rayonunun Bico kəndində yaşaması və vəfat etdikdən sonra heç bir vərəsəsinin qalmaması göstərilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, qanunun normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Qətnamədə məhkəmə ərizəçinin miras qoyanın hər hansı vərəsəsinin olmadığını və həmin halı təsdiq edəcək sübutun məhkəməyə təqdim edilmədiyini göstərmiş, lakin Bico kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışı nəzərə almamışdır, hansıki həmin arayışla miras qoyanın vərəsəsinin olmaması halı sübuta yetirilir. Həmçinin, miras qoyanın birinci növbəli vərəsələrinin olmadığı və vəsiyyətnamə verildiyi təqdirdə mirasdan məcburi pay almaq hüququnun yaranmasının istisna edilməsi nəzərə alınmamışdır. Ona görə də Ağsu Rayon Məhkəməsinin 2(016)-701/2017 nömrəli xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edən Ərizəçi apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Ağsu Rayon Notariat Ofisinin notariusu məhkəmə kollegiyasının iclasına gəlməmiş, ancaq məhkəmə kollegiyasına məktub göndərərək notariat ofisinin iş rejimi ilə bağlı onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş və məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan, yəni: JN seriyalı 328F saylı 4090501B kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 01 saylı qərarı ilə miras qoyan X3 mülkiyyətinə Bico kəndində 0,16 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2013-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş, reyestrdə 01 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən müəyən olunur ki, Ağsu rayonunun Bico kəndində yaşayan X1 rayonunun Bico kəndində yerləşən şəxsi yaşayış evini, pay torpaq sahəsini, ümumiyyətlə bütün əmlakını, qalan bütün qohumlarının əmlakdan mərhum edilməklə, Ağsu rayonunun Bico kəndində yaşayan qardaşı oğlu Ərizəçi vəsiyyət etmişdir. Vəsiyyətnamə xx xxxxxx 2013-cü ildə tərtib edilməklə Bico kənd ərazi dairəsi üzrə icra nümayəndəsi X5 tərəfindən təsdiq edilmiş, vəsiyyətnaməyə X6 şəxsən imza etmişdir. Həmin nümayəndəlik tərəfindən xx xxx 2015-ci ildə verilmiş AZ-İ seriyalı 692782 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə Ağsu rayonunun Bico kəndində ölmüşdür. Bundan başqa, həmin nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 267 nömrəli arayışla müəyyən olunur ki, Ərizəçin əmisi mərhum X6 xx xxx 2015-ci il tarixdə Ağsu rayonu, Bico kəndində vəfat etmiş, vəfat etdiyi günə kimi Bico kəndində yaşamışdır. Vəfat etdikdən sonra heç bir vərəsəsi qalmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ərizəçinin əmisi X6 xx xxxxxx 2013cü ildə vəsiyyətnamə ilə Ağsu rayonunun Bico kəndində yerləşən şəxsi yaşayış evini, pay torpaq sahəsini, ümumiyyətlə bütün əmlakını, qalan bütün qohumlarının əmlakdan mərhum edilməklə, Ağsu rayonunun Bico kəndində yaşayan qardaşı oğlu Ərizəçi vəsiyyət etmiş və o xx xxx 2015-ci ildə vəfat etmişdir. Məlik Şahbazov, ümumiyyətlə ailə qurmamış, onun nə qanun, nə də vəsiyyət üzrə vərəsəsi yoxdur. Məlik Şahbazov vəfat etdikdən sonra miras əmlakı idarə etməklə faktiki olaraq onu qəbul etmişdir. Lakin vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün qanunla müəyyən edilmiş müddət ərzində mürciət etmədiyi üçün Ağsu Rayon Notariat Ofisi ona şəhadətnamə verməkdən imtina edərək, məhkəməyə müraciət hüququnu izah etmişdir. Məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin tələb üzrə gəldiyi nəticə ilə razılaşır və apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, ərizəçinin əmisi Məlik Şahbazovdan 0,16 ha torpaq sahəsinin miras qalması, iş üzrə vəsiyyətnamənin olması, miras qoyanın başqa vərəsələrinin olmaması və ərizəçinin həmin mirası faktiki olaraq qəbul edib idarə etməsi işin mübahisə edilməyən halıdır. Lakin ərizəçi miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində həmin yerin notariat orqanına müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (həmin Məcəllənin 1246-cı maddəsi). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (həmin Məcəllənin 1248.1-ci maddəsi). Qeyd olunan maddi hüquq normalarının mənasına görə, məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzada bilər. Lakin bu müddət altı aydan artıq olmamalıdır. Bundan əlavə, işdən görünür ki, miras qoyan şəxsin ərizəçidən başqa vərəsəsi yoxdur. Belə olan halda müddət qurtardıqdan sonra, mirası qəbul edən digər vərəsələrin razılığına da zərurət qalmır. Bu səbəbdən miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Digər tərəfdən, ərizəçinin əmisinin ölümündən sonra ondan miras qalmış əmlaka sahiblik etməyə faktiki olaraq başlamış, onun üzərində faktiki “ağalığı” həyata keçirmişdir ki, bu da onü göstərir ki, Ərizəçi mirası tamamilə qəbul etmişdir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəməmirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (həmin Məcəllənin 307.2.9-cu maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPMnin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apelyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrə əsaslanır ki, bu da faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz (MPM-in 385.2-ci maddəsi). MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir - birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(016)-701/2017 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1665/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1665/2020
22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver