Məhkəmə qərarları › İş №2(107)-167/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-167/2024

21.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-167/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nin Ağsu X8 İdarəsinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nin Ağsu X8 İdarəsinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(016)-680/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsinə işə qəbul edilmişdir. “Kursun təşkil olunması haqqında” 22 fevral 2023-cü il tarixli, 14-2-2-/3- 1İ-176/2023 saylı əmrə əsasən iddiaçının “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə kursda iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə isə 14-2-2-12/3-1K-39/2023 saylı əmr ilə, Ağsu X8 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini və mediasiya xərci olaraq tərəfindən ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Ağsu X8 İdarəsi heç bir hüquqi əsası olmadan tərəflər arasında bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsini xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. Əmrdə hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi, xx.xx.2023-cü il əmək müqaviləsinin ləğv edildiyi halda, həmkarlar ittifaqı tərəfindən işçinin hüquqlarının qorunmadığı, hətta işəgötürənin diqtəsi ilə qərar qəbul etməsinin bariz nümunəsidir. Əmrin verilməsinə əsas olmuş səbəblər ona təqdim edilmiş olsaydı işçinin hüquqlarının pozulmasını sübut edən kifayət qədər sübutlar sadalamaq olardı. Həmkarlar ittifaqının belə bir gün ərzində iclas təyin etmədən işəgötürənin diqtəsinə xidmət etməsi, həmkar ittifaqının hüquqi mahiyyətini dərk etməyən bir təşkilat olmasını və işçinin hüququnu qorumalı olduğu halda, ona aid hissədə belə işçinin hüquqlarının pozulmasına xidmət etmişdir. Bu səbəblərdən Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14- 2-2-12/3-1K-39/2023 nömrəli əmri ləğv edilməli və onun işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsinə işə qəbul edilmiş, onun Ağsu RQİİ-nin inzibati binasında nəzəri tədrisin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023), istehsalat təcrübəsinin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023) olmaqla, dərslər hər gün saat 09:30-dan 15:30-dək olmaqla “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. O, xx.xx.2023-cü il tarixdə kursda olduğu zaman icazə almaq üçün Ağsu RQİİ-nin İnsan resursları şöbəsinin işçisi Sənubər Mirzəyevaya yaxınlaşmış, bu zaman onlar arasında mübahisə yaranmışdır. Bundan sonra, Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov məsələyə aydınlıq gətirməsi üçün İddiaçı xx.xx.2023-cü il tarixdə xidməti otağına çağırmış, həmin vaxt onlar arasında da mübahisə baş vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə kursda iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə isə 14-2-2-12/3-1K-39/2023 saylı əmr ilə, Ağsu X8 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı barəsində hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir.

5. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş “Əsli ilə düzdür” ştampı vurulmuş xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmrin surətlərindən görünür ki, onlardan birinin arxa səhifəsində “Tanış oldum:” sözlərinin qarşısında həmin əmrlə iddiaçının tanış olmasına və həmin əmrin ona təqdim edilməsinə dair hər hansı qeyd yoxdur. Əmrin digər surətinin arxa səhifəsində isə “Əmrlə tanış oldum surətini götürdüm. İddiaçı “İmza” Tarix: xx.xx.2023” sözləri yazılmışdır. Bundan əlavə, iş materiallarında olan cavabdeh tərəfindən “Kursun təşkil olunması haqqında” əmrin surətinin arxa səhifəsində “Əmrlə tanış oldum surətini götürdüm. İddiaçı “İmza” Tarix: xx.xx.2023” sözləri yazılmışdır. Aşkar görünür ki, həmin yazılar bir-birilərinin surətləridir. Həmin yazıda məhz hansı tarixli, nömrəli və hansı əmrin məhz İddiaçı tərəfindən qəbul olunması göstərilmir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə Ağsu X8 İdarəsinə sorğu ünvanlayaraq xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmrin surətinin onlara təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, sorğunun ünvanlandığı tarixdə əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla əmrin surəti iddiaçının nümayəndəsinə göndərilmiş və bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir.

6. Məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr bir neçə hüquqi əsasla qanunsuz hesab edilməlidir. Bu əsaslardan biri ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir. ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

7. ƏM-in 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçının barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır.

8. Məhkəmə həmçinin qeyd edir ki, ƏM-in 70-ci maddəsinin “ç” bəndinin və 71-ci maddəsinin 2-ci bəndlərinin qarşılıqlı təhlilindən görünür ki, işçi ilə işəgötürən arasında olan əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla o halda ləğv edilə bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini müvafiq iş yerində yerinə yetirməmiş olsun və bu zaman işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı “Kursun təşkil olunması haqqında” 22 fevral 2023-cü il və 24 fevral 2023-cü il tarixli əmrlərə əsasən Ağsu RQİİ-nin inzibati binasında xx.xx.2023-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. ƏM-in 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

9. Məhkəmə hesab edir ki, İddiaçı işdən çıxarılmasına səbəb kimi göstərilmiş hal onun iş yerində əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı olmadığından, bu zaman işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən söhbət gedə bilməz.

10. Göründüyü kimi, ƏM-in 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işçi ilə bağlanan əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat göndərərək, həmin təqdimata əsaslandırma sənədlərini də əlavə etməlidir. Lakin işəgötürən təqdimatı və əsaslandırma sənədlərini müəssisənin həmkarlar ittifaqı təşkilatına təqdim etməmişdir. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatı İddiaçı dinləmək üçün çağırmamış, beləliklə, onu özünü müdafiə etmək hüququndan məhrum etmişdir.

11. Məhkəmə həmçinin qeyd edir, İddiaçı Cavabdeh Ağsu X8 İdarəsində xx.xx.2015ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi müddət ərzində onun barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. O, işdən azad edilərkən onun 8 ildən artıq müddətdə müəssisədə qüsursuz işləməsi nəzərə alınmadan onun barəsində ən ağır intizam tənbehi seçilmişdir.

12. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh Ağsu X8 İdarəsinin xx.xx.2023-cü il tarixli əmri qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən ləğv edilərək, xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh Ağsu X8 İdarəsində tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir.

13. Ağsu Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(016)-680/2023 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin olunmuş, Cavabdeh İB-nin Ağsu X8 İdarəsi ilə İddiaçı arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 392 saylı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə bərpa olunması, İddiaçı 16 mart 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilməsi, 50 manat məbləğində mediasiya xərci Cavabdeh İB-nin Ağsu X8 İdarəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir çox maddələrinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 392 saylı əmək müqaviləsi “Kursun təşkil olunması haqqında” 22 fevral 2023-cü il tarixli, 14-2-2-/3-1İ-176/2023 saylı əmr “Kursun təşkil olunması haqqında” 24 fevral 2023-cü il tarixli, 3-1J-68 saylı əmr “SOCAR”-ın Baş ofisinin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsi tərəfindən İddiaçı məxsus mobil nömrəyə göndərilmiş “SMS” bildiriş Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov, Ağsu RQİİ-nin SƏTƏM şöbəsinin rəisi Şəhriyar Ağayev, Ağsu RQİİ-nin Texniki İstismar şöbəsinin rəisi Qalib Mahmudov, Ağsu RQİİ-nin rəhbərlik yanında aparatda energetiki Orxan Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt İnsan resursları şöbəsinin şöbə rəisi A.A.Yahyayeva, kadrlar üzrə mütəxəssis S.M.Mirzəyeva, kadrlar üzrə mütəxəssis A.A.İsgəndərova, kadrlar üzrə mütəxəssis M.M.Kamilov, Təlimçi birliyinin mühəndisi Ə.M.Əmrahov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt xx.xx.2023-cü il tarixli əmr

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh İB аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh İB apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh müvafiq əmri iləBirliyin Ağsu X8 İdarəsinin inzibati binasında 13- xx.xx.2023-cü il tarixlərində “Müayinələri həyata keçirən qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərlərinin hazırlıq proqramı” ixtisasartırma kursu təşkil olunmuş və RQİİ-nin struktur bölmələrində çalışanqaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərləri həmin kursa cəlb olunmuşlar. Lakin, xx.xx.2023-cü il tarixində saat 11:00 radələrində kursda iştirak edən İdarənin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingəri İddiaçı Ağsu RQİİ-nin İnsan resursları şöbəsinə gələrək atasının səhhətində problemlər yaranması səbəbindən kursda iştirak etməyəcəyini bildirmişdir. Bununla bağlı İnsan resursları şöbəsinin işçisi Sənubər Mirzəyeva kursda iştirak etməməyi ilə əlaqədar İddiaçı tərəfindən təsdiqedici sənədin təqdim olunmasının vacibliyini bildirdikdə, o, Sənubər Mirzəyevaya qarşı kobudluq edərək, qeyri-etik ifadələr işlətmişdir. Şöbə əməkdaşları tərəfindən bu xoşagəlməz halın qarşısı alınmış və İddiaçı xidməti otaqdan kənar edilmişdir. Buna baxmayaraq, məsələyə aydınlıq gətirilməsi məqsədi ilə İddiaçı Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov tərəfindən qəbul edilmişdir. Burada da İddiaçı Ağsu RQİİ-nin daxili intizam qaydalarının tələblərini kobud şəkildə pozaraq, qeyri-etik hərəkətlərə yol vermiş, İdarənin baş mühəndisini dinləməkdən imtina etmiş, hətta ona qarşı fiziki təsir də göstərməyə çalışmışdır. İdarənin əməkdaşları tərəfindən bu halların qarşısı alınmış, həmin şəxs İdarənin inzibati binasından kənarlaşdırılmış və faktla bağlımüvafiq aktlar tərtib olunmuşdur. Belə ki, həmin maddədə konkret olaraq işçiyə hansı zamanlarda intizam tənbehi verilə bilinməməsi göstərilmişdir. İddiaçı həmin gün nə ezamiyyətdə,nə də məzuniyyətdə olmamışdır. Həmin gün İddiaçı 189-cu maddənin 2-ci hissəsində sadalanan halların heç bir ilə bağlı işdən kənarda olmamışdır. İddiaçı həmin gün, yəni onunla əmək müqaviləsinə xitam verilən gün peşə təlimatında nəzərdə tutulmuş işi ilə əlaqədar işlədiyi Ucar Xidmət Sahəsinin də tabeçiliyində olduğu X9 İstismar İdarəsində kursda olmuşdur. Bu zaman nəinki o, onunla bərabər olan işçilərin heç biri ezamiyyətdə olmamışdır. Çünki İddiaçı əmək müqaviləsi X9 İstismar İdarəsində bağlanmışdır. Həmin gün o kursda olmasına baxmayaraq işlədiyi regionun ərazisini tərk etməmiş və buna görə də ona ezamiyyət verilməmişdir. Lakin, məhkəmə qətnamə çıxararkən bunların heç birini ətraflı araşdırmamış, işçinin ezamiyyətdə olub-olmadığını yoxlamamışdır. İddiaçı kursda olması ilə bağlı heç bir ezamiyyə əmri verilməmiş, işçi ezamiyyətə göndərilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə tabeçiliyində olduğu Regionun ərazisində kursda və işdə olmuşdur. Bundan başqa Məhkəməyə İddiaçı barəsində tərtib edilmiş çox saylı aktların təqdim edilməsinə baxmayaraq məhkəmə bu aktların heç birini sübut kimi qəbul etməmişdir. Belə ki, həmin aktlarda İddiaçı xx.xx.2023-cü il tarixdə müəssisə daxili intizam qaydasını kobud şəkildə pozduğu qeyd olunmuşdur. Bundan başqa məhkəmə həmin aktlarda adları qeyd edilən şəxsləri məhkəməyə dəvət etməmiş, onların izahatlarını dinləməmişdir.

18. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(016)- 680/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı nümaynədəsi vəkil Nümayəndə “məhkəmə çıxışı” adlı apellyasiya şikayətinə qarşı etiraz məzmunlu sənəd göndərmiş və qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün heç bir əsas olmadığından apellyasiya şiakyətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, məhkəmə kollegiyasına göndərdiyi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələri nəzərə alınmaqla, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(016)-680/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: ƏM-in 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. ƏM-in 71-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-in 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. ƏM-in 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ƏM-in 80-ci maddəsinin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. ƏM-in 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. ƏM-in 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(016)- 680/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin ....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 5-13-cü bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin nümayəndəsi X3 məhkəmə kollegiyasına iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələr göndərmiş və göstərmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada tanış olduğundan əmrin mübahisələndirilməsi ilə qanunla müəyyən edilmiş müddət xx.xx.2023cü il tarixdə başa çatmalı idi. Lakin İddiaçı Ucar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) ay inzibati qaydada həbs edilmişdir. Həbs etmənin əvvəli qərara əsasən xx.xx.2023-cü il tarixdən başlamışdır. Belə olan halda bir aylıq prossesual müddətin axımı 12 gün sonra xx.xx.2023-cü il tarixdən dayanmış və xx.xx.2023- cü ildən yenidən başlamışdır. Mediasiya bildirişinin poçt xidmətinə təqdim edilməsi xx.xx.2023-cü il tarix və mediasiyada baxılma xx.xx.2023-cü il tarixi olmuşdur. Yəni 1 aylıq müddətin artıq 12 günü həbsə qədər, həbsin qurtardığı tarixdən mediasiyaya qədər (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) 18 gün cəmi 28 gün keçdiyi müəyyən olunur. xx.xx.2023-cü il tarixdən mediasiyada baxılma tarixi olan xx.xx.2023-cü il tarixədək müddətin axımı dayanmış və müvaviq arayışın həmin tarixdən müddətin axımı yenidən başlamışdır. İddiaçı tərəfindən isə iddia ərizəsi Ağsu rayon məhkəməsinə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi isə 6 gün müddət keçmişdir. Bununla da İddiaçının 37 gün sonra məhkəməyə müraciət etdiyi müəyyən olunur. Başqa sözlə iddiaçı tərəf 7 gün iddia müddətini ötürmüşdür. Odur ki, yuxarıda qeyd olunanlara münasibət bildirirək iş üzrə 1 aylıq iddia müddəti tətbiq edilməklə Ağsu rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Hazırki iş üzrə cavabdeh təşkilatın birinci instansiya məhkəməsində icraatdan məlumatı olmuşdur. Lakin, iş materiallarında birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh təşkilat tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilməsi müəyyən edilmir. Ona görə də, kollegiya hesab edir ki, Cavabdeh İB-nin Ağsu X8 İdarəsinin nümayəndəsi X3 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələr qəbul edilə bilməz.

28. Beləliklə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(016)-680/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh İB tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(016)-680/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar