Məhkəmə qərarları › İş №2(107)-1679/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1679/2021

30.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1679/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı və qeyrilərinə qarşı “işdən azad edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma, məcburi iş buraxma müddəti üçün əmək haqqı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, vəkili X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi X10, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 Xidməti Şəki Regional Ərazi Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsindən iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəki Regional Ərazi Şöbəsi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməsi barədə Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi X22 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcə ilə gözətçi işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək işdən azad edilməsi barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi X22 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcə ilə gözətçi işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsi X22 10.02.2016-cı il tarixli 12/k nömrəli əmri ilə X24 2-ci dərəcəli gözətçisi vəzifəsinə təyin edilmişdir. 6 nömrəli Regional Sukanal İdarəsinin 02.09.2019-cu il tarixli 674-K nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək o, X22 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcə ilə gözətçi vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Həmin əmrdə onun işdən azad edilməsinə əsas kimi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə əsas kimi isə Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu göstərilmişdir. Cavabdeh ASCnin həmin məktubunda qeyd edilmişdir ki, X24 aid “Çibinlik” su mənbəyindən layihələndirilmiş boru xəttinin çəkilişindən sonra təmir işlərinin aparılması üçün ehtiyat olaraq saxlanılmış 9 ədəd polad borudan 2 ədədinin aparılması aşkar edilmişdir və həmin boruların oğurlanmasında onun birbaşa iştirakı olmuşdur. Ancaq həmin məktubda qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, 2 ədəd boru oğurlanmamış, qoyulduğu yerdən 30-50 metr kənarda ling qismində istifadə edildikdən sonra istifadə edildiyi yerdə bir neçə gün qalmışdır. Hər hansı oğurluq hadisəsi olmadığından mülkiyyətçiyə də hər hansı miqdarda maddi ziyan dəyməmişdir. Polad borular, həqiqətən də, oğurlanmış olsaydı, bu faktın cinayət tərkibi yaradıb-yaratmamasına hüquqi qiymət verilərdi. Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı Komitəsi də hər hansı oğurluq hadisəsinin baş vermədiyini diqqətdən qaçırmış və onun işdən azad olunmasına etiraz etməməsi barədə qərar qəbul etmişdir. Qeyd edilən əsaslara görə o, işdən azad edilməsinə dair əmri qanunsuz və əsassız hesab edir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin X22 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun 3-cü dərəcə ilə gözətçisi vəzifəsindən azad edilməsi barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin Oğuz Sukanal sahəsi üzrə 07.12.2020-ci il tarixli 091-K nömrəli əmri etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcə ilə gözətçi vəzifəsinə bərpa edilməsi, 07.12.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləği hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 037347 nömrəli əmək kitabçası, 02.09.2019-cu il tarixli 218 nömrəli əmək müqaviləsi, 6 nömrəli Regional Sukanal İdarəsinin 02.09.2019-cu il tarixli 674-K nömrəli əmri, əmək müqaviləsinin bağlanması ilə bağlı 02.09.2019-cu il tarixli əmək müqaviləsi bildirişi, X22 əməkdaşları tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli akt və X22 rəisinin xidməti məlumatı, 6 nömrəli Regional Sukanal İdarəsinin 05.10.2020-ci il tarixli 08/20-İ nömrəli əmri, 6 nömrəli Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 29.10.2020-ci il tarixli 1 saylı iclas protokolu, Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu, Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmrinin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 07.12.2020-ci il tarixli əmək müqaviləsi bildirişi, X22 əməkdaşları tərəfindən tərtib edilmiş 06.04.2021ci il tarixli akt ilə müəyyən etmişdir ki, iddiaçı 10.02.2016-cı il tarixdə X24 2-ci dərəcəli gözətçisi vəzifəsinə, 02.09.2019-cu il tarixdə isə həmin müəssisənin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcə ilə gözətçi vəzifəsinə təyin edilmişdir. 02.10.2020-ci il tarixdə X24 aid “Çibinlik” su mənbəyinin yerləşdiyi əraziyə həmin müəssisənin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin mənbədən layihələndirilmiş boru xəttinin çəkilişindən sonra təmir işlərinin aparılması üçün ehtiyat olaraq saxlanılmış 9 ədəd polad borudan 2 ədədinin yerində olmaması aşkar edilmişdir və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Bu barədə X22 rəisi tərəfindən 6 nömrəli Regional Sukanal İdarəsinin rəhbərliyinə xidməti məlumat verilmişdir. Bundan sonra Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi həmin idarənin Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. İddiaçının işdən azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı X22 Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir. Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı Komitəsi iddiaçının işdən azad edilməsinə razılıq vermişdir. Cavabdeh ASC də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmri ilə iddiaçı işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə onun işdən azad edilməsinə əsas kimi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə əsas kimi isə Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu göstərilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07.12.2020-ci il tarixli 091-K nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu göstərilmiş, həmin məktubda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. İşçinin işdən azad edilməsi ilə bağlı belə bir əsas müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01- 2/2/17298 nömrəli məktubu iddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qəbul edilə bilməz. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri baxımından işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas versə də, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tənzimlənməli olduğu halda, hazırki iş üzrə işəgötürən tərəfindən də həmin maddəyə istinad edilməsinə baxmayaraq əmrin məzmununda işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması əsas olaraq qeyd edilmişdir. İddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması əmrdə öz əksini tapmamış, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi mötəbər subutlarla əsaslandırılmamışdır. Cavabdeh mühafizəsi iddiaçıya həvalə edilmiş, dəyəri cəmi 880,74 manat təşkil edən əmlakların onun tərəfindən oğurlandığını və bununla da müəssisəyə maddi zərər dəydiyini, oğurlanmış əmlakların sonradan iddiaçının iradəsindən asılı olmayan şəraitdə müəssisəyə qaytarıldığını bildirir və iş materiallarından görünür ki, oğurlandığı bildirilən əmlakların mühafizəsi iddiaçıya həvalə edilməmiş, həmin əmlaklar iddiaçıya, ümumiyyətlə, təhvil verilməmiş, bununla əlaqədar hər hansı sənədləşmə işləri aparılmamışdır. Bununla yanaşı, iş materiallarından görünür ki, mühafizəsi iddiaçıya həvalə edilmiş əmlaklar iddiaçı və ya digər şəxslər tərəfindən oğurlanmış olduğu təqdirdə, bununla bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməmiş, araşdırma aparılmamış, oğurluq faktı öz təsdiqini tapmamış, həmin fakta görə cinayət və ya inzibati məsuliyyətinə cəlb edilən şəxs olmamışdır. Şəxsin hər hansı qanunsuz əməldə təqsirli olmasının təsdiq edilməsi üçün həmin əməlin mövcudluğunu müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qərarının və ya digər səlahiyyətli orqanın qərarının olması vacibdir. Hazırki iş üzrə isə müəssisədən bu və ya digər şəxslər (o cümlədən iddiaçı) tərəfindən oğurluq edilməsi və bununla da mülkiyyətçiyə maddi ziyan vurulması faktı təsdiq edilmədiyi halda, iddiaçının həmin əmlakların oğurlanmasında birbaşa iştirakı olmasını iddia etməklə, onun həmin əsasla işdən azad edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən həmin əmrin verilməsinin əsası kimi istinad edilən hallara düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iddiaçının X22 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun 3-cü dərəcə ilə gözətçi vəzifəsindən azad edilməsi barədə 07.12.2020-ci il tarixli 091-K nömrəli əmri etibarsız hesab edilməli, iddiaçı öz əvvəlki gözətçi işinə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci, 69-cu, 70-ci maddəsinin ç bəndi, 71-ci maddəsinin 3-cü hissəsi, 72-ci maddəsinin c bəndi, 73-cü, 74-cü, 75-ci, 76-cı maddəsinin 2-ci hissəsi, 80-ci maddənin 1-ci hissəsi, 84-cü, 300-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli va obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, iddiaçı "xxxx" ASC-nin 6nömrəli Regional Su-Kanal ldarəsi X22 istismarın təşkili va idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcə ilə gözətçi vəzifəsində işlədiyi müddətdə öz üzərinə düşən vəzifələri lazımi qaydada yerine yetirməmiş, vəzifəsindən va özünə olan etibarından sui-istifadə etmişdir. Belə ki, X24 aid "Çibinlik" su mənbəyindən layihələndirilmiş boru xəttinin Çəkilişindən sonra təmir işlərinin aparılması üçün ehtiyat olaraq saxlanılmış və mühafizə iddiaçıya həvalə edilmiş 9 ədəd polad borudan 2 ədədinin yerində olmaması aşkar edilmişdir ve həmin boruların oğurlanmasında iddiaçının birbaşa iştirakı müəyyən olunmuşdur. Polad boruların dəyəri cəmi 880,74 manat təşkil edir va həmin borular sonradan iddiaçının iradəsindən asılı olmayan şəraitdə müəssisəya qaytarılmışdır. lddiaçı əmək intizamını pozduğuna və əmək funksiyalarını yerinə yetirmədiyinə görə, ona dəfələrlə şifahi xəbardarlıq edilmiş, eyni zamanda 05.,10.2020-ci il tarixli əmrlə ona intizam tənbehi tədbiri kimi töhmət verilmişdir. Boruların oğurlanması həmin tarixdən bir neçə gün əvvəl baş versə də, iddiaçının boruların oğurlanmasında iştirakı 15.10.2021-ci il tarixdə müəyyən olunmuşdur, Bundan sonra boruların oğurlanması ila əlaqədar "xxxx" ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi həmin idarənin Hamkarlar lttifaqı Komitəsinə müraciət edərək , iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azerbaycan Respublikası Əmak Məcəlləsinin 70-ci maddasinin "ç" bəndinə əsasən xitam verilməsi məsələsinə münasibat bildirilməsini xahiş etmişdir. İddiaçının işdən azad edilmasi məsələsinin müzakirəsi ilə bağlı X22 Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir " Azarsu ' ASC - nin 6 nömrəli Regional Sukanal ,ldarəsinin Hamkarlar ittifaqı Komitəsi iddiaçının işdən azad edilməsinə razılıq vermişdir. lddiaçı işdə ciddi nöqsanlara yol verdiyinə ve əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyinə görə "xxxx" ASC-nin 6 nömrəli Regional Sukanalı ldarəsinin 07.12.2020-ci il tarixli O91-K nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı ilə bağlanmış əmək muqaviləsinə xitam veriİərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Birinci instansiya zamanı İddiaçı qeyd etmişdir ki, "Azərsu'' ASC-nin həmin məktubunda qyed edilmişdir ki, X24 aid "çibinlik” su mənbəyindən layihələndirilmiş boru xəttinin şəkilişindən sonra təmir işlərinin aparılması üçün ehtiyat olaraq saxlanılmış 9 ədəd polad borudan 2 ədədinin aparılması aşkar edilmişdir va həmin boruların oğurlanmasında onun birbaşa iştirakı olmuşdur, Ancaq həmin maktubda qeyd edilənlər həqiqətə uyğun deyildir. Bele ki, 2 ədəd boru oğurlanmamış, qoyulduğu yerdən 30-50 metr kənarda ling qismində istifadə edildikdən sonra istifadə edildiyi yerdə bir neçə gün qalmışdır. Hər hansı oğurluq hadisəsi olmadığından mülkiyyətçiyə də hər hansı miqdarda maddi ziyan dəyməmişdir. Lakin birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Xaçmaz kəndində 2020-ci ilin sentyabr ayının sonlarında həmin ərazinin meşə gözətçisi X1 gətirən yararsız ağac kötüklərindən birini ət kötüyü kimi istifadə etməsi üçün ona verməsini xahiş etmişdir. X7 ona verdiyi kötük iri olduğundan həmin kötüyü diyirlədib özünün idarə etdiyi "QAZEL" markalı yük avtomobilinə qoymaq üçün yaxınlıqdakı su manbəyinda olan polad borulardan ikisini götürüb ling kimi istifadə etmişlar. Boruları yaxınlıqda olan traktorun qoşqusu vasitəsilə yük avtomobilinin yanına gətirmişlar. Yük avtomobili üstü bağlı avtomobil olduğundan birbaşa kötüyün özünü traktorun qoşqusu vasitəsilə qaldırıb yük avtomobilinə qoymaq mümkünsüz olmuşdur. Kötüyü boruların üzərindan diyirlədib yük avtomobilinə qoyduqdan sonra traktorun qoşqusu qırıldığından boruları yerinə qaytarmaq mümkün olmamışdır. Həmçinin birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X13 da şahid X2 ifadəsinin məzmununa uyğun ifade verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirmişdir. Lakin şahidlərin ifadəsinə nəzər saldıqda belə onların yalan ifadə verdikləri göz qabağındadır. Belə ki, Musa Abdulkərimov qeyd etmişdir ki, meşə gözətçisi X1 gatirən yararsız ağac kötüklərindan birini ət kötüyü kimi istifadə etməsi üçün ona verməsini xahiş etmişdir. ilk once qeyd edilməlidir ki, yararsız ağac kötüyünün ət kötüyü kimi istifadə edilməsi mümkün deyil. Əgar həqiqətən də Musa Abdulkərimov onu ət kötüyü kimi istifadə edirse deməli həmin ağac yararsız olmamış ve sel tərəfindən gətirilən ağac ola bilməzdi. Bilindiyi kimi qəssablar tərəfindən işlədilən ağaclar diametri həddən artıq böyük olur va həmin ağacların sel tərəfindən gətirilməsi cox nadir hallarda olur. Lakin son illər ərzində belə həcmdə ağacların gətiriləcəyi həcmdə sel olmamışdır. X19 ifadəsində özü da etiraf edir ki, ona verilən kötük iri olmuşdur. Həmçinin qeyd edir ki, sel tərəfindən gətirilən iri kötük çayın yatağında olmalıdır. Lakin şahid ifadəsində həmin iri kötüyün çayın yatağından necə çıxarıldığını qeyd etməmişdir. Hər bir halda həmin iri kötüyü çayın yatağından asanlıqla çıxarmaq mümkün deyil ve onu hansısa texnikanın köməyi ile çıxarmaq mümkündür. Əgər hansısa texnikanın köməyi ila kötük çıxarılırsa deməli həmin texnikanın köməyi ile də aparıla va ya qazela yüklənila bilərdi. Deməli ya şahid kötüyün sel vasitəsi ilə gəlmiş kötük olması hissəsinde yalan danışmış, həmin kötük qanunsuz kəsilmiş va meşə gözətçisi tərəfindən satılmış kötük olmuşdur, yaxud da kötük məsələsi ümumiyyətlə olmamışdır. Həmçinin onların vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadə veərək göstərdi ki, o, Oğuz rayonu Xaçmaz kəndinda yaşayır va traktor idarə edir. 2020-ci ilin sentyabr ayının sonlarında Oğuz rayonu Filfilli kəndindən Xaçmaz kandi istiqamətində gələndə körpüdən keçən zaman X16 onu saxlayıb kömək lazım olduğunu demişdir. İddiaçı Müsrat oğlu ona iki ədəd borunu yuk avtomobilinə qoymaq lazım olduğunu, boruların üzərindən kötüyü diyirlədib avtomobilə yükləyəcəklərini demişdir. O bu barədə Oğuz Sukanal İdarəsinin rəisinin məlumatı olub-olmamasını soruşduqda İddiaçı rəisin məlumatı olduğunu demişdir. O da idarə etdiyi traktorun qoşqusu vasitəsilə iki ədəd borunu üstü bağlı "QAZEL" markalı yük avtomobilinə goymuşdur. Göründüyü kimi daha əvvəlki şahidlərin ifadələrində qeyd edilən traktorçu X17 onların ifadələrindəki xüsusatları təsdiqləməmiş, traktorun qoşqusunun qırılması barədə məlumat verməmişdir, Həmçinin onu iddiaçı X9 dəvət etdiyini va ona idarənin malumatı olduğunu bildirmişdir. Əgər haqiqətən də həmin borular sadace ling kimi istifadə edilsəydi va həqiqətən də traktorun qoşqusu qırılsaydı nəya görə elə həmin günü va ya ondan sonrakı günlərda İddiaçı Müsrat oğlu ve ya digər şahid X4 həmin boruları başqa traktor gətirərək öz yerlərinə aparmırdılar. Lakin burda bir məqsəd ola bilər boruların yoxluğunu kimsə fərq etməsəydi həmin borular elə kənardan da iddiaçı tərəfindən öz məqsədləri üçün aparılacaqdı. Həmin borular idarəmiz tərəfindən günlərlə axtarılmış, lakin iddiaçı həmin boruların harada olması barədə malumatı olsa da bunu idarədən gizlətmişdir. Bu da onun çirkin niyyətindən bir daha xəbər verir. Göründüyü kimi həqiqətən də boruların oğurlanmasında iddiaçının birbaşa iştirakı müəyyən edilmiş olur. Dövlət əmlakına qarşı bele davranan şəxsin tutduğu vəzifədə qalması düzgün deyil və ona göra o işdən kənarlaşdırılmışdır. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi X20 apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X8 apellyasiya şikayətinin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 Xidməti Şəki Regional Ərazi Şöbəsinin nümayəndəsi X11 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 10.02.2016-cı il tarixdə X24 2ci dərəcəli gözətçisi vəzifəsinə, 02.09.2019-cu il tarixdə isə həmin müəssisənin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcə ilə gözətçi vəzifəsinə təyin edilmişdir. 02.10.2020-ci il tarixdə X24 aid “Çibinlik” su mənbəyinin yerləşdiyi əraziyə həmin müəssisənin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin mənbədən layihələndirilmiş boru xəttinin çəkilişindən sonra təmir işlərinin aparılması üçün ehtiyat olaraq saxlanılmış 9 ədəd polad borudan 2 ədədinin yerində olmaması aşkar edilmişdir və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Bu barədə X22 rəisi tərəfindən 6 nömrəli Regional Sukanal İdarəsinin rəhbərliyinə xidməti məlumat verilmişdir. Bundan sonra Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi həmin idarənin Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. İddiaçının işdən azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı X22 Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir. Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı Komitəsi iddiaçının işdən azad edilməsinə razılıq vermişdir. Cavabdeh ASC də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmri ilə iddiaçı işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə onun işdən azad edilməsinə əsas kimi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə əsas kimi isə Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarının 18-ci səhifəsində olan aktdan görünür ki, 04.10.2020-ci il tarixdə aparılan yoxlama zamanı İddiaçı xidməti yerində olmadığı aşkarlanmış, izahatının alınması üçün müraciət edildikdə isə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsinin 05 oktyabr 2020-ci il tarixli əmrinin surətində görünür ki, İddiaçı və qeyriləri səbəbsiz işə çıxmadığı üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş Sadiqn Məcidov izahat verərək göstərmişdir ki, özünə məxsus traktor idarə edir. Xaçmaz kəndi istiqamtində körpüdən keçən zaman iddiaçı onu saxlayıb kömək lazım olduğunu demişdir. Yəni iki ədəd borunu “QAZEL” markalı maşına yükləmək lazım olduğunu demişdir. O da həmin boruları yük maşınına qoymuşdur. Göründüyü kimi iddiaçı əvvəllər işlədiyi müəssisə tərəfindən əmək funksiyalarını yerinə yetirmədiyi üçün tənbeh edilmişdir. Yəni əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmiş, eyni zamanda əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli və Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-230/2021 saylı, 07 iyun 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar