Məhkəmə qərarları › İş №2(107)-1689/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1689/2020

30.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1689/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı və digər iddiaçılar X2, X6 və İddiaçı4 nümayəndəsi İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, X2, X6 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin onlara təhvil verilməsi və vurulmuş ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-20/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-20/2020 nömrəliqətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, X2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı1, X7, X11 və İddiaçı4 təhvil verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı1 dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh 72 (yetmiş iki manat) manat mütəxəssis xərcinin alınaraq- Benefisiarın adı: Kadastr və X3 Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 50 (əlli) manat ekspertiza xərcinin isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İşin halları İddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X10 verdiyi xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,8327 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə, vurduğu ziyana görə cavabdehdən 27300 manat pulun və ödədikləri 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X10 verdiyi xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,8327 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə, vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun və ödədikləri 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və digər iddiaçılar X2, X6 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onların mülkiyyətində Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8327 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsində 120 topa fındıq ağacları vardır. Həmin fındıq ağacları tam məhsul verir. Bir ildə 1300-1500 kq fındıq məhsulu verir. Cavabdeh həmin fındıq bağını qanunsuz olaraq zəbt etmiş və fındıq məhsulunu hər il qanunsuz yığaraq ona ziyan vurmuşdur. Həmin torpaq sahəsinin planı və ölçüsü 2011-ci ildə tərtib edilmişdir. Həmin vaxtı bilmişdir ki, qeyd olunan torpaq sahəsi onların mülkiyyətindədir. Hal-hazıradək həmin torpaqdan heç istifadə etməmişdir. Həmin torpaq sahəsində olan ağacları da cavabdeh əkmişdir. Lakin torpaq sahəsi onların mülkiyyətinə 1996-cı ildə verilmişdir. 2011-ci ildən bugünə kimi cavabdeh onlara 31800 manat ziyan vurmuşdur. O, hesab edir ki, cavabdeh qeyd olunan torpaq sahəsində meyvə ağacları əkməklə həmin ağacların məsullarından gəlir əldə etmişdir. Onların mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur. Dəfələrlə cavabdehdən həmin torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, sovxozun yerli islahat komissiyasının xx xxxxxxxx 1999-cu il tarixli aktı ilə sovxozda özəlləşən fındıq bağından 2,30 ha torpaq sahəsi və 339 ədəd fındıq ağacı onun xüsusi mülkiyyətinə verilmişdir. Hazırda o, həmin torpaq sahəsindən istifadə edir. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Onun istifadə etdiyi torpaq sahəsi iddiaçının ƏMDK yanında DƏDRX-nın X13ndən RX seriyalı ******* saylı çıxarış əsasında mülkiyyətində olan 0,8327 ha torpaq sahəsindən kənarda yerləşir. Hazırda iddiaçı tərəf onun torpaq sahəsi harada yerləşdiyini, həmçinin iddiaçının özünün mülkiyyətinə verilən torpaq sahəsinin harada yerləşdiyini dəqiq bilmir. Həmçinin həmin mübahisəli torpaq sahəsində o, fındıq ağacları əkmiş, onların ərsəyə gəlməsində onun əziyyəti olmuş, iddiaçıların isə həmin torpaq sahəsində hər hansı əziyyəti olmamışdır. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 аpelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, onların xüsusi mülkiyyətində Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.8327 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata aldıraraq xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin torpaq sahəsində 120 topa fındıq ağacları vardır. Həmin fındıq ağacları tam məhsul verir. Bir ildə 1300-1500 kq fındıq məhsulu verir. Cavabdeh həmin fındıq bağını qanunsuz olaraq zəbt etmiş və fındıq məhsulunu hər il qanunsuz yığaraq, daha doğrusu oğurlayaraq onlara külli miqdarda ziyan vurmuşdur. Həmin torpaq sahəsinin planı və ölçüsü 2011-ci ildə tərtib edilmişdir. Lakin torpaq sahəsi isə 1996-cı ildən onların mülkiyyətinə verilmişdir. Cavabdeh 22 ildir onlara məxsus fındıq bağının məhsulunu yığmışdır. Məhkəmə həmin fındıq bağının onlara məxsus olduğunu və həmin torpaq sahəsində fındıq bağı salındığını qətnamədə qeyd etmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti (boş ərazi) ilə bağlı mülkiyyət hüququna malik olsa da onun üzərində cavabdeh tərəfindən öz xərci, gəliri zəhməti hesabına əklib-becərilmiş fındıq və qoz ağaclarına heç bir subyektiv hüququn sahibi deyildir. Məhkəmənin gəldiyi bu fikir və nəticə ilə biz razı deyillər. Məhkəmə yalnız cavabdehin ifadəsi əsasında bu nəticəyə gəlmişdir. Məhkəmə işə əlavə edilmiş torpağın mükiyyət hüququna dair reyestrdən verilmiş çıxarışa bir mötəbər sübut kimi qiymət verməyərək həmin çıxarışı bir heçə sayaraq cavabdehin yalan ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən reyestrdən verilmiş çıxarışda qeyd olunmuşdur ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və mötərizədə çoxillik əkmələr sözü yazılmışdır. Buradan da görünür ki, həmin torpaq sahəsi aqrar islahat zamanı onların mülkiyyətinə verilən zaman çoxillik əkmələrə aid olan fındıq ağacları mövcud olmuşdur. Məhkəmə isə iş materiallarında olan sənədlərə düzgün hüquqi qiymət verə bilməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, cavabdeh həmin torpaq sahəsinə fındıq və qoz ağacları əkmişdir. Lakin cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin torpaq sahəsindən çıxmasını qətnamədə qeyd etsə də həmin bağdan fındıq yığaraq onlara 31800 manat ziyan vurmasını nəzərə almamışdır. Əgər fındıq bağının onlara məxsus olması sübuta yetirilmişdirsə, deməli həmin bağın məhsulu da onlara məxsusdur. Cavabdeh fındıq məhsulunu oğurlayaraq onlara vurduğu 31800 manat maddi zərərə məhkəmə düzgün qiymət verməmiş və cavabdehin həmin fındıq bağından yığdığı fındıq məhsulunun dəyərinin cavabdehdən alınıb onlara verilməsini təmin etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, torpaq sahəsinin mülkiyyət hüququ 2018-ci ildə yaranmışdır, iddiaçılar məhkəməyə 2019-cu ilin aprel ayında müraciət etmişdilər. Məhkəmə bu fakta da düzgün qiymət verməmişdir. Belə ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ 2018-ci ildə yaranmamış, qeydə alınmışdır. Torpaq sahələri, fındıq bağları 1996-cı ildə onların mülkiyyətinə verilmişdir. Onlar 2019-cu il tarixdə məhkəməyə müraciət etsələr də buna qədər dəfələrlə cavabdehin həmin bağdan çıxması ilə əlaqədar, fındıq məhsulunu qanunsuz yığması ilə əlaqədar tələbləri olmuş, cavabdeh buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında cavabdeh özü də etiraf etmişdir ki, onların mülkiyyətində olan fındıq bağının məhsulunu indiyə qədər o yığmışdır və yığmaqda da davam edəcəkdir. Onlar hazırki iddia ilə bağlı 2019-cu ilin aprel ayında məhkəməyə müraciət etmişlər. Mübahisə məhkəmənin icraatında olduğu zaman 2019-cu ilin payız aylarında həmin bağın fındıq məhsulu yenə də cavabdeh tərəfindən qanunsuz olaraq oğurlanmışdır. Məhkəmənin təyin etdiyi ekspertiza nəticəsində müəyyən edilmişdir ki, onlara məxsus fındıq bağından cavabdeh qanunsuz olaraq istifadə edir. Bütün bunlar aşkar şəkildə məhkəməyə məlum olsa da məhkəmə ən azından 2019cu il üçün fındıq məhsulunun cavabdeh tərəfindən qanunsuz yığılması hissəsinə düzgün qiymət verməmişdir. Bundan başqa məhkəmə cavabdehin yalan sözlərinə hüquqi qiymət verərək onu doğru çıxartmağa çalışmış, kolxozun dövründə əkilən fındıq ağaclarının cavabdehin əkdiyi nəticəsinə gəlmişdir. Beləliklə də məhkəmə bir ildən artıq müddət ərzində işi dərindən araşdırmamış, əkilmiş fındıq ağaclarının kim tərəfindən, nə vaxt, neçənci ildə əkilməsi, kolxoz dövründə əkilən ağacların olub-olmaması və torpaq sahəsi onların mülkiyyətinə verilərkən həmin torpaq sahəsində fındıq ağaclarının mövcud olub-olmaması məsələlərini araşdırmamışdır. Bununla da,onların mülkiyyət hüququ pozularaq ədalətsiz qətnamə çıxarılmışdır. Onlar hesab edir ki, məhkəmə qətnamə qəbul etməmişdən əvvəl işin bütün hallarını tam dəqiq araşdırmalı və işin hallarına, qanuna uyğun qərar qəbul etməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 20/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər iddiaçılar X2, X6 və İddiaçı4 nümayəndəsi İddiaçı1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-20/2020 nömrəliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(033)-20/2020 nömrəliqətnaməsi qismən-iddia tələbinin vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun alınmasının təmin edilməməsi hissəsinin 2160 manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiaçılar İddiaçı1, X2, X6 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin onlara təhvil verilməsi və vurulmuş ziyan tələbinə dair iddiasının vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun alınmasına dair hissəsi qismən təmin edilməli, Cavabdeh iddiaçılara vurduğu ziyana görə 2160 (iki min bir yüz altmış) manat alınaraq iddiaçılar İddiaçı1, X5, X8 və İddiaçı4 verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X13 tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsi İddiaçı1, X2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********39 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X13 tərəfindən verilmiş RX seriyalı ******* nömrəlihüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçılar İddiaçı1, X2, X6 və İddiaçı4 mülkiyyətinə verilmiş 0,8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. İşdə olan xx xxx 2020-ci il tarixli 2019 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X13 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçılar İddiaçı1, X2, X6 və İddiaçı4 mülkiyyətinə verilmiş 0,8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. İşdə olan ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/10/42 ümumi smeta dəyəri 72 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikintitexniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1, 21.2, 152.1-152.4, 152.5, 157.2, 157.4, 560.1, 1096.1 və 1096.2-ci maddələrinə, Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0, 115.0.1 və 119.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ - əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsi İddiaçı1, X2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Hazırda cavabdeh həmin torpaq sahəsini zəbt edib, iddiaçıların mülkiyyət hüquqlarını pozur. Hal-hazıradək iddiaçılar həmin torpaq sahəsindən heç istifadə etməmişlər. Həmin torpaq sahəsindən cavabdeh istifadə edərək meyvə ağacları əkmişdir. İddiaçılar torpaq sahəsindən cavabdehin çıxarılmasını, həmin torpaq sahəsinin onlara təhvil verilməsini, vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun və ödədikləri 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi öncə iddia tələbinin “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X10 verdiyi xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,8327 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin onlara təhvil verilməsi”nə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Göründüyü kimi, İddiaçı1, X7, X11 və Zuqanova X9 rayonu, Yuxarı Tala kəndində yerləşən 0,8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, torpaq sahəsindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulmalı, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçılara təhvil verilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Birinci instansiya məhkəməsi daha sonra iddia tələbinin “maddi zərər” tələbinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçıların torpaq sahəsinə mülkiyyət hüququ xx xxxxx 2018-ci il tarixdə yaranmışdır. O, da öz növbəsində xx xxxxx 2019-cu il tarixdə məhkəməyə cavabdehin torpaq sahəsindən çıxması, torpaq sahəsinin təhvil verilməsi, mülkiyyət hüquqlarının pozulması və cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb etmişdir. Həmin vaxta kimi torpaq sahəsinin zəbt edildiyi barədə müraciət etməmişdir. Cavabdeh isə sovxozun yerli islahat komissiyasının xx xxxxxxxx 1999-cu il tarixli aktı ilə sovxozda özəlləşən fındıq bağından 2,30 ha torpaq sahəsi və 339 ədəd fındıq ağacı onun xüsusi mülkiyyətinə verildiyini, hazırda o, həmin torpaq sahəsindən istifadə etdiyini, həmçinin həmin mübahisəli torpaq sahəsində o, fındıq ağacları əkdiyin, onların ərsəyə gəlməsində onun əziyyəti olduğunu, iddiaçıların isə həmin torpaq sahəsində hər hansı əziyyəti olmadığını bildirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi 1999-cu il tarixdən cavabdeh hazırki mübahisəli torpaq sahəsini boş, üzərində heç bir ağac və s. olmayan bir şəkildə istifadə etməyə başlamış və həmin ərazi ilə bağlı heç bir mübahisənin olmayacağını zənn edərək xeyli sayda çoxillik ağaclar əkmiş və uzun zaman həmin torpağa və ağaclara öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi cavabdeh torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və qoz ağacların əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, ağacların tam məhsuldar bir vəziyyətə çatması üçün 12-13 il lazım olduğunu bildiyi bir halda cavabdehin 31800 manat ziyan vurması inandırıcı görünmür. Birinci instansiya məhkəməsi araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti (boş ərazi) ilə bağlı mülkiyyət hüququna malik olsa da, onun üzərində cavabdeh tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş fındıq və qoz ağaclarına heç bir subyektiv hüququn sahibi deyildir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla iddiaçılar iddia etdiyi əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 31800 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, X2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi İddiaçı1, X7, X11 və İddiaçı4 təhvil verilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. İddia tələbi təmin edildiyindən İddiaçı1 dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh 72 manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və X3 Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməli, 50 manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin “maddi zərər” hissəsinin tam təmin edilməməsi barədə gəldiyi qənaəti düzgün deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində İddiaçı1, X2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyətində 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsi mövcuddur. Həmin torpaq sahəsi xx xxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, X2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Cavabdeh həmin torpaq sahəsini zəbt etməklə iddiaçıların həmin torpaq sahəsindən istifadələrinə maneələr törətmiş və nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət edərək sözügedən torpaq sahəsindən cavabdehin çıxarılmasını, həmin torpaq sahəsinin onlara təhvil verilməsini, vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun və ödədikləri 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsini tələb etmişlər. Cavabdeh isə iddianı qəbul etməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin “maddi zərər” hissəsinin tam təmin etməməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş, Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Zaqatala Dövlət X14 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 108 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı1 mülkiyyətində olan 0,83 ha fındıq bağına baxış keçirilmiş və baxışa əsasən belə nəticəyə gəlinmişdir ki, bağ islahatdan əvvəl savxoz tərəfindən salınmışdır. 126 topa fındıq kollarının olduğu bağda bitkinin boy və inkişafı eyni səviyyədə deyildir. Ağaclara nəzər saldıqda məhsuldarlığı təxmini olaraq 6-9 kq təyin etmək olar. Ötən 13 il ərzində 126 topa fındıq ağacından təxmini olaraq yığılmış 12285 kq fındıq məhsulunu bazar qiyməti ilə hesabladıqda təxmini olaraq 36855 manat dəyərində qiymətləndirmək olar. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən məktubda fındıq bağında 126 topa fındıq kollarının olduğu göstərilsə də, iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında mübahisəli bağda 120 topa fındıq kolunun olduğunu göstərmişlər. Həmçinin cavabdehin Zaqatala rayonu Yuxarı Tala kəndində istifadə etdiyi iddiaçılara məxsus 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsinin olduğu, bir fındıq kolundan orta hesabla hər il 6 kq fındıq məhsulu əldə edildiyini və 2019-cu ildə 1 kq fındığın topdansatış qiymətinin orta hesabla 3 manat olduğunu tərəflər mübahisələndirməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 Cavabdeh vurulmuş ziyana görə pulun alınmasını tələb etməkdə haqlı olsalar da, həmin məbləğin 31800 manat olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2) Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. Məhkəmə kollegiyası Zaqatala rayonu Yuxarı Tala kəndində 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsinin xx xxxxx 2018-ci il tarixdə iddiaçıların adına mülkiyyət kimi qeydə alınmasını və iddiaçıların 2019-cu ilin aprel ayında məhkəməyə müraciət etmələrini əsas götürərək hesab edir ki, Cavabdeh 120 topa fındıq kolundan bir il ərzində yığılmış fındıq məhsulunun dəyəri olan 2160 manat (120x6x3) alınaraq iddiaçılar İddiaçı1, X5, X8 və İddiaçı4 verilməlidir. Məhkəmə kollegiyası iddiaçıların apelyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına qismən uyğun olduğu üçün qismən inandırıcı qəbul edir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası tam şəkildə müəyyən edilmədiyindən iddia tam təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbinin “maddi zərər” hissəsinin tam təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qismən ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən iddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-20/2020 nömrəliqətnaməsi qismən-iddia tələbinin vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun alınmasının təmin edilməməsi hissəsinin 2160 manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiaçılar İddiaçı1, X2, X6 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin onlara təhvil verilməsi və vurulmuş ziyan tələbinə dair iddiasının vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun alınmasına dair hissəsi qismən təmin edilməli, Cavabdeh iddiaçılara vurduğu ziyana görə 2160 (iki min bir yüz altmış) manat alınaraq iddiaçılar İddiaçı1, X5, X8 və İddiaçı4 verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, X7, X11 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-20/2020 nömrəliqətnaməsi qismən-iddia tələbinin vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun alınmasının təmin edilməməsi hissəsinin 2160 manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, X2, X6 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin onlara təhvil verilməsi və vurulmuş ziyan tələbinə dair iddiasının vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun alınmasına dair hissəsi qismən təmin edilsin. Cavabdeh iddiaçılara vurduğu ziyana görə 2160 (iki min bir yüz altmış) manat alınaraq iddiaçılar İddiaçı1, X5, X8 və İddiaçı4 verilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar