Məhkəmə qərarları › İş №2(107)-1693/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1693/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1693/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya tələbinə” dair iddiası (Açar sözlər: iddia- istifadə hüququ, kompensasiya) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-583/2021 saylı, 05.05.2021-ci il tаrixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq bir otaqlı mənzil almaq üçün 20 min (iyirmi min) AZN məbləğinin bazar qiyməti ilə müvafiq kompensasiyanın və 30 AZN dövlət rüsumunun ona verməsi öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının bacısıdır. Cavabdeh atası X1 razılığı, xəbəri və ərizəsi olmadan “Müvafiq icra hakimiyyəti orqan”nın səlahiyyətlərini həyata keçirən Mingəçevir şəhər “Asan Xidmət”in xüsusi dövlət notariusu X3 ilə razılığa gələrək həmin mənzili qanunsuz yolla onun mülkiyyətinə keçirib şəxsi maraqlarını qanunsuz yolla təmin etmiş, özbaşına və qanunsuz olaraq atasını həmin mənzilə olan qanuni mülkiyyət hüququndan məhrum etmişdir. Atasının da əmlakı sayılan həmin mənzilə qanunsuz yolla mülkiyyət hüququ və DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsindən 4 nəfərin adı olan (əsas kirayəçi-mülkiyyətçi olan atasının, anasının, bacısının və onun) orderi əvəz edən qanunsuz çıxarış əldə etmiş bacısı Cavabdeh qeydiyyatda olduğu həmin mənzil sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya vermədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iş №2(051)-1276/2018 saylı, 29.06.2018-ci il tarixdə qanunsuz qətnamə çıxartmışdır. Yaşayış sahəsindən istifadə hüququna nə zaman xitam verilməsi haqqında “mülkiyyətçi” bacısı ilə onun arasında notariat orqanında bağlanmış heç bir razılaşma olmayıb və yoxdur. Mülki Məcəllənin 228.2ci maddəsinin tələbinə uyğun olaraq bir otaqlı mənzil almaq üçün 20 min (iyirmi min) AZN məbləğinin bazar qiyməti ilə müvafiq kompensasiyanın və 30 AZN dövlət rüsumunun ona verməsi öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-583/2021, 05.05.2021-ci il tаrixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) İddiaçı Cavabdeh qarşı “bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mülkiyyət hüququnu sübut edə bilməmişdir. Belə ki, iddiaçı mülkiyyət hüququnu təsdiq edə biləcək hər hansı bir möhtəbər sənədi məhkəməyə təqdim etməmiş, iddiasını əsaslandırdığı hallara dair heç bir sübut dəlil gətirə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı mülkiyyət hüququnu sübut edə bilməmişdir. Belə ki, iddiaçı mülkiyyət hüququnu təsdiq edə biləcək hər hansı bir möhtəbər sənədi məhkəməyə təqdim etməmiş, iddiasını əsaslandırdığı hallara dair heç bir sübut dəlil gətirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsi və R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, 26 yanvar 1993-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu dövlətin müstəsna mülkiyyətində olan yaşayış evlərini və yaşayış binalarının tərkib hissəsinin mənzillərini əvəzsiz olaraq kirayəçilərinin xüsusi mülkiyyətinə verdi. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında notariat orqanında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-583/2021 saylı 05.05.2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Mustafayev X2 Şəhər Məhkəməsinin iş № 2(051)-583/2021 saylı 05.05.2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-583/2021 saylı 05.05.2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin iş №2(051)-583/2021saylı 05.05.2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının bacısıdır. Cavabdeh mübahisəli mənzili özəlləşdirmiş, mülkiyyət hüququ əldə etdikdən sonra Cavabdehin qeydiyyatda olduğu həmin mənzil sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1276/2018 saylı 29.06.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır; Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının istifadə hüququna qanuni qüvvədə olan qətnamə ilə xitam verilmişdir. Hazırkı halda iddiaçı cavabdehdən kompensasiya tələb etmək hüququna malik deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-583/2021 saylı 05.05.2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-583/2021 saylı, 05.05.2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar