Məhkəmə qərarları › İş №2(107)-1695/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1695/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1695/2020 08.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh Mənaf oğluna qarşı əmlakının evdən çıxarılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-135/2020 nömrəli qətnaməsindənCavabdeh Mənaf oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh Mənaf oğluna məxsus əmlakın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-135/2020 nömrəli(hakim i.Fəttahov) qətnaməsi ilə İddiaçı Cavabdeh Mənaf oğluna qarşı Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evindən əmlakının çıxarılması barədə tələbinin təmin edilməsi, Cavabdeh Mənaf oğluna məxsus əmlaklar - bir dəst divan-kreslo, 1 ədəd şifoner, 1 ədəd çarpayı, 2 ədəd döşək, 2 ədəd yorğan, pərdə və qablar İddiaçı məxsus Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Mənaf oğlu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dövlət reyestr xidmətinin xx xxxxx 2019-cu il tarixli çıxarışına əsasən Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. 2012-2013-cü illər ərzində Cavabdeh Mənaf oğluna şəxsi vəsaiti hesabına Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində ev tikdirib təhvil vermişdir. 2013-cü il tarixdən Cavabdeh Mənaf oğlu ailəsi ilə birlikdə Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yaşayır. Cavabdeh ona məxsus evdən çıxarkən əmlakının böyük hissəsini özü ilə aparmış, əmlakın bir hissəsi ona məxsus evin bir otağında qalmışdır. Buna görə də mülkiyyət hüququ əsasında ona məxsus Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh Mənaf oğluna məxsus bir dəst divan-kreslo, 1 ədəd şifoner, 1 ədəd çarpayı, 2 ədəd döşək, 2 ədəd yorğan, pərdə və qabların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Mənaf oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır Göyçay Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, hakim iddianı qismən təmin edərkən gəldiyi nəticəni onun iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evində özünə məxsus əmlakları saxlamaqla iddiaçının mülkiyyətdən istifadə hüququnu məhdudlaşdırmağı ilə əsaslandırmışdır. Halbuki o, iddiaçının mülkiyyətdən istifadə hüququnu məhdudlaşdırmır, əksinə qəbul edilmiş qətnamə onun yaşayış sahəsindən istifadə hüququnu pozur. Belə ki, hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi əvvəllər mərhum atasının sahibliyində və istifadəsində olmuşdur və iddiaçı onun da qanun üzrə birinci növbə vərəsə kimi imtinasından sonra vərəsəlik hüququ almaqla öz mülkiyyəti kimi qeydə aldırmışdır. İddiaçı mülkiyyət hüququ qazanana kimi o, doğulub böyüdüyü, valideynlərinə məxsus evdə yaşayış hüququ əldə etmişdir. Belə ki, o, 1978-ci ildən həmin vaxt valideynlərinin sahibliyində olan mübahisəli evdə yaşayaraq hüquq əldə etmiş və həmin vaxt mübahisəli ev xüsusi mülkiyyət kimi qeydə alınmadığı üçün mənzil münasibətlərinə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilməlidir. İddiaçı tələbini əsaslandırdığı hal kimi guya 2012-2013-cü illər ərzində ona şəxsi vəsaiti hesabına Göyçay rayon Ulaşlı Şıxlı kəndində ev tikdirib təhvil verməsini və onun 2013-cü ildən ailəsilə birlikdə Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində yaşadığını göstərir. İşin həqiqi halları ondan ibarətdir ki, o, mülkiyyətində olan, Göyçay rayonunun Qızılağac kəndində yerləşən 0,08 ha torpaq sahəsini sataraq əldə etdiyi məbləğə Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində həyat yoldaşının mülkiyyətində olan torpaq sahəsində ev inşa etdirmişdir. Həmin evin inşa edilməsi ilə bağlı iddiaçı vəsait xərcləməmişdir. Göründüyü kimi onun əmlakının yerləşdiyi ev iddiaçının mülkiyyətində olana kimi o, həmin evdə yaşayış hüququ əldə etdiyi üçün və yaşayış sahəsindən istfadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bildiyi üçün onun əmlakı mübahisəli evdə qanuni əsaslarla yerləşmişdir. Bu səbəbdən də iddiaçının tələbi təmin edilməməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Mənaf oğlu rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan ********* mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatına haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 0.18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdehin apelyasiya şikayətində mübahisələndirdiyi dəlillərdən biri də, qeyd olunan yaşayış evindən ona məxsus əşyaların çıxarılması zamanı hüquqlarının pozulmasıdır. İkinci, cavabdeh özünün də həmin evdə hüququnun olmasını bildirsə də, apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə vərəsəliyin açılması zamanı miras əmlakdan imtina etdiyini özü etiraf etmişdir. Üçüncü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla, cavabdehə məxsus olan əşyalar qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan evə mülkiyyət hüququna malik olmaqla cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Mənaf oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-135/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar