Məhkəmə qərarları › İş №2(107)-1707/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1707/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1707/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X19 iclas katibliyi, ərizəçi X10 nümayəndəsi və vəkili X20, Maraqlı şəxs2 (həmçinin Maraqlı şəxs3 nümayəndəsi), Maraqlı şəxs4, onların nümayəndəsi və vəkili X4 iştirakı ilə Ərizəçi X10 maraqlı şəxs Balakən rayon Dövlə Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cu il tаrixli, 2(019)-510/2013 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi X21 maraqlı şəxs Balakən rayon Dövlə Notariat Kontoruna qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, atası mərhum X5 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim R.Kazımov) xx xxxxxxxx 2013-cü il tаrixli 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizəçi X10 mərhum X5 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması tələbinə dair ərizəsi təmin edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş Balakən Rayon Məhkəməsinin (hakim Rafiq Kazımov) xx xxxxxxxx 2013-cü il tаrixli 2(019)-510/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni baxışa qaytarılmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cu il tаrixli, 2(019)-510/2013 nömrəli qətnaməsini əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, onlar atalarından miras qalmış ünvan 1 May küçəsi) 3 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini miras əmlak kimi qəbul edib ona sahiblik etmişlər və indi də həmin evdən istifadə edirlər. X1 xx.xx.1993-cü ildə, anaları X12 isə x xxxx 1994-cü ildə vəfat etmişlər. Həmin vaxtdan onlar mütəmadi olaraq miras əmlaka sahiblik etmişlər. Atalarından qalan əmlak həmin vaxtdan onlar tərəfindən idarə olunur və evin bütün kommunal xərclərini hələ də onlar ödəyirlər. X2 1999-cu ildən Rusiya Federasiyasına getmiş və 2007-ci ildə orada ölmüşdür. Ən kiçik qardaşları olan Muhuma 1988-ci ildə rəsmi nikaha daixl olmuş, 1991-ci ildə isə rəsmən boşanmış və həmin nikahdan xx.xx.1989-cu il təvəllüdlü qız övladı Ərizəçi dünyaya gəlmişdir. Ərizəçi heç bir vaxt onunla yaşamamış və miras əmlaka heç bir bağlılığı da olmamışdır. X9 miras qalmış ünvan 2 May küçəsi) 3 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini onlar, yəni Maraqlı şəxs2 Abdulqadir qızı, X8, X6, Maraqlı şəxs4 Abdulqadir qızı və Maraqlı şəxs3 Abdulqadir qızı tərəfindən faktiki qəbul edilmişdir. Qardaşları Muhuma ailəsi ilə münasibətləri pozulduqdan sonra Rusiya Federasiyasına getmişdir. 2005-ci ildə atalarından qalan evi onlar, yəni bacılar təmir etdirmişlər. Evin əsaslı təmirinə 10-15 min manata qədər pul xərcləmişlər, təmir işlərinə isə bacısının əri Şamil Abdullayev rəhbərlik etmişdir. Hazırda həmin ev yenə də onların sahibliyindədir və onlar tərəfindən idarə olunur, evə baxmaq üçün qohumlarını yerləşdirmişlər. Qardaşları Muhuma öldükdən sonra ondan qalan miras torpaq sahəsinə də faktiki idarəçiliyi onlar həyata keçimişlər. İşin bütün bu halları Balakən rayonunda yaşayan və onları tanıyan hamıya bəllidir. Həmin ərazidə yaşayan bütün qonşuları işin bütün faktiki hallarını təsdiq edə bilərlər. Hesab edirlər ki, hazırkı işdə X16 vərəsə kimi mirasın qəbulu müddətinin uzadılmasının üzrlü hesab edilməsi qanuna uyğun olmamışdır. X21 heç bir vaxt onlara məxsus, yəni miras mülkdə yaşamamış və onu faktiki olaraq qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 (həmçinin Maraqlı şəxs3 nümayəndəsi) şikayəti müdafiə edərək bildirmişdir ki, ərizəçi X21 onun qardaşı qızıdır. Mübahisəli əmlak onun atası Abdulqədirdən qalmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən onlara heç bir məlumat verməmiş, ümumiyyətlə onlar bu işdən məlumatsız olmuşdur. Əvvəlki bələdiyyə sədri də arayışı ərizəçiyə saxta olaraq vermişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul etməklə onların hüququnu pozmuşdur. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cu il tаrixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul etməklə onların hüququnu pozmuşdur. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cu il tаrixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 və Maraqlı şəxs4 nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müfdafiə edərək bildirmişdir ki, Balakən Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2013-cu il tаrixli qətnamə qəbul edilərkən hazırki apelyatorların mənafeyi nəzərə alınmamış, bununla da sonuncuların hüquqları pozulmuşdur. Ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməzdi. Yəqin ki, iddia icraatı qaydasında baxılsaydı maraqlarına toxunan şəxslər də prosesə cəlb olunar, onların da fikri nəzərə alınardı. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cu il tаrixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi X10 nümayəndəsi və vəkili X25 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ərizəçi mübahisəli miras əmlakı faktiki qəbul etməklə idarə etmiş, orada yaşamış, eyni zamanda həmin əmlakın vergisini ödəmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassız olmaqla yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, toplanmış sübutları məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2. maddəsinə görə, isə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edildikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunan Məcəllənin 260.1. maddəsinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Mülki Prossesual Məcəllənin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin siyahısı dəqiq müəyyən olunub. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəni aşağıdakı dörd şərt olduqda icraata qəbul edib xüsusi icraat qaydasında baxıla bilər;1) əgər həmin fakt qanuna əsasən hüquqi nəticələr doğurursa;2) faktın müəyyən edilməsi sonradan məhkəməyə aid olan hüquq haqqında mübahisənin məhkəmədə baxılması ilə əlaqəli olmamalıdır; 3)ərizəçinin hüquqi əhəmiyyəti olan faktı başqa qaydada almaq qeyri-mümkün olmalıdır;;) konkret fakta münasibətdə mövcud qanunvericilik onun müəyyən edilməsinin digər (qeyri-məhkəmə) qaydasında müəyyən etməməlidir. Göründüyü kimi xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması, xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Xüsusi icraat qaydasında işə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə isə, hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarmalı və maraqlı şəxslərə (ərizəçilərə) onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilməlidir. Deməli, iddia icraatı çərçivəsində xüsusi icraat qaydasında həll edilməli olan fakt haqqında məsələ həll oluna bildiyi halda, xüsusi icraat çərçivəsində iddia icraatında həll edilməli olan hüquq haqqında məsələ həll edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qeyd olunan Qərarın 10.2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması qanunvericiliklə nəzərdə tutulmadığından, həmçinin baxılmış işdə hüquq haqqında mübahisə olduğundan, iş üzrə maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cu il tаrixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, həmçinin ərizəçi X13 ümumi əsaslarla məhkəmədə iddia vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 400, 402-403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cu il tаrixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi X10 maraqlı şəxs Balakən rayon Dövlə Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar