Məhkəmə qərarları › İş №2(107)-1710/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1710/2020

15.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1710/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Yevlax rayonu Qoyunbinəsi kənd bələdiyyəsinin qərarı ilə ona satılmış həyətyanı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-318/2020 nömrəli qətnaməsindənİddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 67 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona verilmiş (satılmış) Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0.065 hektar torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-318/2020 nömrəli (hakim T.Əliyev) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 67 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona verilmiş (satılmış) Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0.065 hektar torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək ona təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 67 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün 0.065 hektar torpaq sahəsi verilmişdir (satılmışdır). Onun 3 övladı vardır, 2 oğlu bir qızı. Qızı ailə həyatı qurmuş, oğlanları isə subaydır. Hər iki oğlu həqiqi hərbi xidmət borclarını layiqincə yerinə yetirmişdir. Hazırda ona Bələdiyyənin qərarı əsasında verilmiş (satılmış) torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, Cavabdeh onların həmkəndliləridir və ona Bələdiyyənin qərarı ilə verilmiş torpaq sahəsinə qonşu torpaq sahəsi olmuşdur. Cavabdeh öz imkanlarından istifadə edərək ona məxsus torpaq sahəsini öz həyatyanı torpaq sahəsi ilə birləşdirərək ferma açmışdır. Bələdiyyənin qərarı əsasında, o cümlədən qanuni yollarla onun əldə etdiyi torpaq sahəsində həmin dövrdə tikinti və sairə inşa işləri aparmaq ailəsinin imkanları xaricində olmuşdur. Belə ki, onun övladları o dövrdə çox kiçik olmuşlar. Hazırda oğlanları əsgərlikdən qayıdıb özlərinə ev-eşik qurmaq istərkən Cavabdeh onlara məxsus torpaq sahələrinin zəbt edildiyini bilmişlər. Onların ailəsi aztəminatlıdır. Evsiz-eşiksizdirlər.. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, onun ərizəsinə əsasən iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası ƏMDK yanında X4 və Ünvan Reyestri Xidmətinin "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin Mingəçevir layihə-Tədqiqat İdarəsinə tapşırılmışdır. Həmin idarənin məhkəməyə təqdim etdiyi xx.xx.2020- ci il tarixli, 200 saylı arayışında qeyd olunmuşdur ki, Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin qərarı ilə ona verilmiş 0,065 ha həyətyanı torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. O, bu ekspert rəyini təmamilə qanunsuz və absurd hesab edir. Ona görədə iş üzrə təkrar ekspertiza keçirilməsi və ekspertiza keçirilməsini başqa ekspertə tapşırılması barədə vəsatət vermişdir. Lakin bu vəsatəti təmin edilməmişdir. Nəticədə işə baxan hakim işin faktiki hallarına uyğun gəlməyən qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o qeyd olunan torpaq sahəsini 2007-ci il tarixdə bələdiyyədən almış, lakin adına plan-cizgi sənədi və çıxarış almamışdır. Cavabdeh isə həmin torpaq sahəsinə qanunsuz yollarla çıxarış alaraq ona məxsus torpaq sahəsini zəbt etmişdir. Bir torpaq iki nəfərə necə satıla bilər? Ekspertlər də onun torpaq sahəsinin koordinatları müəyyən olunmaması səbəbindən rəy verməmişlər. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni deyil. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o özünə məxsus olan torpaq sahəsini qanuni şəkildə bələdiyyədən alaraq, DƏDRX-də qeydiyyata aldırmış və hazırda adına həm çıxarış, həm də plan-cizgi sənədi mövcuddur. İddiaçının adına isə heç bir rəsmi sənəd yoxdur. Birinci instansiya məhkəməsinin icraatı zamanı ekspertlər, mütəxəssislər yerli baxış keçirmiş, lakin iddiaçının adına hər hansı hüquq müəyyənedici və plan-cizgi sənədi olmadığından rəy verilməsi qeyri-mümkün olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-318/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsinin qərarı, torpaqların alqısatqısına dair aktdan və rəydən müəyyən olunur ki, Qoyunbinəsi Bələdiyyəsi tərəfindən Qoyunbinəsi ərazisində yerləşən 0.065 ha torpaq sahəsi İddiaçı satılmışdır. Seriya RX ******* №-li, xx xxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,10 hektar torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Mingəçevir” X1 200 №li xx xxxx 2020-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı Yevlax rayonu Qoyunbinəsi Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 67 nömrəli qərarı əsasında ayrılmış 0.065 ha torpaq sahəsinin bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planı təqdim edilmişdir. Həmin sxemə əsasən iddiaçıya ayrılmış 0.065 ha həyətyanı torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından məhkəmənin mütəxəssis qarşısında qoyduğu sualların cavablandırılması mümkün olmamışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0.065 hektar torpaq sahəsinin Yevlax rayonu Qoyunbinəsi kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 67 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona satıldığını bildirsə də, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeyd edilməmişdir və mütəxəssis rəyinə görə bu torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Məhkəmə kollegiyası sonda iddiaçı tərəfin cavabdehin adına verilmiş çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmun əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakı əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, alqı-satqı predmeti olmuş mübahisəli torpaq sahəsi cavabdehə satılarkən dövlət reyestrində satıcıların adına qeydə alınaraq onların adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, cavabdehin adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-318/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, marqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar