Məhkəmə qərarları › İş №2(107)-1715/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1715/2020

10.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1715/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-72/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh özbaşına tutaraq (zəbt edərək) istifadə etdiyi Ağdaş rayonu, Xosrov Bələdiyyəsinin ehtiyat fonduna məxsus olub rayonun Aral iki kəndinin örüş ərazisindən 2,76 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-72/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Göyçay rayonu,Müskürlü kəndində yaşayan Cavabdeh özbaşına tutaraq (zəbt edərək) istifadə etdiyi Ağdaş rayonu Xosrov Bələdiyyəsinin ehtiyat fonduna məxsus olub rayonun Aral iki kəndindin örüş uqodiyalı 2,76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,70 hektar hissəsindən məcburi qaydada çıxarılsın və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə son qoyulması, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 75,72 manat ( yetmiş beş manat yetmiş iki qəpik) Cavabdeh tutularaq Kapital Bankın ASC-nin Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift: AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** hesaba köçürülməsi, iddiaçının ödəməkdən azad edildiyi 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisə edilən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil və iddiaçılara hər hansı bir aidiyyatı yoxdur. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddia tamamilə əsassızdır. Mübahisə edilən torpaq sahəsi onun adınadır. Bundan əlavə o Qarabağ əlilidir və Qarabağ uğrunda gedən döyüşlərdə sağ ayağını itirmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 2(014)-72/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-72/2020 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, torpağa mülkiyyət hüququna dair JN 0001, KOD 40804048 saylı dövlət aktına əsasən Göyçay rayonu Müskürlü kəndində yerləşən 4,16 hektar torpaq sahəsi X1, X2, X5, X3 və X4 Göyçay rayon Aqrar İslahat komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 30 nömrəli qərarı ilə mülkiyyətinə verilmişdir. Həmçinin işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu Müskürlü kəndində yerləşən 2,67 hektar torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Həmçinin işdə olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin plan və ölçüsünə əsasən Göyçay rayonu Müskürlü kəndində yerləşən 2,67 hektar torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 2.1-ci maddəsinə əsasən Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu Müskürlü kəndində yerləşən 2,67 hektar torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Həmçinin işdə olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Göyçay rayonu Müskürlü kəndində yerləşən 2,67 hektar torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Göründüyü kimi iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığı üçün hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Mülkiyyətçinin adından iddia qaldırmaq hüququ da yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, icarəsində, istifadəsində olmasına dair hər hansı mötəbər sübut növü təqdim etmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Ona görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-72/2020 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-72/2020 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-72/2020 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh özbaşına tutaraq (zəbt edərək) istifadə etdiyi Ağdaş rayonu, Xosrov Bələdiyyəsinin ehtiyat fonduna məxsus olub rayonun Aral iki kəndinin örüş ərazisindən 2,76 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar