Məhkəmə qərarları › İş №2(107)-1728/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1728/2021

26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1728/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi, iddiaçı Ərizəçi, cavabdeh DSMF-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Ərizəçi cavabdeh ƏƏSMN-nin tabeliyində DSMFPHŞ-in Şəki şəhər Filialına qarşı əmək fəaliyyəti ilə bağlı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1028/2021 nömrəli qətnaməsindən cavabdeh ƏƏSMN-nin tabeliyində DSMFPHŞ tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Üzümçülük sovxozunda 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək fəhlə işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 24 iyun 2021-ci il tarixli, 2(075)-1028/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Ərizəçi 01 mart 1986-cı il tarixdən 20 noyabr 1987- ci il tarixədək Ağdam rayonunda yerləşən 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh ƏƏSMN-nin tabeliyində DSMFPHŞ apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuşdur. Orta məktəbi 1970-ci illərin əvvəllərində (1971-1972) bitirmiş, 1970-ci ildən 1975-ci ilədək o zamanlar mövcud olan Şəki rayonu Oxud kənd «1 May» kolxozunda kolxozçu işləmişdir. 1975-ci ildə həqiqi hərbi xidmətə getmiş və 1977-ci ildə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci ildən etibarən 1984-cü ilədək Şəki şəhərində yerləşən Kimya Birliyində sürücü işləmişdir. 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək törətmiş olduğu cinayətə görə cəza çəkmişdir. Belə ki, 1984-cü ildə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə 1 nəfərin ölümünə səbəb olduğundan barəsində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1984-cü ilin avqust ayında cəzasının icrası ilə əlaqədar əvvəlcə Gəncə şəhərinə, oradanda Bakı şəhəri, Qaradağ rayonuna aparılmışdır. Ona təyin olunmuş cəzasının təxminən 1.6 ilini Qaradağ rayonunda yerləşən CÇM-də çəkmişdir. Təxminən 1986-cı ilin fevral ayının axırlarında cəzasının qalan hissəsini çəkmək üçün Ağdama aparılmış və 20.11.1987-ci ilədək vaxtilə Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Göstərmişdir ki, Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə təxminən 1986-ci ilin fevral ayından həmin müəssisədən buraxılana qədər, yəni 20.11.1987-ci ilədək Ağdam rayonunun Papravənd kənd «Qarabağ» üzümçülük sovxozunda müxtəlif işlərdə fəhlə işləmişdir. Belə ki, qeyd edilən müəssisədə cəza çəkdiyi müddətdə Qarabağ üzümçülük sovxozunda dəryazla ot biçmiş, ot quruduqdan sonra onları daşıyıb gətirib sovxoz ərazisində tayalara yığmış, cücə, donuz və mal fermalarının tikintisində işləmiş, ümumiyyətlə üzümçülük sovxozunda fəsili olaraq müxtəlif təsərrüfatlarda fəhlə olaraq işləmişdir. Göstərmişdir ki, işlədiyi müddətdə yaxşı və nümunəvi işinə görə sovxoz rəhbərliyi tərəfindən təltif də edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Şəkiyə qayıtmış və 1988-ci ildən 2001-ci ilədək yenədə işləməyə bşlamışdır. Bütün bunlar ilə əlavə etdiyi əmək kitabçasından çıxarışla da təsdiq olunur. Göstərmişdir ki, pensiya yaşına çatdıqdan sonra yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin əmək stajı 25 ildən az olduğu üçün ona pensiyanın təyin edilməsi mümkün olmamışdır. Ona ünvanlanmış məktubda bildirilmişdir ki, 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək işlədiyi illərə görə əmək haqqının verilməsi barədə arayış təqdim edərsə ona yaşa görə əmək pensiyasının təyin ediməsi mümkün olacaqdır. O, Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, lakin sonuncu 03.07.2020-ci il tarixli məktubla bildirmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilməmişdir. Buna görə də onun müraciətinin icrası mümkün olmamışdır. Hüquqlarını bərpa etmək və Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə eyni zamanda həmin vaxt mövcud olmuş Ağdam rayonunun Qarabağ üzümçülük sövxozunda işləməsi hüquqi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmişdir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə onlara sovxozda işləməyə şərait yaradılırdı. Belə ki, gündüzlər işləyir, gecələr isə müəssisədə qalırmışlar. Göstərmişdir ki, onun pensiyaya çıxması üçün 4 ay 15 gün müddət çatışmır. Halbuki, o, Ağdamda mövcud olmuş Qarabağ üzümçülük sovxozunda bu müddətdən də artıq işləmişdir. İddianı müdafiə edir. İddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh ƏƏSMN-nin tabeliyində DSMFPHŞ apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1028/2021 nömrəli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Şəki rayon Məhkəməsi iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan, maddi və prosessual hüquq normalarını pozmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Şəki rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)- 1028/2021 nömrəli qətnaməsi ləğv edilməli və ərizə təmin edilməməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən cavabdeh DSMF-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də cəza cəkdiyi illər ərzində Ağdam rayon Üzümçülük sovxozunda işləmişdir. Hətta ona təşəkkür də verilmişdir. Lakin məlum hadlisələrlə bağlı həmin cəzaçəkmə müəssisəsindən sənəd əldə edə bilmir. Ona görə də məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlıikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: SSR-nın Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 30.12.1986-cı il tarixli QU seriyalı, 067703 nömrəli B-İL formalı arayışdan görünür ki, X3 21 dekabr 1984-cü il tarixdən 29 oktyabr 1986-cı il tarixədək azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Həmin arayışdan görünür ki, X1 rayon məhkəməsinin 29.10.1986-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. SSR-nın Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19.11.1987-ci il tarixli DS seriyalı, B formalı 096140 nömrəli arayışdan görünür ki, X7 29 iyul 1985-ci il tarixdən 18 noyabr 1987-ci il tarixədək azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Həmin arayışdan görünür ki, X2 rayon məhkəməsinin 18.11.1987-ci il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. “Почетная Грамота”-nın təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi nümunəvi intizamına və yaxşı işinə görə “Qarabağ” üzümçüluk sovxozunun direktoru tərəfindən təltif edilmişdir. İşdə olan NZ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 20 may 1975-ci il tarixdən 10 iyun 1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 1097 və İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1970-1975, 1988-1991, 1977-1984, 1987-2001-ci illərdə müxtəlif yerlərdə işləmişdir. İşə əlavə edilmiş ƏƏSMN-nin tabeliyində DSMF-nun SÖT üzrə Mərkəzi Filialının 29.09.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Ərizəçi ümumi iş stajı 24 il 9 ay olmaqla 25 ildən az olması göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09.04.2021-ci il tarixli 2-1(107)-173/2021 saylı Qərardadının məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03.07.2020-ci il tarixli məktubu ilə iddiaçı Ərizəçi bildirilmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilinməmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı şahid qismində dindirilmiş; X7 ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır. Belə ki, 29.07.1985-ci ildən 18.11.1987-ci ilədək vaxtilə Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş və Ağdam rayonunun Papravənd üzümçülük sövxozunda müxtəlif təsərrüfatlarda Salamla birlikdə işləmişdir. Göstərmişdir ki, 1985-ci ilin iyul ayında barəsində hökm çıxarılmış və cəzasını çəkmək üçün əvvəlcə onu Gəncəyə, sonra Bayıla aparmışlar. Gəncədə 20-25 gün, Bayılda 7-8 gün qalmış, daha sonra, təxminən 1985-ci ilin sentyabr ayında Ağdama gətirilmiş və orada cəza çəkdiyi dövrdə üzümçülük sovxozunda müxtəlif təsərrüfatlarda işləmişdir. Belə ki, qeyd edilən müəssisədə cəza çəkdiyi müddətdə Qarabağ üzümçülük sovxozunda ot yığımında, onların tayalara vurulmasında, cücə, donuz və mal fermalarının tikintisində fəhlə olaraq işləmişdir. Göstərmişdir ki, xatırlamasına görə Salam müəssisəyə ondan sonra gəlmişdir. Salamla təxminən 1 ildən çox, 2 ilə yaxın bir yerdə cəza çəkmişdir. O, həqiqətən Salamın Ağdam rayonunun Papravənd üzümçülük sövxozunda müxtəlif təsərrüfatlarda işləməsinin şahidi olmuşdur. X3 ifadəsində göstərmişdir ki, 1984-cü ildən 1986-cı ilədək Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Orada Salamla birlikdə donuz və toyuq fermalarının tikintisində işləmişdir. O, tikintidə traktor işlətmişdir. Salam Ağdama ondan sonra gəlmişdir. O, 1986-cı ildə cəzasını çəkib qurtarmış, Salam isə orada qalmışdır. Salamla təxminən 9 ay birlikdə cəza çəkmişdir. O, həqiqətən Salamın Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə Ağdam rayonunda yerləşən Qarabağ üzümçülük sövxozunda müxtəlif təsərrüfatlarda işləməsinin şahidi olmuşdur. Apellyasiya icraatı zamanı ƏN PX-nə sorğu verilmiş, lakin həmin sorğu cavablandırılması üçün AR DİN-ə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir Həmin Qanununun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarə etməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, iddiaçı Ağdam rayonu bir saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə eyni zamanda həmin vaxt mövcud olmuş Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi təsdiq edən sənədləri başqa cür əldə edə bilmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən iddiaçıya verilmiş 03.07.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilinməmişdir. İddiaçının Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi özünün izahatı ilə yanaşı, onunla bir yerdə cəza çəkən iki şahidin ifadəsi, həmçinin həmin dövrdə iddiaçıya verilmiş “Почетная Грамота” ilə təsdiq edilir. İkincisi, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmadığını bildirsə də etirazının əsası kimi hər hansı sübutu məhkəmə təqdim etməmiş, bunu formal mülahizələr əsasında əsaslandırmağa çalışmışlar. Araşdırma zamanı müəyən olundu ki, iddiaçının Ağdam rayonunda yerləşən 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək olan dövrü deyil, 01 mart 1986-cı il tarixdən 20 noyabr 1987-ci il tarixədək olan dövrü əhatə etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 1.2-ci bəndinə əsasən məhkəmələrə izah olunur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəç əmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə görə lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 1.6-cı bəndinə əsasən isə məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Beləliklə, kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 1984-cü ildə yolnəqliyyat hadisəsi törətmiş və nəticədə 1 nəfərin ölümünə səbəb olduğundan barəsində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçı 1984-cü ilin avqust ayında cəzasının icrası ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonuna aparılmış və təyin olunmuş cəzasının təxminən 1.6 ilini Qaradağ rayonunda yerləşən CÇM-də çəkmişdir. İddiaçı 1986-cı ilin fevral ayının axırlarında cəzasının qalan hissəsini çəkmək üçün Ağdam rayonunda yerləşən Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə aparılmış və 20.11.1987-ci ilədək orada cəza çəkmişdir. İddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə 1986-cı ilin fevral ayından həmin müəssisədən buraxılana qədər, yəni 20.11.1987-ci ilədək Ağdam rayonunun Papravənd kəndində yerləşən «Qarabağ» üzümçülük sovxozunda ot biçini və yığımında, cücə, donuz və mal fermalarının tikintisində və mövsümi olaraq müxtəlif işlərdə fəhlə işləmişdir. İddiaçı pensiya yaşına çatdıqdan sonra yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin əmək stajı 25 ildən az olduğu üçün ona pensiyanın təyin edilməsi mümkün olmamışdır. Ona ünvanlanmış məktubda bildirilmişdir ki, 15.08.1984-cü ildən 20.11.1987-ci ilədək işlədiyi illərə görə əmək haqqının verilməsi barədə arayış təqdim edərsə ona yaşa görə əmək pensiyasının təyin ediməsi mümkün olacaqdır. Buna görə də iddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, lakin 03.07.2020-ci il tarixli məktubla ona bildirmişdir ki, 04.07.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilinməmişdir. Buna görə də iddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə eyni zamanda həmin vaxt mövcud olmuş Ağdam rayonunun Papravənd kəndində yerləşən “Qarabağ” üzümçülük sövxozunda işləməsi hüquqi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ƏƏSMN-nin tabeliyində DSMFPHŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1028/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar