Məhkəmə qərarları › İş №2(107)-1743/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1743/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1743/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi ilə İddiaçı İsgəndər qızının (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zaqatala Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən cavabdehə məxsus yaşayış evinə 3 uşağı ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxx 2019-cu il tarixli 2(033)- 155/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, İddiaçı xx xxx 2004-cü ildə doğulmuş X7, xx xxxxxx 2006-cı ildə doğulmuş X8 və xx xxxx 2010-cu ildə doğulmuş X9 ilə birlikdə Cavabdeh məxsus Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evə köçürülmələri qət edilmişdir. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə аpellyаsiyа şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cаvаbdeh və üçüncü şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2003-cü ildə rəsmi nikahlarını qeyd etdirməklə evlənmiş və birgə nikahlarından xx xxx 2004-cü ildə İlahə, xx xxxxxx 2006-cı ildə Aydın, xx xxxx 2010-cu ildə isə Əkrəm adlı uşaqları doğulmuşdur. O, gəlin kimi cavabdehin valideynlərinə məxsus evə köçmüşdür. Cavabdehlə münasibətləri pozulduğundan, sonuncu onu evdən qovmuş və hazırda o, valideynlərinin evində yaşayır. Cavabdeh onu söyür, yaşamasına imkan vermir. Onun istifadə etdiyi ev və şəxsi əşyaları həmin evdədir. Həmin evdə yaşadığına, təsərrüfatın aparılmasında və inkişaf etdirilməsində iştirak etdiyinə görə, oradan istifadə hüququ qazanmışdır. Odur ki, göstərilənlərə əsasən azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, 2009-cu ilin sentyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinə əsasən onun cavabdehlərə məxsus yaşayış evində yaşamaq və istifadə etmək hüquq vardır. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Eyni zamanda, kobud prosessual pozuntulara yol verilib ki, bu da nəticədə düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev heç bir zaman cavabdehə məxsus olmayıb. Cavabdehin həmin ev üzərində nə sərəncamverici, nə də sahiblik hüququ mövcüd deyil. Qətnamədə qeyd edildiyi kimi ev əvvəllər cavabdehin atası X6 məxsus olub. Cavabdehin atası vəfat etdikdən sonra həmin ev xx xxxxxxxx 2012-ci ildə X11 mülkiyyətinə keçmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən aydın olur ki, 14 sot torpaq sahəsinin 2/3 hissəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X11 xüsusi mülkiyyətindədir. İddiaçının köçürülməsini tələb etdiyi ev cavabdehə məxsus olmadığından, iddia ona qarşı qaldırıla bilməzdi. Hətta qaldırılmış olsa belə, məhkəmə cavabdehi əsl cavabdehlə əvəz etməli idi. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iş materiallarından iddianın əsl olmayan tərəfə qarşı qaldırıldığı müəyyən edilsə də, məhkəmə cavabdehi əsl cavabdehlə əvəz etməmişdir. Mülki Prosessual Məcəllənin tələbinə əsasən, bu halda məhkəmə ilk növbədə cavabdehin əsl cavabdeh ilə əvəz olunmasmı təklif etməli, iddiaçı buna razı olmadıqda isə işə mahiyyəti üzrə baxıb iddia tələbini rədd etməli idi. Nəticə etibarilə, iddiaçının köçürülməsini tələb etdiyi mənzil cavabdehə məxsus olmadığmdan, iddia ona qarşı qaldırıla bilməzdi. Bununla yanaşı, qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissəsi bir-birinə uyğun gəlmir. Belə ki, qətnamənin ikinci səhifəsinin ikinci abzasında məhkəmə müəyyən edir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev X11 mülkiyyətindədir. Lakin nəticə hissəsində məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh məxsus Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evə köçürülsün. Məhkəmə özü mənzilin cavabdehə məxsus olmadığını rəsmi sənədlərlə müəyyən etdiyi halda nəticə hissəsində fərqli nəticəyə gəlmişdir. Əsaslandırıcı və nəticə hissəsi bir-birinə uyğun olmayan qətnamə qanuni və əsaslı hesab oluna bilməz. Bundan başqa, qətnamədə qeyd edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil həmin zaman dövlət reysterində qeydiyyata alınmadığı üçün, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi deyil, 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməldir. Evin dövlət reysterində qeydə alınıb-almmaması məsələsi məhkəmə tərəfindən araşdırılmamış, məhkəmə yalnız iddiaçının mülahizəsi əsasında bu qənatə gəlmişdir. Ev əvvəllər X6 məxsus olmuş, daha sonra vərəsəlik hüququ əsasında X11 mülkiyyətinə keçmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (033)-155/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarasınız. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin vəkili və nümayəndəsi X10 apelyasiya şikayətinin tələblərinə uyğun çıxış edərək apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxx 2004-cü ildə doğulmuş X7, xx xxxxxx 2006-cı ildə doğulmuş X8 və xx xxxx 2010-cu ildə doğulmuş X2 üçün hər ay 351 manat miqdarında alimentin İddiaçı xeyrinə verilməsi müəyyən edilmişdir. İş əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının qayınatası xx.xx.2004-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh xx xxxxxxx 2003-cü ildə rəsmi nikah münasibətinə daxil olmaqla ailə qurub cavabdehin atasına məxsus olub Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evə gəlin köçmüş, onların birgə nikahlarından üç uşaqalrı doğulmuş, cavabdehin atası X8 xx xxxxxxxx 2004-cü il də vəfat etmişdir. Daha sonra iddiaçı ilə cavabdehin ailə münasibətləri pozulmuş, iddiaçı mübahisəli evdən çıxmış və hazırda cavabdehə qarşı iddia qaldıraraq, himayəsində olan üç uşaqla birlikdə həmin evə göçürülməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiаçının köçürülməsini tələb etdiyi Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdən, yəni iddiaçının həmin evə köçdüyü 2003-cü ildən (rəsmi nikaha daxil olduğu vaxtdan) xx xxxxxxxx 2012-ci il tarixə kimi heç kimin mülkiyyətində olmamışdır. Bu səbəbdən tərəflər аrаsındаkı münаsibətlərə qanunun analogiyası üzrə 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54cü maddələri tətbiq edilməlidir. Apelyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, iddiaçı mübahisəli evə köçürülə bilməz. Apelyasiya tələbi ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin xx xxxx 2001-ci il tаrixli qərаrınа əsаsən, 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri ilə bаğlı mübаhisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin qаydаlаrınа uyğun, bu tаrixədək yаrаnmış hüquq münаsibətləri ilə bаğlı mübаhisələr isə Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin qаydаlаrınа uyğun həll edilməlidir. İş materiallarından göründüyü kimi, mübahisəli hüquq münasibəti iddiaçının Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən mübahisə predmeti olan yаşаyış evinə köçdüyü vaxtda, yəni 2003-cü ildə (rəsmi nikaha daxil olduğu vaxtdan) yaranmışdır. Digər tərəfədən, iddiаçının istifаdə hüququ tələb etdiyi Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdən, yəni iddiaçının həmin evə köçdüyü 2003-cü ildən xx xxxxxxxx 2012-ci il tarixə kimi rəsmi olaraq dövlət reyestrində qeydiyyatda olmasa da, cavabdehin atası X1 və istifadəsində olmuşdur. Yəni, mübahisə predmeti olan ev iddiaçı həmin evə köçməmişdən əvvəl Aydın Ərəbov tərəfindən inşa edilməklə onun sahibliyində və istifadəsində olduğundan, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi və məhz bu huquqa istinadən onun xüsusi mülkiyyət hüququ reyestrdə qeydə alınmış və vərəsəlik qaydasında onun arvadı S.Ərəbovanın mülkiyyətinə keçmişdir. Ona görə də bu münasibətlərə analogiya üzrə dövlət mənzil fonduna aid münasibətləri tənzimləyən normalar deyil, xüsusi mülkiyyətdə olan mənzillərdən istifadə hüququnun əldə edilməsi ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Birinci instansiya məhkəməsinin qeyd edilən Plenum qərarının tələbləri baxımından sübutlara müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməyərək gəldiyi nəticəni qanunauyğun əsaslandırmamışdır. Ona görə də iddia təmin edilə bilməz. Məhkəmə kollegiyasının gəldiyi nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır. Belə ki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. MPM-in 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlarla yanaşı, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsində isə göstərilir ki, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsin. İddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu ona aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar