Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1746/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi, ilk tələb üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı, X2 nümayəndəsi və vəkili Kərimli Ruhiyə Neymət qızının, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 (Cavabdeh2 nümayəndəsi) iştirakı ilə İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı və X3 qarşı atalarından miras qalmış Mingəçevir şəhəri D.Əliyeva 14 saylı evin 30 saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair qarşlıqlı iddia ərizəsi üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1372/2019 nömrəli qətnaməsindəniddiaçılar İddiaçı və X7 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X6 Şəhər Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Asan Xidmət Mərkəzində notariat kontoruna qarşı iddia qaldıraraq X5 miras əmlakına vərəsəlik hüquqlarının tanınması, Məmməd Sarıyevdən miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin yalnız İddiaçı və qızı Günel Zəkarazadə tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Ruslan və Cavabdeh2lər məhkəməyə qarşılıqlı iddia təqdim edərək ataları X4 miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin özləri tərəfindən faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(051)-897/2019 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və Günel Zəkarazadənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakına vərəsəlik hüquqlarının tanınması və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə hakimə etirazları təmin edilmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il taixli 2(107)-1509/2019 nömrəli qərardadı ilə etiraz təmin edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxx 2019-cu il tarixli 2(039)- 1372/2019 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, X4 miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 14 saylı evin 30 saylı mənzili ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılmış və həmin mənzilin ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə Zəkarazadə Günel Məmməd qızının, ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 payları müəyyən edilməklə, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı və X7 аpelyаsiyа şikаyəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1372/2019 nömrəli qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 146/2020 nömrəli (sədrlik edən R.Əliyev, A.Eyvazov, İ.Şükürov) qətnaməsinə əsasən apelyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı, X7 və onların nümayəndəsi, həmçinin vəkili Kərimli Ruhiyə Neymət qızı kassasiya şikаyəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-146/2020 nömrəli qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1249/2020 nömrəli qərarı ilə ilkin iddiaçılar İddiaçı və Zəkarazadə Günel Məmməd qızının birgə verdikləri kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin İddiaçı və Zəkarazadə Günel Məmməd qızının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X14 ilə xx xxxxx 1990-cı ildə ailə qurmuş, Günel Zəkarazadə bu evlilikdən doğulmuşdur. M.Sarıyev ondan əvvəl nikahda olmuş və əvvəlki nikahından cavabdehlər anadan olmuşlar. Onların arasındakı nikah pozulmamışdır. Əri M.Sarıyev xx xxxxxxxx 2016-cı ildə vəfat etmiş, vəfat edənə qədər birlikdə ünvan 1 mənzil 30 ünvanında yaşamışlar. Əri vəfat edənə qədər onun və qızının cavabdehlərlə heç bir mübahisəsi olmamışdır. Məmməd Sarıyev sağlığında xəstə olduğundan gələcəkdə ola biləcək mübahisələrdən qaçmaq məqsədilə 2014-ci ildə Cavabdeh1 Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı evin, 47 saylı mənzilini, Cavabdeh2 isə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 16 saylı evin, 61 saylı mənzilin dəyərini ödəməklə satın almış və ailələri ilə birlikdə həmin mənzilə yerləşdirmişdir. Ailə daxili danışıqlarda yaşadıqları mənzilin ona və qızına qaldığını bildirmiş və cavabdehlər də buna etiraz etməmişlər. Bu müddət ərzində o da, qızı da hesab etmişdir ki, mübahisəli mənzil onların payıdır. Ancaq notariat kontoruna gedib bu barədə ərizə verməyi təklif edərkən əsl niyyətin başqa olmasını bilmişlər. Məmməd Sarıyev vəfat edərkən ondan miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilində yaşamaqla, mirasın qəbulunu həyata keçirmişlər, mənzilin bütün kommunal xərclərini ödəmişlər. Cavabdehlər isə başqa ünvanda yaşamış, mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmiş, faktiki hərəkətlərilə iradə idəsi bildirməmişlər. Ona görə də X5 miras əmlakına vərəsəlik hüquqlarının tanınması, Məmməd Sarıyevdən miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin yalnız İddiaçı və qızı Günel Zəkarazadə tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ataları vəfat etdikdən sonra da daimi olaraq həmin evə gedib-gəlmişlər. Həmin vaxtlar onlar evdən istifadə etmiş, özlərinə məxsus olan pul vəsaitini qeyd edilən mənzildə saxlamışlar. Bundan başqa, onlar mübahisəli mənzildə təmir işləri aparmış və həmin mənzilə KOMBİ istilik sistemi çəkilmişdir. Qeyd olunanlarla yanaşı, anasına məxsus olan və atası ilə birgə nikah dövründə alınmış qızıl zinət əşyaları da onlarda olmuşdur. Həmin mənzilin təmir edilməsi üçün onlar, ümumilikdə 1870 manat pul xərcləmişlər. Bu fakt onu göstərir ki, onlar əmlakdan istifadə etmişlər. Bundan başqa, ilkin iddia üzrə cavabdehlər tərəfindən özlərinə məxsus pul və qızıl zinət əşyalarını həmin evdə saxlamışlar. Digər bir fakt ondan ibarətdir ki, anaları ilə atalarından birgə nikah dövründə alınmış qızıl zinət əşyaları da onlarda qalmış və həmin əmlakı miras olaraq qəbul etmişlər. Mənzilin kommunal xərclərinin ödənilməsi ilə bağlı məvacibi də onlar ödəmişlər. Ona görə də ataları X4 miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin özləri tərəfindən faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı miras qoyan Məmməd Sarıyevlə xx xxxxx 1990-cı ildə ailə qurmuş, birgə evlilikdən onların Günel adlı övladı olmuşdur. X16 əvvəl nikahda olmuş və əvvəlki evliliyindən isə onun, hazırki iddia üzrə cavabdehlər olan Ruslan və Cavabdeh2 adlı övladları vardır. Məmməd Sarıyevlə olan evlilik pozulmamış və o vəfat edənə qədər birgə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı ənzilində yaşamışlar. Əri Məmməd vəfat edənə qədər cavabdehlərlə heç bir mübahisələri olmamışdır. Məmməd Sarıyev xəstə olduğundan sağlığında gələcəkdə ola biləcək mübahisələrdən qaçmaq məqsədilə 2014-cü ildə Cavabdeh1 Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı evin, 47 saylı mənzilini, Cavabdeh2 isə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 16 saylı evin, 61 saylı mənzilinin dəyərini ödəməklə satın almış və onları ailələri ilə birlikdə həmin mənzilə yerləşdirmişdir. Cavabdehlər Ruslan və Cavabdeh2 2019-cu ilin yanvar ayında Mingəçevir Şəhər Məhkəməsində miras əmlakın qəbul edilmə müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, miras payların müəyyən edilməsi tələbinə dair iddia qaldırmışlar və həmin iddia tələbləri məhkəmənin xx xxxx 2019- il tarixli 2(051)-932/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Yalnız xx xxx 2019-cu ildə onlara qarşı mirasın faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə iddia qaldırmışlar. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddialarının faktiki əsası kimi «ilkin iddia üzrə cavabdehlər tərəfindən özlərinə məxsus pul və qızıl zinət əşyalarının mübahisəli mənzildə saxlanması, həmin mənzildə öz şəxsi vəsaitləri hesabına təmir işləri aparması və anaları və atalarının birgə nikah dövründə alınmış qızıl-zinət əşyalarının ilkin iddia üzrə cavabdehlərdə olması faktı onu deməyə əsas verir ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən əmlakın qəbul edilməsi ilə bağlı nəticəyə gəlməyə kifayət qədər əsas verir» göstərməklə iddia qaldırmışlar. İlk və qarşılıqlı iddianı qismən təmin edən məhkəmə qətnaməni əsaslandırarkən göstərmişdir ki,“Məhkəmənin araşdırmaları zamanı qarşılıqlı iddiaçılar miras qoyannınatalarının ölümündən sonra müntəzəm olaraq mübahisəli mənzilə gedib-gəldiklərini, mənzilin bir açarının onlarda olduğunu, atalarının dəfn və yas mərasimlərini keçirdiklərini, bu mərasimlərdən sonra mənzildən atalarına aid şəkilləri, analarına aid 750 əyarlıq üzüyü, özlərinə məxsus əşyaları apardıqlarını, mənzili təmir etdirib kombi sistemi ilə təchiz etdiklərini, ilkin iddiaçılarla münasibətlərinin həmişə yaxşı olduğunu, bacılarının onların məsləhət görmədikləri insanla ailə qurmasından sonra münasibətlərinin pisləşdiyini, ilkin iddiaçının qapı kilidinin dəyişdirildiyini və məhz bundan sonra mübahisəli mənzilə daxil ola bilməmələrini bildirmişlər. İlkin iddiaçılar isə mübahisəli mənzilin kombi sistemi ilə təchiz olunması halından başqa, qalan halları mübahisələndirməyərək bildirmişlər ki, mərhum M.Sarıyev hələ sağlığında qarşılıqlı iddiaçılara mənzil alıb onları yerləşdirmiş, mübahisəli mənzili isə ilkin iddiaçılara bağışlamışdır, qarşılıqlı iddiaçıların maddi imkanları yaxşıdır və mübahisəli mənzilə ehtiyacları yoxdur”. Bu ifadələrlə bağlı məhkəmə iclas protokoluna qeydlər verilmişdir. İddiaçıların göstərdikləri ilə bağlı bildirilmişdir ki, mərhum Məmməd Sarıyev vəfat etdikdən sonra aralarında miras əmlakla bağlı heç bir mübahisə olmamış, M.Sarıyev sağlığında İddiaçı razılığı ilə cavabdehləri hər cür maddi təminatla, həm mənzil, həm də qeyri-yaşayış sahəsi ilə təmin etdiyindən, cavabdehlər bu mənzildən atalarının ölümündən 2 ildən artıq müddətdə miras payı tələb etməmişlər. Aramızdakı mübahisə isə 2018-ci ilin yayında iddiaçı Günelin ailə qurması ilə bağlı yaranmış və həmin vaxtdan sonra cavabdehlər onlardan qisas almaq məqsədilə hazırki iddianı qaldırmışlar. Cavabdehlərdə heç vaxt evin açarları olmamışdır. Cavabdehlərin ona qarşı qızıl zinət əşyaları tələbinə dair iddiaları üzrə ayrıca məhkəmə mübahisələri olmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin ona qarşı 73 adda qızıl zinət əşyaları və 9100 ABŞ dolları tələbinə dair iddiaları təmin edilməmişdir. Cavabdehlərin mənzildən atalarına aid şəkilləri, analarına aid 750 əyarlıq üzüyü, özlərinə məxsus əşyaları aparmaları ilə əlaqədar qeyd olunmalıdır ki, həmin hallar baş vermiş olsa belə şəkillər miras əmlak toplusuna daxil deyildir, analarına aid 750 əyarlıq üzüyün aparılması, özlərinə məxsus əşyaları apamaları Məmməd Sarıyevin mirasının qəbul edilməsi sayılmır. Halbuki, cavabdehlər Rinat və Cavabdeh1lər İddiaçı qarşı əmlak tələbinə dair iddia tələblərində İddiaçı onları evdən qovmasını göstərmişlər. Həmin cavabdehlərin miras əmlakın qəbul edilmə müddətinin uzadılması və əmlak tələbinə dair iddia ərizələrinin surətini işə baxarkən məhkəməyə təqdim etmişdir. Məhkəməyə cavabdehlər tərəfindən təqdim olunmuş şahid ifadələri bir-birilə uyğunluq təşkil etmir, verdikləri ifadələrin mötəbərliyinə dair hər hansı sübut yoxdur, hər birisi ayrı-ayrı hallarla bağlıdır. İş üzrə şahid qismində izahat vermiş şahid X15 özü təsdiq edir ki, həmin binada yaşamır. Məmməd Sarıyev vəfat etməmişdən əvvəl binadan çıxmışdır. İş üzrə şahid qismində ifadə vermiş Məmmədov İsgəndər Zöhrab oğlu isə həmin mənzildə heç vaxt olmamışdır. Cavabdehlərin mal-material almasına dair təqdim etdikləri qəbzin isə mübahisəli evə aidiyyəti yoxdur. İsgəndər Məmmədovun o evdə işləməsini cavabdehlərdən və özündən başqa heç kəs təsdiq etməmişdir. Həmin şəxs santexnik ustası olmuşdur. Kombinin isə Vüqar usta çəkdiyini qəbzdə cavabdehlər öz dəst xətləri ilə yazsalar da, məhkəmə İsgəndər Məmmədovun kombi çəkməsi qənaətinə gəlmişdir. İş üzrə şahid X8 isə qapının kilidinin içliyinin İddiaçı tərəfindən dəyişdirildiyini göstərmişdir. Bir daha göstərir ki, məhkəmə iclasında bildirmişdir ki, qapının kilidinin içliyi dəyişdirilməmişdir. Həmin məsələ ilə bağlı Çingiz Nəbiyev cavabdehlərin İddiaçı qarşı əmlak tələbinə dair mülki işdə də şahid qismində dindirilmiş və həmin işdə də içliyi dəyişdirmədiyini bildirmişdir. Çingiz Nəbiyev məhkəmədə yalan danışaraq göstərmişdir ki, dükan işlədir. Halbuki, o, taksi fəaliyyəti ilə məşğuldur. O heç bir vaxt Çingiz Nəbiyevdən qapı kilidinin içliyini almamışdır. Çingiz Nəbiyevə sual verilmişdir ki, Siz hər kilid dəyişəndə bu barədə məlumatları yayırsınızmı? O isə cavabında Cavabdeh1 2019-cu ilin yanvar ayında ona yaxınlaşıb kilidi dəyişdiyini soruşarkən bu barədə məlumat verdiyini təsdiq etmişdir. Bu isə onu təsdiq edir ki, şahid Cavabdeh1 iradəsi ilə ona uyğun ifadələr verməyə gəlmişdir. X1 onun qayını, X9 isə baldızıdır. Ərinin sağlığından onların münasibətləri normal olmamış, aralarında münaqişə olmasına görə Zabella Əhmədova ilə bir-birinin evinə gəlib-getməmişlər. Voroşil Sarıyev isə onlara gəlib getsə də, Məmməd Sarıyev onlara getməmiş, onu da Voraşilgilə getməyə qoymamışdır. Hətta Günelin toy mərasimində də bu səbəbdən iştirak etməmişlər. Cavabdehlər mirasın qəbulu ilə bağlı sübut təqdim etməmişlər. Təqdim edilmiş sübutlar isə mirasın faktiki qəbulunu təsdiq edən sübutlar deyildir. Ona görə də göstərilənləri əsas tutub, məhkəmədən Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini, ilk iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk tələb üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı və X2 nümayəndəsi və vəkili Kərimli Ruhiyə Neymət qızı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, miras qoyan Məmməd Sarıyev öləndən sonra mübahisəli miras əmlkada, yəni -ünvan 1 mənzil 30 ünvanda daim iddiaçılar yaşamış, həmin əmlak iddiaçılar tərəfindən idarə olunmuşdur. Cavabdehlər isə atalarının sağlığından ailələri ilə birlikdə özlərinə məxsus olan evdə yaşamışdır. Ümumiyyətlə iddiaçılarla cavabdehlər arasında son vaxtlara qədər miras əmlakla bağlı mübahisə olmamışdır. Mübahisənin əsası cavabdeh Günel Zəkərzadənin nişanlanmasından sonra yaranmışdır. Bundan əlavə mübahisəli miras əmlakda daim iddiaçılar yaşamış, onlar tərəfindən idarə olunmuş, iddiaçılar tərəfindən təmir edilmişdir. Cavabdehlər qeyd olunan mənzildə təmir-tikinti işləri aparmamışdır. Cavabdehlərin hərdənbir, istər təmir-tikinti zamanı, istərsə də bundan əvvəl ya sonra mübahisəli miras əmlaka gəlib-getməsi mirasın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Təqdim etdiyi qaz sərfiyyatına dair saldodan da göründüyü kimi qaz sərfiyyatına dair artım 2017-ci ilin noyabr ayından sonra baş vermişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 (Cavabdeh2 nümayəndəsi) apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçılarla münasibətləri həmişə yaxşı olmuş, atalarının dəfn, yas mərasimlərini keçirmişlər. Özlərinin ayrıca evi olmasına, ailələri ilə birlikdə öz evlərində yaşamalarına baxmayaraq, həmişə mübahisəli mənzilə gəlib-getmiş, atalarının vəfatından sonra da bacıları olan Günelə və ögey anası Faziləyə baxmış, həm maddi, həm də mənəvi dəstək göstərmişlər. Sonra mübahisəli mənzili təmir etdirmiş, mənzilə istilik-kombi sistemi çəkdirmişlər. Sonradan aralarındakı münasibətlər pisləşməyə başlamış, buna da əsas səbəb bacıları Günelin onların istəmədiyi, Mingəçevirdə mənfi reputasiyalı bir adamla ailə qurmasına görə olmuşdur. Onlar həmin mənzilə gedib-gəlməklə yanaşı, həm də mənzili təmir etdirməklə mirası faktiki qaydada qəbul etmişlər. Apelyasiya şikayəti ilə razılaşmırlar, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs notariat kontorunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə İşdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyəçatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1372/2019 nömrəli qətnaməsi ləğv edilməli, əvvəl və yeni tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla, yəni nikah, doğum, ölüm haqqında şəhadətnamələr, ƏMDK DƏDRX-in 17 saylı X18 tələb edilmiş materiallar, çıxarış, tərəflərin izahatları, habelə iş üzrə şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı xx xxxxx 1990-cı ildə Məmməd Sarıyevlə nikaha daxil olmuş, onların bu nikahından digər iddiaçı Günel Zəkarazadə anadan olmuşdur. Cavabdehlər isə Məmməd Sarıyevin birinci nikahından doğulmuş övladlarıdır. Mübahisəli Mingəçevir şəhəri, D.Əliyeva küçəsi,ev 14, mənzil 30-da yerləşən mənzil xx.xx.2015-ci ildə tərəflərin razılığı ilə Məmməd Sarıyevin adına özəlləşdirilmiş və Məmməd Sarıyevin adına mənzilə dair xx xxxxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, Məmməd Sarıyev xx.xx.2016-cı ildə vəfat etmiş, tərəflər arasında mənzillə bağlı mübahisə yarandığından notariat orqanı onlara vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş; X15 ifadəsində göstərmişdir ki, o, Ruslan və Rinatla uzun müddət qonşu olmuş, eyni binada yaşamış, sonradan ailə quraraq həmin binada-mübahisəli mənzilin üstündəki mənzildə bir müddət kirayədə yaşamış, valideynləri isə hazırda da orada yaşayır. İddiaçıları da qonşu kimi tanımışdır. Ruslan və Rinatın ataları rəhmətə gedəndən sonra da həmişə onları mübahisəli mənzilə gəlib-gedən görmüş, dəfələrlə Ruslan və Rinatın bazarlıq edib gəldiyini görmüş, binanın qarşısında söhbətlər etmişlər. Hətta bir dəfə onların mənzilindən mübahisəli mənzilə su axdığından Ruslan gəlib onlara irad da bildirmişdir. Tərəflərin münasibətləri həmişə mehriban olmuş, son dövrlərdə pozulmuşdur. Məmmədov İsgəndər Zöhrab oğlu bildirmişdir ki, o, santexnik işləyir. Cavabdeh1 tanıyır. Əvvəllər həm onun özünün, həm də qohumlarının sifarişi ilə dəfələrlə onlara məxsus evlərdə təmir işləri aparmışdır. Ruslanın sifarişinə əsasən digər usta yoldaşı ilə mübahisəli mənzildə kombi sistemi çəkmişdir. Mübahisəli mənzildə cəmi 5 kombi nöqtəsi olmuş və kombi nöqtəsini 50 manata çəkmişdir. Mənzildə işləri görən zaman tanımadığı qadın ona yemək və çay vermişdir. X8 ifadəsində bildirmişdir ki, o, tərəfləri tanıyır, mübahisəli mənzilin yerləşdiyi bina ilə üzbəüz binanın altında dükan işlədir. İddiaçı ondan bir dəfə qapı kilidinin içliyini almış, sonra xahiş etmişdir ki, mübahisəli mənzilin qapısının kilidinin içliyini dəyişsin. O da qonşu kimi dəyişmişdir. Həmin vaxt köhnə içlik işlək vəziyyətdə olmuşdur. Ruslan bu barədə ondan soruşduqda, o, İddiaçı xahişi ilə içliyi dəyişdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində digər şahid X13 ifadəsində göstərmişdir ki, mərhum Məmməd Sarıyevin qardaşıdır. 1978-ci ildən o da mübahisəli mənzilin yerləşdiyi binada yaşamaqla, tərəflərlə həm də qonşudur. Qardaşı rəhmətə gedəndə mərhumun dəfn və yas xərclərini oğulları Ruslan və Rinat qarşılamış, qardaşı rəhmətə gedəndən sonra Ruslan və Rinat iddiaçılara baxmağa davam etmiş, həmişə mənzilə gəlib-getmişlər. İddiaçıların bütün qayğılarını çəkmiş, problemlərini həll etmiş, mübahisəli mənzili təmir etdirmiş, mənzilə kombi sistemi çəkdirmiş, iki dəfə iddiaçı Faziləni əməliyyat etdirmişlər. Mübahisəli mənzil uşaqların ata yurdu olmuş, onların hamısının mənzildə payı olduğunu hamı bilmişdir. Mənzilin bir açarı həmişə Ruslan və Rinatda olmuş, hətta onlar öz qızıllarını da ata yurdu kimi həmin mənzildə saxlamışlar. Onların mərhum analarına aid əşyalar da, qızıllar da həmin mənzildə olmuşdur. Sonradan onlar həmin əşyaları mənzildən aparmışlar. Bacıları Günelin istəmədikləri insanla ailə qurmasına əsəbləşdiklərindən münasibətləri pozulmuş, bundan sonra da Fazilənin mənzilin açarını Çingizə dəyişdirdiyini o, şəxsən görmüşdür. X10 bildirmişdir ki, mərhum Məmməd Sarıyevin bacısıdır. O da mübahisəli mənzilin yerləşdiyi binanın qonşuluğunda yaşayır. İddiaçılar heç yerdə işləməmiş, qardaşı 6 il xəstə olmuş, sonra rəhmətə getmiş, həmin müddətdə və ondan sonra da Ruslan və Rinat iddiaçılara ailə kimi baxmış, mərhumun dəfn və yas xərclərini çəkmiş, həmişə mənzilə gəlib-getmiş, mübahisəli mənzili təmir etdirmişlər. Mübahisəli mənzilin bir açarı da həmişə Ruslan və Rinatda olmuşdur. Münasibətləri həmişə yaxşı olmuş, bacıları Günelin istəmədikləri insanla ailə qurmasına əsəbləşdiklərindən münasibətləri pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1249/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların, faktiki olaraq cavabdehlərin mirasın qəbul etmələrinin əsas kimi istinad etdikləri halların (mənzilə gedib gəlmələri, açarın birinin onlarda olması, atasının şəkillərinin onlar tərəfindən götürülməsi, mənzilin təmir edilməsi, (təmin edilmişsə, bunun kimin tərəfindən hansı müddət ərzində) analarına məxsus qızıl üzüyün onlar tərəfindən götürülməsi, mənzilə kombi quraşdırılması, övlad olaraq yas mərasimlərində iştirak, yas mərasimlərinin verilməsi, xəstə olarkən atalarının müalicəsi ilə məşğul olmaları və ataları qarşısında övladlıq vəzifələrinin icrası ilə bağlı hərəkətlərinin yerinə yetirilməsini) apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə iddiaçıların Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Apelyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Kollegiya hesab edir ki, miras qoyan şəxs Məmməd Sarıyev 2016-cı il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X14 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan daimi olaraq Mingəçevir şəhərində yaşadığından və miras əmlak Mingəçevir şəhərində yerləşədiyindən mirasın açıldığı yer Mingəçevir şəhəri hesab edilir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka Məmməd Sarıyevin öldüyü məqamadək malik olduğu ünvan 1 mənzil 30 daxildir. Məhkəmə kollegiyasının araşdırması zamanı miras qoyan Məmməd Sarıyevin vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş oğlanları Ruslan və Cavabdeh2lər, qızı Günel Zəkarzadə və arvadı İddiaçı onun qanun üzrə birinci növbə vərəsələridir (MM-nin 1159.1-ci maddəsi). Təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, qeyd olunan vərəsələrdən miras qoyanın arvadı İddiaçı və qızı Günel Zəkarzadə mübahisəli miras əmlakı birlikdə idarə etməklə faktiki qaydada qəbul etmişlər. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən, eləcə də Ali Məhkəmənin göstərişləri baxımından araşdırmanı davam etdirən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin olunması üçün əsaslıdır. Əvvəla ona görə ki, işin faktiki hallarından görünür ki, mübahisəli miras əmlakda daimi olaraq ilk iddiaçılar İddiaçı və G. Zəkərzadə yaşamış və mirası qəbul etdiiklərini şəksiz nümayiş etdirmişlər. İşin bu halı mübahisəsizdir. İkinci, işin əsas mübahisəli halı cavabdehlər Ruslan və Cavabdeh2lər tərəfindən mirasın faktiki qəbulu ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdehlər (qarşılıqlı iddiaçılar) ailəli olmaqla atalarının sağlığında miraq əmlakdan çıxmış və hər biri özlərinə məxsus olan evdə yaşamış, hərdənbir miras əmlakda yaşayan ögey anasının və atabir bacısının yanına gəlib-getmiş, onlara qarşı isti münasibət bəsləmişlər. Lakin kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin həmin mübahisəli mənzilə hərdənbir gəlib-getməsi heç də miras əmlakın faktiki qəbulu və idarəçiliyi ilə bağlı deyil, daha çox qohumluq münasibətindən irəli gələn münasibətə, orada yaşayan şəxslərə (ögey ana və bacısına) baş çəkmək, sonuncuların yaşayış tərzi ilə maraqlanmağa uyğun gəlir. Çünki cavabdehlərin özlərinin etirafından da məlum olur ki, tərəflər Günelin nişanlanmasına qədər mehriban münasibətdə olmuşlar. Üçüncü, məhkəmə kollegiyası apelyasiya şikayəti dəlilləri və Ali Məhkəmənin göstərişi baxımından araşdırmanı davam etirərək qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən atalarından miras qalmış əmlakda təmir işlərinin aparması və kombi sisteminin quraşdırılması da işin hazırki vəziyyətində heç də miras əmlakın faktiki qaydada qəbul edilməsi anlamına gəlmir. Ona görə ki, cavabdehlər təmir-tikinti işlərini, o cümlədən də kombi sistemini 2017-ci ilin yanvar ayında quraşdırıldığını bildirsələr də, “Euro Clima” servis mərkəzi tərəfindən verilmiş sənəddən xx.xx.2017-ci il tarixdə quraşdırılması müəyyən edilir. Əlavə olaraq iddiaçıların nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş qaz sərfiyyatı barədə saldodan görünür ki, mübahisəli Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilində qaz sərfiyyatının artımı 2017-ci ilin noyabr ayına, yəni “Euro Clima” servis mərkəzi tərəfindən verilmiş sənədlə eyni vaxta təsadüf edir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi əgər doğrudan da təmir-bərpa işləri, o cümlədən kombi sisteminin quraşdırılması cavabdehlər tərəfindən həyata keçirilmişdirsə bu qanunvericiliklə müəyyən olunmuş 3 ay və 6 aylıq müddətləri əhatə etmir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir. Kollegiya mübahisənin bu hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda göstərildiyi kimi cavabdehlər atalarının sağlığından özlərinə məxsus evdə yaşamış, ataları öləndən sonra da iddiaçılarla münasibəti yaxşı olmuş, bu səbəbdən də yaxın qohum (bacı-qardaş) kimi daim gediş-gəlişləri davam etmişdir. Lakin sonradan münasibətlər pozulmuşdur. Göründüyü kimi cavabdehlər tərəfindən mübahisəli mənzildə hər hansı təmir-bərpa işlərinin aparılması münasibətlərin yaxşı olması vaxtına təsadüf edir ki, bu da heç də mirasın faktiki qəbuluna yönəlmiş hərəkət, eləcə də əmlak üzərində fiziki “ağalıq” etməsi kimi deyil, şəxsi münasibətlər zəmnindən irəli gələn və ailə başçısını itirmiş şəxslərə köməklik götərilməsi kimi qiymətləndirilməlidir. Şahid ifadələrinə gəldikdə isə kollegiya belə hesab edir ki, ustalar həmin mənzildə təmirtikinti işlərinin aparıldığını bildirsələr də, əvvəla həmin təmir-tikinti işlərinin dəqiq vaxtını demir, həmçinin qeyd olunan təmir-bərpa işlərinin məhz cavabdehlər tərəfindən aparıldığını söyləmirlər. Digər şahidlərin (qohum və qonşuların) ifadələrinə gəldikdə isə kollegiya qeyd edir ki, həmin şahidlər cavabdehlərin mübahisəli miras əmlaka gəlib-getdiyini görmüş, lakin miras əmlakın şəksiz qaydada idarəçiliyi barədə hər hansı ifadəni işlətməmiş, bununla bağlı əsaslı arqumentlər gətirməmişlər. Şübhəsiz ki, cavabdehlər bir yaxın qohum kimi həmin mənzilə gəlib-gedə, qohumlarına baş çəkə, eyni zamanda səriştəsi olan şəxslər kimi ustalara öz tövsiyyə və göstərişlərini verə bilər, hansısa lazımi məişət əşayasını hədiyyə edə bilərlər. Lakin bütün bunlar miras əmlakın şəksiz qaydada idarə olunması ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın dəfn mərasiminin vərəsə tərəfindən təşkil edilməsi və ya həyata keçirilməsi barədə məlumatlar mirasın vaxtında qəbul olunmasını təsdiqləyən fakt rolunu oynaya bilməz. Bu cür məlumatların həmin məsələ baxımından hüquqi əhəmiyyəti yoxdur. Belləliklə, məhkəməkollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş nəticə ilə razılaşmayaraq, verilmiş apellyasiya şikayətini isə əsaslı hesab ediərək, qeyd edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri və işin həqiqi halları üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Halbuki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, аpellyаsiyа şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1372/2019 nömrəli qətnaməsi ləğv edilməli, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı və X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1372/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilsin. İddiaçı və X2X4 miras qalmış əmlaka vərəsəlik hüquqları tanınmaqla miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 14 saylı evin 30 saylı mənzilinin yalnız onlar tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 İddiaçı və X3 qarşı “ataları X4 miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin özləri tərəfindən faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi” barədəiddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1746/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1746/2020
13.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver