Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1747/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürmə, qeyri-yaşayış sahəsi, Preyudisiya) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tаrixli, 2(063)-344/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus idarə binasında olan iki otaqlı mənzilinə köçürülməsi haqqında qətnamə çıxarılmasını və dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1985-ci ildə həyat yoldaşı Hüseyn Hacıyev həbs olunan zaman 2 azyaşlı uşaqla evsiz qalmışdır. Ev növbələri hələ çatmadığına görə mənzil şəraitinin yaxşılaşdırılması üçün XDS İK-nin Rayon Sovetinə etdiyi müraciət əsasında ona S.Abdullayev küçəsi, dalan 4, 43 saylı ünvanda yerləşən idarə binasında iki otaqdan ibarət ev verilmişdir. Həmin dövrlərdə vəzifədə işləmiş məmurlar öz verdikləri arayışlarla bu faktı təsdiq etmişlər. Üstəlik qonşularının iştirakı ilə tərtib edilmiş fevral 2008-ci il tarixli, 03 oktyabr 2016-cı il tarixli aktlar da bunu təsdiqləyir. 1985-ci il tarixdən ünvan 1 ünvanında idarə binasından ona yaşamaq üçün yer verilmiş və o orada yaşayaraq həmin binanın 0,07 ha torpaq sahəsindən də istifadə etmişdir. Həmin evdə yaşamaqla özünə şərait qurmuş, oğul övladlarını tərbiyə etmiş, kommunal xərclərini vaxtlıvaxtında ödəmişdir. Onun bu sözügedən evdən başqa yaşayış yeri olmamışdır. Həmin evdən onun istifadə hüququ vardır. Ömrünün 33 ilini həmin evdə yaşamış, hələ toyu olmamış gənc övladını son mənzilə həmin evdən yola salmışdır. Bu gün isə bir ana kimi ona təsəlli verən rəhmətə getmiş oğlunun əkdiyi ağacların kölgəsində dayanmaqdır. Onu həmin evdən məcbur çıxardıblar. Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli, 2-7- 2007 saylı qətnaməsi ilə onların ailələri ilə birlikdə onlara mənzil verilmədən həmin evdən çıxarılmaqları haqqında qətnamə qət edilmişdir. Qətnamə sifarişli və ədalətsiz idi. Qışın günündə heç kim isti yuvasından çölə atılmazdı. Onun bu qətnamədən qətiyyən xəbəri olmamışdır. 2009- cu ildə icra və probasiya şöbəsinin işçiləri onu evdən çıxartmaq istəyəndə başa düşmüşdür ki, cavabdehin əlində məhkəmə qətnaməsi var. Deməli onun xəbəri olmadan məhkəmə bu məsələyə baxıb və qətnamə çıxarmışdır. Bu, ədalətsizlikdir və insan hüquqlarına ziddir. Cavabdeh ona ev verməmişdir ki, onu da evdən çıxartsın. Onu indiyədək başqa səmtlərə yönəltmişlər. Ona görə də heç nə əldə edə bilməmişdir. Cavabdeh idarə binasını özəlləşdirsə də torpağı özəlləşdirməmişdir. 33 il yaşadığı və istifadə etdiyi 0,07 ha torpağı istəyir və həmin evə köçürülməyinə köməklik edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətləri təmin olunmamış, həmin qətnamə ləğv olunmamışdır. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tаrixli, 2(063)-344/2021 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007- ci il tarixli, 2-7-2007 nömrəli qətnaməsi ilə Zərdab rayon TTTM-nin sədri X3 X11, İddiaçı və X1 yaşayış sahəsindən çıxarılmaları tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən Təsərrüfatlararası Təmir Tikinti Müəssəsinə məxsus bir mərtəbəli idarə binasının otaqlarından X8, İddiaçı və X1 ailələri ilə birlikdə mənzil verilmədən çıxarılmaları qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 aprel 2009-cu il tarixli, 2(106)-101/2009 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli qətnaməsi dəyişdirilməmişdir. Azərbaycan Respublika Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 sentyabr 2009-cu il tarixli, 2(102)-2597/09 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 101/2009 nömrəli iş üzrə 06 aprel 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, mülki prosessual qanunvericiliyinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, həmçinin, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının mənzil verilmədən çıxarılması qət edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır, buna görə də iddia təmin edilməməli, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 107-ci, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, şəxslərin dairəsi ilə əvvəl baxılmış işdəki şəxslərin dairəsi, yəni subyektiv tərkib eyni olmadığı üçün Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli 2-7-2007 nömrəli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial hesab etmək olmaz. Məhkəmə onun 33 il ərzində Zərdab şəhəri S.Abdullayev küçəsi dalan 4, ev 43-də yerləşən idarə binasında yaşamağını, kommunal xərcləri ödəməyini, əlavə təmir-tikinti işləri aparmağını, istifadəsində olan torpaq sahəsini abadlaşdırmağını nəzərə almamış, heç bir araşdırma aparmadan yalnız Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli 2-7-2007 nömrəli qətnaməsinin hazırkı işə münasibətdə preyudisiallığını əsas gətirərək iddiasını rədd etmişdir. Onun idarə binasını zəbt etmiş olduğu təqdirdə nə üçün 33 il ərzində orada yaşamağı, hansı səbəbdən icazə verilməsi araşdırmamışdır. İdarə binasında yaşayarkən abonent kimi telefon xətti çəkdirmiş, təbii qaz və elektrik enerjisindən qanuni qaydada müqavilə bağlamaqla istifadə etmiş, lakin qeyd etdiyi faktlar da məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə hakim iddia tələbini rədd etməklə qanunsuz və əsassız qətnamə qəbul etmiş və bu zaman həm maddi, həm də prosessual hüquq normasının tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən o, Ucar Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tаrixli, 2(063)-344/2021 saylı qətnaməsini ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası: Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13.1-ci mаddəsinə əsаsən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Ucar Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tаrixli, 2(063)-344/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tаrixli, 2(063)- 344/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbayca Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 23 noyabr 2021-ci tarixli məktubuna əlavə olunmuş 11.06.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak komleksi X7 xüsusi mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş 14.07.2021-ci il tarixli Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən görünür ki, X4 vərəsəsi Cavabdehdur. Həmin məktuba əlavə edilmiş 13.08.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak komleksi Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdehin mərhum atası X9 2006-cı ildə cavabdehlər X11, İddiaçı və X2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 2- 7-2007 saylı, 15 yanvar 2007-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdehlər X11, İddiaçı və X1 ailələri ilə birlikdə mənzil verilmədən ünvan 4 ünvanda yerləşən Təsərrüfatlararası Təmir Tikinti Müəssisəsinə məxsus bir mərtəbəli idarə binasının otaqlarından çıxarılmaları qət edilmişdir. Sonradan cavabdeh İddiaçı həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayətlər versə də, şikayətlər əsassız olduğu üçün təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır; İddiaçının evə köçürmə tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köcmək istədiyi ev yox, qeyri yaşayış sahəsidir. Qeyri yaşayış sahəsinin mülkiyyətçisi isə əvvəl X9, sonra isə onun oğlu Cavabdeh olmuşdur. Apelyator şikayətində qeyd edir ki, şəxslərin dairəsi ilə əvvəl baxılmış işdəki şəxslərin dairəsi, yəni subyektiv tərkib eyni olmadığı üçün Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli 2-7-2007 nömrəli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial hesab etmək olmaz. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli 2-7-2007 nömrəli qətnaməsinin surətindən görünür ki, hazırkı mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən Təsərrüfatlararası Təmir Tikinti Müəssisəsinə məxsus bir mərtəbəli idarə binasının otaqlarından çıxarılmaları barədə X9 hazırkı iddiaçıya qarşı iddia qaldıraraq onun mübahisəli qeyri-yaşayış binasından çıxarılmasını xahiş etmiş və iddia təmin edilmişdir. İndiki işdə isə əvvəlki işdə cavabdeh olan İddiaçı X5 vərəsəsi olan Cavabdeh qarşı iddia qaldıraraq mübahisəli qeyri-yaşayış sahəsinə köçmək istəyir. Ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinə iddiaçının həmin qeyri-yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi üçün həmin qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Bu müdaxilə qanunda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının kommunal xərcləri ödəməyi, əlavə təmir-tikinti işləri aparmağı, istifadəsində olan torpaq sahəsini abadlaşdırmağını nəzərə almaması barədə apelyatorun dəlili əsassızdır. Belə ki, əyər iddiaçı kommunal xərcləri ödəyibsə, əlavə təmir-tikinti işləri aparıbsa, istifadəsində olan torpaq sahəsini abadlaşdırıbsa bunu özünün istifadə etdiyi kommunal xidmətlər üçün ödəyib. Eyni zamanda iddiaçının təmir-tikinti işləri və abadlıq işlərinin aparması özünün həyat şəraitinin yaxılaşdırması üçün edib. Qeyd edilən hallar iddiaçının qeyri-yaşayış sahəsinə köçürülməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Ucar Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tаrixli, 2(063)-344/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tаrixli, 2(063)-344/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə (Elektron Məhkəmə İnformasiya Sistemi mövcud olmayan rayon-şəhər məhkəmələri istisna olmaqla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1747/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1747/2021
02.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver