Məhkəmə qərarları › İş №2(107)-1748/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1748/2020

17.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1748/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh hüquqi varisi X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-88/2020 saylı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün uzunluğu 60 metr eni 3 metr olmaqla yol açılarkən hər hansı bir maneə olarsa sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-88/2020 saylı qətnаməsi ilə İddiaçı Cavabdeh qarşı 0,28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün uzunluğu 60 metr eni 3 metr olmaqla yol açılarkən hər hansı bir maneə olarsa sökülməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı 113,46 (bir yüz on üç manat qırx altı qəpik) manat mütəxəssis xərci alınaraq Kadastr və X4 Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 50 (əlli) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli, ədalətsiz mövqe ilə baxmış, işi hərtərəfli araşdırmamış, tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-519B seriyalı, kodu 40216018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ona və onun ailə üzvlərinə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin həmin həyətyanı torpaq sahəsinə gediş-gəliş mümkün deyildir. 2018-ci ildə Zaqatala Rayon Məhkəməsinə mükiyyətində olan 0.28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə iddia ərizəsi vermişdir. Zaqatala Rayon Məhkəməsi onun iddiasını təmin edərək gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarmışdır. xx.xx.2019-cu il tarixində Zaqatala rayonunun İcra və Probasiya şöbəsinin məcburi icra prosesi zamanı Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə gediş gəliş üçün əsas küçədən dərinliyi (uzunluğu 30 m) olan yol ölçülmüş, lakin onun 0.28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması mümkün olmamışdır. Çünki 30 metr yol ölçüldükdən sonra onun 0.28 ha həyətyanı torpaq sahəsinə qədər əlavə 30 metr məsafə qalmışdır. Əlavə 30 metr üzərində altı açığın olduğu müəyyən olmuşdur. Həmçinin yolun eni göstərilməmişdir. Ona görə də, 30 metrdən sonrakı 30 metr yolun açılması da lazımdır. Bu səbəbdən xx.xx.2019-cu il Zaqatala Rayon Məhkəməsinin iş nömrəsi 8(033)87/2019-cu il qərardadından göründüyü ki, Zaqatala Rayon Məhkəməsinə gediş-gəliş yolunun açılması üçün ikinci iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Göstərilən əsaslara görə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-88/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh hüquqi varisi X2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-88/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, JN-519B seriyalı kodu 40216018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən X7, X8, İddiaçı, X5 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv kooperativ bağlar, bağçılıq təsərrüfatı təyinatlı 0,28 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində istifadəsində olan 0,3293 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən 82,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adınadır. İddiaçı X10 0,28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün uzunluğu 60 metr eni 3 metr olmaqla yol açılmasını və həmin yol açılarkən hər hansı bir maneə olarsa həmin maneənin sökülməsini tələb edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X3 X9 Layihə-Tətqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı X6 və onun ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan kənddaxili yol “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Azərbаycаn Respublikаsındа mülkiyyət toxunulmаzdır və dövlət tərəfindən müdаfiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ bəndində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib olmаq, əmlаkdаn istifаdə etmək və onun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı olmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü mаddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci mаddəsinə görə, iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci mаdəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış və uzunluğu 60 metr, eni 3 metr olmaqla yol açılması yalnız cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,3293 ha təyinatlı torpaq sahəsinin hesabına mümkündür. Bu isə mülkiyyətçi olan cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və ya pozulmasına gətirib çıxarır. Belə ki, JN-519B seriyalı kodu 40216018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən X7, X8, İddiaçı, X5 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv kooperativ bağlar, bağçılıq təsərrüfatı təyinatlı 0,28 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində istifadəsində olan 0,3293 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən 82,50 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adınadır. İddiaçı X10 0,28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün uzunluğu 60 metr, eni 3 metr olmaqla yol açılmasını və həmin yol açılarkən hər hansı bir maneə olarsa həmin maneənin sökülməsini tələb edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X3 X9 Layihə-Tətqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı X6 və onun ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan kənddaxili yol “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır. Göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti formal mülahizələr əsasənda yazıldığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-88/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-88/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar