Məhkəmə qərarları › İş №2(107)-175/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-175/2024

26.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-175/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququ, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 işirakı ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsi Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh2 və ailə üzvləri həmin torpaq sahəsini 24 iyul 2019-cu il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda 4Ə- 494 reyestr sayı ilə təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən ona bağışlamışlar. Həmin bağışlama müqaviləsini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə təqdim etmiş və adına Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsinə dair 10 sentyabr 2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Adına həmçinin torpaq sahəsinin planı və ölçüsü (xx.xx.2019-cu il tarixli, A seriyalı 396892 saylı) sənədi tərtib edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Cavabdehə torpaq sahəsinin mülkiyyətçisi olduğunu bildirib, cavabdehdən həmin torpaq sahəsindən çıxmasını, həmin torpaq sahəsində heç bir iş görməməsini tapşırmışdır. Lakin cavabdeh ona torpaq sahəsini əvvəlki mülkiyyətçilərdən aldığını bildirdi. Cavabdehdən əgər torpaq sahəsini almışsa, buna dair alğı-satqı müqaviləsini təqdim etməsini tələb etmişdir. Cavabdeh ona həmin torpaq sahəsini şifahi razılıq əsasında aldığını bildirmişdir. Cavabdehə torpaq sahəsinin qanuni mülkiyyətçisi olduğunu, adına çıxarış olduğunu bildirərək, həmin torpaq sahəsindən çıxmadığı və hər hansı bir iş görəcəyi təqdirdə, qanuni tədbir görəcəyi barədə xəbərdarlıq etmişdir. Bundan sonra, ailə vəziyyəti, işləri ilə bağlı torpaq sahəsinə mütəmadi olaraq gedib-gələ bilməmişdir. Daha sonra torpaq sahəsinə baxış keçirən zaman məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsində xəbərdarlığına məhəl qoymadan ağaclar əkmişdir. Cavabdehə müraciət edərək, ona vaxtında xəbərdarlıq etdiyini, torpaq sahəsinə zəbt etməsinin qanunsuz və yolverilməz olduğunu, qanuni tədbir görəcəyimi bildirmişdir.Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1,47 ha torpaq sahəsinə görə - 1 hektarı o vaxtkı pulla 30 ədəd 10.000 manatlıq (üzərində Şirvanşahlar sarayının əksi olan) əskinas hesabı ilə (cəmi 45 ədəd 10.000 manatlıq əskinas, 450.000 AZM / 5.000 = 90 AZN) ödədiyi pul vəsaitinin qətnamə çıxarılacaq tarixə indeksasiya olunmaq şərti ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada mənim xeyrinə tutulması və 580 ədəd xurma tinglərinin alınması, onların əkilməsinə, boya-başa çatdırılması üçün hər il aparılmış aqro-texniki qulluq işlərinə, eləcə də həmin ağacların suvarılması üçün çəkdiyim damcı-suvarma sisteminə görə ödədiyim 92.000 (doxsan iki min) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh4 vəCavabdeh5 qarşı torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hakim: F.İbrahimov) 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması barədə tələbinin rədd edilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İdiaçı İddiaçı mülkiyyətində olan 1.47 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edildiyini iddia edir və həmin torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edərək, müvafiq rəylər almışdır. Mütəxəssis və ekspert rəylərinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1.36 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan 1.47 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsinin zəbt edildiyinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçıdan alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217 və 119-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-142/2023 saylı, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması barədə tələbinin rədd edilməsi qət edilmişdir. O, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İşin araşdırılmayan halı ondan ibarətdir ki, hər iki torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Başqa sözlə, onun iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi də, **********75-reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsi də Cavabdeh1 tərəfindən istifadə olunur. Göründüyü kimi o, mülkiyyətində olan torpaq sahəsini cavabdehin zəbt etdiyini iddia etməyinə baxmayaraq, ekspert tərəfindən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması sualına cavab verilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Göyçay Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)- 97/2023 saylı qətnaməsi ilə iddianın rədd edilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı olan İddiaçı apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Onlar həmin apellyasiya şikayətini qəbul etmirlər və hesab edirlər ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 1,47 ha torpaq sahəsi Göyçay rayon Aqrar islahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Cavabdeh2 və sonuncunun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh2 və sonuncunun ailə üzvlərinin adına 18 aprel 1999-cu il tarixdə JN 456 seriyalı, 40812018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsi Cavabdeh2 və sonuncunun ailə üzvlərinin mülkiyyətinə veriləndən dərhal sonra, sonuncular həmin torpaq sahəsini faktiki olaraq hazırki iş üzrə Cavabdeh1 satmışlar. Torpaq sahəsini onlardan dəyərini ödəməklə Cavabdeh1 üçün Sahib və Qiyas adlı tanışları alıblar. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasa da, faktiki olaraq torpaq sahəsi onlar tərəfindən Cavabdeh1 satılmışdır. Torpağın razılaşdırılmış dəyəri olan 1 hektara görə o vaxtkı pulla 30 ədəd 10.000 manatlıq (üzərində Şirvanşahlar sarayının əksi olan) əskinas hesabı ilə pul Sahib və Qiyas tərəfindən əlbəəl Cavabdeh2 1999-cu ildə verilmişdir. Torpaq sahəsinə görə pulu ödəyəndən sonra, Cavabdeh2 torpağa dair sənədləri Sahib və Qiyasa təhvil vermişdir. El adət-ənənəsinə görə halallaşma olub. Cavabdeh1 1999-cu ildə torpaq sahəsini faktiki olaraq alqı-satqı edəndən sonra, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, həmin torpaq sahəsinə sahiblik etməyə başlamışdır. Cavabdeh1 1.47 ha torpaq sahəsində 2014-cü ilədək müxtəlif dövrlərdə pambıq, taxıl, yonca əkmişdir. Növbəli əkindən ona görə istifadə etmişdir ki, eyni məhsulu yetişdirməklə torpaq məhsuldarlığını itirməsin, eyni qidalı maddələri bitkinin ərsəyə gəlməsi üçün tükətməsin. Cavabdeh1 1.47 ha torpaq sahəsində torpaq sahəsini daha da münbitləşdirən, məhsuldarlığı artıran bütün zəruri işləri görmüşdür. Cavabdeh1 2014-cü ildə isə həmin torpaq sahəsində xurma ağacları əkmişdir. Sonuncu ağaclara uzun illərdir ki, qulluq edir, onları ərsəyə gətirir, suvarır, gübrə verir, zərərvericilərə qarşı mübarizə aparır, torpaq sahəsinin keyfiyyətini aşağı salacaq heç bir iş görmür, əksinə torpaq sahəsini göz bəbəyi kimi qoruyur. O, həmin torpaq sahəsindəki bağı ərsəyə gətirmək üçün illərlə zəhmət çəkmiş, maddi vəsait sərf etmişdir. Cavabdeh1 həmin torpaq sahəsində saldığı bağda 580 xurma ağacı əkmiş, onların hər birinə qayğı göstərmiş, budamasını aparmışdır. Hazırki mülki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən araşdırma aparılarkən məhkəmənin məktubu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və baxışın nəticəsinə dair xx.xx.2022-ci il tarixli, **********13 saylı mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1,36 ha torpaq sahəsi Hüqüqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və **********75 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1,47 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan sonra, məhkəmənin 28 aprel 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli 10/4413 saylı ekspert rəyindən görünür ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1,36 ha torpaq sahəsi Hüqüqların dövlət qeydiyyatı haqqında daşınmaz əmiakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1,47 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərmişdir ki, mütəxəssis, ekspert rəylərindən və mütəxəssis rəyinə əlavə edilmiş sxematik plandan görünür ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə **********75- reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı ha torpaq sahəsi üst-üstə düşmür, lakin biribirinin yanında yerləşir. İşin araşdırılmayan halı ondan ibarətdir ki, hər iki torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Başqa sözlə, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi də, **********75-reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsi də Cavabdeh1 tərəfindən istifadə olunur. Bu səbəbdən İddiaçı müvafiq olaraq MPM-nin 53-cü maddəsinə əsasən iddianın predmetini dəyişməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsindən cavabdehin çıxarılmasını deyil, mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda göstərilən **********75-reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı ha torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etmişdir. Həmin ərizə məhkəmə iclasından 1 gün əvvəl elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Belə olan halda, yəni MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin predmeti dəyişməsinə görə iş üzrə ekspertiza keçirilməli, ekspert qarşısında sual qoyulmaqla, mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda göstərilən **********75-reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilib-edilməməsi halı müəyyən edilməli idi. Onlar apellyasiya şikayətinin həmin dəlilləri ilə qətiyyən razılaşmırlar. Belə ki, məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki vəziyyətdə iş üzrə iddiaçı apellyasasiya şikayətində məhkəmə iclasına 1 gün qalmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyini qeyd etsə də, niyə hazırlıq iclasında deyil məhkəmə baxışı zamanı həmin ərizəni təqdim etdiyini əsaslandırmamışdır. Dolayısı ilə MPM-nin birbaşa göstərişi olan işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına dair heç bir sübut təqdim etməmişdir. Hörmətli məhkəmə kollegiyası onlar hazırki iddiaçının apellyasiya şikayətində göstərdiklərini əsassız hesab etməklə bərabər iddia tələbini də, qanunsuz və əsassız hesab edir, iddiaçının “mülkiyyət hüququndan” bu formadan istifadə etməsini hüquqdan sui istifadə hesab edirlər. Belə ki, işin mübahisəsiz halı kimi, həm iş materiallarına əlavə edilmiş sənədlərdən, həm də, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərindən iddiaçının çıxarışla mülkiyyətində olan, ancaq ilkin məhkəmə araşdırması zamanı tələb etmədiyi torpaq sahəsində hüquqlarını müdafiə etdiyi Cavabdeh1 tərəfindən əvvəlki mülkiyyətçilərin ona vermiş olduğu razılığa əsasən yaxşılaşdırma işləri gördüyü, bağ saldığı tam şəkildə sübuta yetirilmişdir. Hansı ki, torpaq sahəsi hüquqlarını müdafiə etdiyi Cavabdeh1 tərəfindən alınarkən demək olar ki, istifadəyə yararsız vəziyyətdə olmuş, həmin torpaq sahəsi boş vəziyyətdə və məhsuldarlıqdan uzaq olmuşdur. Hazırki vəziyyətdə isə Cavabdeh1 həmin toraq sahəsində çoxillik əkmələr olan bağ salmaqla torpaq sahəsinin bazar dəyərini (qiymətini) də artırmışdır. Hazırki iddiaçı isə hətta torpaq sahəsini mülkiyyətinə keçirdiyi 2019-cu ildən bu günə kimi susmuş, Cavabdeh1 torpaq sahəsindən istifadəsinə heç bir etiraz etməmişdir. Halbuki, İddiaçı mübahisələndirilən torpaq sahəsini bağışlama qaydasında mülkiyyətinə keçirərkən torpaq sahəsinin Cavabdeh1 yüklülüyündə olduğunu bilmişdir. Hal-hazırda isə iddiaçının torpaq sahəsinə çəkdiyi xərclərə, yaxşılaşdırma işlərinə, salınmış bağa münasibətdə Cavabdeh1 hər-hansı bir kompensasiya ödəmədən onun torpaq sahəsindən (hansı ki, heç iddiaçı özü cavabdehin hansı torpaq sahəsindən çıxmasını istədiyi bilmir) çıxarılmasını tələb etməsi yol verilməz olmaqla hüquqdan sui istifadədir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki vəziyyətdə Cavabdeh1 bağ sahəsini torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinin razılığı (ən azından susması) əsasında salması işin mübahisəsiz halı olduğundan torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin-yəni Cavabdeh1 hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, bağı salmış, çoxillik ağaclar əkmiş Cavabdeh1 çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin- Cavabdeh1 də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymuş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə torpaq sahəsində yaxşılaşdırma işləri görmüş, çoxillik əkmələr (ağaclar) etmiş və bağ salmış şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Yeri gəlmişkən, onu da Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, hazırki iş üzrə iddiaçının əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən Cavabdeh1 çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Hansı ki, yuxarıda göstərdiyim xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının bir sıra qərarlarında (misal: xx.xx.2022-ci il tarixli, 2(102)-5356/2022 nömrəli qərar) göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları da, preyudisial əhəmiyyət kəsb edir. Odur ki, Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, İddiaçı iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmamasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 1.27 ha hissəsini Cavabdeh1 faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, hər iki torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Başqa sözlə, onun iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi də, **********75-reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsi də Cavabdeh1 tərəfindən istifadə olunur. Göründüyü kimi o, mülkiyyətində olan torpaq sahəsini cavabdehin zəbt etdiyini iddia etməyinə baxmayaraq, ekspert tərəfindən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması sualına cavab verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün 21 dekabr 2023-cü il tarixli və 13 iyun 2024-cü il tarixli qərardadları ilə eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri daha mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəylərindən görünür ki, **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1,47 ha torpaq sahəsinin, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) təsbit edilərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş 1,47 ha (TEKUİS məlumatlarında sənəd üzrə sahəsi 1,47 ha faktiki sahəsi 1,27 ha) torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1,47 ha torpaq sahəsinin, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) təsbit edillərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş 1,47 ha (TEKUİS məlumatlarında sənəd üzrə sahəsi 1,47 ha faktiki sahəsi 1,27 ha) torpaq sahəsi iddiaçının baxış zamanı naturada göstərdiyi və iddia etdiyini bildirdiyi 1,36 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1,47 ha torpaq sahəsinin, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) təsbit edillərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş 1,47 ha (TEKUİS məlumatlarında sənəd üzrə sahəsi 1,47 ha faktiki sahəsi 1,27 ha) torpaq sahəsi iddiaçının baxış zamanı naturada göstərdiyi və iddia etdiyini bildirdiyi 1,36 ha torpaq sahəsi ilə üst-üstə düşmür. **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən **********75 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (sənəd üzrə 1.47 ha, faktiki 1.27 ha) həmçinin ətrafında çoxillik əkmələr mövcud olan torpaq sahələri faktiki olaraq Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1.47 ha torpaq sahəsinin, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) təsbit edilərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (sənəd üzrə 1.47 ha, faktiki 1.27 ha) üzərində çoxillik əkmələr (meyvə ağacları) mövcuddur. Sözügedən çoxillik əkmələrin X3 məxsus olduğu yerliözünüidarəetmə qurumundan bildirilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, şikayətin dəlilləri qətnamənin qismən ləğv edilməsi üçün əsasdır. Belə ki, həmin rəylə müəyyən edilir ki, iddiaçıya məxsus Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın qismən təmin olunması üçün yuxarıda qeyd edilən normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmamasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmaması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılsın. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 200 manatın 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar