Məhkəmə qərarları › İş №2(107)-1754/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1754/2020

01.12.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1754/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə əmlakın hazırki dəyərinin ödənilməsi, çəkilmiş xərclərin əvəzinin ödənilməsi, verilmiş pulun geri qaytarılması, dövlət rüsumunun cavabdehdən tutulması və işin icra olunduğu tarixdə iddiaçının əmlakdan çıxarılması tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-192/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya 5400 manat çəkilmiş xərcin ödənilməsi, əmlakın hazırki dəyəri (150X150) 22500 manat pulun ödənilməsi, cəmi 27900 manat pulun və cavabdehdən 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbi üzrə əmlakın hazırki dəyərinin ödənilməsi, çəkilmiş xərclərin əvəzinin ödənilməsi və verilmiş pulun geri qaytarılması, dövlət rüsumunun cavabdehdən tutulması və işin icra olunduğu tarixdə iddiaçının əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx xxxx 2020-ci il tarixli, 2(024)- 192/2020 nömrəli qətnaməsi ilə iddia qismən edilərək, Cavabdeh İddiaçı aldığı 3000 (üç min) manat puldan iddiaçıya qaytarılmamış 500 (beş yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ilin mart ayında Fıstıqlı kənd sakini Cavabdeh 150 ədəd fındıq topunu 3000 manat pul müqabilində satın almışdır. Həmin vaxtı fındıq bağının hüquqi sənədi olmadığı üçün və cavabdehlə dost münasibətində olduğuma görə Dövlət Notariat kontorunda bağı sənədləşdirmək mümkün olmamışdır. Həmçinin həmin vaxtı fındıq kollarına baxılmadığına görə yabani kol-kos və ağaclar basmış və gəlir götürmək(məhsulun yığılması) mümkünsüz vəziyyətə düşmüşdür. Bundan əlavə qeyd etdiyi kimi baxımsızlıq nəticəsində torpaq qeyri münbit vəziyyətə çatmış, ağacların məhsul vermə gücü olduqca aşağı səviyyəyə düşmüşdür. Belə olan halda o həmin kənd sakinlərinin şahidliyi ilə fındıq bağının kolunun, yabani ağacların təmizlənməsi üçün ümumilikdə 1000 manat pul xərcləmişdir. Bundan əlavə olaraq həmin bağın budanması üçün hər il (16 il) 150 manat olmaqla ümumilikdə 2400 manat pul xərcləmişdir. Bundan əlavə olaraq həmin fındıq bağının torpaq sahəsini münbit vəziyyətə gətirmək üçün 50 lapet miniral gübrə (peyin) tökdürmüşdür. Hər bir lapet üçün 40 manat(peyinin satın alınması 20 manat, lapetə yüklənilməsi üçün fəhlə pulu 10 manat, daşınması üçün xərc 10) olmaqla 2000 manat pul xərcləmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə ondan fındıq bağının geri qaytarılmasını tələb etmişdir. Aralarında əvvəllər heç bir razılaşma olmadığına görə qeyd edilən tarixdə cavabdeh könüllü olaraq qəbz yazmış və ondan fındıq bağının məhsulunu yığdıqdan sonra xx.xx.2019-cu il tarixdə 3000 manat pulu geri qaytaracağını bildirmişdir. Lakin cavabdeh yenə də öhdəliyini icra etməmiş və pulu qaytarmaqdan imtina etmişdir. Belə olan halda o məhkəməyə müraciət etməli olmuşdur. Hazırda bir kol fındığın orta bazar qiyməti 150-200 manat təşkil edir. Cavabdehdən əmlakın hazırkı dəyərini tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbi üzrə əmlakın hazırki dəyərinin ödənilməsi, çəkilmiş xərclərin əvəzinin ödənilməsi və verilmiş pulun geri qaytarılması, dövlət rüsumunun cavabdehdən tutulması və işin icra olunduğu tarixdə iddiaçının əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-192/2020 saylı qətnaməsi qəbul edilərkən prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş və məhkəmə iclasında iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılaraq qüquqi qiymət verilməmişdir. Belə ki, nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatına nəzər salsınsa görünür ki, o, məhkəmədən cavabdehə verilmiş 3000 manat pulu tələb etmədiyini bildirmiş, və həmin hissənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Buna baxmayaraq məhkəmə iddia tələbindən kənara çıxaraq işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmamışdır. Eyni zamanda məhkəmə baxış iclasında onun cavabdeh M.Maqsudova 2004-cü il tarixdə fındıq bağını alarkən 3000 manat deyil, 3000 ABŞ dolları verməsi tamamı ilə sübuta yetirilmişdir. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikasında pul vahidi milyon dollarla ölçülmüş və 2006-2007-ci illərdə yeni pul vahidi dövriyəyə buraxılmışdır. Bu fakt isə dəfələrlə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmənin diqqətinə çatdırmış və cavabdehdən 3000 ABŞ dolları verilməsi bildirilsə də məhkəmə işin bu halına da düzgün hüquqi qiymət verməmişdir. Həmçinin cavabdeh ondan 2004-cü il tarixdə fındıq 155 kol fındıq bağlını satmadığını bildirərək ondan 3000 manat pul aldığını, əvəzində isə 3 il həmin fındıq bağının məhsulunu yığacağını bildirsə də buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi cavabdehin ailə üzvülərindən başqa heç bir şahid və sübut cavabdehin yalan mülahizəsini təsdiq etməmiş, cavabdeh isə bu göstərdiklərinə dair məhkəməyə mötəbər sübut təqdim edilməsi tələb olunsa da, sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin arvadı Mətanət Mahmudova və oğlu Hicran Mahmudov tərəfindən verilmiş izahatlar isə cavabdeh M.Maqsudovu müdafiə xarakteri daşımışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun tanışıdır. O, mübahisəli torpaq sahəsini 2004-cü il tarixdə cavabdehlə razılaşaraq almışdır. Lakin həmin vaxtı müqavilə bağlamamışlar. Düzdür, o, həmin torpaq sahəsini alanda orada xeyli sayda fındıq ağacları var idi, lakin bu 15 ildə həmin torpağa və ağaclara aqrotexniki qulluq göstərməklə xeyli xərc çəkmişdir. Sonradan cavabdeh həmin torpağı onun adına sənədləşdirməkdən imtina etməklə yanaşı, həmçinin torpağı onun əlindən almış, lakin alqı-satqı üçün vermiş olduğu pulu və çəkdiyi xərcin dəyərini qaytarmaqdan imtina etmişdir. Ona görə də Qax Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı olan atası həmin torpağı vaxtilə ödəniş edərək almış, zəhmət tələb edən aqrotexniki qulluq göstərmiş, eyni zamanda xeyli məbləğdə xərc çəkmişdir. Lakin cavabdeh tərəf neçə ildən sonra torpağı geri tələb etmiş, əvəzində isə heç bir məbləğ qaytarmamışdır. Birinci instansiya məhkəməsi də səthi araşdırma aparmış, onların vəsatətinə əhəmiyyət verməmiş və cavabdehin qohumlarını şahid kimi dindirərək əsassız qətnamə qəbul etmişdir. Ona görə də Qax Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o iddiaçıya heç bir torpaq satmamış, özünə pul lazım olduğundan iddiaçıdan borc almış, özünə məxsus olan torpağı da bir neçə illik iddiaçının istifadəsinə vermişdir. Sonra da pulu tam qaytarmışdır. Apellyasiya şikayətini qəbul etmir, ona görə də Qax Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, əvvəlki və sonrakı sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qax Zaqatala və Balakən rayonları üzrə nümayəndəliyin verdiyi xx xxxxxx 2020ci il tarixli 101 saylı arayışından görünür ki, İddiaçı məcburi köçkündür və hal-hazırda Qax rayonu Fıstıqlı kəndində müvəqqəti qeydiyyatdadır. Cavabdeh İddiaçı yazdığı xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, o həmin qəbzdə İddiaçı ona məxsus bağı geri aldığını, bunun müqabilində Əbülfətdən aldığı 3000 (üç min) manat pulu 2019-cu ilin sentyabr ayında qaytaracağına söz vermişdir. Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Fıstıqlı kəndində qeydiyyatdadır. Qax rayonu Qum Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Hüseynov X1 Mübariz İsa oğlundan şifahi satın aldığı 155 kol fındığı, fındıq bağının torpaq vergisini ödəmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş xxxx MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 401 nömrəli rəydən müəyyən olunur ki, baxışa təqdim edilmiş 155 topa fındığın illik məhsuldarlığı təxminən 1628 kq müəyyən edilir. Aqrotexniki qaydalara görə hər il fındıq topalarının diblərinin və ətraf sahələrin kolkosdan təmizlənməsi, ağacların diblərinə üzvi gübrə verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işləri aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluğa ehtiyacı vardır. Nəzəri hesablama yolu ilə ekspert baxışına təqdim edilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən bağ sahəsində keçmiş SSRİ dövründən qalmış 155 topa fındıq ağaclarına 15 il (2004-2019) ərzində edilən aqrotexniki qulluq xərcinin məbləği 17437.50 manat, 1 ildə əldə edilməsi ehtimal olunan keyfiyyətli qabıqlı fındıq məhsulunun miqdarı 1628 kq, dəyəri 5193.32 manat müəyyən edilir. 155 topa fındıq ağacından 1 ildə alınması ehtimal edilən fındıq məhsulunun dəyəri təxminən 5193.32 manat, 1 ildə fındıqlara edilən 1163.50 manat qulluq xərci çıxılmaqla əldə edilən gəlirin məbləği təxminən 4029.82 manat müəyyən edilir. Qeyd; 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq orta hesabla təxminən 7.50 manat qiymətləndirilməklə, 1 kq orta keyfiyyətli qabıqlı fındığın orta bazar qiyməti 3.19 manat müəyyən edilməklə, 15 il ərzində əldə edilməsi ehtimal olunan 1 illik gəlirin məbləği 4029.82 manat müəyyən edilmişdir ki, bu qiymətlərin Respublika ərazisində yerləşən bazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən asılı olaraq dəyişilməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsaslı olsa da, iddianın tam təmin edilməsi üçün əsaslı sayıla bilməz. Birincisi ona görə ki, işin faktiki hallarından müəyyən olunur ki, təxminən 14-15 il bundan əvvəl tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. Lakin həmin torpaq sahəsinin alqı-satqısı baş tutmamışdır. Sonradan tərəflər arasında mübahisə yarandığından cavabdehin tələbi ilə iddiaçı həmin torpaq sahəsindən istifadə etməmiş və cavabdehə geri qaytarmışdır. İddiaçı həmin torpaq sahəsini cavabdehdən “alarkən” artıq orada fındıq ağacları (topaları) mövcud idi. İşin bu halı iddiaçı tərəfindən də etiraf edilmiş, həmçinin ekspert rəyi ilə təsdiq edilmişdir. Göründüyü kimi mübahisəli ərazidə olan bəhər verən ağaclar (qoz, fındıq və s) da məhz iddiaçı tərəfindən əkilməmiş, lakin təxminən 15 il ərzində becərilmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarılmışdır. Artıq həmin fındıq ağacları mövcud vəziyyətdə olan bir ərəfədə cavabdeh tərəf mübahisə edərək həmin torpağın iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, həmçinin geri tələb etmişdir. Məhz bundan sonra İddiaçı bu illər ərzində çəkdiyi xərci tələb edir. İkincisi, yuxarıda qeyd olunduğu kimi iddiaçı bu illər ərzində həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda əkilmiş çoxillik ağaclara öz zəhməti və gəliri hesabına aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. İddiaçı da öz aralarındakı danışığı etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və s. ağaclarının (topalarının) əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda cavabdehin iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə etirazının arqumentləri inandırıcı görünmür. Buradan da bir daha görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, iddiaçı da bu qədər xərc çəkmişdir. Üçüncüsü, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsa da, hüquqdan sui-istifadə edilməsi yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin uzun müddət ərzində çəkmiş olduğu xərcin onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası sonda iddia ərizəsində qoyulmuş tələbin cavabdeh tərəfindən hansı səviyyədə mübahisələndirilməsinə də xüsusi diqqət yetirmişdir. Belə ki, cavabdeh iddiaçıdan borc aldığını, borcun əvəzinə torpağı müvəqqəti verdiyini, sonra da uzun müddət tələb etmədiyini bildirməsi kimi arqumentlər kollegiya tərəfindən inandırıcı görünmür. Şahid ifadələrinə gəldikdə isə kollegiya məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlər ikisi cavabdehin, biri isə iddiaçının yaxın qohumu olmaqla öz mənafelərindən çıxış etmişlər. Kollegiya sonda belə qənaətə gəlir ki, ekspert rəyinə əsasən SSRİ dövründən qalmış 155 topa fındıq ağacına 15 il (2004-2019) ərzində edilən aqrotexniki qulluq xərcinin məbləği 17437.50 manat təşkil etsə də, iddiaçı tərəf iddia tələbində qulluq xərci ilə bağlı 5400 manat tələb etmişdir. Belə olan halda yalnız iddia tələbi həcmində qətnamə qəbul edilməlidir. Əmlakın hazırki dəyərinin iddiaçı tərəfindən mübahisələndirməsinə gəldikdə isə kollegiya hesab edir ki, əvvəla həmin ağcalar tərəflərin sövdələşməsi zamanı mövcud olmuşdur, yəni mübahisəli fındıq ağacları iddiaçı trərəfindən əkilib becərilməmişdir. Sadəcə bu illər ərzində iddiaçı tərəfindən aqrotexniki qulluq göstərilmişdir ki, bu da iddiaçı tərəfindən 5400 manat həddində mübahisələndirilir. İkincisi işin faktiki halından göründüyü kimi iddiaçı bu zaman çivarında heç də tam qazancsız qalmamış, müvəqqəti sahibliyi dövründə məhsul yığmaqla bəhər götürmüşdür. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi yalnız qulluq xərclərinə münasibətdə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İşdə olan xxxx MMC-nin Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 401 nömrəli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən ekspert xərci də hər iki tərəfə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(033)-261/2020 nömrəli qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilsin. Cavabdeh qulluq xərcinə görə çəkilmiş 5400 (beş min dörd yüz) manat alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar