Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1759/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və X8 Enerji Təchizatı və satışı idarəsinə qarşı “işə bərpa olunmaq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və müddətsiz əmək müqaviləsinin bağlanması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(051)-239/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasıya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və X8 Enerji Təchizatı və satışı idarəsinə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 22.09.2020-ci il tarixdə işəgötürən tərəfindən verilmiş KŞ/20-052 nömrəli sərancamın ləğv olunması, işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və 5 ildən artıq müddətə fasiləsiz olaraq işlədiyinə görə onunla müddətsiz əmək müqaviləsinin bağlanması haqda qətnamə, bu işlə bağlı kobud qanun pozuntusuna yol verdiyinə, qəsdən ona maddi və mənəvi ziyan vurduğuna görə "Mərkəzi Aran " RETSİ-nin rəisi Abbas Quliyev barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" ASC-nin 22.09.2020-ci il tarixli, KŞ/20-052 nömrəli sərancamının ləğv olunması və müqavilənin yenidən bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün 02.10.2020-ci il tarixdən qətnamənin icra olunacağı günədək əmək haqqının ödənilməsi, qanunsuz və əsassız olaraq müqaviləyə xitam verildiyinə görə ona ödənilməli olan mükafatlardan məhrum edildiyi üçün "Energetiklər günü " və "Yeni il " bayramları ərəfəsində ona ödənilməli olan hər ay 95 (doxsan beş) manat olmaqla, cəmi 190 (bir yüz doxsan ) manat mükafat pulunun cavabdehlərdən alınıb ona ödənilməsi, "Mərkəzi Aran "RETSİ-də fasiləsiz və qüsursuz olaraq işlədiyi 5 il 5 ay müddətində istifadə etmədiyi əmək məzuniyyətlərinin pul əvəzi olaraq 1633,66 (bir min altı yüz otuz üç manat 66 qəpik) manat pulun ona verilməsi (hesablaşmalar aparılarkən vergilər tutulmuşdur), cavabdehlər tərəfindən müqavilənin ləğv olunması nəticəsində ona mənəvi və maddi zərər vurulduğuna, səhhətində yaranmış problemlərin müalicəsi üçün iri məbləğdə pul vəsaiti sərf etdiyinə görə cavabdehlərdən ona 3000 (üç min ) manat maddi ziyana görə pul vəsaiti, 2000 (iki min) manat isə mənəvi ziyana görə pul vəsaitinin verilməsi haqda qətnamə, həmçinin "xxxx"ASC-nin işgüzar nüfuzuna ciddi xələl gətirdiyinə görə "Mərkəzi Aran" RETSİ-nin rəisi Abbas Quliyev barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 22 iyun 2021-ci il tarixli, 2(051)- 239/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ilin may ayından enerji sistemində işləyir. 01.07.2015-ci il tarixli M-15- 0061 saylı və 01.12.2016-cı il tarixli M-16- 0196 saylı podrat müqavilələri əsasında 02.10.2020-ci il tarixədək fasiləsiz olaraq 5 ildən artıq müddətdə "Mərkəzi Aran” Enerji Təchizatı və Satışı İdarəsində mütəxəssis-rəisin köməkçisi vəzifəsində müqaviləyə uyğun olaraq aylıq əmək haqqı 520 manat olmaqla işləmişdir. İşlədiyi dövrdə əmək funksiyasını və vəzifə öhdəliklərini yüksək keyfiyyətlə icra etmişdir. Rəhbərlik tərəfindən heç bir intizam tənbehi almamışdır. Bütün bunlara baxmayaraq, idarəyə yeni təyin olunmuş, rəis Abbas Quliyevin əsassız və hüquqa zidd, qərəzli təqdimatı əsasında onunla bağlanmış 01.12.2016-cı il tarixli podrat müqaviləsinə 22.09.2020-ci il tarixdə KŞ/20-052 nömrəli sərəncamla xəbərdarlıq edilmədən, qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla, birtərəfli qaydada xitam verilmişdir. Sərəncamın surəti ona idarənin kadrlar bölməsində 20 gün sonra 22.10.2020-ci il tarixdə verilmişdir. Halbuki, o, 28.09.2020-ci il tarixdən 12.10.2020-ci il tarixədək səhhətində olan problemlərlə əlaqədar olaraq müalicədə olmuşdur. (Əmək qabiliyyətli olmamaq vərəqəsi №694822). O, şəkərli diabet xəstəsi olduğu üçün xəstəxanada qeydiyyatdadır və vaxtaşırı olaraq müalicə qəbul edir. Göründüyü kimi idarə rəisi Quliyev Abbasın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 bəndinin 3-cü hissəsi kobud şəkildə pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, yəni 02.10.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qeyri- qanuni və əsassız olmaqla yanaşı, həm də ədalətsiz hesab edir. Belə ki, məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. İşə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iddia tələbini rədd etməklə, hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İş materiallarından göründüyü kimi , onunla cavabdeh "xxxx" ASC arasında mülki - hüquqi müqavilə olan yazılı formada podrat müqaviləsi bağlanmışdır. Onunla mülki qaydada podrat müqaviləsi bağlanmasına baxmayaraq adı işə davamiyyət kitabına salınmış, hər gün işə gələrkən və işdən gedərkən davamiyyət kitabına imza etmiş, əmək haqqından vergilər tutulmuşdur. Bülletendə olduğu müddətdə əmək hüquq münasibətlərindən irəli gələn tələblərə əməl edilməklə əmək qabiliyyətinin müvəqqəti itirdiyinə görə müavinət verilmişdir. Onunla tərəf olaraq bağlanılmış podrat müqaviləsində konkret olaraq müvafiq olaraq hansı işlərin tərəfindən görülməsi ilə əlaqədar sifariş göstərilməmişdir. Onun iş yükü digər işçilərdən həmişə çox olmuşdur. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(051)-239/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün qənaətə gəlməmiş, işi hərtərəfli araşdırmamışdır. Belə ki, podrat müqavilələri əsasında 2015-ci il tarixdən 02.10.2020-ci il tarixədək fasiləsiz olaraq 5 ildən artıq müddətdə "Mərkəzi Aran” Enerji Təchizatı və Satışı İdarəsində mütəxəssis-rəisin köməkçisi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə əmək funksiyasını və vəzifə öhdəliklərini yüksək keyfiyyətlə icra etmişdir. Rəhbərlik tərəfindən heç bir intizam tənbehi almamışdır. Bütün bunlara baxmayaraq, idarəyə yeni təyin edilmiş rəhbərlik heç bir əsasa olmadan, qərəzli təqdimatı əsasında onunla bağlanmış müqaviləni ləğv etmişdir Bu barədə ona əvvəlcədən heç bir məlumat verilməmişdir. O, şəkərli diabet xəstəsi olduğu üçün xəstəxanada qeydiyyatdadır və vaxtaşırı olaraq müalicə qəbul edir. Göründüyü kimi idarə rəisinin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 bəndinin 3-cü hissəsi kobud şəkildə pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, yəni 02.10.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Birinci instansiya məhkəməsi də bütün bu qeyd olunanlara əhəmiyyət verməmiş və sonda qeyri-obyektiv qətnamə qəbul etmişdir. Ona görə də qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı Əmək müqaviləsi yoxdur və olmamışdır. İddiaçı podrat müqaviləsi əsasında işləmiş, sonra da zərurət olmadığından və müqavilə müddəti bitdiyindən müqaviləyə xitam verilmişdir. Apellyasiya şikayətini qəbul etmir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutlarla birlikdə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(051)-239/2021 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; “Sifarişçi” adlanan "xxxx" ASC-nin sədri B.Rzayev ilə “İcraçı” adlanan İddiaçı arasında 01.07.2015-ci il tarixdə bağlanmış M-15-0061 nömrəli və 01.12.2016-cı il tarixdə bağlanmış M-16-0196 nömrəli podrat müqavilələrinin surətlərindən görünür ki, “Sifarişçi” müqvilənin şərtləri çərçivəsində “İcraçı” ya X8 Enerji Təchizatı və Satışı idarəsində (X3) mütəxəssis işini yerinə yetirməyi tapşırmış və görülmüş işlərə görə hər ayın sonunda 450 manat xidmət haqqı ödəməyi, “İcraçı” isə tapşırılan işləri yerinə yetirməyi öhdəsinə götürmüş, həmçinin tərəflər Podrat müqaviləsinin 1 ay müddətə qüvvədə olması və müqavilə müddəti bitdikdən sonra tərəflərdən heç biri müqviləyə xitam verilməsini tələb etmədiyi təqdirdə, həmin müqavilənin eyni müddətə uzadılması barədə razılığa gəlmişdir. X8 Enerji Təchizatı və Satışı idarəsinin rəisi tərəfindən 18.09.2020-ci il tarixdə "xxxx" ASC-nin sədrinə ünvanlanmış 87/806 nömrəli məktubdan görünür ki, Podrat müqaviləsi əsasında X8 Enerji Təchizatı və Satışı idarəsinin X1 mütəxəssis işini icra edən İddiaçı ilə 01.12.2016-cı il tarixdə bağlanmış M-16-0196 nömrəli podrat müqaviləsinin müddəti 01.10.2020-ci il tarixdə bitdiyindən, həmçinin hazırda X8 Enerji Təchizatı və Satışı idarəsinin X1 həmin işin icrasına ehtiyac olmadığını nəzərə alaraq, İddiaçı ilə bağlanmış podrat müqaviləsinə xitam verilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin 22.09.2020-ci il tarixli, KS/20-052 saylı Podrat müqaviləyə xitam verilməsi haqqında Sərəncamından görünür ki, fiziki şəxs İddiaçı ilə bağlanmış mülki müqaviləyə 02.10.2020-ci il tarixdə X8 Enerji Təchizatı və Satışı idarəsinin rəisinin təqdimatı əsasında xitam verilmişdir. 694822 saylı əmək qabiliyyətinin olmaması haqqında sənədin surətindən görünür ki, iddiaçı 28.09.2020-ci il tarixdən 12.10.2020-ci il tarixədək səhhətində olan problemlərlə əlaqədar olaraq müalicədə olmuşdur. «Mərkəzi Aran» RETSİ tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" ASC Mərkəzi Aran RETSİ-nin Mingəçevir EŞ-də 01.07.2015-ci il tarixdən 02.10.2020-ci il tarixədək podrat müqaviləsi əsasında mütəxəssis vəzifəsində işləmiş, son bir ildə, yəni 01.10.2019-cu ildən 30.09.2020 -ci il tarixə kimi ona, cəmi 6240 manat əmək haqqısı hesablanmış və kart hesabına 5148 manat pul ödənilmişdir. «Mərkəzi Aran» RETSİ tərəfindən tərtib edilmiş 30.11.2019, 30.12.2019, 31.01.2020, 28.02.2020, 31.03.2020, 30.04.2020, 31.05.2020, 30.06.2020, 31.07.2020, 31.08.2020 və 30.09.2020-ci il tarixli aktların surətlərindən görünür ki, M-16-0196 saylı 01.12.2016-cı il tarixli podrat müqaviləsi əsasında işləyən mütəxəssis İddiaçı Mərkəzi-Aran RETSİ-də Enerji tələbatçılarından daxil olmuş məktublara baxılması, digər kərgüzarlıq və hüquqi xidmət işlərinin yerinə yetirilməsi, kadr işlərinin tərtibatı, vətəndaşların qəbulu və uçotunun aparılması işləri ilə məşğul olmuş, müəssisədə əmək və müəssisə daxili intizam, qaydalarına riayət olunmasına nəzarət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin izahatından və işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçının tələbinin fərdi əmək mübahisəsi kimi həll edilməsi üçün ilk növbədə tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsindən irəli gələn əmək münasibətləri yaranmalı, yəni elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı, ondan sonra tərəflər arasında yaranmış mübahisə fərdi əmək mübahisəsi kimi əmək qanunvericiliyin normaları əsasında həll edilə bilər. Hazırkı vəziyyətdə isə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında muzd müqabilində işlərin görülməsinə dair mülki-hüquqi müqavilə olan yazılı formada müddətli podrat müqaviləsi bağlanmışdır. Hansı ki, həmin podrat müqaviləsi bağlanan vaxt tərəflər öz iradələrini sərbəst ifadə etmişdir. Həmin mülkihüquqi müqavilə əsasında iddiaçı (icraçı) sifarişçinin tapşırığı ilə işlərin görülməsini yerinə yetirmiş və həmin işlərin qarşılığında hər ay razılaşdırılmış məbləğdə xidmət haqqı (muzd) almışdır. Hazırda isə sifarişçi tərəfindən həmin podrat müqaviləsinin müddətinin uzadılmasına müqavilədə nəzərdə tutulmuş qaydada xitam verilmişdir. Belə olan halda iddiaçı mübahisəni həll etmək üçün əmək qanunvericiliyinə istinad edərək işə bərpa tələbinə dair iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. Apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verən kollegiya bildirir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya apellyasiya şikayətini dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakəları qeyd edir. Kollegiya hesab edir ki, mübahisənin, eləcə də apellyasiya şikayətinin dəllilərinə düzgün qiymət verilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçı cavabdeh "xxxx" ASC ilə yaranmış mübahisənin həll edilməsini fərdi əmək mübahisəsi kimi təqdim etmiş, lakin işdə olan səndələrə əsasən iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında hər hansı bir əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmamışdır. Əksinə, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında muzd müqabilində işlərin görülməsinə dair mülki-hüquqi müqavilə olan yazılı formada müddətli podrat müqaviləsi bağlanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hazırki məhkəmə mərhələsində mübahisələndirilən “Sifarişçi” adlanan "xxxx" ASC-nin sədri B.Rzayev ilə “İcraçı” adlanan İddiaçı arasında 01.07.2015-ci il tarixdə bağlanmış M-15-0061 nömrəli və 01.12.2016-cı il tarixdə bağlanmış M-16-0196 nömrəli podrat müqavilələri və onun sənədləşdirilməsi ilə bağlı hüquqi prosedurlara xüsusi diqqət yetirməyi zəruri hesab etmişdir. Birincisi, kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə mülki xarakterli olduğundan tərəflər arasında yaranan hüquq münasibətləri əmək qanunvericiliyinin normaları deyil, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. İkincisi, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında hər hansı bir yazılı əmək müqaviləsi mövcud olmamışdır. Üçüncüsü, iddiaçının tələbinin fərdi əmək mübahisəsi kimi həll edilməsi üçün ilk növbədə tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsindən irəli gələn əmək münasibətləri yaranmalı, yəni elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı, ondan sonra tərəflər arasında yaranmış mübahisə fərdi əmək mübahisəsi kimi əmək qanunvericiliyin normaları əsasında həll edilə bilər. Hazırkı vəziyyətdə isə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında muzd müqabilində işlərin görülməsinə dair mülki-hüquqi müqavilə olan yazılı formada müddətli podrat müqaviləsi bağlanmışdır. Hansı ki, həmin podrat müqaviləsi bağlanan vaxt tərəflər öz iradələrini sərbəst ifadə etmişdir. Həmin mülki-hüquqi müqavilə əsasında iddiaçı (icraçı) sifarişçinin tapşırığı ilə işlərin görülməsini yerinə yetirmiş və həmin işlərin qarşılığında hər ay razılaşdırılmış məbləğdə xidmət haqqı (muzd) almışdır. Hazırda isə sifarişçi tərəfindən həmin podrat müqaviləsinin müddətinin uzadılmasına müqavilədə nəzərdə tutulmuş qaydada xitam verilmişdir. Belə olan halda iddiaçı mübahisəni həll etmək üçün əmək qanunvericiliyinə istinad edərək işə bərpa tələbinə dair iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. Göründüyü kimi tərəflər arasında hər hansı yazılı əmək müqaviləsi olmadığından hazırki mübahisənin həllinə əmək qanunvericiliyinin normaları deyil, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Beləki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 7-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-1-ci hissəsi əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 6-cı maddəsinin d) bəndinin tələbinə görə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. Göründüyü kimi Qanunverici istinad olunan maddi hüquq normalarında əmək hüquq münasibətlərinin yaranmasını, yazılı əmək müqaviləsinin bağlanması və həmin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilib qeydiyyata alınması ilə şərtləndirmişdir. İşin faktiki hallarına əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçının tələbinin fərdi əmək mübahisəsi kimi həll edilməsi üçün ilk növbədə tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsindən irəli gələn əmək münasibətləri yaranmalı, yəni elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı, ondan sonra tərəflər arasında yaranmış mübahisə fərdi əmək mübahisəsi kimi əmək qanunvericiliyin normaları əsasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin: 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4-cü maddəsinə əsasən ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin 22.09.2020-ci il tarixli KS/20-052 saylı sərancamı qanuni və əsaslı olduğundan, iddiaçının podrat müqaviləsinin ləğv edilməsinə dair tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(051)-239/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1759/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1759/2021
05.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver