Məhkəmə qərarları › İş №2(107)-1765/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1765/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1765/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dаir İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-332/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3000 manat kompensasiya ödənilməklə mülkiyyətində olan, İsmayıllı rayon Cülyan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, uşaqları və əmlakları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində ərizə təqdim edərək İsmayıllı rayon Cülyan kəndi ərazisindən istifadəsində olan 0,03 hektar həyətyanı torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirməyi, 4000 (dörd min) manat miqdarında kompensasiya təklif etdiyini və həmin miqdarda kompensasiya ödənilməklə cavabdehin evdən istifadə hüququna xitam verilməsi, uşaqları və əmlakları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-332/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətinə olan, İsmayıllı rayon Cülyan kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna 4000 manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə oğlu Nümayəndə 2004cü ildə ailə qurmuş və mülkiyyətində olan, İsmayıllı rayon Cülyan kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar ona məxsus evdə təxminən 2-3 ay qaldıqdan sonra Bakı şəhərinə köçmüşlər. Oğlu və cavabdeh Bakı şəhərində əvvəl kirayədə, sonra isə özlərinə faktiki mülkiyyət hüququ ilə əldə etdikləri fərdi yaşayış evində yaşamışlar. Onların birgə nikahından iki övladları var. 2015-ci ildə cavabdeh yenidən ona məxsus evdə yaşamağa başlamışdır. Cavabdeh yaşadığı müddətdə ona əzablar vermiş və bu hərəkətlərini davam etdirməkdədir. O, bu səbəbdən məcbur qalaraq cavabdehin və eyni zamanda oğlunun evdən çıxarılmaqları tələbi ilə 2018-ci ildə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə cavabdehin onun evində yaşamaq hüququnun olmasını əsas gətirərək iddianı təmin etməmişdir. O, cavabdehin yola gələcəyini ümid edərək qətnamədən şikayət verməmişdir. Buna baxmayaraq cavabdeh əvvəlkindən də qəzəbli olaraq onu təhqirlərə məruz qoymuşdur. Cavabdehlə bir evdə yaşamağa dözmədiyindən Bakı şəhərinə oğlunun yanına getmiş və hazırda da orada yaşayır. Bir müddət sonra evinə gəlmiş və cavabdeh onu evinə buraxmaq istəməmişdir. Cavabdehlə bir evdə yaşaya bilmir. Cavabdehə kompensasiya ödənilməklə evdən çıxmasını təklf etsə də o imtina etmişdir. Cavabdeh onun mülkiyyətçi kimi öz evində yaşamağına mane olmuş və mülkiyyət hüququnu pozmuşdur. O, İsmayıllı rayon Cülyan kəndi ərazisindən istifadəsində olan 0,03 hektar həyətyanı torpaq sahəsini cavabdehin adına rəsmiləşdirməyi və 4000 manat miqdarında kompensasiya ödəməyi öhdəsinə götürür. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-332/2020 nömrəli qətnaməsi qəbul edilərkən maddi və prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Lakin təssüflər olsun ki, məhkəmə yuxarıda qeyd etdiklərini nəzərə almamış və onun qanunla qorunan mənzil hüququ pozulmuş, yaşayış sahəsi əldə etməkdən məhrum olunmuşdur. İddiaçı uzun illərdən bəri bitib tükənə bilməyən hikkə və ambisiyadan əl çəkmir. Belə ki, onun və övladlarının normal yaşamasına, müxtəlif üsullarla yaratdığı şər-böhtanı ara vermir. Ağsaqqal yaşa dolduqca daha da aqressivləşib və kin dolu düşüngə sahibinə çevrilir və ona qarşı gizli işlər planlaşdırır və bu gündə əməllərindən əl çəkmir. Sözünə baxmaq istəməyənə qarşı hədə-qorxu gələrək şantaj etməyə başlayır. Bildirmək istəyir ki, İddiaçı mübahisələndirilən evdən çıxarmaq, istifadə hüququna xitam verilməsi tələbi ilə əvvəllərdə məhkəməyə müraciət etmişdir. Etdiyi müraciətində İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2 (037)-824/2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verilməli və apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun keçmiş qayınatasıdır. O, mübahisəli evə gəlin gəlmiş, həmin evdə iki uşaq dünyaya gətirmiş, son vaxtlara qədər də iki uşağı ilə birlikdə həmin evdə yaşamışdır. Lakin son vaxtlar keçmiş ərinin müdaxiləsi nəticəsində evdə yaşaya bilmir. Yaşadığı otağın qapısı bağlanılmaqla evdən çıxarıldığından, iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə atası evində yaşayır. Lakin atası evi darısqal olduğundan hamısının orada yaşaması mümkün deyil. Bundan əlavə mübahisəli ev qayınatasına məxsus olsa da, həmin evin bir çox hissəsi o gəlin gələndən sonra birgə nikah dövründə tikilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş kompensasiyanın məbləği həddən artıq azdır. Əgər iddiaçı ona 20.000 manat məbləğində kompensasiya ödəyərsə, o da evdən çıxar, əks təqdirdə apelyasiya şikayətinin təmin olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun atası, cavabdeh isə keçmiş arvadıdır. Mübahisəli ev atasına məxsus olmasına baxmayaraq, cavabdeh mülkiyyətçiyə həmin evdə yaşamağa imkan vermir. Hesab edir ki, 4000 manat məbləğində kompensasiya kifayət qədər yaxşı məbləğdir. Bundan artıq verməyə imkanları yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Mülki Prosessual Məcəllənin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-332/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(037)-156/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Cavabdeh ilə Nümayəndə arasında xx xxxxxxxx 2004-cü il tarixdə İsmayıllı RİHB-nın Cülyan kənd İƏD üzrə nümayəndəliyində 06 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X6 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X1 Xoşqədəm Məbud qızının yanında qalmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(037)-824/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh və Nümayəndə qarşı uşaqları və əmlakı ilə birlikdə ona məxsus yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası təmin edilməmişdir. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və İsmayıllı rayon İHB-nın Cülyan kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli 427 nömrəli arayışından müəyyən edilir ki, cavabdeh Piriyeva X2 rayon 2ci Cülyan kəndində anadan olmuş, hazırda İsmayıllı rayon Cülyan kəndində qeydiyyatdadır və orada yaşayır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin Ağsu bürosu tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon X3 xx xxxxxx 1988-ci il tarixli qərarı əsasında İsmayıllı rayonu Cülyan kəndi ünvanında yerləşən ümumi sahəsi 44 kv.metr olan fərdi yaşayış evi iddiaçının adına qeydiyyata alınmışdır və hazırki iddianın predmetinə aid olan ev onun xüsusi mülkiyyətindədir. xx xxxx 2020-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ƏQ-90/2020 saylı xxxxxxxxxxxxxxxxxxxxxxxxxx rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus olan İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri 40.000 (qırx min) manat və aylıq kirayə haqqı 300 (üç yüz) manat məbləğində qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradangötürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2.3-cü maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri valideynlərinin razılığı ilə müəyyən edilir Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək belə qənaətə gəlmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün verilən kompensasiyanın miqdarı elə bir həcmdə müəyyən edilməlidir ki, istifadəçiyə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Mübahisə predmetinə aid olan yaşayış evinin hazırki bazar qiyməti ilə dəyəri əsas götürülməklə evin dəyəri ilə müqayisədə iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləğinin iddiaçının yaşayış sahəsindən istifadə hüququnun tanındığı evdə ona xas olmuş şəraitlə müqayisədə başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verən ağlabatan və qənaətbəxş məbləğ olması nəzərə alınaraq iddia tələbi bu hissədə təmin edilməlidir. İddiaçının xüsusi mülkiyyətində olan, İsmayıllı rayonu Cülyan kəndində yerləşən evdən cavabdehin istifadə hüququna 4000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kоllegiyаsı, birinci instаnsiyа məhkəməsinin qənаətini əsаslı hesаb etmir və оnunlа rаzılаşmır. Birincisi оnа görə ki, iddiaçı tərəfindən cаvаbdehə təklif olunan kоmpensаsiyаnın məbləği sonuncunun ailə-məişət şəraitinə, əvvəlki yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq şəraitinə təsir edəcək аmil kimi nəzərə аlınmаmışdır. Birinci instansiya məhkəməsi kompensasiya məbləğini kifаyət qədər ədаlətli və аğlаbаtаn məbləğ hesаb etsə də, cаvаbdehin himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını dа bu meyаrlаr çərçivəsində dəyərləndirmədən düzgün оlmаyаn nəticəyə gəlmişdir. Bundan əlavə təklif olunan kompensasiya məbləği ilə cavabdehin öz ailə üzvləri ilə birlikdə yаşаmаq imkаnı məhkəmə kollegiyası tərəfindən heç də ağabatan və inandırıcı görünmür. Çünki, qeyd olunan məbləğ göstərilən meyarlar çərçivəsində cavabdehin iddiaçının hesabına yaşaması üçün kifayət edən məbləğ deyildir. Bu məbləğin kifayətedici olması meyarı, yalnız fiziki şəxs olaraq cavabdehə münasibətdə deyil, bütövlükdə onun himayəsində daha iki yetkinlik yaşına çatmayan uşağın olması kimi hallar nəzərə alınmaqla qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə, bu halları nəzərə almamışdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehə təklif etdiyi 4000 (dörd min) manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfin kompensasiya məbləğinin artrılması ilə bağlı mövqeyi öyrənilsə də, sonda sonuncu əlavə 1000 manat da verə biləcəyini bildirmişdir. Məhkəmə kollegiyası oxşar şəraitdə iddiaçının nümayəndəsinə 8000-10.000 civarında kompensasiya ödəmək imkanını təklif etsə də, sonda iddiaçı tərəf buna kəskin etirazını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təklif etdiyi hazırki kompensasiya məbləği işin hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərilən dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmiş olur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir və onunla razılaşmır. Çünki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)- 332/2020 nömrəl qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 4000 (dörd min) manat miqdarında kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar