Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1772/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili X6 və cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbinin nümayəndəsi X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-574/2020 saylı qətnaməsindən cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon 25 saylı orta məktəbinin direktorunun onun işdən azad olunmağı barədə xx xxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsini, həmin məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə müddətsiz bərpa olunmağı və məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-574/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Kəlbəcər rayon 25 saylı məktəbnin direktorunun xx xxxx 2018-ci il tarixli 123 saylı əmri ləğv edilmiş və Məhərova X7 rayon 25 saylı məktəbnə 25 saylı məktəbə azərbaycan dili və ədəbiyyat müəllimi kimi işə bərpa edilmiş, İddiaçı xx xxxx 2018-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbi həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Bundan əlavə birinci instansiya məhkəməsi onun məhkəmə iclasında verdiyi izahatı təhrif etmişdir. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-574/2020 saylıqətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbinin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X6 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-574/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı təmin etməkdə haqlı olmuşdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı 2009-cu ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş və xx xxxxxx 2014-cü ildə universiteti bitirib Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr ali peşə-ixtisası dərəcəsini almışdır. O, xx xxxxxxxx 2015-ci ildə Kəlbəcər rayon 25 №li orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə məktəbin direktoru X3 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyini bildirilmişdir. Lakin sözügedən əmr elektron sistemə xx.xx.2019-cu il tarixdə vurulub-imzalanmış və xx.xx.2020-ci il tarixdə çap edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin tələbinə görə: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün işəgötürən tərəfindən heç bir əsas olmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti təmin edilə bilməz. Belə ki, İddiaçı 2009-cu ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş və xx xxxxxx 2014-cü ildə universiteti bitirib Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr ali peşə-ixtisası dərəcəsini almışdır. O, xx xxxxxxxx 2015-ci ildə Kəlbəcər rayon 25 №li orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə məktəbin direktoru X3 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyini bildirilmişdir. Lakin sözügedən əmr elektron sistemə xx.xx.2019-cu il tarixdə vurulub- imzalanmış və xx.xx.2020-ci il tarixdə çap edilmişdir. Həmçinin iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Bundan əlavə iddiaçı Kəlbəcər rayon 25 saylı məktəbinin direktoru İddiaçı işdən çıxarma səbəbi kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini əsas götürsə də nəzərə almamışdır ki, işəgötürənin işçini işdən çıxarma səbəbi 70-ci maddədə konkret göstərilib. Əmək Məcəlləsinin 70-ci maddəsində isə işə götürən (yəni Kəlbəcər rayon 25 saylı məktəb) tərəfindən işçi (İddiaçı) işdən çıxarılması üçün heç bir əsas yoxdur. Bundan əlavə iş materiallarından da dəqiq görünür ki, İddiaçı əmək müqaviləsi daimi xarakter daşımaqdadır və bu hal əmək müqaviləsində öz əksini tapmışdır. Bundan əlavə həm birinci instansiya məhkəməsinin iclasında, həm də məhkəmə kollegiyasının iclasında cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X3 iddia tələbini qəbul etdiyini bildirmişdir. Həmçinin apelyator birinci instansiya məhkəməsi tərəfindən onun məhkəmə iclasında verdiyi izahatın təhrif edildiyini bildirsə də, bununla bağlı məhkəmə iclas protokoluna hər hansı bir qeydlərin edilməsini tələb etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-574/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-574/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-574/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1772/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1772/2020
24.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver