Məhkəmə qərarları › İş №2(107)-178/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-178/2024

25.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-178/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil, Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(039)-1463/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdehnə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 fevral 2023-cü il tarixli əmrinin etibarsız sayılmasına, onun işə bərpa edilməsinə və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 06 oktyabr 2015-ci ildən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müfəttiş təyin olunmuşdur. 22 fevral 2023-cü il tarixdə heç bir qanuni əsas olmadan Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olmuşdur. İşdən azad olunmağına səbəb isə ona heç bir aidiyyəti olmayan şəxslər barəsində cinayət işinin başlanması olmuş və onun adı həmin işdə şahid qismində getmişdir. Hazırki müddətə qədər o əmək kitabçasını almamışdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim K.Əliyev) 6 sentyabr 2023-cü il tarixli, 2(039)- 1463/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı işdən azad edilməsinə dair Cavabdeh 22 fevral 2023-cü il tarixli **********024900 saylı əmrin etibrasız hesab edilməsi, İddiaçı Cavabdeh Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçı Cavabdeh Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi təyin edilmişdir. X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi cinayəti işi başlanmış və Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(051)-53/2023 saylı qərarı iş üzrə icraata xitam verilmişdir. Həmin araşdırma ilə bağlı Cavabdeh 22 fevral 2023-cü il tarixli **********024900 saylı əmri ilə İddiaçı vergi orqanlarında Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair Cavabdeh 22 fevral 2023-cü il tarixli **********024900 saylı əmri etibrasız hesab edilməli; İddiaçı Cavabdeh Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməlidir. Birinci instansiya məhkəməsi qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları pozulmuşdur. Belə ki, həmkarlar ittifaqının iclası keçirilməmişdir. Həmkarlar ittifaqına təqdimatla müraciət edilməli olduğu halda edilməmişdir. Yəni Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 72, 71.2, 74, 80.1, 80.2, 83.2, 84.2, 187.1, 187.2, 296.2, 300.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusiyyətləri nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, əlavə sübutlar toplamadan və toplanmış sübutları düzgün qiymətləndirmədən maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirirlər ki, məhkəmə mümkün və mötəbər sübutları hərtərəfli, tam, obyektiv araşdırmamış, istinad edərək qəbul etdiyi qətnaməni əsaslandırdığı məsələ üzrə sübutların mövcud olubolmamasını araşdırmadan və şifahi məhkəmə dinləmələri zamanı və ya yazılı formada sübutların əldə olunması ilə bağlı hər hansı hərəkətlər edilmədən məhkəmə tərəfindən onun qeyd edilən pozuntuya yol verilməsi qənaətinə gəlinmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.14-cü bəndinə əsasən əməkdaş xidməti vəzifələri və ya digər məsələlər barədə təhqiqat, istintaq orqanlarına və məhkəmələrə ifadə vermək üçün dəvət edildiyi halda bu barədə dərhal birbaşa rəhbərinə məlumat verməlidir. Araşdırma ilə əməlinə ********* nömrəli cinayət işi üzrə istintaq orqanı tərəfindən sübutların qiymətləndirilməsi zamanı hüquqi qiymət verilməsinin nəticəsindən asılı olmayaraq, İddiaçı vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyinə görə barəsində hüquq-mühafizə orqanına şikayət edilməsi ilə nəticələnən hərəkətlərə yol verməsi, hazırda onun yol vermiş olduğu nöqsanlarla Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci və 3.14-cü bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü bəndinin 1-ci və 5-ci abzaslarının, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərini pozduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********024900 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilərək işdən azad edilmişdir. İddiaçının iddia ərizəsində əmək kitabçasını almamasını bildirməsi ilə bağlı qeyd edirlər ki, onlar tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli **********702800 nömrəli məktub göndərilərək əmək kitabçasını 11 saylı Ərazi Vergilər Baş İdarəsindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsinə dair müraciət olunmuşdur. Lakin sözügedən müraciət İddiaçı rəsmi qeydiyyatda olduğu ünvanda anası Təranə Əzizova tərəfindən qəbul edilməsinə baxmayaraq, İddiaçı əmək kitabçasını 11 saylı Ərazi Vergilər Baş İdarəsindən götürməmiş və poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsinə dair müraciəti Baş idarəyə daxil olmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Porkurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2-2-02/3/2-222026212/2023 nömrəli təqdimatı və alınmış izhatlarla İddiaçı əməlində cinayət tərkibinin olmaması, lakin onun əməlinin işlədiyi vəzifə ilə bir araya sığmayan fəaliyyət olduğu, yəni onun əməli nəticəsində cinayətin törədilməsinə şərait yaradıldığı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, ərizəçi tərəfindən təqdim edilmiş dəlillər araşdırılmadan və təqdim olunmuş sənədlər tam araşdırılmadan iddia təmin edilmişdir. Nəticədə birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlməmişdir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1463/2023 saylı qətnaməsinin ləğv edilərək iddiaçının iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1463/2023 saylı qətnaməsinin ləğv edilərək iddiaçının iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(039)-1463/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.2-ci görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;[ c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1463/2023 saylı qətnaməsinin ləğv edilərək iddiaçının iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1463/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1463/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi təyin edilmişdir. X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi cinayəti işi başlanmış və Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(051)-53/2023 saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin araşdırma ilə bağlı İddiaçı “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1ci və 3.14-cü bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34cü bəndinin 1-ci və 5-ci abzaslarının, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərini pozduğu üçün Cavabdeh 22 fevral 2023-cü il tarixli **********024900 saylı əmri ilə İddiaçı vergi orqanlarında fəaliyyətinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Şikayətin dəlili onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin xx.xx.2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.14-cü bəndinə əsasən əməkdaş xidməti vəzifələri və ya digər məsələlər barədə təhqiqat, istintaq orqanlarına və məhkəmələrə ifadə vermək üçün dəvət edildiyi halda bu barədə dərhal birbaşa rəhbərinə məlumat verməlidir. Araşdırma ilə əməlinə ********* nömrəli cinayət işi üzrə istintaq orqanı tərəfindən sübutların qiymətləndirilməsi zamanı hüquqi qiymət verilməsinin nəticəsindən asılı olmayaraq, İddiaçı vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyinə görə barəsində hüquq-mühafizə orqanına şikayət edilməsi ilə nəticələnən hərəkətlərə yol verməsi, hazırda onun yol vermiş olduğu nöqsanlarla Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci və 3.14-cü bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü bəndinin 1-ci və 5-ci abzaslarının, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərini pozduğu müəyyən edilmişdir. Ona görə də İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********024900 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilərək işdən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının 3.1.2-ci maddəsinə əsasən: Əməkdaş bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. Həmin etik davranış qaydalarının 3.2.1-ci maddəsinə əsasən: Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Həmin etik davranış qaydalarının 3.14 maddəsinə əsasən: Əməkdaş xidməti vəzifələri və ya digər məsələlər barədə təhqiqat, istintaq orqanlarına və məhkəmələrə ifadə vermək üçün dəvət edildiyi halda bu barədə dərhal birbaşa rəhbərinə məlumat verməlidir. Birbaşa rəhbər öz növbəsində daha yuxarı vəzifəli şəxsləri məlumatlandırmalıdır. Cavabdeh təşkilat iddiaçının əmək müqaviləsinə xitam verilməsini ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndində göstərilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmuş hesab olunur. Lakin cavabdehin, əmək müqaviləsinə xitam verilməsi üçün əsaslandırdığı hallar Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İş materiallarından işəgötürənin maliyyə itkisinə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının təlimata əməl etməməklə ciddi nöqsanlara yol verməsinin cavabdeh orqana hansı ziyanın vurması əsaslandırılmayıb. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır. Göründüyü kimi iddiaçının işdən azad olunması haqqında əmr imzalanarkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda qeyd edilən təlimatın pozulması işçinin hər hansı bir intizam məsuliyyətinə cəlb edilməsinə (töhmət, xəbərdarlıq) əsas olsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə əsas ola bilməz. Bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları pozulmuşdur. Belə ki, həmkarlar ittifaqının iclası keçirilməmişdir. Həmkarlar ittifaqına təqdimatla müraciət edilməli olduğu halda etməmişdir. Yəni Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Şikayətin digər dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının Porkurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2-2-02/3/2-222026212/2023 nömrəli təqdimatı və alınmış izhatlarla İddiaçı əməlində cinayət tərkibinin olmaması, lakin onun əməlinin işlədiyi vəzifə ilə bir araya sığmayan fəaliyyət olduğu, yəni onun əməli nəticəsində cinayətin törədilməsinə şərait yaradıldığı öz təsdiqini tapmışdır. Kollegiya həmin şikayətin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İş materiallarında iddiaçının əməlinin işlədiyi vəzifə ilə bir araya sığmayan fəaliyyət olduğu və onun əməlinin nəticəsində cinayətin törədilməsinə şərait yaradıldığına dair hər hansı bir rəsmi sənəd, sübut aşkar edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlili bu hissədə də əsassızdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(039)-1463/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(039)-1463/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar