Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1782/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı X1 və Cavabdeh1 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-231/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşağı ilə birlikdə Zaqatala rayonu, Gözbarax kəndində yerləşən qaynatası X5 məxsus, gəlin düşdüyü evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-231/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı X1 uşağı ilə bilrikdə Zaqatala rayonunun Gözbarax kəndində yerləşən qaynatası X5 məxsus gəlin düşdüyü evə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1583/20 nömrəli qərardadına əsasən cavabdehlərdən yalnız Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanıması müəyyən edilmişdir. Ona görə də hazırki işə yalnız Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin hüdudları daxilində baxılır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu Gözbarax kənd sakini, iş üzrə Cavabdeh1 ilə xx.xx.2009-cu ildə rəsmi şəkildə ailə qurmuşdur. .Birgə nigahlarından xx.xx.2011-ci ildə Ariz adlı övladları anadan olmuşdur. Bir neçə il səmimi ailə münasibətlərində yaşamışlar. Uzun müddət birlikdə yaşasalarda xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Nigahları Zaqatala rayon Məhkəməsi tərəfindən pozulmuşdur. O, Cavabdeh1 atası X5 məxsus olan və Zaqatala rayonu Gözbarax kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü gündən həmin evdə yaşamışlar. O həmin evdən 2018-ci ilin fevral ayında çıxmışdır. Təxminən 2018-ci ilin avqust ayının 15-də qaynatası X7 rəhmətə getmişdir. Onun qaynatası ilə problemi olmayıb. Hətda o evdən çıxdıqdan sonra da onun evə qayıtmağını bildirmişdir. Avqust ayında iddiaçı qaynatasını görmək üçün onun hörmətinə görə həmin evə getmişdir. Bu zaman ondan təkrarən evə qayıtmağını xahiş etmişdir. Bundan 10 gün sonra rəhmətə gedib. Onun dəfn,yas mərasimində də iştirak etmişdir. Təxminən 2019-cu ilin aprel ayının 5-i məhkəməyə iş verildi. 2019-cu ilin may ayının 13-ü sonuncu məhkəmələri oldu və nigahları pozuldu. Hal-hazırda həmin evdə qaynatasının həyat yoldaşı Gülxanım və oğlu Hikmət faktiki olaraq yaşayırlar. Yaşayış yeri olmadığı üçün o öz evində yaşamaq istəyir. Gələcəkdə də bu hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Hüquqi münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, uzun müddət yaşadığı və ərinin atası olan cavabdeh Rəşid Musayevin adında olan evdə onun yaşamaq və oradan istifadə etmək hüquqları vardır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsi qətnamə qəbul edərkən həm prossesual həm də ki, maddi hüququ normalarını pozmuşdur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı X2 xx xxxxx 2009-ci il tarixdə onunla evlənərək yaşadığımız evə köçmüşdür. Lakin 2019-cu il tarixdə rəsmi olaraq aralarında olan nikahı ləğv etdirərək boşanmıslar. Ayrıldıqdan sonra iddiaçı anasına məxsus evə köçmüş və orada yaşamışdır. İşin həmin halı iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 22 yanvar2020-ci il tarixli, 2(033)-231/2020 iş nömrəli qətnaməsində X1 məhkəməyə vermiş olduğu izahatından müəyyən olunur. İddiaçı izahatında bildirmişdir ki, 2018-ci ilin fevral ayından yaşadıqları evdən çıxmışdır. Digər bir tərəfdən isə işin faktiki hallarından da müəyyən olunur ki, iddiaçı X2 02 (iki) il müddət özünü yaşayış sahəsi ilə (anasına məxsus evdə və ya kirayədə) təmin edə bilmişdir. Hesab edir ki, bu müddət özü kifayət qədər uzun müddətdir. Bütün bunlarla yanaşı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı X1 köçürülməsini istədiyi Zaqatala rayonu, Gözbarax kəndində yerləşən fərdi yaşayış evi mərhum atası X3 mülkiyyətindədir. Belə ki, həmin ev üzrə mülkiyyət hüququ nə onun nə də ki, anasının deyil. Atası öldükdən sonra onlar atasının heç bir əmlakı üzrəində vərəsə kimi tanınmamışlar və mirası notariat qaydada qəbul etməmişlər. Odur ki, iş üzrə onlar cavabdeh ola bilməzlər. Lakin Zaqatala Rayon Məhkəməsi işi obyektiv araşdırmadığından cavabdehlərin mirası qəbul etməməsini nəzərə almadan onları cavabdeh kimi tam qanunsuz olaraq tanıyıb və qətnamə qəbul etmişdir. Bundan əlavə sözügedən evin atasına məxsus olmasını təstiq edən heç bir sənəd isə əlavə olunmamışdır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-231/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, cavabdeh onun keçmiş arvadıdır. Qeyd olunan evin hazırda heç bir hüquqi sənədi yoxdur. Bununla belə yaşadıqları həyətin digər hissəsində köhnə bir otaq var. Hazırda həmin otaqda məişət əşyaları (yaba, balta və s.) yerləşir. Əgər iddiaçı razı olsa onu və iki uşağını həmin otaqda yerləşdirə bilər. Ona görə də birinci instansiya məhkəməsinin ləğv olunaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o gələn kimi mübahisəli evə köçmüş və son vaxtlara qədər də həmin evdə yaşamışdır. Lakin sonradan cavabdehlər onu evdən zorla çıxarmışdır. Hazırda himayəsində olan iki uşaqla birlikdə valideynlərinin yanında yaşayır. Halbuki həmin ev çox darısqal olmaqla yanaşı orada əlavə 6-7 adam yaşayır. Cavabdehin yaşadığı ev isə 5 otaqdan ibarətdir. Apelyasiya şikayətini qəbul etmir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-231/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında bağlanmış nikah xx xxxx 2019-cu il tarixdə pozulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə Ariz adlı uşaqları olmuşdur. Zaqatala rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)587/2019 saylı qətnaməsindən görünür ki, nikah pozulmuş, azyaşlı uşaq ananın himayəsində saxlanılmışdır. ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, X7 və Cavabdeh1 adlarına Zaqatala rayonu Gözbarax kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və DDİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin keçmiş həyat yoldaşıdır. Tərəflər arasında bağlanmış nikah məhkəmənin iş materiallarında olan qətnaməsi əsasında pozulmuş, birgə nikahlarından olan azyaşlı uşaq iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinə xx.xx.2009-cu il tarixdə gəlin köçmüş, 2018-ci ilin fevral ayınadək həmin evdə yaşamışdır. Hazırda həmin evdə qaynanası Cavabdeh2 və sabiq əri Cavabdeh1 yaşayır. İddiaçı sözügedən evə gəlin köçərkən yəni, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranarkən yaşayış evi mülkiyyətdə olmamış və hazırda da mülkiyyətdə deyildir. Belə olduğu təqdirdə isə iddiaçı hətta istəsə belə evin sakinləri ilə notarial qaydada razılığa gələ bilməzdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Hazırkı işdə mübahisəli fərdi yaşayış evi hüquq münasibətləri yaranarkən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından tərəflər arаsındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.4-cü maddəsinə əasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlərvə uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 4-cü maddəsinə görə Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən,mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında sözügedən evdən istifadə ilə bağlı hüquq münasibətləri 2009-cu ilin iyun ayında yarandığından onlar arasındakı mübahisəyə Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəllənin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşma çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə məhkəmə kollegiyası sadalanan qanunvericilik aktlarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan Plenum qərarına istinadən hesab edir ki, iddiaçılnın mübahisəli yaşayış evinə köçürülmə tələbinə dair iddiası əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh tərəf apelyasiya şikayətində mübahisəli evin X3 xüsusi mülkiyyətində olmasını bildirsə də, şikayətin bu dəlili ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası sonda birinci instansiya məhkəməsinin qətnaməsinin 3-cü səhifəsinin 1-ci abzasında qeyd edilmiş Mənzil Məcəlləsinin 153 və 154-cü maddələrini texniki səhv kimi qəbul edir. Belə ki, sonrakı abzaslardan görünür ki, məhkəmə sözügedən Məcəllənin 53 və 54cü maddələrini tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-231/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1782/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1782/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver