Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1792/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 Yediyar qızı və Cavabdeh1 iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-419/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 Yediyar qızı və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə avtomobillə giriş-çıxışa törənən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-419/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ünvan 1 ünvanda, o və qardaşı Əsəd ailəsi ilə birgə uzun illər boyu bir həyətdə, hərə öz fərdi yaşayış evində olmaqla mehriban yaşamışlar. Cavabdeh1 onun qardaşı Əsədin oğlu, Cavabdeh2 isə qardaşının gəlinidir. Əsəd vəfat etmişdir. Yaşadıqları həyətə gedən avtomobil yolu eyni istiqamətdə olmuşdur. Lakin, son zamanlar aralarındakı mehribançılıq pozulmuş, ona ayrılmış həyətyanı torpaq sahəsinə avtomobillə gedib- gəlmək üçün nəzərdə tutulan yol cavabdehlər tərəfindən tutulmuş və hazırda cavabdehlər tərəfindən onun sözügedən yoldan gediş-gəlişinə maneçilik törədilir. Dəfələrlə cavabdehlərdən həmin yolun açılmasını və gediş-gəlişinə maneçilik törətməmələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bundan əlavə ekspertiza qarşısında da dəqiq suallar qoyulmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi şahidlərin dindirilməsini də təmin etməmişdir. Qeyd edilənlərə əsasən iddianı təmin edən yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 Yediyar qızı və Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-419/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitısi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən Zərdab rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 17 saylı qərarı ilə X2 2068.98 kv.m fərdi yaşayış evi tikmək üçün Zərdab rayon Təzəkənd kəndində torpaq sahəsi verilmişdir. Həmçinin Zərdab bələdiyyəsi tərəfindən ünvan 1 ünvanda yaşayan Cavabdeh1 ünvanlanmış xx.xx.2019-ci il tarixli 139 saylı arayışına əsasən onun mərhum atası X2 Zərdab bələdiyyəsi ərazisində 2068.98 kv.m. torpaq sahəsi verilmişdir. Həmçinin Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş “Kommunist” kolxozunun ümumi yığıncağının xx xxx 1986-cı il tarixli 05 saylı protokolundan çıxarışına əsasən kolxozun ümumi yığıncağının qərarına əsasən Hüseynov Hüseynalıya 0.25 ha, İddiaçı 0.25 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 1215 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 saylı evin həyətinə mübahisəli yerdən avtomobil yolu nəzərdə tutulmamışdır. Baza məlumatlarında Zərdab şəhəri M.Müşfiq küçəsi, 14 saylı ünvanda yerləşən fərdi yaşayış evinə cənub-şərq istiqamətində yol nəzərdə tutulmuşdur və həmin yol naturada faktiki olaraq mövcuddur. Bundan əlavə apelyator şahidlərin iştirakının təmin edilmədiyini bildirsə də məhkəmə kollegiyası apelyatorun diqqətinə çatdırır ki şahidlərin məhkəmə iclasında iş iş üzrə tərəflərin təşəbbüsü ilə həyata keçirilir. Bundan əlavə apelyator ekspertiza qarşısında qoyulmuş suallardan narazılıq ifadə etsə də öz mövqeyini əsaslandırmamışdır. Eyni zamanda məhkəmə kollegiyasının iclasında izahat verən apelyator yenidən ekspertiza təyin edilməməsini kollegiyadan xahiş etmişdir. Ümumilikdə apelyator apelyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti formal mülahizələr əsasənda yazıldığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)- 419/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-419/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1792/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1792/2020
24.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver