Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1795/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiаçı İddiaçı və onun vəkili X3, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)- 691/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmış, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manat və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 20 (iyirmi) manat onların özlərinə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)-536/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)- 691/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddia tələbi təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılması, Cavabdeh İddiaçı qarşı Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüququnun tanınması və fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)-536/2021 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(102)-3871/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)-536/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında 1925-ci ildə tikilmiş, 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sonradan qarşılıqlı iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə iddianı təmin etmə tədbirinin görülməsinə dair vəsatət də göndərərək, Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzilin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinin mülki iş üzrə çıxarılmış qətnamə qanuni qüvvəsini alanadək qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2020 nömrəli qərardadına əsasən iddianı təmin etmə tədbirinin görülməsinə dair ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmış Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilin üzərinə həbs qoyularaq, həmin mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun mülkiyyətində ünvan 1 ünvanında 1925-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzil var. Həmin mənzilin mülkiyyətində olduğunu təsdiq edən 22 iyul 2005-ci il tarixli 339 nömrəli qeydiyyat vəsiqəsi vardır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onların nikahları Balakən Rayon Məhkəməsinin 21 avqust 2018ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh onlar ayrıldıqdan sonra evdən çıxıb getmişdir. Cavabdeh Balakən rayonu Katex kəndində yaşayış yerinin olmasına baxmayaraq ona məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli məzilə ondan icazəsiz olaraq gəlib gedir, özünə məxsus əşyaları saxlayaraq ona həmin evdə yaşamağa imkan vermir. Cavabdeh onun evini qanunsuz olaraq zəbt etməklə onun hüquqlarını pozur. Ona görə də, məcburiyyət qarşısında qalaraq cavabdehin evdən çıxarılması barədə iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ilkin iddia ərizəsinin təmin edilməsini, cavabdehin qarşılıqlı iddiasının rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 da ilk iddianı müdafiə edərək iddiaçının göstərdiyi xüsusatları təsdiq etdi, əlavə olaraq göstərdi ki, Balakən rayonu İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 398 nömrəli 18 mart 2019-cu il tarixli arayışa əsasən cavabdeh Lələyev X1 sakinidir. Katex kəndində təsərrüfatbaşına kitabda oğlu X2 məxsus təsərrüfatda qeydiyyatdadır. Həmin təsərrüfatda 0,10 ha həyətyanı torpaq sahəsi və 1972-ci ildə tikilmiş yaşayış evi var. Göründüyü kimi cavabdehin mübahisəli evdə istifadə hüququ yoxdur. Ona görə də, cavabdeh həmin evdən çıxarılmalıdır. Həmçinin həmin ev özəlləşdirilmə nəticəsində iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehin həmin evə dair hər hansı hüququ yoxdur. Qeyd olunanlara əsasən ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, Lələyev X6 rayonu Katex kəndində oğlu Ceyhun Lələyevə məxsus təsərrüfatda qeydiyyatdadır. O, İddiaçı ilə 09 mart 1990-cı il tarixdə 8 nömrə ilə Zaqatala rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Həmin ildə ünvan 1 ünvanında 1925-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzili alaraq ora köçüb yaşamışlar. Onun İddiaçı ilə birgə nikahlarından 27 iyul 1994-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında bağlanmış nikah Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, 26 sentyabr 2018-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışlar. İddiaçı ilə Cavabdeh birgə nikahları dövründə aldıqları mənzilə X7 İnventarlaşdırma Mülkiyyət Hüquqları Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 22 iyul 2005-ci il tarixli 09 saylı sərəncama əsasən 339 saylı qeydiyyat vəsiqəsi alınmış, lakin qeydiyyat vəsiqəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Onlar ailə qurduqları vaxtdan, yəni 1990-cı il tarixdən bugünə qədər həmin mənzildə yaşayırlar. Cavabdehin bütün əmlakın həmin evdədir, cavabdehin hazırda yaşamağa başqa evi yoxdur. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin olunmasını, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Balakən rayonu Katex kəndinin sakini olmaqla həmin kənddə özünün şəxsi evi və təsərrüfatı vardır. Bundan başqa onların birgə nikahlarından 27.07.1994-cü ildə doğulmuş Sevinc adlı qızları vardır. Sevinc xəstə olmaqla 1-ci qrup əlildir. Cavabdeh isə alkoqol aludəçisidir. Cavabdeh məqsədi ona acıq vermək, hər gün evə spirtli işki içib gələrək onu və əlil uşağını siqaret tüstüsündə boğmaqdan başqa bir şey deyildir. Bununla da Cavabdeh onu xəstə uşağı ilə dinc yaşamağa qoymur, mülkiyyətindən istifadə hüquqlarını həyata keçirməyinə mane olur. Ona görə də qeyd olunan hallar nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı və onun vəkili X8 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasının xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cаvаbdeh Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və xahişlərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş mаteriаllаrınа əlаvə оlunmuş Balakən Rayon Məhkəməsinin 2(019)-612/2018 nömrəli, 21 aqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 mart 1990-cı il tarixdə Zaqatala rayon VVAQ şöbəsində 8 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş mаteriаllаrınа əlаvə оlunmuş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 303705 nömrəli, 26 sentyabr 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş mаteriаllаrınа əlаvə оlunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin **********76 nömrəli, 01 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, keçmiş DTİ və MHQ İdarələrinin arxiv fonduna əsasən Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Təsdiq edilmiş surəti iş mаteriаllаrınа əlаvə оlunmuş İddiaçı adına iyul 2005-ci il tarixdə tərtib edilmiş, Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilin texniki pasportundan görünür ki, ümumi sahəsi 35,0 kv.m., yaşayış sahəsi 15,75 kv.m. olan, 19,25 kv m köməkçi sahədən ibarət 1925-ci ildə tikilmiş 2 otaqlı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş mаteriаllаrınа əlаvə оlunmuş X5 tərəfindən Zaqatala rayonu DTİ və MHQ-nin rəisinə ünvanladığı 20 iyul 2005-ci il tarixli ərizədən görünür ki, ərizəsində göstərmişdir ki, qızının adına olan mənzilin özəlləşdirilməsinə etirazı yoxdur. İş mаteriаllаrınа əlаvə оlunmuş İddiaçı tərəfindən Zaqatala rayonu DTİ və MHQnin rəisinə ünvanladığı 20 iyul 2005-ci il tarixli ərizədən görünür ki, ərizəsində göstərmişdir ki, adına olan mənzilin özəlləşdirilməsinə sərəncam verilsin. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 09 mart 1990-cı il tarixdə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 27 iyul 1994-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. İddiaçı Zaqatala rayonu DTİ və MHQ-nin rəisinə 20 iyul 2005-ci il tarixdə ərizə ilə müraciət edərək adına olan mənzilin özəlləşdirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 339 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-612/2018 nömrəli, 21 aqust 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 mart 1990-cı il tarixdə Zaqatala rayon VVAQ şöbəsində 8 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçı, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətində olduğunu əsas gətirərək cavabdehin mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər 2000-ci il sentyabrın 1-dək yəni, 09 mart 1990-cı ildə ailə qurmaqla, mübahisələndirilən evə köçüb yaşamışlar, lakin həmin mənzil 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvünü onun köçməsi zamanı başqa qeyd-şərt göstərməmiş, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmişdir. Cavabdeh 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq arvadına, hazırki iş üzrə iddiaçıya məxsus mənzildə istifadə hüquqları olmuş və həmin istifadə hüquqlarına xitam verilməmişdir. Göründüyü kimi evin mülkiyyətçisi İddiaçıdır. İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları zaman Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil özəlləşdirilməklə İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Cavabdehin mübahisə predmeti olan həmin evdən istifadə hüququ olduğundan, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsinə maneəçilik yaradıldığından qarşılıqlı iddiaçı, həmin evə köçürülməsini və həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Qarşılıqlı iddiaçı isə əksinə, cavabdehin evdən çıxarılmasını tələb etməkdə haqlı deyildir. MPM-in 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin məhkəmədə müəyyən edilmiş hallarından isə görünür ki, tərəflər 2000-ci il sentyabrın 1-dək yəni, 09 mart 1990-cı ildə ailə qurmaqla, mübahisələndirilən evə köçüb yaşamışlar, lakin həmin mənzil 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvünü onun köçməsi zamanı başqa qeyd-şərt göstərməmiş, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(102)-3871/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 18 fevral 2021-ci il tarixli, 2(107)-536/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Ali Məhkəmənin Mülki kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(102)-3871/2021 nömrəli qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Mülki kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(102)-3871/2021 nömrəli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində işi yenidən araşdıraraq hesab edir ki, tərəflər 09 mart 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxt cavabdeh iddiaçının istifadəsində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilə köçmüş və daimi yaşayış yeri olaraq həmin ünvanı seçmişdir. Baxılan iş üzrə mübahisəli ev 22.07.2005-ci il tarixində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Tərəflər arasından olan nikah 21 avqust 2018-ci ildə pozulmuşdur. Bu səbəbdən tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmuş və cavabdeh iddiaçının həyat yoldaşı və ailə üzvü kimi mübahisəli mənzilə köçmüş, bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququ əldə etmişdir. 2005-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış və lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Bu halda isə onun istifadə hüququn əsas kimi qüvvədə olan Mülki Məcəlləsinin 228-ci maddəsi baxımından saxlanılırdı. Tərəflər arasında nikahın 2018-ci ildə pozulması isə cavabdehin mənzil üzərində istifadə hüququna xitam verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Azərbaycan SSR-in 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsindən görünür ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Göstərilən Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində cavabdehin istifadə hüququnun itirilməsi üçün konkret əsas müəyyən olunmuşdur. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Hazırkı iş üzrə isə müəyyən olunur ki, Cavabdeh 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq arvadına, hazırki iş üzrə iddiaçıya məxsus mənzildə istifadə hüquqları olmuş, 2005-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış, lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamış, eyni ilə həmin istifadə hüququna xitam verilməmişdir. Apellyatorun digər mövqeyi cavabdehin mübahisəli mənzildə qeydiyyatda olmaması və həmin mənzildə yaşadığı müddətdə oğlunun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqda davam etməsi mübahisəli mənzildən istifadə hüququna malik olmasını istisna etməsi ilə bağlı olmuşdur. Lakin, bu halda qeyd edilməlidir ki, hər hansı mənzildə şəxsin və ya şəxslərin qeydiyyatda olması onların məhz həmin mənzilə münasibətdə hər hansı hüququn, o cümlədən istifadə hüququnun əldə edilməsi əsası kimi çıxış etmir. Həmçinin, iddiaçı özü də etiraf edir ki, cavabdehə məxsus əşyalar mübahisəli evdədir. Eləcədə cavabdeh faktiki olaraq bu evə gəlib-getməkdə davam edir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilində istifadə hüququ əldə etmiş Cavabdeh oradan istifadə hüququnu itirməmiş və onun istifadə hüququna hər-hansı şəkildə xitam verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmalı, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair iddianı rədd etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1795/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1795/2021
14.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver