Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1803/2020 15.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(046)-119/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsindən cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh3 çıxarılması, həmin torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin sökülməsi, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh3 mübahisəli torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması və həmin torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun (dəmir listlər sökülüb, götürülməklə) açılması, həmin torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa eğilməsi və həmin su bərəsinin yenidən tutulmasının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi Nümayəndə2 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli 4Ə-756, 4Ə-757 və 4Ə-758 nömrəli alqı-satqı müqavilələrinə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə keçmişdir. DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış və ona çıxarış verilmişdir. Həmin torpaq sahəsinin 0.80 ha hissəsi cavabdehlər Cavabdeh2 Nazım oğlu, Cavabdeh1 və Cavabdeh3 tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsinin üzərində özbaşına tikinti işləri aparılmışdır. Bununla da İddiaçı həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınan və qorunan mülkiyyət hüququ məhkəmə vasitəsi ilə bərpa edilməlidir. Buna görə də qeyd edilən torpaq sahəsindən cavabdehlərin çıxarılması və cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(046)-119/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Göyçay rayonunun Potu kəndində yerləşən xüsusi mülkiyyətində olan 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsindən Cavabdeh1, 0.11 ha hissəsindən Cavabdeh3, 0.27 ha hissəsindən Cavabdeh2 çıxarılması, İddiaçı məxsus 3.0262 ha torpaq sahəsinin 0.17 ha hissəsində Cavabdeh1 tərəfindən və 0.11 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş tikililər cavabdehlərin hesablarına sökülməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Nazım oğlundan müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 68.12 manat məhkəmə xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Kadastr və X1 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbinin “torpaq sahəsinin 0.17 ha hissəsinin zəbt edilməsi və üzərində inşa edilmiş tikililərin sökülməsi” hissəsi əsassızdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(046)-119/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasın vəsatətlə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(046)-119/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Göyçay rayonu Potu kəndində yerləşən İddiaçı mülkiyyətində olan 3.0282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.11 ha hissəsi Cavabdeh3 tərəfindən, 0.27 ha hissəsi Cavabdeh2 tərəfindən naturada istifadə edilir. İddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0.17 ha hissəsində və Cavabdeh3 tərəfindən istifadə edilən 0.11 ha hissəsində tikililər inşa edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçıya məxsus 3.0262 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilən 0.27 ha hissəsində tikililərin inşa edilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus 3.0262 ha torpaq sahəsinin ümumilikdə 0.55 ha hissədə qanunsuz istifadə edilməsi iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаta, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü bəndinə görə tоrpаq üzərində hüquqlаrın dövlət qeydiyyаtı qаnunvericilikdə müəyyən edilmiş qаydаdа dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаlıdır. Tоrpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və tоxunulmаzlığınа dövlət təminаt vermir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonunun Potu kəndində yerləşən 3.0282 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Həmçinin iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 30439 saylı rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Potu kəndində yerləşən xx.xx.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əlavə edilmiş plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş xx.xx.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əlavə edilmiş plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. Lakin ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, **********21 nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası heab edir ki, şikayətin dəlilləri əsassız hesab olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(046)-119/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(046)-119/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1803/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1803/2020
15.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver