Məhkəmə qərarları › İş №2(107)-1817/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1817/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1817/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(033)-361/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 28 aprel 2021-ci il tarixli 2(033)-361/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı iddiaçı tərəfindən ona verilmiş və qaytarılmamış 2700 (iki min yeddi yüz) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi və Cavabdeh1 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Üzeyr oğlundan və Cavabdeh3 Üzeyr qızından 2700 manat məbləğində pulun və banka ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2730 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) 2700 manat məbləğində pulun və banka ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2730 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində “Hacıbulaq” adlanan ərazidə onun 3,5 ha torpaq sahəsi vardır. 2020-ci ilin may ayında o, torpaq alqı-satqısı ilə məşğul olan Asif adlı şəxsin onun “Hacıbulaq” adlanan ərazidəki 3,5 ha torpaq sahəsinə bitişik olan torpaq sahəsi satdığını eşitmişdir. Buna görə o, əlaqə saxlayıb Asiflə görüşmüşdür. Həmin vaxt Asif ona torpaq sahəsinin yanında Aşağı Tala kənd sakini olmuş mərhum Yekəbaşova Zərifə Əli qızının iki müxtəlif yerdə, hər biri təxminən 0,17 ha olmaqla ümumilikdə təqribən 0,34 ha torpaq sahəsi olduğunu, Zərifə Yekəbaşovanın varisi X8 həmin sahələri sənədlərini alıcının düzəldəcəyi təqdirdə ümumilikdə 1500 manata satmaq istədiyini, torpağın sənədlərinin qaydasında olmadığını, vərəsəlik açılmalı, torpaq sahələrinin çıxarışları, plan ölçüləri alınmalı olduğunu bildirmişdir. Aralarında olan danışıq zamanı Asif ona satış üçün torpaq sahələrinin sənədlərinin hazırlamasına təxminin 1000-1200 manat pul çıxacağını bildirərək, ona pul verəcəyi təqdirdə həmin torpağın sənədlərini satış üçün özü düzəldə biləcəyini demişdir. O, Asiflə razılaşmış və X5 verməsi üçün 1500 manat pul vermişdir. Sonra torpaq sahələrinin sənədlərini düzəltmək üçün Asifə müxtəlif vaxtlarda ümumilikdə 1200 manat pul vermişdir. Satış üçün torpağın sənədlərinin hazırlanması 2020-ci ilin may ayından noyabr ayınadək davam etmişdir. Asif vərəsəlik açdırıb, torpaq sahələrini X8 adına sənədləşdirmiş, alqı-satqı üçün torpağın sənədlərini hazırlamış və torpaq sahələrinin çıxarışını, plan ölçüsünü ona təqdim etmişdir. 2020-ci ilin noyabr ayında sənədlər hazır olduqdan sonra o, Asifdən rəsmi olaraq alqı-satqı edib torpaq sahələrini adına sənədləşdirməsini istəmişdir. Həmin vaxt Asif ona onkoloji xəstə olan Pərvanənin Bakı şəhərində müalicə aldığını bildirmiş və ona Pərvanə qayıtdıqdan sonra alqı-satqı edə biləcəyini demişdir. O, X8 adına olan torpaq sahələrinin çıxarışı, plan ölçüsü özündə olduğundan arxayınlaşmış və Pərvanənin Bakı şəhərindən qayıtmasını gözləmişdir. Sonra o, Pərvanə ilə telefon əlaqəsi saxlamışdır. Telefon əlaqəsi saxladığı zaman o, Pərvanəyə sonuncuya verməsi üçün Asifə 1500 manat pul verdiyini, torpağın sənədlərinin alqı-satqı üçün hazır olduğunu bildirmişdir. Həmin vaxt Pərvanə ona Asifin özünə 1500 yox, 900 manat pul verdiyini, səhhətinin ağır olduğunu rayona qayıtdıqdan sonra məsələyə aydınlıq gətirəcəyini demişdir. Daha sonra, 2020-ci ilin dekabr ayında Pərvanə Bakı şəhərində vəfat etmişdir. Pərvanə vəfat etdikdən sonra o, 1200 manat pul xərcləyib alqı-satqı üçün sənədlərini hazırlatdığı torpaq sahələrinin çıxarışları və plan ölçüləri onda olmasına baxmayaraq satıldığını bilmişdir. Maraqlandığı zaman o, mərhum Pərvanəyə miras qalmış torpaq sahələrinin 2020-ci ilin noyabr ayında satıldığını müəyyən etmişdir. Asif onu aldadaraq, torpağın sənədlərinin hazırlanması üçün ondan müxtəlif vaxtlarda ümumilikdə 1200, Pərvanəyə vermək üçün isə 1500 manat olmaqla ümumilikdə 2700 manat pul almış, sonra torpaq sahələrinin çıxarışları və plan ölçüləri onda olmasına baxmayaraq həmin sahələri digər şəxslərə satılmışdır. O, qeyd olunan torpaq sahələrinin adına sənədləşdirilməsinə və ya 2700 manat pulunun ona qaytarılmasına köməklik olunması barədə şikayətlə Zaqatala RPŞ-nə müraciət etmişdir. Polis şöbəsi tərəfindən isə araşdırma apararaq ona məhkəmə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 izahatında göstərmişdir ki, 2020-ci ilin may ayında İddiaçı yaşadığı evə gəlib “Hacıbulaq” adlanan ərazidə özünün 3,5 ha torpaq sahəsi olduğunu, tanışı X10 Zaqatala rayonu Aşağı Tala kəndində “Hacıbulaq” adlanan ərazidə mərhum bibisi Yekəbaşova Zərifə Əli qızından miras qalmış iki müxtəlif yerdə, hər biri təxminən 0,17 ha olmaqla ümumilikdə təqribən 0,34 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahələrinin özünün 3,5 ha torpaq sahəsinin içərisində olduğunu, Pərvanənin həmin torpaq sahələrini satmaq istədiyini, Pərvanə ilə münasibətinin yaxşı olmadığını bildirmiş və ondan həmin sahələrini almasına köməklik etməsini xahiş etmişdir. Buna görə də o, Akifin xahişini yerə salmamış X8 yanına gedib sonuncudan torpaq sahələrini satıb-satmadığını soruşmuşdur. Pərvanə ona torpaq sahələrini satmaq istədiyini, həmin torpaq sahələrinin mərhum bibisi Zərifəndən miras qaldığını, torpaq sahələrinin mərhum Zərifənin adında olduğunu, vərəsəlik açıb həmin torpaq sahəsini öz adına sənədləşdirmədiyini bildirərək, həmin sahələrin sənədlərini alıcının düzəldəcəyi təqdirdə ümumilikdə 1500 manata satmaq istədiyini bildirmişdir. O, Pərvanənin dediklərini Akifə bildirmişdir. Akif ondan alqı-satqı üçün hər iki torpaq sahəsinin sənədlərinin hazırlanmasına təxminən nə qədər xərci çıxacağını soruşmuşdur. O, Akifə Yekəbaşova Zərifə Əli qızının adına olan sənədlərin itdiyini, Zərifənin adına yeni sənədlər hazırlanmalı olduğunu, sonra vərəsəlik açılıb həmin torpaq sahələrinin Pərvanənin adına keçəcəyini daha sonra alqı-satqı olunacağını, hər iki torpağın sənədlərinin hazırlanması üçün təxminən 1000-1100 manat xərc çıxacağını bildirmişdir. Akif razı olmuşdur. X12 torpaq sahələrinin sənədlərinin alqı-satqı üçün hazırlanmasına köməklik etməsini istəmişlər. Akif sənədlərin hazırlanmasına köməklik etməyi müqabilində sonda ona zəhmət haqqı olaraq pul verəcəyinə söz vermişdir. Sonra Akif əvvəllər aralarında söz-söhbət olduğundan Pərvanə ilə üz-üzə gəlmək istəmədiyini bildirərək ona X10 verməsi üçün 1500 manat pul vermişdir. O, həmin 1500 manat pulu aparıb Pərvanəyə vermişdir. Sonra Pərvanə ilə o, torpaq sahələrinin sənədlərini hazırlamağa başlamışlar. Pərvanə ilə o, Yekəbaşova Zərifə Əli qızının adına olan torpaq sahələrinin itmiş sənədlərini yenidən bərpa etmiş, sonra vərəsəlik açılmış, həmin torpaq sahələri Pərvanənin adına keçmişdir. Satış üçün torpağın sənədlərinin hazırlanması 2020-ci ilin may ayından noyabr ayınadək davam etmişdir. Alqı-satqı üçün torpaq sahələrinin sənədlərinin hazırlanmasına ümumilikdə 1200 manat pul xərcləmişlər. Akif həmin 1200 manat pulu müxtəlif vaxtlarda hissə-hissə ona vermişdir. Təxminən 2020-ci ilin noyabr ayının ortalarında torpaq sahəsinin sənədləri alqı-satqı üçün hazır olmuşdur. Pərvanə torpaq sahələrinin çıxarışı və plan ölçülərini Akifə verməsi üçün ona təqdim edib səhhəti ağırlaşdığı üçün Bakı şəhərinə müayinəyə getmişdir. O, alqı-satqı üçün torpaq sahələrinin çıxarışını, plan ölçüsünü Akifə təqdim etmişdir. Həmin vaxt Akif ona Pərvanə ilə alqı-satqı edəcəyini bildirmişdir. Sənədlərin hazırlanmasına köməklik etməsi müqabilində sonda ona zəhmət haqqı olaraq pul verəcəyini söz versə də, Akif sənədləri götürdüyü zaman ona sənədlərin hazırlanmasına köməklik etməsi müqabilində zəhmət haqqı olaraq pul verməmişdir. Həmin vaxtdan sonra Akiflə onun hər hansı bir əlaqəsi olmamışdır. Daha sonra o, Akifin Pərvanə ilə torpaq sahələrini alqı-satqı edib etmədiklərini bilməmişdir. 2021-ci ilin fevral ayında Akifin onun barəsində etdiyi şikayətdən sonra, Pərvanənin həmin torpaq sahələrini Akifə satmadığını bilmişdir. Bundan sonra, təfərrüatı ilə maraqlanmış, torpaq sahələrinin çıxarışlarını və plan ölçülərini Akifə verdikdən sonra, Pərvanə ilə Akif arasında narazılıq olduğunu, həmin torpaq sahələrini X1 satdığını eşitmişdir. X13 15.12.2020-ci il tarixdə vəfat etmiş, Akif özü torpaq sahələrinin sənədlərini hazırlamaq üçün Pərvanə ilə idarə təşkilatlara getmək istəmədiyindən ondan Pərvanəni öz avtomobili ilə idarə təşkilatlara aparıb sənədləri hazırlamağa köməklik etməsini xahiş etmişdir. Buna görə Pərvanəni öz avtomobili ilə idarə təşkilatlara aparıb torpağın sənədlərini hazırlamış, idarə təşkilatda Akifin tapşırığı ilə Pərvanəyə ödənişlər etməsi üçün pul vermişdir. Beləliklə sənədlərin hazırlanmasına ümumilikdə 1200 manat Akifin xərci çıxmış, X17 arasında narazılıq olmuşdur. O, Akifdən torpaq sahələri üçün 1500 manat, sənədlərin hazırlanması üçün isə 1200 manat olmaqla ümumilikdə 2700 manat pul almış, lakin həmin pulları Pərvanəyə vermişdir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən üçüncü şəxs X11 izahat verərək göstərmişdir ki, o, 30.11.2020-ci il tarixdə elektron çıxarış ilə Balakən regional “Asan xidmətdə” mübahisələndirilən torpaq sahəsini adına sənədləşdirmişdir. Daha sonra 15.12.2020-ci il tarixdə Pərvanə Bakı şəhərində vəfat etmişdir. O, aldığı həmin torpaq sahələrinin sənədlərini alğı-satqı üçün Akifin pul xərcləyib hazırlatdığını, Akifin həmin torpaq sahələri üçün Pərvanəyə 1500 manat və sənədlərin hazırlanması üçün 1200 manat pul verdiyindən məlumatı olmamışdır. O, həmin torpaq sahələrini Pərvanədən almış, torpaq sahələrini ona Asif satmamışdır. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(033)-361/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da göründüyü kimi, o, iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, İddiaçı 1200 (bir min iki yüz) manat pulu ona yox, X8 mülkiyyətində olan torpaq sahələrinin sənədləşdirilməsinə kömək göstərilməsinə köməklik göstərilməsi üçün ona verilmişdir. Həmin vəsaitin hesabına X13 torpaq sahəsinin sənədlərləşdirilməsi üçün xərcləmişdir. İkincisi isə, iddiaçı özü də etiraf edir ki, o 1500 (bir min beş yüz) manat pulu da ona X10 verməyi məqsədi ilə vermiş və ən azından iddiaçının deməsinə görə X4 ilə telefon danışığı zamanı 900 (doqquz yüz) manatı götürdüyünü bildirmişdir. Halbu ki, 1500 (bir min beş yüz) manatı hamısı bir başa X10 təqdim olunmuşdur. Belə olan halda sual yaranır ki, iddiaçının özünü istəyinə uyğun olaraq X8 torpaq sahələrinin sənədləşdirilməsi üçün çəkilmiş xərc olan 1200 (bir min iki yüz) manat pulu və öz istəyi ilə X10 göndərdiyi pulu o, nəyə görə ödəməlidir. İddiaçı hazırki tələblə ona yox, mərhum X8 vərəsələrinə qarşı iddia qaldırmalı idi. Atalar sözlərindən birində də deyildiyi kimi: "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş." Yəni, arada mərhum X8 torpağının sənədləri düzəlir, torpaq sahəsinin alqısatqısına görə pul alır və yekunda heç bir marağı və aidiyyəti olmayan şəxs kimi pulu o ödəyir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 izahatında apellyasiya şikayətinin təmin edilməsini Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(033)-361/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(033)-361/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısının 13 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Zaqatala rayon prokurorluğuna müraciəti əsasında Zaqatala rayon polis şöbəsində aparılmış araşdırmanın nəticəsinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətində qeyd etdiyi hallar mülki xarakterli olduğundan, ona Zaqatala rayon məhkəməsinə müraciət edə bilmək hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında da tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıdan 2700 manat pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh öz etirazında iddiaçıdan aldığı pul məbləğini Pərvanə Əlizadəyə verdiyini bildirir. Bununla bağlı isə Cavabdeh1 pul məbləğini verdiyi şəxsə qarşı iddia qaldırmaq hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçıya məxsus 2700 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyindədir və o həmin pulu qaytarmaqdan imtina edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi iddiaçı cavabdehin borclu olduğu 2700 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “o iddiaya cavab verməli olan şəxs deyildir” dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh öz etirazında iddiaçıdan aldığı pul məbləğini Pərvanə Əlizadəyə verdiyini bildirir. Bununla da cavabdehin apellyasiya şikayətinin həmin dəlilinin əsassız olması təsdiq olunur. Bundan başqa, mərhum X8 bacısı, eyni zamanda mülki iş üzrə şahid olan Cavabdeh3 Üzeyr qızının məhkəmə kollegiyasına ünvanladığı teleqramda göstərilmişdir ki, bacısı X3 Asif Məmməd oğlundan cəmi 900 (doqquz yüz) manat məbləğində pul almışdır. Qeyd edilən şahidin verdiyi məlumat ilə də cavabdehin iddiaçıdan aldığı pulu sözügedən torpaq sahəsinin mülkiyyətçisi olmuş X10 tam olaraq çatdırmadığı müəyyən olunur. Məhkəmə kollegiyasına görə, iddiaçının tələbi iş materiallarında olan sübutlarla təsdiq olunduğuna görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(033)-361/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(033)-361/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar