Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1822/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul və maddi zərər tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 480 manat pul məbləği və 20 manat dövlət rüsumu - cəmi 500 (beş yüz) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 (bundan sonra birinci cavabdeh), Cavabdeh1 (bundan sonra ikinci cavabdeh), Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) və Cavabdeh4 (bundan sonra dördüncü cavabdeh) müştərək qaydada 1500 manat maddi zərər, 6500 manat əldə ediləcək fayda və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 7030 (yeddi min otuz) manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, cavabdehlərin mülkiyyətində olan İsmayıllı rayonun Ruşan kəndində yerləşən 6 ha pay torpaq sahəsini 2016-cı ildən əkib-becərir. Qarşılıqlı razılığa əsasən cavabdehlərə 2019-cu ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün birdəfəlik 1440 manat icarə haqqı verərək həmin torpaq sahəsini icarəyə götürmüşdür. Cavabdehlər bu barədə ona 01 yanvar 2018-ci il tarixdə sadə yazılı formada qəbz vermişlər. 2019-cu ilin fevral ayında həmin torpaq sahəsində yaşıl noxud əkmiş, lakin məhsul ala bilməmişdir. Torpağın güclənməsi, növbəti ildə əkəcəyi taxılın yaxşı məhsul verməsi, hər iki ilin xərcini və gəlirini əldə edə bilmək üçün əlavə gübrələrə və sair aqrotexniki qulluğa vəsait xərcləmişdir. 2020-ci ildə taxıl əkməyə hazırlaşarkən ona məlum olmuşdur ki, cavabdehlər torpaq sahəsini başqa şəxslərə satmışlar. Cavabdehlər qalan iki il üçün aldıqları icarə haqqını 1000 manat hesab edərək həmi pulu ona qaytararaq torpaq sahəsini başqa şəxsə 1800 manata icarəyə veriblər. O, da məcburiyyət qarşısında qalaraq cavabdehlərin ona qaytardıqları pulun üzərinə 800 manat əlavə edərək torpaq sahəsini icarə götürmək istəyən şəxsə vermişdir. Beləliklə də cavabdehlər onu 800 manat əlavə xərcə salmışlar. Aralarında olan razılaşmaya əsasən torpaqların becərilməsi üçün dövlət tərəfindən hər hektar üçün verilən 200 manat, cəmi 1400 manat subsidiyanın 50 faizi ona çatmalı olduğu halda cavabdehlər razılaşmanı pozaraq subsidiyanın ona çatan hissəsini də özləri almışlar. Ondan əlavə pul tələb etmişlər. Əks halda torpaq sahəsini ona icarəyə verməyəcəklərini bildirərək başqa şəxsə satmaq istədikləri üçün geri qaytarmasını ondan tələb etmişlər.Bu ildə torpaq sahəsini o əkmişdir. Torpaq sahəsinə çəkdiyi xərcin müqabilində 6 ha torpaq sahəsindən hər hektardan 50 senter olmaqla 30 ton taxıl götürməlidir.Cavabdehlər torpaq sahəsini ona icarəyə verməkdən imtina etdikdə o, əldə edəcəyi 6500 manat məbləğdə gəlirdən məhrum olur. Qeyd etdiklərinə əsasən cavabdehlərdən müştərək qaydada 1500 manat maddi zərərin, 6500 manat əldə ediləcək faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında birinci cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçı onun və ailə üzvülərinin birgə mülkiyyətində olan 9 hektar torpaq sahəsinin 6 hektarını 2016-cı ildən əkib-becərir. Qarşılıqlı razılığa əsasən həmin sahəni 2019-cu ilin avqustundan 2023-cü ilin sentyabr ayına kimi (üç illik) iddiaçıya icarəyə verərək ondan 1440 manat almışlar. Torpaq sahəsinə verilən yardımı (dotasiya) yarı bölməyə razılaşmışlar və yardımın köçürüləcəyi iki ədəd kartı iddiaçıya vermişlər. İddiaçı şərti pozaraq verilmiş yardımları götürmüşdür. Onlara heç nə verməmiş, boş kartları qaytarmışdir. Yaşadıqları ərazidə torpaqları icarəyə ən aşaqı qiymətə onlar vermişlər. İddiaçı bu halı nəzərə almayaraq razılaşdıqları şərti pozmuşdur. Ailə üzvü ağır xəstə olduğundan torpaq sahələrini satmaq istəmələri barədə iddiaçıya bildirmişlər. İddiaçı torpaq sahəsini 3000 manata almaq istədiyini bildirərək onların təklif etdikləri 3500 manatla razılaşmamışdır. Ona görə də özlərinə məxsus torpaq sahəsini başqa şəxsə satmışlar. İddiaçı iki il ərzində onlara məxsus torpaq sahəsini istifadə etməklə xeyli miqdarda gəlir əldə etmiş və heç bir ziyana düşməmişdir. Çünki onların torpaq sahəsinin yerləşdiyi ərazi kənd təsərrüfatı məhsullarının əkib-becərilməsi üçün münbit və çox əlverişlidir. Bu il də torpağı iddiaçı əkmişdir. Taxılın onun tərəfindən biçilməsinə etirazları yoxdur. Əkdiyi taxılı iddiaçı biçəcəyi halda onlardan əldən şıxmış fayda adı ilə 6500 manat tələb etməsi əsasızdır. İddiaçının onlara verdiyi 1440 manat puldan iki il üçün icarə haqqı çıxılmaqla yerdə qalan 480 manatın ona qaytarılmasına razıdırlar. İş üzrə iddia tələbinin qismən təmn olunmasını, maddi zərər və əldə ediləcək fayda hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü cavabdeh birinci cavabdehlə eyni məzmunlu izahat verərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətləri vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı özü tərəfindən vermiş apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsi qeyriobyektiv və əsassız olduğunu hesab edir. Məhkəmə işə qeyri-obyektiv baxaraq yalnız cavabdehin dəlillərinə əsaslanmış, iddiaçı kimi onun dəlillərinə və izahatına əhəmiyyət verilməmişdir. Belə ki, İsmayıllı rayon Ruşan kənd sakinləri Cavabdeh2 Balmməd qızı və onun ailə üzvüləri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətlərində olan, İsmayıllı rayon Ruşan kəndi ərazisində yerləşən 6 hektar pay torpaq sahələrini 01 noyabr 2018-ci ildə aralarında bağlanmış sadə yazılı müqavilə əsasında ona 2019-cu ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət üçün, üç təsərrüfat ili müddətində birdəfəlik 1440 manat icarə haqqı alaraq icarəyə vermişlər. O, həmin 2018-ci ilin noyabr ayında torpağı şumlatmış, 2019-cu ilin fevral ayında həmin altı hektar torpağa yaşıl noxud bitkisi əkmişdir. Lakin məhsul ala bilməmişdir. Həmin bitkini əkməkdə məqsədi bu olmuşdur ki, növbəti əkin illər üçün torpaq güclənsin və növbəti illərdə əkəcəyi taxıl yaxşı məhsul versin, hər iki ilin xərcini və gəlirini əldə edə bilsin. Bunun üçün əlavə 1000 manat kübrələrə və 1500 manat sair aqrotexniki qulluğa xərclər çəkmişəm. Növbəti 2020-ci ildə nəzərdə tutduğum kimi taxıl əkməyə hazırlaşarkən məlum oldu ki, cavabdehlər torpağı başqasına satmışlar. Cavabdehlər gətirib ona müqavilə üzrə qalan iki il üçün aldıqları icarə haqqını 1000 manat hesab edərək qaytarıb torpağı başqa şəxsə 1800 manata icarəyə verdiklərini bildirdilər. O da məcbur qalaraq onların başqa şəxsdən aldıqları 1800 manatın əvəzinə həmin ona verdikləri 1000 manat, məbləğin üzərinə 800 manatı da özündən əlavə edib torpağı onlardan icarəyə almaq istəyən şəxsə qaytarmışdır. Beləliklə də onu 1440 manatdan əlavə 800 manat da zərərə salıblar. Razılaşmalarına əsasən torpaqların becərilməsi üçün dövlət tərəfibndən hər hektar üçün verilən 200 manat, cəmi 1400 manat subsidiyanın 50 faizi ona çatmalı olduğu halda razılaşmalarını pozaraq subsidiyası bütünlüklə götürərək verməmişlər. Yəni subsidiya kartı cavabdehlərin özlərində olmuş və dövlət tərəfindən verilən subsidiyanı da özləri almışlar. Bu il isə cavabdehlər ona bildirirlər ki, biz torpağı ona icarəyə vermirlər, satıblar, torpağı geri qaytar. O isə torpağa çəkdiyi xərcin müqabilində o, 6 hektardan hər bir hektardan 50 sentner olmaqla 30 ton taxıl götürməlidir. O, illərlə taxılçılıqla məşğul olur və bu nəticə realdır. Bununla da qeyd edilən şəxslər torpağı mənə icarəyə verməkdən imtina etdikdə o, əldə edəcəyi 6500 manat məbləğində gəlirdən məhrum olur. Cavabdehlər 1440 manat + 600 manat + 700 manat (subsidiya) = 2940 manat maddi zərər vurmuşlar. Ən azı onun icarə haqqı kimi ödədiyi 960 + 800 = 1760 manat məbləğini məhkəmə nəzərə almamış, mənbəyi və əsası bilinməyən səbəbdən cəmi 480 manat təmin etmişdir. Məhkəmə cavabdehlərin subsidiyanın onun tərəfidən alınmasını yalandan qeyd etməklə cavabdehlərin iddianın həmin hissəsində mülki məsuliyyətdən yayınmaq istədiklərini nəzərə almamış, subsidiyaların kart vasitəsi ilə kim tərəfindən alınması barədə müvafiq Banka sorğu etməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Mülki Prosessual məcəlləsinin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi möhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdeh1 özü tərəfindən vermiş apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, İsmayıllı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin iddianın təmin edilmiş hissəsindən narazıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ona və ailə üzvülərinə məxsus olan 9 hektar torpaq sahəsinin 6 hektarını 2016-cı il tarixdən əkibbecərir. Qarşılıqlı razılığa əsasən həmin ərazini 2019-cı ilin avqust ayından 2023-cü ilin sentyabr ayına kimi iddiaçıya icarəyə verərək ondan 1440 manat almışlar. Torpaq sahəsinə dövlət tərəfindən verilən subsidiyasında yarı bölməyə aralarında razılığa gəlmişlər. Amma iddiaçı subsidiyanı alsa da aralarında olan razılığı pozaraq onlara düşən subsidiyanı onlara verməkdən boyun qaçırmış və aralarında olan razılıq onların yox, iddiaçının günahı ucbatından pozulmuşdur. Sonra ailələrində ağır xəstə olduğu üçün onlar torpaq sahələrini satmaq məcburiyyətində qalmışlar və həmin sahəni ərazi üzrə bazar qiymətinə uyğun olaraq 3500 manata almağı ilkin iddiaçıya təklif etsələrdə o, torpaq sahəsini həmin qiymətə almaqdan imtina etmiş və ancaq 3000 manat verə biləcəyini bildirmişdir. Ona görə də onlar özlərinə məxsus torpaq sahəsini başqa şəxsə satmaq məcburiyyətində qalmışlar. İddiaçı iki il ərzində, yəni razılışdıqları 3 ilin 2 iki ilini torpaq sahəsini əkib-becərib və kifayət qədər gəlir götürüb. 2021-ci ilin taxılını da özü biçib və artıq ona heç bir borcları qalmamışdır. Aralarında olan razılığın da pozulmasının günahı onların yox, onun günahından pozulmuşdur. Yəni məhkəmənin gəldiyi nəticə əsasızdır, onların iddiaçıya heç bir borcları yoxdur. Yəni məhkəmə bizə qarşı olan iddianı tam rədd etməli olduğu halda, onu qismən təmin etməklə qanunsuz, əsassız qərar çıxarıb və həmin qərarın ləğv olunması və iddianın tam rədd edilməsi daha qanunidir. Ona görə də hesab edir ki, özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsinin şikayət etdiyi hissədə ləğv edilməsi, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X5 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə оlаn 10 avqust 1999-cu il tarixli JN 0064 KOD 40721018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarı ilə X4, Cavabdeh2 Balaməd oğlu, X2 və X1 birgə mülkiyyətlərinə 4,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə оlаn 10 avqust 1999-cu il tarixli JN 0065 KOD 40721018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarı ilə Cavabdeh1, X6 və Cavabdeh3 birgə mülkiyyətlərinə 4,59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə оlаn 01 noyabr 2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 özlərinə məxsus 6 hektar torpaq sahəsini 2019-cu ilin avqustundan 2023-cü ilin sentyabr ayına kimi (üç illik) Adilə icarəyə vermək adı altında ondan 1440 manat alaraq torpaq sahəsinə verilən yardımı (dotasiya) yarı bölməyə razılaşmışlar. İşdə оlаn 27 aprel 2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Mülki işin müəyyən edilmiş gerçək vəziyyətindən aydın olur ki, iddiaçı cavabdehlərin mülkiyyətində olan 6 ha pay torpaq sahəsini 2016-cı ildən əkib becərir. Tərəflər 2019-cu ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək olan 3 il müddət ərzində həmin torpaq sahəsini iddiaçının əkib-becərməsi barədə şifahi razılığa gəlmişlər və iddiaçı bunun müqabilində cavabdehlərə 1440 manat pul vermişdir. İddiaçı həmin torpaq sahəsini iki il maneəsiz əkib-becərmişdir. Cavabdehlər torpaq sahəsini satmaq istəmiş, iddiaçı onların təklif etdikləri qiymətlə razılaşmadığı üçün onlar torpaq sahəsini başqa şəxsə satmışlar. Ona görə də cavabdehlər iddiaçıdan torpaq sahəsini bir il tez geri qaytarmasını tələb etmişlər. Tərəflər arasından torpaq sahəsinin icarəyə verilməsi barədə qanunamüvafiq qaydada müqavilə bağlanılmamışdır. Yalnız cavabdehlər tərəfindən həmin torpaq sahəsini icarəyə verərək 1440 manat icarə haqqı almalarına dair sadə qəbz yazılmışdır. Həmin qəbzdə iddiaçının adı yazılmamış və onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Öyərnilən işdən görünür ki, həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişlər. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Çünki iddiaçı iddia tələbində cavabdehlərin hərəkətləri nəticəsində 6500 manat məbləğində faydanın əldən çıxdığını göstərsə də, iddiaçı və cavabdehlər izahatlarında cavabdehlərə məxsus torpaq sahəsində əkilmiş taxıl məhsulunun iddiaçı tərəfindən biçiləcəyini və bununla bağlı mübahisə olmadığını göstərmişlər. Eyni zamanda, iddiaçı dəymiş zərərin nədə ifadə olunduğunu və ona hansı qaydada zərər dəydiyini, bununla bağlı cavabdehlər tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan hüquq normalarının tələblərini, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin həddə təmin etmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(037)-437/2021 nömrəli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sdərlik edən hakim İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1822/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1822/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver