Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-183/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işi üzrə Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil iddiaçının adına xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin, mülkiyyət hüququnun həyata keçirilməsinə törətdiyi maneəçiliyin aradan qaldırılaraq onun ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı mənzil, Göyçay rayon X1 fəhlə işləyərkən, orada mənzil şəraitini yaxşılaşdırmaya ehtiyacı olan şəxs kimi növbəyə götürülmüş və 1986-ci il tarixində Həmkarlar təşkilatının müdiriyyətlə birlikdə qərarına əsasən, Göyçay rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə mənzil ayrılmışdır. Mənzil Fondunun Özəlləşdirilməsinə dair Qanuna əsasən, iki otaqlı, 30,5 kv.m. yaşayış, ümumi sahəsi 56,1 kv.m.dən ibarət olan, ünvan 4 ünvanını, Göyçay şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03 saylı, 11 avqust 1997-inci il tarixli qərarına əsasən Reyestr kitabında 3053 nömrə və 6797 inventar işi kimi qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. Göyçay şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi, köhnə nümunədə olduğu üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən dəyişdirilərək yeni nümunədə 16 iyul 2020-ci il tarixli ********** reyestr saylı ÇİXARİŞ verilmişdir. Cavabdeh, mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamır, ailəsilə başqa ünvanda, fərdi həyət evində yaşayırlar. Lakin həmin mənzilə daxil olmasına imkan vermir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)-878/2022 ömrəli iş üzrə qəbul etdiyi 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbi təmin edilmiş, Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzilə İddiaçı daxil olmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzil İddiaçı xüsusi mülkiyyətidir. Buna görə də məhkəmə hesab edir ki, Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzil İddiaçı daxil olmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 71.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğvi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşin faktiki hallarından görünür ki, mənim mənzilə еhtiyacım оlduğundan, mənzil şəraiti оlan, rəsmi şəkildə Göyçay rayоnu Səyyar Mехanikləşdirilmiş Dəstədə fəhlə işləyən qardaşım Əliyеv Azər Əbilfəz оğlunun adını mənzil növbəsinə yazdırmışam. Qardaşım öz təşəbbüsü ilə mənzil növbəsinə yazılmamışdır, özünün yaşamağa mənzili, şəraiti оlmuşdur. 1986-cı ildə həmin SMD-nin Həmkarlar təşkilatının müdiriyyətlə birlikdə qərarına əsasən, Göyçay rayоn ХDS İK-nın qərarı ilə mübahisəli mənzil qardaşımın adına ayrılmışdır. Lakin həmin mənzil mənim üçün nəzərdə tutulmuşdur. Mənzil ayrılan vaхtdan həmin mənzildə mən və ailə üzvlərim yaşamışıq. 1986-cı ildən bu günədək həmin mənzildə yaşayırıq. İşin qеyd оlunan faktiki halı qanuni qüvvəyə minmiş digər qətnamədə təsdiq оlunmuşdur və mübahisələndirilməyən haldır. Qardaşım Əliyеv Azər Əbilfəz оğlu qardaşlıq haqqını, ədaləti tapdalayaraq mənə хilaf çıхmışdır. İlk əvvəl mənə qarşı iddia qaldıraraq mənim mənzildən çıхarılmağımı tələb еtmiş, məhkəmə çəkişmələri nəticəsində оnun bu iddiası əsassız оlduğu üçün rədd еdilmişdir. Sоnradan qardaşım mənə qarşı fоrmal оlaraq iddia qaldıraraq, mənim guya оnun mənzilə daхil оlmasına yaratdığım manеələrin aradan qaldırılmasını tələb еtmiş, birinci instansiya məhkəməsi isə işin faktiki halları ilə ziddiyyət təşkil еdən qətnamə çıхararaq iddianı təmin еtmişdir. Halbuki, qardaşımın qardaş kimi mənzilə gəlib-gеtməsinə manеə yaratmamışam. Qardaşımın özünün еvi-еşiyi var, mənim yaşadığım mənzilə hеç bir еhtiyacı yохdur. Bundan başqa, yuхarıda qеyd еtdiyim kimi, mənzil qardaşımın adına rəsmiləşdirilsə də, faktiki оlaraq mənim üçün əldə оlunmuşdur. Əgər qardaşımın еvə-еşiyə еhtiyacı оlsa idi, mən оna bacardığım köməyi еdərdim. Lakin qardaşım bütün yuхarıda sadaladıqlarımı bilə-bilə, mənə qarşı əsassız iddia qaldırıb, dərk еdə-еdə, yaхud dərk еtmədən mənə mənəvi iztirab vеrir. Qardaşım açıq-aşkar şəkildə hüquqdan sui-istifadə edir. Hazırkı iddia tələbi ilə bağlı nəzərinizə çatdırıram ki, tərəflər arasında ümumiyyətlə mübahisə mövcud deyil, mövcud olmayan mübahisəyə isə məhkəmədə baxıla bilməz. Yuxarıda vurğuladığım kimi, qardaşımın bir qardaş kimi mənzilə gəlib-getməsinə maneə yaratmıram. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazında iddia tələbinin dəlillərini müdafiə etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh izahatında iddiaçının mübahisəli mənzilə köçürülməsinə razı olmadığını bildirərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı izahatında mübahisəli mənzil alınan vaxtdan orada yaşamadığını, bu müddət ərzində ata evində yaşadığını, lakin hazırda ata evində yaşamağına digər bacı və qardaşları tərəfindən maneə törədildiyi üçün həmin evdə yaşaya bilmədiyini və yaşamağa başqa yeri olmadığı üçün mülkiyyətində olan evə köçürlməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (3cü bənd) Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (2-ci bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı “Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Cavabdeh apelyasiya şikayətində bu rəsmiləşdirmənin formal aparıldığını, mənzilin faktiki ona məxsus olduğunu, iddiaçının başqa yaşayış yeri olduğunu bildirir. Məhkəmə hesab edir ki, bu dəlilləri təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. ünvan 6 ünvanında yerləşən 33 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış hazırda da qüvvədədir. Digər tərəfdən iddiaçının mülkiyətində bir və ya bir neçə daşınmaz əmlakın olması qanunla qadağan edilmir və bu hal, onun mübahisəli mənzilə ehtiyacının olubolmamasının meyarı kimi çıxış edə bilməz. Mülki qanunvericiliiyin mənasına görə də, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göründüyü kimi, ünvan 6 ünvanında yerləşən 33 saylı mənzil iddiaçının mülkiyyətindədir və o, cavabdeh tərəfindən törədilən manələr nəticəsində həmin mənzildə yaşamaqdan məhrum olmuşdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Ona görə də Məhkəmə hesab edir ki, iddiaçının, ona məxsus mənzilə köçürülməsinə cavabdeh tərəfindən törədilən maneələr qanunsuzdur və aradan qaldırılmalı, iddiaçı mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi barədə nəticəyə gələn Rayon Məhkəməsi hazırki iş üzrə prosessual pozuntuya yol vermişdir. Belə ki, Rayon Məhkəməsi iddiaçının mübahisəli mənzilə daxil olmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını qət edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı irəli sürdüyü tələb – cavabdeh tərəfindən onun (iddiaçının) mülkiyyət hüququnun həyata keçirilməsinə törətdiyi maneçiliyin aradan qaldırılaraq onun ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə köçürülməsi təşkil edir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə daxil olmasına cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsı barədə tələbi olmadığı halda, Rayon Məhkəməsi iddia tələbindən kənara çıxaraq, olmayan tələb üzrə qətnamə çıxarmışdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxmada yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Rayon Məhkəməsi iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur. Beləliklə, Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-nin 385.1.1 maddəsinə görə, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tаrixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiası təmin edilsin. İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh törətdiyi maneələr aradan qaldırılaraq iddiaçı Əliyev X3 şəhəri ev 8 ünvanında yerləşən 33 saylı mənzilə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-183/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-183/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver