Məhkəmə qərarları › İş №2(107)-1833/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1833/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1833/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh qızı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “yaşayış evindən istifadə hüququnun verilməsi və birgə istifadədə olan fındıq bağından istifadə hüququnun verilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(024)-337/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 23 iyun 2021-ci il tarixli, 2(024)- 337/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “18 il yaşadığı qaynatasına məxsus, hazırda qeydiyyatda olduğu evdə ona yaşamaq hüququnun verilməsi və 0,62 ha fındıq bağından mərhum ərinə çatacaq beşdə bir hissəsinin onun istifadəsinə verilməsi tələbinə dair” iddiası əsassız olduğundan rədd edilmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 il yaşadığı qaynatasına məxsus, hazırda qeydiyyatda olduğu evdə ona yaşamaq hüququnun verilməsi və 0,62 ha fındıq bağından mərhum ərinə çatacaq beşdə bir hissəsinin onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 15 noyabr 2001-ci il tarixdə X8 ilə faktiki olaraq evlənərək onun atasında məxsus evdə yaşamağa başlamışlar. Nikahlarını 26 avqust 2007-ci ildə Qax rayon Sarıbaş İcra Nümayəndəliyində qeyd etdirmişlər. O, göstərilən tarixdən bu günə kimi həmin yaşadığı evdə qeydiyyatdadır. Onların birgə ərarvad kimi yaşadıqları dövrdə uşağı olmamışdır. O, təxminən 18 il ərinin atasına məxsus evdə yaşamış və həmin təsərrüfatda onlarla birgə işləmiş, təsərrüfatın idarə olunmasında iştirak etmişdir. X3 19 sentyabr 20İ9-cu ildə ürəyin işemiyası xəstəliyindən vəfat etmişdir. O, hazırda müvəqqəti olaraq atasının evində yaşayır. Ərinin sağlığında qaynatasının evində hamı ilə mehriban yaşamışdır. Əri ilə heç bir mübahisəsi olmamış, sadəcə olaraq xəstələnmiş və vəfat etmişdir. O, ərinin xatirəsini əziz tutur. Hazırda atasının evində yaşayır. Lakin arada valideyinləri ilə aralarında narazılıq olur. Orada yaşamaqla çətinlik çəkir. Qaynatasının evində 2 nəfər yaşayır. Orada yaşamağa imkan var. O, həmin evdə yaşamaq istəyir. Ona görə də, istəyir ki ona qaynatası Cavabdeh məxsus evdə yaşamaq hüququ verilsin. Bundan başqa kənddə aqrar islahatlar aparılan vaxtı əri də digər ailə üzvləri ilə birlikdə 5 nəfər olmaqla islahata qatılmışdır. Yəni təsərrüfatdan əmlak və torpaq payı alacaq subyektlərin siyahısına daxil olub. Onların ailəsinə 2.31 ha əkin sahəsindən və 0,62 ha fındıq bağından pay düşüb. Ona əkin sahəsindən pay verilməsi barədə məhkəmə qərarı var. Lakin fındıq bağından pay almamışdır. Fındıq bağının mülkiyyət sənədi alınmayıb. Bağın plan və ölçüsü sənədi var. Bu sənəd də istifadə hüququ verir. 0,62 ha fındıq bağı da 8 nəfərin payıdır və bunun 1/5-i ərinə düşən paydır. Ona görə də bağın ərinin payı olacaq 1/5 hissəsinin onun istifadəsinə verilməsini istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 18 il yaşadığı qaynatasına məxsus, hazırda qeydiyyatda olduğu evdə ona yaşamaq hüququnun verilməsi və 0,62 ha fındıq bağından mərhum ərinə çatacaq 1/5 hissəsinin onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq onu da göstərdi ki, qızı İddiaçı 2001-ci ildə ərə getmişdir. X8 19 sentyabr 20İ9-cu ildə ürəyin işemiyası xəstəliyindən vəfat etmişdir. Həmin vaxtdan iddiaçı həmin evi tərk etmişdir. Belə ki, İddiaçı ona evdə narazılıq olduğunu bildirərək onu gəlib aparmasını demiş, o da Kəmaləni əri ilə birlikdə yaşadığı evdən aparmışdır. Kəmalə təxminən 2 ildir ki, onun evində yaşayır. Məhkəmədən İddiaçı 18 il yaşadığı qaynatasına məxsus, hazırda qeydiyyatda olduğu evdə ona yaşamaq hüququnun verilməsi və 0,62 ha fındıq bağından mərhum ərinə çatacaq beşdə bir hissəsinin onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Tapdıq oğlu izahat verərək göstərmişdir ki, iddia tələbində göstərilənlər əsassızdır. İddiaçı oğlu X8 ilə nikahı xitam olunduğundan, iddiaçının onun ailə üzvü sayılmır və bu səbəbdən mərhum oğlunun da öz xüsusi təsərrüfatı və əmlakı qalmadığından İddiaçımn onun xüsusi mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququndan söhbət belə gedə bilməz. İddiaçı işin hallarını təhrif olunmuş şəkildə göstərdiyi iddia ərizəsindən belə aydın olur ki, o, artıq bir dəfə məhkəmədə mərhum əri X2 miras qalmış miras əmlakından ona düşən hissənin onun mülkiyyətinə verilməsi tələbinə dair iddia qaldırmış və Qax rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(024)- 206/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş minik avtomobili və məişət əşya və avadanlıqları üzərində onun 4/6 (altıda dörd) hissə payı, Dövlət Aktına əsasən 2,31 ha torpaq sahəsinin 1/5 (beşdə bir) hissəsi üzərində onun 1/3 (üçdə bir) hissə payı müəyyən edilmişdir. İddiaçı ona qarşı hazırki absurd da olsa belə, iddiası var idisə, o, bu iddianı keçən il iddia qaldırarkən niyə irəli sürməmişdir? Qax rayon məhkəməsinin yuxarıda sözügedən qətnaməsi ilə qət edilmişdir ki, Dövlət Aktına əsasən 2.31 ha torpaq sahəsinin 1/5 (beşdə bir) hissəsi mərhum X14 İslahat Komissiyası tərəfindən verildiyindən hədiyyə qismində verilmiş əmlak hesab edilməsi və ər-arvadın birgə mülkiyyəti hesab edilə bilmədiyi qeyd edilmişdir. Qətnaməsi qanuni qüvvəyə minmiş məhkəmənin mövqeyindən yanaşdıqda, birmənalı şəkildə qeyd olunmalıdır ki, 0,62 ha fındıq bağından oğluna düşən 1/5 (beşdə bir) hissə də oğlum-mərhum Ramil Hacıyevlə İddiaçı ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Həmin qətnamədə o da qeyd olunur ki, miras qoyan Ramil Hacıyevin 3 (üç) nəfər birinci növbəli vərəsələri vardır. Bütün bunlarla belə qənaətə gəlmək olar ki, İddiaçı mərhum oğlu Ramil Hacıyevə düşən 0,62 ha fındıq bağının 1/5 (beşdə bir) hissənin 1/3 (üçdə biri)nə iddia edə bilər ki, bu da 0,0413 ha, cəmi 4 sot fındıq bağı sahəsini təşkil edir. İddiaçı Kəmalə Xəlilovanm ərizəsində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. O, nəinki 18 (on səkkiz) il, heç 18 (on səkkiz) ay gəlinlik etməmişdir. O, oğlunu öz təsiri altına sala bilmiş, oğlu da onun dediyi ilə oturub- durmuşdur. 2005-ci ilin sentyabrında onlar işləmək adı ilə Bakı şəhərinə getmiş və 2013-cü ildə kəndə qayıtmışlar. Bundan sonra onlar Rusiyanın Samara şəhərinə getmiş, oradan da 2-3 ildən sonra qayıtmışlar. Samaradan qayıdanda oğlu da Kəmalə ilə qaynatası Tapdıq Xəlilovun evində yaşamışlar. Yalnız son 1 (bir) ildə, yəni- 2018-2019-cu ildə onlar onun evində yaşamışlar. Oğlu ilə Kəmalənin aralarında tez-tez münaqişə olmuşdur. Kəmalənin əri Ramil ölərkən Kəmalə heç evdə olmamışdır. Kəmalə evi 2019-cu ildə könüllü tərk edib getmişdir. Ramilin heç bir xəstəliyi olmamış, o, naməlum şəraitdə ölmüşdür. İddiaçı ona məxsus evdə yaşamaq hüququ mümkünsüzdür, qanunsuzdur. Çünki, İddiaçım əri-oğlu Ramil Hacıyevlə bölünməmiş ümumi birgə əmlakı qalmamış, oğlunun da öz şəxsi əmlakı olmamışdır. Onun xüsusi mülkiyyətində olan əmlakın da İddiaçı aidiyyatı və ya iddiaçının onun xüsusi mülkiyytində olan əmlaka qətiyyən aidiyyatı yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iddiaçı onun mərhum oğlu Ramilin arvadı olmuşdur. Kəmalə onların yaşadığı evə köçdükdən sonra 1 il yaşamış, sonra isə 2005-ci ilin sentyabrında Ramilin yanına Bakı şəhərinə getmişdir. 2013-cü ildə kəndə qayıtmışlar. Bundan sonra Kəmalə Ramillə birlikdə Rusiya Federasiyasının Samara şəhərinə gedərək orada yaşamış və oradan da geri qayıdaraq Kəmalənin atasına məxsus evdə yaşamağa başlamışlar. 2017-ci ildə Kəmalə Ramillə birlikdə onlara gəlmiş, 19.09.2019-cu il tarixdə oğlu Ramil ölmüşdür. Ramil öldükdən bir həftə sonra iddiaçı onun evini tərk edərək getmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(024)-337/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə qüvvədə olan qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Belə ki, məhkəmə əsaslanmışdır ki, mübahisəli fındıq bağının əsli məhkəməyə təqdim olunmayıb və istifadə hüququ ancaq yaşayış sahəsinə tədbiq edilə bilər. Bu isə tamamilə yalnış fikirdir. İş materiallarında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin arayışı var. Arayışda göstərilir ki, arxiv materiallarına əsasən X7 adına Qax rayonu Cəlayir kəndində A-126997 saylı torpaq sahəsinin planı və ölçü sənədinə əsasən 0.6313 ha fındıq bağında, yəni mübahisəli bağda 4/1 pay hüququ var. Bu pay ona dövlət tərəfindən qanuni əsaslarla verilmiş paydır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən onların uşaqları olmadığı üçün o, ərinin birinci növbəli, həm də yeganə vərəsəsi sayılır və fındıq bağından ona çatacaq pay ona verilməlidir. Mülki məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın natarada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.. Mülki məcəllənin 1160-cı maddəsində isə göstərilir ki, əvvəlki növbənin vərəsələrindən heç olmazsa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İndiki halda isə məndən əvvəl vərəsə mövcud deyil. Göstərildiyi kimi o, qeydiyyatda olduğu evdən öz istəyi ilə yox həmin dövr üçün yaranmış vəziyyətlə əlaqədar çıxmışdır. Mərhum ərinin birgə mülkiyyətdə olan fındıq bağına isə hüququnu itirməmişdir. Göstərilənlərə və işdə sənədlərə əsasən Qax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(024)- 337/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, uzun müddət yaşadığı və hazırda qeydiyyatda olduğu evdə yaşamaq hüququnun verilməsi və Dövlət Reyestr xidməti tərəfindən verilmiş arayışda göstərilən həddə 0.6313 ha bağ sahəsindən mərhum ərinə çatacaq payın ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı və onun nümayəndəsi X6 apellyasiya şikayətində qeyd edilən halları əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Qax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(024)-337/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(024)-337/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan Qax RİHB-nın Sarıbaş kənd İƏD-nin verdiyi 01.10.2020-ci il tarixli, 288 saylı arayışdan görünür ki, İddiaçı Qax rayonu Cəlayir kəndində 2015-2020-ci illər üzrə 04 nömrəli təsərrüfatbaşına kitabın 09 səhifəsində qeyd edilən, 0.163172 ha həyətyanı torpaq sahəsində 1983-cü ildə inşa olunmuş ümumi sahəsi 85 kv.m olan Cavabdeh Şeyxməhəmməd oğluna məxsus evdə 15.11.2001-ci ildə 01.10.2019-cu ilədək yaşamışdır. 26.08.2007-ci ildə bu günə qədər həmin evdə qeydiyyatdadır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə Qax rayonu Cəlayir kəndində yerləşən 6213 kv.m torpaq sahəsi Cavabdeh verilmişdir. İş materiallarında olan AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonunun Cəlayir kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ № 967747 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 19.09.2019-cu ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X8 ilə İddiaçı nikahları 26 avqust 2007-ci ildə qeyd edilmişdir. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı istifadə hüququ tələb etdiyi mənzilə 2007-ci ildə gəlin köçmüş, 2019-cu ildə isə mənzili tərk etmişdir. İddiaçı mübahisəli evlə bağlı hüquq münasibətləri 2007-ci il tarixdə yarandığı ücün yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ei il sentyabrın 1- dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən mənzildə yaşadıqdan sonra öz arzusu ilə, heç bir təzyiqə məruz qalmadan, 2019-cu ildə mənzili tərk etmiş, hazırda da həmin mənzildə əmlakı yoxdur. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın rəsmi reystrində qeydə alınmaslda, həmin evə cavabdehin gözlənilən mülkiyyət hüququ vardır və iddiaçı ilə cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-in 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. MM-in 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İşin hallarından müəyyən edildiyi kimi, iddiaçı mübahisələndirilən mənzili 2019-cu ildə tərk etmiş, yaşayış evini tərk etdikdən sonra 2 ilə yaxın müddət keçmişdir. İddiaçı bunu məhkəmə iclasında etiraf etmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı könüllü olaraq yaşayış yerini tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə yaşadığından sözügedən evə münasibətdə hər hansı bir hüququ yaranmamışdır. itirmişdir. MM-in 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddia tələbinin 0,62 ha fındıq bağından mərhum ərinə çatacaq beşdə bir hissəsinin onun istifadəsinə verilməsinə dair hissəsi ilə bağlı isə birinci instansiya məhkəməsi haqlı oalraq qeyd etmişdir ki, qanunvericilikdə istifadə hüququ ancaq yaşayış sahəsinə şamil edilir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. MM-in 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında yuxarıda tədqiq edilmiş sübutların işığında müəyyən olunur ki, iddiaçının mübahisəli evdə istifadə hüququ mövcud deyil, digər tərəfdən sonuncu heç bir üzürlü səbəb olmadan könüllü olaraq yaşadığı evi 2019-cu ildə tərk etmiş və hal-hazırda da həmin mənzildə yaşamır, özünün də iddia etdiyi kimi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mənzil hüququnu yaşadığı digər evdə gerçəkləşdirmişdir.. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(024)-337/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar