Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1838/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(025)-604/2020 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 03 sentyabr 2020-ci il tarixli 2(025)-604/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən tutularaq Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi (bundan sonra iddiaçı və ya “Qaz İxrac” İdarəsi) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində qaz kəmərin mühafizə zonasında inşa edilməkdə olan tikilinin (yaşayış evinin) dayandırılması, cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 325 mm-lik yüksək təzyiqli, yeraltı Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən yeraltı 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa ediməkdə olan yaşayış evi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(025)-604/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(107)- 168/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(025)- 604/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(107)- 168/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2021-ci il tarixli 2(102)-3908/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(107)-168/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020ci il tarixli 2(025)-604/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. O, əlavə ərizə təqdim edərək iş üzrə iddia tələbinin “tikilinin dayandırılması” hissəsinin deyil, “inşa edilmiş tikilinin sökülməsi” hissəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(025)- 604/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Birinci instansiya məhkəməsi iddianı rədd edərkən və müvafiq olaraq apellyasiya instansiya məhkəməsi həmin qətnaməni dəyişdirilmədən saxlayarkən torpaq sahəsinin cavabdehin mülkiyyətində olması, tikilinin onun mülkiyyətini təşkil etməsi, tikilinin sökülməsinin isə cavabdehin mülkiyyət hüququna müdaxilə edilmiş olmasını qeyd etmişdir. İşin halları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Lakin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması müəyyən olunmur. Qeyd edilməlidir ki, iddiaçı tərəfin iddia tələbində və müvafiq olaraq şikayətlərində olan dəlilləri - mübahisəli yarımçıq tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsi ilə bağlı olmuşdur. Hazırkı kassasiya şikayətinin dəlilləri isə məhkəmələr tərəfindən bu dəlillərin araşdırılmaması ilə bağlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin araşdırılması üçün heç bir təşəbbüs göstərməmiş, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcudluğu müəyyən olunmamış, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında tikilib-tikilməməsi ekspertiza rəyi ilə müəyyən olunmalı olduğu halda belə rəyin alınması təmin olunmamışdır. (iş materiallarında olan rəy vermiş qurumun həmin rəyin verilməsinə səlahiyyətinin olub-olmaması və müvafiq olaraq qeydiyyatdan keçməsi müəyyən olunmur). Bu halda isə məhkəmələrin təqdim olunmuş sübutları tam araşdırmaması ilə bağlı iddiaçının dəlillərinin əsaslı olması müəyyən olunmuş olur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 19 may 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə yaşayış evi inşa olunmuş və aktın doğruluğunu Ağdaş XİX-in rəisi Emin Mehdiyev, TİŞ-in rəisi Tahir Məmmədovun, Ağdaş XİX-in ustası Fidail Səfərov və xətt baxıcısı Fərhad Babazadə öz imzaları ilə təsdiq etmişlər. İşdə olan 19.05.2020-ci il tarixli 331 nömrəli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X4 tərəfindən Cavabdeh magistral qaz kəmərinin yüksək təzyiqli olması, kəmərdə hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələrə, yəni ona aid əmlaka və həyatına dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədilə aparılan tikinti işlərinin dayandırılmasını, tikilinin sökülməsini və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmiş, əks halda tikilinin sökülməsi üçün aidiyyəti orqanlara müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X4 tərəfindən ünvan 1 ünvanlanan 18.05.2020-ci il tarixli məktubdan görünür ki, 325 mm diametrli “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan tikililər ilə bağlı baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması üçün müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. JN-105G (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ Rayon AİK-nın 07 noyabr 1997ci il tarixli 19 saylı qərarı ilə Cavabdeh İsmaləddin oğlu və ailə üvzlərinin mülkiyyətinə Qəbələ rayon Böyük Əmili kəndində 0,50 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli 274 nömrəli rəydə göstərilmişdir ki, ekspert baxışında iştirak edən “Qaz İxrac” İdarəsinin əməkdaşlarının göstərdikləri D 325 mm-lik yeraltı qaz kəmərinin təqribi nöqtəsindən, qaz kəmərinə perpendikulyar olaraq hər iki istiqamətdə, mühafizə qaydalarına uyğun olaraq 50 metr mühafizə zonası göstərilmişdir. Cavabdeh inşa etdiyi birmərtəbəli natamam tikili yeraltı qaz kəməri keçən nöqtəsindən 40 metr məsafədə yerləşir. Şəki Apellyasiya Məhkəməsində aparılan icraat zamanı təyin edilmiş və müvafiq olaraq "xxxx" MMC tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli 51 nömrəli rəydə göstərilmişdir ki, hüquq müəyyənedici sənədə görə iddiaçının mübahisələndirdiyi, Cavabdeh tərəfindən inşa edilən tikilinin cavabdehə məxsus (JN-105G, kod-********) 0.50 ha torpaq sahəsinin plan-cizgi sxeminin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə sözügedən yaşayış evi Qəbələ rayon AİK-nın 07 noyabr 1997-ci il tarixli qərarı ilə JN-105G (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alınmasında heç bir maneə olmadığından, cavabdehin həmin yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Cavabdeh məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin gerçək halı ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili JN-105G (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın 07 noyabr 1997-ci il tarixli qərarı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 0,50 ha torpaq sahəsində inşa edilmişdir. İddiaçı cavabdehə inşa etdiyi evin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən, həmin kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyindən aparılan tikinti işlərinin dayandırılmasını, sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını təklif etmişdir. Lakin cavabdeh qeyd edilən məsələ ilə bağlı heç bir addım atmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbindən görünür ki, cavabdeh tərəfindən Qəbələ rayon Yuxarı Əmili kənd ərazisində kəmərin mühafizə zonasında kəmərdən 35-40 metr məsafədə inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 325 mm-lik yüksək təzyiqli, yerlatı Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən torpaq sahəsinin cavabdehin mülkiyyətində olması, tikilinin onun mülkiyyətini təşkil etməsi, tikilinin sökülməsinin isə cavabdehin mülkiyyət hüququna müdaxilə edilmiş olmasını qeyd etmişdir. Kollegiyaya görə, işin mübahisə olunmayan halı ilə müəyyən edilir ki, tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Lakin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kollegiya hesab edir ki, qeyd edilən qanunun tələbindən də görünür ki, göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa ediməkdə olan yaşayış evinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan savayı “Texniki təhlükəsizlik haqqında” 02.11.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001 ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPS-lər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektləri kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmuiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikiliyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin 30.06.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin təhlükəsizlik zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin Məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də həmin Məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdehin mühafizə zonasında inşa etdiyi qanunsuz tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla , həm özü tərəfindən həm də, digərləri tərəfindən alına bilinən zərərlərə görə, məsuliyyət Azərbaycan Respublikasının MM-nin 1108 və 1116-cı maddələrinə əsasən, təqsirli şəxs kimi özünün üzərinə düşür. İşdən isə görünür ki, “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X4 tərəfindən cavabdehə tikintinin dayandırılması və adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələbləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış, sonda iş üzrə düzgün olmayan nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 05 avqust 2021-ci il tarixli 2(102)-3908/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(025)-604/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilməlidir. Müstəqil Məhkəmə Ekspertizası” MMC tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli 274 nömrəli rəy üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat və “X3” MMC tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli 51 nömrəli rəy üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəlir ki, birinci instansiya məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində aparılan əvvəlki apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatının dəyəri olan cəmi 600 (altı yüz) manat iddia təmin edildiyindən cavabdehdən alınaraq “X3” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(025)-604/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dаir iddiası təmin edilsin. Cavabdeh tərəfindən Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində qaz kəmərin mühafizə zonasında inşa edilmiş tikili (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 325 mm-lik yüksək təzyiqli, yeraltı Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatının dəyəri olan 600 (altı yüz) manat Cavabdeh alınaraq “X3” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1838/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1838/2021
04.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver