Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1847/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(075)-619/2021 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 08 iyun 2021-ci il tarixli 2(075)- 619/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2495 manat əsas məbləğin, 200 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qаrşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə mürаciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamran qızından 2495 manat əsas məbləğin, 200 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehlərə nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi İddiaçı MMC ilə cavabdehlər arasında müqavilə bağlanılaraq “Hyundai” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək icarəyə verilmiş və 1250 manat dəymiş zərərə görə (350 manat kapot, 250 manat fara, 250 manat bufer, 150 manat dəmirçi, 250 manat rəngsaz) 1000 manat depozit və 245 manat avtomobili 7 gün ustada qaldığına görə, ümumilikdə 2495 manat borcu yaranmışdır. Cavabdehlər həmin borcu tezliklə İddiaçı MMC-nə qaytaracağına söz vermişlər. Lakin, cavabdehlər həmin məbləği qaytarmağa heç bir cəhd göstərməmişlər. Borcun tam şəkildə ödənilməsi ilə bağlı dəfələrlə cavabadehlərə müraciət edilsə də, cavabdehlər müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışlar. Buna görə də cavabdehlərdən 2495 manat əsas məbləğin, 200 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını tələb edirlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsi əsasında “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehlərə icarəyə verilmişdir. Cavabdeh2 həmin avtomobili 18 noyabr 2020-ci il tarixdə idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədən sonra həmin avtomobil yol polisi əməkdaşları tərəfindən müvəqqəti saxlanc yerinə aparılmış və 2 saat sonra şirkətin nümayəndəsi həmin avtomobili təmirxanaya aparmışdır. Qeyd edilən hadisə nəticəsində avtomobilə 1250 manat məbləğində zərər dəymişdir. 1250 manat dəymiş zərər, 1000 manat depozit və 245 manat avtomobilin 7 gün ustada qalmasına görə məbləğ olmaqla, ümumilikdə cavabdehlərin 2495 manat borcu yaranmışdır. Borcun tam şəkildə ödənilməsi ilə bağlı dəfələrlə cavabadehlərə müraciət edilsə də, cavabdehlər müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışlar. Buna görə də İddiaçı MMC hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(075)-619/2021 nömrəli qətnaməsi çıxarılmışdır. İddiaçı MMC apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(075)-619/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən real faktları araşdırmamış, əsassız sübutlara üstünlük vermiş, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: AR-İ № 863102 nömrəli 19.08.2019-cu il tarixli etibarnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi İddiaçı MMC-nə etibar etmişdir. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 135 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yol vərəqəsinə əsasən 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Cavabdeh2 icarəyə verilməsi razılaşdırılmışdır. İşdə olan təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi 10 noyabr 2020-ci il tarixdə saat 17:46-da Cavabdeh2 təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 136 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yol vərəqəsinə əsasən 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Cavabdeh1 icarəyə verilməsi razılaşdırılmışdır. Lakin, həmin müqavilə İddiaçı MMC tərəfindən imzalanmamışdır. Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Hyundai” markalı, **-TH- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 təhvil verilmişdir. 18 fevral 2021-ci il tarixli qüsur aktından görünür ki, X2 məxsus olan “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 350 manat kapot, 250 manat fara, 250 manat bufer, 150 manat dəmirçi, 250 manat rəngsaz olmaqla, cəmi 1250 manat dəyərində qiymətləndirilmişdir. 18 fevral 2021-ci il tarixli aktdan görünür ki, X2 məxsus olan “Hyundai” markalı **-TH- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi 18 noyabr 2020-ci il tarixdən 24 noyabr 2020-ci il tarixədək təmirxanada olmuşdur. 10 noyabr 2020-ci il tarixli, 135 nömrəli yol vərəqindən görünür ki, yol vərəqində İddiaçı MMC tərəfindən “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Cavabdeh2 Kamran qızına icarəyə verildiyi göstərilmişdir. İşdə olan 10 noyabr 2020-ci il tarixli yol vərəqindən görünür ki, yol vərəqində İddiaçı MMC tərəfindən “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Cavabdeh1 icarəyə verildiyi göstərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh1 göndərilmiş 27 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişlə Cavabdeh1 icarə müqaviləsində göstərilənləri icra etməsi, əks halda Azərbaycan Respublikası qanunvericiliyi ilə öhdəlikləri 3 gün ərzində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh2 Kamran qızına göndərilmiş 05 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişlə Cavabdeh2 Kamran qızına icarə müqaviləsində göstərilənləri icra etməsi, əks halda Azərbaycan Respublikası qanunvericiliyi ilə öhdəlikləri 3 gün ərzində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bakı şəhəri X7 İdarəsinin 20 noyabr 2020-ci il tarixli İXP ******* nömrəli X5 Protokolundan görünür ki, Cavabdeh2 tərəfindən 18.11.2020-ci il tarixdə “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri X7 İdarəısinin 20 noyabr 2020-ci il tarixli, TP-4051198 nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 18 noyabr 2020-ci il tarixdə saat 19:15 radələrində Bakı şəhəri N.B.Yusifbəyli küçəsində “Hyundai” markalı 99-TH050 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çəxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(075)- 619/2021 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı və həmin qətnamə ilə iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni qətnamədə onunla əsaslandırmşdır ki, “İddiaçı MMC iddia tələbinin əsası kimi cavabdehlər ilə arasında bağlanmış avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsinə istinad etsə də, məhkəmə araşdırması zamanı həmin müqavilələrin İddiaçı MMC tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Müqavilə tərəflərindən hər hansı birinin imzalamadığı müqavilə isə hüquqi qüvvəyə malik deyildir. Bundan başqa iddiaçı iddia tələbinin əsası kimi “Hyundai” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək cavabdehlərə icarə verdiyini bildirsə də, məhkəmənin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş nümayəndəsindən tələb etməsinə baxmalayaraq İddiaçı MMC qeyd edilən avtomobilin İddiaçı MMC-nin mülkiyyətində olmasına dair hər hansı bir hüquq müəyyənedci sənədi məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli qüsur aktı, 18 fevral 2021-ci il tarixli aktın əsilləri ilə “Hyundai” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin X2 məxsus olduğu müəyyən edilir. Hazırki iddia isə “Hyundai” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən deyil, İddiaçı MMC tərəfindən qaldırılmışdır. Lakin, İddiaçı MMC belə bir iddia tələbi ilə müraciət etmək hüququnun olmasına dair (tələbin güzəşt edilməsi və sair) hər hansı bir müqaviləni məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı təşkilatın nümayəndəsi Nərmin Əsədovanın adından verilmiş etibarnamənin lazımi qaydada təsdiq edilməmiş kserosurətini məhkəməyə göndərmişdir. Həmçinin, iddaçı tərəfin nümayəndəsi 08 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmədiyindən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsinin də müzakirə edilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının iddia tələbinin dəymiş zərərlə bağlı hissəsində onu da qeyd etməyi vacib hesab edir ki, iş materiallarına Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilməsinə dair 20 noyabr 2020-ci il tarixli, TP4051198 nömrəli inzibati tənbeh vermə haqqında qərar əlavə edilsə də, həmin qərarla Cavabdeh2 18 noyabr 2020-ci il tarixdə, saat 19:15 radələrində Bakı şəhəri, N.B.Yusifbəyli küçəsində “Hyundai” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çəxmadan manevr edərək yol hərəkəti qaydalarını pozduğu müəyyən edilir. Yəni, həmin qərarla və iş materiallarında olan digər sənədlərlə Cavabdeh2 “Hyundai” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər vurduğu müəyən edilmir. Bütün qeyd edilənləri nəzərə alaraq məhkəmə İddiaçı MMC-nin iddia tələbini əsaslı hesab etmir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda qeyd edilənlər işin gerçək halları ilə ziddiyyət təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iddianın “Hyundai” markalı **-TH- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən deyil, İddiaçı MMC tərəfindən qaldırılması, İddiaçı MMC-nin belə bir iddia tələbi ilə müraciət etmək hüququnun olmasına dair (tələbin güzəşt edilməsi və sair) hər hansı bir müqaviləni məhkəməyə təqdim etməməsi haqqında dəlilinə münasibət bildiriərək qeyd edir ki, həmin mövqe əsassızdır. Belə ki, işdə olan AR-İ № 863102 nömrəli 19.08.2019-cu il tarixli etibarnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi İddiaçı MMC-nə etibar etmişdir. Göründüyü kimi İddiaçı MMC-nin qeyd edilən “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində sərəncam vermək hüququ olmuş və bu hüquqla da qeyd edilən avtomobili cavabdehlərə icarəyə vermişdir Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh2 Kamran qızı arasında bağlanmış 135 nömrəli müqavilə İddiaçı MMC tərəfindən “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yol vərəqəsinə əsasən 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Cavabdeh2 icarəyə verilməsi razılaşdırılmış və həmin müqavilə MMC-nin direktoru tərəfindən imza edilərək möhürlə təsdiq edilmişdir. Habelə həmin avtomobil iddiaçı tərəfindən Cavabdeh2 10 noyabr 2020-ci il tarixdə saat 17:46-da Təhvil-təslim aktına imza etməklə təhvil verilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin müqavilələrin İddiaçı MMC tərəfindən imzalanmadığını iddia etməsi əsassız olmuşdur. Bundan savayı, kollegiya birinci instansiya məhkəməsinin Cavabdeh2 18 noyabr 2020-ci il tarixdə, saat 19:15 radələrində Bakı şəhəri N.B.Yusifbəyli küçəsində “Hyundai Elantra” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol hərəkəti qaydalarını pozduğu müəyyən edilsə də, həmin qərarla və iş materiallarında olan digər sənədlərlə Cavabdeh2 “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər vurmasının müəyyən edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 135 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “Hyundai” markalı, **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yol vərəqəsinə əsasən 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Cavabdeh2 Kamran qızına icarəyə verilməsi razılaşdırılmışdır. 20 noyabr 2020-ci il tarixli, TP-4051198 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Kamran qızı 18 noyabr 2020-ci il tarixdə, saat 19:15 radələrində Bakı şəhəri, N.B.Yusifbəyli küçəsində “Hyundai” markalı, 99-TH050 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 18 noyabr 2020-ci il tarixdə “Hyundai Elantra” markalı **-TH- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə aid toplanmış materiallardan görünür ki, Cavabdeh2 Kamran qızının idarə etdiyi “Hyundai Elantra” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakıbus avtobusu ilə toqquşmuşdur. Göründüyü kimi “Hyundai Elantra” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 10 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Cavabdeh2 icarəyə verilmiş və o, 18 noyabr 2020-ci il tarixdə saat 19:15 radələrində Bakı şəhəri N.B.Yusifbəyli küçəsində həmin nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, həmin manevr etmə nəticəsində də yol nəqliyyat hadisəsi baş vermiş, sözügedən avtomobil Bakıbus avtobusu ilə toqquşmuşdur. Kollegiya hesab edir ki, Cavabdeh2 həmin tarixdə qeyd edilən nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmuş və həmin tarixdə baş verən yol nəqliyyat hadisəsi onun təqsiri nəticəsində baş vermiş və avtomobilə ziyan dəymişdir. Belə olan halda iddiaçı nəqliyyat vasitəsinə dəymiş ziyanı Cavabdeh2 tələb etməkdə haqlıdır. Kollegiya iddia tələbinin dəymiş zərərin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır ona görə ki, yol nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 tərəfindən törədilmişdir. Yəni, həmin qəzanın törədilməsi və nəticədə nəqliyyat vasitəsinə zərər vurulmasında Cavabdeh1 təqsiri olmamışdır. Bundan savayı İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsi İddiaçı MMC tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, nəqliyyat vasitəsinə dəymiş ziyanın Cavabdeh1 da tələb edilməsi əsassızdır. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində tələb etdiyi 2495 manat borcun, yəni 1250 manat dəymiş zərər, 1000 manat depozit və avtomobilin 7 gün ustada qaldığına görə yaranmış 245 manatın cavabdehlərdən tutulması tələbi ilə qismən razılaşır. Belə ki, işdə olan 18 fevral 2021-ci il tarixli qüsur aktından görünür ki, X2 məxsus olan “Hyundai” markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 350 manat kapot, 250 manat fara, 250 manat bufer, 150 manat dəmirçi, 250 manat rəngsaz olmaqla, cəmi 1250 manat dəyərində qiymətləndirilmişdir. Kollegiyaya görə, iddiaçı nəqliyyat vasitəsinə dəyən zərərin 1250 manatın olmasını təsdiq edən sübutu, yəni qüsur aktını iddia ərizəsinə əlavə etsə də, iddia tələbinin qalan hissəsini təsdiq edən mötəbər sübutlarını nə birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Belə olan halda, 1250 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-nə verilməlidir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasını da düzgün müəyyən etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnamədə maddi hüquq normaları olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin XXXVİİİ fəslinə aid olan Lizinqlə bağlı 747-749-cu maddələrinə istinad etmişdir. Hansı ki, iddiadan göründüyü kimi, tərəflər arasında Lizinq müqaviləsi deyil, avtomobilin icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə görə, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mübahisənin gerçək hallarını nəzərə alaraq və istinad olunan qanunvericilik normalarına əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(075)- 619/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh2 1250 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nə verilməsi qət edilməli, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı tərəf apellyasiya şikayətinin digər dəlillərini təsdiq edəcək sübutlarını təqdim edə bilmədiyindən şikayətin qalan hissəsi əsassızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(075)-619/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia qismən təmin edilməli, Cavabdeh2 1250 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nə verilməsi qət edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı Cavabdeh2 və 20 (iyirmi) manatı İddiaçı MMC -nə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(075)-619/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamran qızına qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamran qızından 2495 manat əsas məbləğin, 200 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 Kamran qızından 1250 (bir min iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 10 manatı Cavabdeh2 Kamran qızından tutularaq dövlət büdcəsinin nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1847/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1847/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver