Məhkəmə qərarları › İş №2(107)-185/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-185/2020

29.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-185/2020 29.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(046)-1279/2019 nömrəli qətnaməsindən cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru X10 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxx 2019-cu il tаrixli 2(046)-1279/2019 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbə (bundan sonra cavabdeh və ya Göyçay şəhəri 5 saylı tam orta məktəb) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay 5 saylı tam orta məktəbin direktor əvəzi X11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli 13 saylı əmrin ləğv edilməsi, İddiaçı Göyçay 5 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktor əvəzi X11 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli onun təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsinə dair 13 №-li əmrinin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Nüşabə Kazımovanın xx xxxx 2018-ci il tarixli 31 saylı əmri ilə Göyçay şəhər 5 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş, Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Nüşabə Kazımovanın xx xxxxxx 2019-cu il tarixli 13 saylı əmrinə əsasən onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən ləğv edilmiş və tutduğu vəzifədən azad edilmişdir. Lakin cavabdeh şifahi və yazılı müraciətlərinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətini ona təqdim etməmiş, nə də maddı-məsul şəxs kımı öhdəsində olan malları təhvil almamışdır. Həmin əmri xx xxxx 2019-cu il tarixdə vəkil sorğusuna əsasən əldə etmişdir. Əmək kitabçası isə ona təhvil verilməmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələblərini pozmuşdur. Belə kı, həmin maddədə göstərilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşəgötürən nəinki son iş günü ona son haqq-hesabı, hətta əmrin surətini belə verməmişdir. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Nüşabə Kazımovanın xx xxxxxx 2019-cu il tarixli 13 saylı əmrini qanunsuz hesab edir. Belə ki, işəgötürən onun işdən çıxarılması barədə əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/13 saylı məktubunu göstərmişdir. Göyçay rayon Təhsil Şöbəsinin müdirinə ünvanlanmış həmin məktubda göstərilir ki təsərrüfat işləri üzrə direktor müavini R. Kərimovun təhsil sənədinin dövlət nümunəli olmadığı təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq əmək qanunvericiliyinin tələblərini gözləməklə təsərrüfat işləri üzrə direktor müavini İddiaçı tutduqları vəzifədən azad edilməsi və nəticəsi barədə Təhsil Nazirliyinə 1 ay müddətində hesabat təqdim edilməsi tapşırılır. Qeyd edilən məktuba əsasən Göyçay rayon Təhsil Şöbəsi xx xxxxxx 2019-cu il tarixli 34 saylı məktubla Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Nüşabə Kazımovaya müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələblərini icra edib əmrdən bir nüsxənin RTŞ-nə təqdim edilməsinin təşkil edilməsini xahiş etmişdir. Həmin məktuba əsasən Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Nüşabə Kazımova xx xxxxxx 2019cu il tarixli 13 saylı əmri vermiş və onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən ləğv etmiş, onu tutduğu vəzifədən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndində göstərilir ki, əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Həmin maddənin “Qeyd" hissəsində göstərilir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir, işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddənin 2-ci hissəsinin tələblərinə görə yalnız müvafiq iş yerində azı bır il çalışan işçilər attestasiyadan keçirilə bilər. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin maddənin 4-cü hissəsinin tələblərinə görə attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilir ki, bir vəzifədə (peşədə) faktık olaraq bir ildən az müddətdə çalışan işçilərin attestasiyası keçirilmir. Göründüyü kimi bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin attestasiyasının keçirilməməsini ehtiva edən maddi hüquq norması imperatıv xarakter daşıdığı və heç bir attestasiya keçirilmədiyi halda işəgötürən onunla bağlanmış əmək müqaviləsini ləğv etmiş və bununla da əsassız və qanunsuz əmr vermişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı və nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(046)-1279/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru X10 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı işdən azad olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/1 saylı məktubuna əsasən həyata keçirilmişdir. Azərbycan Respublikası Təhsil Nazirliyi tərəfindən Göyçay şəhər 5 saylı tam orta məktəbində aparılan yerində araşdırma zamanı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı təhsil sənədinin dövlət nümunəli olmadığı faktı təsdiqni tapmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yuxarıda göstərilən məktubla Göyçay rayon Təhsil şöbəsinə İddiaçı tutduğu vəzifədən azad olunmasını və nəticəsi barədə Təhsil Nazirliyinə 1 ay müddətində hesabat təqdim olunması tapşırılmışdır. Göyçay rayon Təhsil şöbəsi tərəfindən sözügedən məktub xx xxxxxx 2019-cu il tarixdə Göyçay şəhər 5 saylı tam orta məktəbinə göndərilmidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin "c” bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixli 13 saylı əmrlə məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı tuduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad olunarkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/1 saylı məktubu əsas götürülmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti həmin gün iddiaçıya təqdim edilmişdir. Məhkəmə qətnaməsində iddiaçının əmrin surətini vəkil sorğusu əsasında əldə etdiyi göstərilmişdir. Halbuki, iddiaçıya əmrin surəti işdən azad olunduğu tarixdə təqdim edilmişdir. İddiaçının onun işdən azad olunması barədə məlumatı olmuş, işdən azad olunması barədə əmrlə tanış olmuşdur. İddiaçı xx xxxxxx 2019-cu il tarixdən məktəbə gəlməməsi, işə çıxmaması və əmək funksiyasını yerinə yetirməməsi onun işdən azad olunması barədə məlumatının olmasını, işdən azad olunması haqqında əmrlə tanış olmasını təsdiq edir. Məktəbin kollektivi də iddiaçının xx xxxxxx 2019-cu il tarixdən işə gəlməməsini təsdiq edə bilər. Bundan başqa iddiaçı işdən azad olunduğ tarixdən sonra işə çıxmadığına görə ona əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla yanaşı iddiaçı işdən azad olunması ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş 1 ay müddətin buraxılması ilə müraciət etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdən işdən azad olunması haqqında məlumatı olduğu halda məhkəməyə 7 (yeddi) ay sonra müraciət etmişdir. Məhkəmə iş üzrə nəticəyə gələrkən nəzərə almamışdır ki, iddiaçının təhsil sənədinin dövlət nümunəli olmadığı halda onun məktəbin təsərrüfat işləri üzrə direktor müavini işləməsi necə mümkün ola bilər. İddiaçının ali təhsilə malik olmaması onun həmin vəzifədə işləməsini mümkünsüz edir. Bütün bunlarla yanaşı məhkəmə nəzərə almamışdır ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubuna əsasən işdən azad olunmuşdur ki, onun iddiası Nazirliyin də qanuni maraqlarına toxunur. Belə olan halda Azərbaycan Respublikası Təhsil Nazirliyi də iş üzrə üçüncü şəxs qismində cəlb olunmalı idi. Göründüyü kimi işə baxan məhkəmə qeyd olunan halları ətraflı araşdırmamış, iddiaçının tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru X10 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(046)-1279/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli 2(046)-1279/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Göyçay 5 saylı tam orta məktəbinin direktoru vəzifəsini icra edən X11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli 13 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən azad edilmişdir. Əmrin qeyd hissəsində İddiaçı işdən azad edilməsinin əsası kimi Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli xx-xx-2124/13 nömrəli məktubu qeyd edilmişdir. Həmin əmrin İddiaçı təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixdə vəkil Nümayəndə tərəfindən verilmiş sorğudan görünür ki, İddiaçı işdən azad edilməsi barədə əmrin surətinin və əmək kitabçasının təqdim edilməsi barədə müraciətə cavab verən Göyçay 5 saylı tam orta məktəbinin direktoru vəzifəsini icra edən X6 cavabında həmin əmrin İddiaçı təqdim edildiyi bildirilmiş, əmək kitabçasının isə Təhsil Nazirliyinə göndərildiyi qeyd etmişdir. Həmin məktubda tarix qeyd edilmədiyindən məktubun hansı tarixdə tərtib edildiyi və işdən çıxarılma barədə əmrin İddiaçı hansı tarixdə təqdim edildiyi məlum deyildir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Göyçay Rayon Təhsil şöbəsinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/1 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən və müxtəlif qurumlardan Göyçay şəhər 5 nömrəli tam orta məktəbində direktor vəzifəsini müvəqqəti icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini X6 fəaliyyətində nöqsanlara yol verməsi barədə Təhsil Nazirliyinə daxil olmuş müraciətlərdə göstərilmiş faktlar yerində araşdırılmışdır. Araşdırma zamanı müraciətlərdə qeyd olunmuş faktlardan məktəbin işçiləri ilə yazılı əmək müqaviləsinin bağlanılmadığı, tərbiyə işləri üzrə direktor müavini Telli Bəkirovanın dərs ilinin əvvəlində məktəbin təmiri və fond pulu adı altında 2017-2018-ci dərs ilində ibtidai sinif müəllimlərindən dərs bölgüsü və çalışmanın yaş həddinə çatmış müəllimlə bağlanmış əmək müqaviləsinin növbəti ildə də uzadılması üçün pul aldığı, eyni zamanda, direktor əvəzi N.Kazımovanın razılığı olmadan X18 tərəfindən məktəbdə şagirdlər üçün müxtəlif vaxtlarda ödənişli sınaq imtahanları keçirdiyi, təsərrüfat işləri üzrə direktor müavini İddiaçı təhsil sənədinin dövlət nümunəli olmadığı, 2017-ci ilin sentyabr ayında tutduğu vəzifədən azad olunmuş direktor tərəfindən heç bir üzrlü səbəb olmadan işə gəlməyən texniki işçi F.Məhərrəmovaya həmin ilin iyun-noyabr aylarında əmək haqqı ödənildiyi, məktəb inventarının (soyuducunun) mənimsənildiyi, tədris-pedaqoji sənədlərdə düzəlişlər aparıldığı təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək qanunvericiliyinin tələblərini gözləməklə Göyçay şəhər 5 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Telli Bəkirovanın ixtisası üzrə müəllim saxlanılmaqla və təsərrüfat işləri üzrə direktor müavini İddiaçı tutduqları vəzifədən azad edilmələri, məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılması, mövcud problemlərin aradan qaldırılması və təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Təhsil Nazirliyinə 1 (bir) ay müddətində hesabatın təqdim edilməsi Sizə tapşırılır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Göyçay Rayon Təhsil şöbəsinin Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktor əvəzi N.Kazımovaya ünvanladığı xx.xx.2019-cu il tarixli 34 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respubliksı Təhsil Nazirliyi tərəfindən Göyçay şəhər 5 №-li tam orta məktəbdə yoxlama keçirilmiş, həmin yoxlamanın nəticəsi əsasında Azərbaycan Respubliksı Təhsil Nazirliyi xx.xx.2018-ci il tarixli xx-xx-2124/13 nömrəli rəsmi məktub göndərmişdir.Həmin məktubda yoxlamanın nəticələri əsas götürülərək məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini X7 məktəbdə ixtisası üzrə müəllim saxlanılmaq şərti ilə tutduğu vəzifədən azad edilməsi, habelə məktəbin təsərüffat müdiri İddiaçı vəzifədən azad edilməsi tələb edilmişdir. Bildiririk ki, siz seçici siyahısını dəqiqləşdirmək üçün müvəqqəti olaraq işdə olmadığınız üçün bu tələblərin icrası təxirə salınmışdır. xx.xx.2019-cu il tarixdə sizin işə başladığınızı nəzərə alaraq xahiş edirik Azərbaycan Respubliksı Təhsil Nazirliyinin tələblərini icra edib, əmrlərdən 1 (bir) nüsxənin RTŞ-nə təqdim edilməsini təşkil edəsiniz. Göyçay Rayon Prokurorluğunun Göyçay Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 1041xid-19 nömrəli məktubunda qeyd olunmuşdur ki, Göyçay şəhər 5 nömrəli tam orta məktəbində direktor səlahiyyətlərini icra edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcud olması nəzərə alınaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Hüseyn Rüstəmli tərəfindən xx xxxx 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 59.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, xx xxxx 2019-cu il tarixli qərarla isə cinayət işi üzrə ibtidai istintaq təzələnmişdir. Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin yoxlamasından görünür ki, Göyçay şəhər 5 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı adına yazılmış Gəncə Məişət Xidməti texnikumu tərəfindən verildiyi göstərilmiş AZ N- 002110 nömrəli orta ixtisas təhsili haqqında diplom Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məlumatına əsasən dövlət nümunəli olmadığı müəyyən edilmişdir. Qeyd edilən cinayət əməlləri əsasən Göyçay rayonunda törədilmiş, dindiriləcək şəxslərin hamısı həmin rayon sakinləri olduğundan, cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olmaqla çox epizodlu və mürəkkəb xarakter daşımadığından və həmin cinayət işi ilə bağlı istintaq hərəkətlərinin ərazi üzrə rayon prokurorluğunda yerinə yetirilməsi mümkün olduğundan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Hüseyn Rüstəmli tərəfindən xx xxxx 2019-cu il tarixli qərarla həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Göyçay rayon prokurorluğuna göndərilmiş və cinayət işi xx xxxx 2019-cu il tarixdə Göyçay rayon prokurorluğuna daxil olmuşdur. Göyçay şəhər 5 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı adına yazılmış Gəncə Məişət Xidməti texnikumu tərəfindən verildiyi göstərilmiş AZ N-002110 nömrəli orta ixtisas təhsili haqqında diplom Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məlumatına əsasən dövlət nümunəli olmadığı müəyyən edildiyindən, eyni zamanda İddiaçı Göyçay şəhər 5 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunarkən qeyd olunan dövlət nümunəli olmayan diplomdan istifadə etdiyindən hazırda həmin fakt üzrə Göyçay rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X16 tərəfindən cinayət işi üzrə istintaq davam etdirilir. Şəki Apellyasiya Məhkəməsinin sorğusu əsasında alınmış Göyçay Rayon Prokurorluğunun xx xxxxxx 2019-cu il tarixli 1512xid-19 nömrəli məktubunda qeyd olunmuşdur ki, cinayət işi xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və 320.2-ci maddələri ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Göyçay şəhər 5 nömrəli tam orta məktəbində direktor səlahiyyətlərini icra edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin yoxlamasından görünür ki, Göyçay şəhəri 5 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini X12 məktəbdə fond pulu və məktəbin təmiri adı altında pul yığımı ilə məşğul olmuş və məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nüşabə Kazımovanm razılığı olmadan X18 tərəfindən məktəbin şagirdləri üçün müxtəlif vaxtlarda ödənişli sınaq imtahanları keçirmişdir. İİİ sinif müəlliməsi X26 Nazirliyinə verdiyi izahatında 2017- 2018-ci tədris ilində dərs yükü 20 saat olmasına baxmayaraq sentyabr ayında 6 saat üçün 120 manat, sonrakı aylarda isə hər ay 2 saat üçün 50 manat məbləğində pulu məktəbin tərbiyə işləri üzrə direktor müavini Telli Bəkirovaya verdiyini bildirmişdir. Məktəbin sabiq ibtidai sinif müəlliməsi X13 Nazirliyinə verdiyi izahatında çalışmanın yaş həddinə çatdığına görə 2017-2018-ci tədris ilində növbəti dəfə əmək müqaviləsinin uzadılması üçün məktəbin tərbiyə işləri üzrə direktor müavini Telli Bəkirovaya 400 manat pul verdiyini bildirmişdir. Bundan əlavə məktəb üzrə xx xxxx 2017-ci il tarixli 42 №-li əmrlə texniki işçi vəzifəsinə təyin edilmiş X3 üzrsüz səbəbdən işə çıxmamaqla, ona 2017-ci ilin iyun-noyabr aylarında 574 manat əmək haqqı ödənilmiş, xx xxxxxx 2017-ci il tarixli 99 nömrəli əmrlə işdən azad olunmuşdur. xx xxxxxx 2014-cü il tarixli 241266 nömrəli qaimə-faktura ilə məktəbə 800 manat dəyərində verilmiş 01 ədəd soyuducu yerində aşkar edilməmiş, məktıbin sabiq təsərrüfat işləri üzrə direktor müavini X1 Nazirliyinə verdiyi izahatında 2017-ci ilin noyabr ayında məktəbin dəftərxana otağında olan həmin soyuducunu tərbiyə işləri üzrə direktor müavini Telli Bəkirovanın tapşırığı ilə dəhlizə çıxarıldığını qeyd etmiş, T.Bəkirova soyuducunu aparmaq üçün icazə aldığını və aparacağını bildirmişdir. Bundan başqa Telli Bəkirovaya ixtisası üzrə dərs aparmağa icazə verilməsi barədə xx xxxxxx 2009-cu il tarixli 123 nömrəli əmrin Göyçay şəhər 5 nömrəli tam orta məktəbin əmr kitabına sonradan əlavə edilməklə yazıldığı istisna edilmir. Bununla yanaşı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı adına yazılmış Gəncə Məişət Xidməti texnikumu tərəfindən verildiyi göstərilmiş AZ N-002110 nömrəli orta ixtisas təhsili haqqında diplom və məktəbin informatika və riyaziyyat müəlliməsi Nigar Nəsirovanın adına yazılmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verildiyi göstərilmiş N-009890 nömrəli yenidən hazırlanma haqqında diplomun Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məlumatına əsasən dövlət nümunəli olmadığı müəyyən edilmişdir. X21 Nazirliyinə verdiyi izahatında Göyçay RTŞ-in müdiri Elnur İsmayılov tərəfindən hər ay aylıq pul istənilməsi, rayonda keçirilən “nar bayramı”, “ölkəmizi tanıyaq” layihəsi və digər məqsədlər üçün pul tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Hüseyn Rüstəmli tərəfindən xx xxxx 2019-cu il tarixli qərarla həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Göyçay rayon prokurorluğuna göndərilmiş və cinayət işi xx xxxx 2019-cu il tarixdə Göyçay rayon prokurorluğuna daxil olmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə təhsil almadığı halda, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən həmin məktəbin xx xxxx 1991 -ci ildə AN 025864 nömrəli saxta orta təhsil haqqında attestat sənədini əldə etmiş və xx.xx.2018-ci il tarixdə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etmiş, daha sonra işə götürən tərəfindən 2018-ci ilin aprel ayında Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq eilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”sında qeyd olunmuş təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinin ödəniş dərəcələri üzrə ixtisas tələblərinə əsasən ondan orta-ixtisas təhsilinin olması barədə diplom tələb olunduqda təhsil almadığı halda əldə etdiyi 002110 nömrəli 1994-1997-ci illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil alması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, eləcə də dövlət nümunəli olmayan saxta diplomu təqdim etməklə təkrarən saxta sənəddən bilə-bilə istifadə etmişdir. Belə ki, istintaq zamanı 9 saylı məktəbin attestat paylama kitabına və digər sənədlərə baxış keçirilən zaman İddiaçı həmin məktəbdə təhsil almadığı, 1996-cı ildə atestat paylama kitabında İddiaçı adının olmadığı və onun adına verilmiş xx xxxx 1991-ci il tarixli AN 025864 nömrəli attestatın attestat paylama kitabının 13-cü sətrində həmin məktəbin Xİ b sinfində təhsil almış Mahirə İsmayılovaya məxsus olmasının qeyd olunduğu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı 1994-1995-ci tədris ilində Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və ona 1997-ci ildə Gəncə Məişət Xidməti Kollecini bitirməsi barədə 002110 nömrəli diplom verilmiş, lakin həmin ilin sənədlərinə əsasən İddiaçı Göyçay şəhəri S.Vurğun adına İnteqrasiya təlimli internat tipli orta məktəbin 9-cu sinfində təhsil almış və 9 illik təhsilini bitirməsi barədə şəhadətnamə almamışdır. İstintaq zamanı toplanmış ilkin sübütların məcmusu ilə İddiaçı xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının CM-in 178.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Göyçay rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X16 tərəfindən həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixli digər qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə ki, İddiaçı Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə təhsil almadığı halda, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən həmin məktəbin saxta orta təhsil haqqında attestat sənədini xx.xx.2018-ci il tarixdə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etmiş, daha sonra işəgötürən tərəfindən 2018-ci ilin aprel ayında Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq eilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”nda qeyd olunmuş təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinin ödəniş dərəcələri üzrə ixtisas tələblərinə əsasən ondan orta-ixtisas təhsilinin olması barədə diplom tələb olunduqda əldə etdiyi 002110 nömrəli 1994- 1997-ci illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil alması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, eləcə də dövlət nümunəli olmayan saxta diplomu təqdim etməklə təkrarən saxta sənəddən bilə-bilə istifadə etmiş, eyni zamanda əmlak ələ keçirmək niyyəti ilə aldatma yolu ilə hüquq verən saxta sənəddən istifadə etməklə 2018-ci ilin aprel ayından 2019-cu ilin 31 yanvar tarixinədək (ayda 482 manat olmaqla) ümumilikdə 4820 (dörd min səkkiz yüz iyirmi) manat əmək haqqı alaraq qeyd olunan vəsaiti ələ keçirərək dələduzluq etdiyi üçün xx.xx.2019-cu il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 320.2-ci maddələri ilə ittiham elan edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-in 308.1, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 308.1, 320.1 və 320.2-ci maddələrindən Azərbaycan Respublikası CM-in 178.1, 308.1, 320.1 və 320.2-ci maddələrinə tövsif edilərək iş üzrə istintaq davam etdirilmişdir. İddiaçı təqsirləndirilən şəxs kimi ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildiyindən tərəfimdən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CM-in 178.1, 308.1, 320.1 və 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli işindən Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq, ********* nömrəli cinayət işi üçün zəruri olan sənədlərin əsli və digər sənədlərin kserosürəti əlavə olunaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Göyçay RPŞ-in İstintaq Bölməsinə göndərilmişdir. İstintaq materiallarından görünür ki, İddiaçı Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə təhsil almadığı halda, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən həmin məktəbin xx xxxx 1991-ci ildə AN 025864 nömrəli saxta orta təhsil haqqında attestat sənədini əldə etmiş və xx.xx.2018-ci il tarixdə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etmiş, daha sonra işə götürən tərəfindən ortaixtisas təhsili haqqında diplom tələb olunduqda təhsil almadığı halda əldə etdiyi 002110 nömrəli 1994-1997-ci illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil alması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, eləcə də dövlət nümunəli olmayan saxta diplomu təqdim etməklə təkrarən saxta sənəddən bilə-bilə istifadə etmişdir. Hazırda cinayət işi üzrə Göyçay rayon polis şöbəsinin isintaq bölməsinin müstəntiqi, polis kapitanı Natiq Rəhimov tərəfindən istintaq davam etdirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmır. İşin həqiqi hallarından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Göyçay Rayon Təhsil şöbəsinə xx xxxxxx 2018-ci il tarixli xx-xx-2124/1 saylı məktub ünvanlanaraq Göyçay şəhəri 5 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı təhsil sənədinin dövlət nümunəli olmadığı üçün tutduğu vəzifədən azad edilməsi tapşırılmışdır. Bundan sonra Göyçay Rayon Təhsil şöbəsi tərəfindən Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktor əvəzi N.Kazımovaya xx.xx.2019-cu il tarixli 34 nömrəli məktub ünvanlanaraq məktəbin təsərüffat müdiri İddiaçı vəzifədən azad edilməsi tələb edilmişdir. Göyçay 5 saylı tam orta məktəbinin direktor əvəzi X11 tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən azad edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçının işdən azad olunmasına əsas onun təhsil sənədinin dövlət nümunəli olmaması olmuşdur. Bununla bağlı Təhsil Nazirliyi məktubla Göyçay Rayon Təhsil şöbəsinə məlumat vermiş, Göyçay Rayon Təhsil şöbəsi də Göyçay şəhəri 5 saylı tam orta məktəbinə məlumat verərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tapşırılmış, cavabdehdə bunun əsasında xx.xx.2019-cu il tarixli 13 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Kollegiya hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli 13 nömrəli əmri qanuni və əsaslı olmuşdur. Belə ki, işdə olan Göyçay Rayon Prokurorluğunun xx xxxxxx 2019-cu il tarixli 1512xid-19 nömrəli məktubundan da görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanmış, digər şəxslərdən əlavə İddiaçı barəsində cinayət işi başlanmış, xx.xx.2019-cu il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham elan edilmiş və istintaq zamanı məlum olmuşdur ki, iddiaçı Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə təhsil almadığı halda, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən həmin məktəbin xx xxxx 1991-ci ildə AN 025864 nömrəli saxta orta təhsil haqqında attestat sənədini əldə etmiş və xx.xx.2018-ci il tarixdə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etmiş, daha sonra işə götürən tərəfindən orta-ixtisas təhsili haqqında diplom tələb olunduqda təhsil almadığı halda əldə etdiyi 002110 nömrəli 1994-1997-ci illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil alması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, eləcə də dövlət nümunəli olmayan saxta diplomu təqdim etməklə təkrarən saxta sənəddən bilə-bilə istifadə etmişdir. Göründüyü kimi iddiaçı Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün ona həmin diplomun əldə olunması vacib olmuş, ona görə də o, həmin diplomu hansısa yolla əldə edib təqdim edərək məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə düzəlmişdir. Bütün bunlarla yanaşı işdən görünür ki, İddiaçı1994-1995-ci ilin tədris ilində Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və ona 1997-ci ildə Gəncə Məişət Xidməti Kollecini bitirməsi barədə 002110 nömrəli diplom verilmiş, lakin həmin ilin sənədlərinə əsasən İddiaçı Göyçay şəhəri S.Vurğun adına İnteqrasiya təlimli internat tipli orta məktəbin 9-cu sinfində təhsil almış və 9 illik təhsilini bitirməsi barədə şəhadətnamə almamışdır. Bununla bağlı kollegiyanın iclasında iddiaçı verilən suallara cavab olaraq bildirdi ki, orta məktəbi Göyçay şəhəri S.Vurğun adına İnteqrasiya təlimli internat tipli orta məktəbdə oxumuş, onun oxuduğu dövrdə məktəb artıq 11 illik təhsil sisteminə keçmiş, o, 1994-cü ildə məktəbin 9-cu sinfini bitirdikdən sonra natamam orta təhsilllə Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş, bundan sonra Kollecdə təhsil almış, orta məktəbi bitirməmiş, 1996cı ildə orta məktəbi bitirməsi haqqında attestat sonradan tərtib edilməklə əslində saxta olmuşdur. Bundan başqa kollegiyanın iclasında iddiaçıya Gəncə Məişət Xidməti Kollecinin Gəncə şəhərinin hansı hissəsində, hansı küçəsində yerləşməsi, Kollecin binasının yaxınlığında (ətrafında) gözəçarpan hansı obyektin yerləşməsi, tələbə yoldaşlarının və müəllimlərinin heç olmasa bir neçəsinin adlarını deməsi, hansı fənlərin keçirildiyi və hansı fənlərdən imtahan verdiyi barədə sual verilmiş, iddiaçı Gəncə Məişət Xidməti Kollecinin Gəncə şəhərinin hansı hissəsində, hansı küçəsində yerləşməsi, Kollecin binasının yaxınlığında (ətrafında) gözəçarpan hansı obyektin yerləşməsini xatırlaya bilmədiyini bildirmiş, digər suallara da mücərrəd və inandırıcı olmayan cavablar vermiş, o cümlədən tələbə biletini və qiymət kitabçasını saxlamadığını bildirmiş, suallara cavabını əsaslandıra bilməmişdir. Kollegiya hesab edir ki, hər bir halda istənilən şəxs 3 il təhsil aldığı və ömrünün 3 ilini keçirdiyi təhsil müəssisəsinin hansı ünvanda yerləşməsini, hansı fənlərdən imtahan verməsi və s. kimi halları yaşadığı ömrün bir hissəsi kimi yadında saxlamalıdır. Bütün göstərilənlər məhkəmə kollegiyasında İddiaçı Gəncə Məişət Xidməti Kollecində təhsil almasına və onun 1997-ci ildə Gəncə Məişət Xidməti Kollecini bitirməsi barədə təqdim etdiyi diplomun dövlət nümunəli olmasına əsaslı şübhələr yaradır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Kollegiya apellyasiya şikayətinin iddia müddətin buraxılması barədə dəlillərini isə əsassız hesab edir. Belə ki, iddiaçıya mübahisələndirilən əmrin və əmək kitabçasının vaxtında təqdim edilməsi barədə iş materiallarında sübut mövcud deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X22 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” X22 Məhkəməsi “X4” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X22 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli 2(046)-1279/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı ““əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru X10 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(046)-1279/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar