Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1850/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, maraqlı şəxs-X1 iştirakları ilə, Ərizəçi “daşınmaz əmlaka 40 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə faktının təsdiq edilməsinə” dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(039)-889/2021 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Yahya oğlu Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı, o cümlədən Yevlax Rayon Məhkəməsinin 29.04.1982-ci il tarixli qətnaməsi ilə yaşamaq hüququ verilmiş Yevlax rayonu Xaldan kəndində yerləşən evinin həyətyanı sahəsi olan, eyni zamanda artıq 40 ildir ki, onun ailə üzvülərinin fasiləsiz və etirazsız istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış) mülkiyyətçi hüququ ilə 40 il ərzində fasiləsiz və etirazsız sahiblik etməyinə dair faktın təsdiq edilməsinə dair qətnamə çıxarılmasına xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(039)-889/2021 nömrəli (hakim Günay Cavadova) qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(039)-889/2021 nömrəli qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək bildirmişdir ki, hazırda istifadəsində olan həyətyanı torpaq sahəsi dövlət reyestrində qeydə alınmamışdır. O, həmin torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı dəfələrlə daşınmaz əmlakın reyestr xidmətinə müraciət etsə də, ona həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğu və bələdiyyə torpaq sahəsinə plan-cizgi verəcəyi halda ona torpaq sahəsinə dair çıxarış verilə biləcəyi bildirilmişdir. X7 əsassız olaraq onun tələbini rədd etmiş və o, hazırkı tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Milli Arxiv İdarəsinin arayışından məlum olur ki, 1977-1979-cu illərə aid təsərrüfatbaşına kitabda mərhum atam Yəhya Şirinovun adına 0,35 ha torpaq sahəsi yazılsa da, 1979-cu ilin iyun ayından sonra mərhum atasının adına 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. Hesab edir ki, atasının adından silinmiş 0,10 ha torpaq sahəsi onun hazırda istifadə etdiyi torpaq sahəsidir. O, fasiləsiz olaraq 40 ildir həmin torpaq sahəsini istifadə edir və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını istəyir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi Akif Pirməmmədov ərizəçinin tələbini qəbul etməyərək bildirmişdir ki, ərizəçinin mübahisələndirildiyi 0,10 ha torpaq sahəsi onun qardaşı oğlu Çingiz Şirinovun mülkiyyəti kimi reyestrdə qeydə alınıb. Bu səbəbdən ərizə əsassızdır və ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X2 bildirmişdir ki, həmin əmlak ona nənə və babasından vəsiyyət edilmişdir. X9 orada müvəqqəti olaraq yaşamışdır. Apellyasiya şikayətinə etiraz edir və şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Ərizəçi, onun vəkili Vəkil, digər maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Ərizəçi, onun vəkili Vəkil, digər maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini maraqlı şəxsin izahatı və iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, toplanmış sübutları məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Mülki Prosessual Məcəllədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin siyahısı dəqiq müəyyən olunub. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəni aşağıdakı dörd şərt olduqda icraata qəbul edib xüsusi icraat qaydasında baxıla bilər;1) əgər həmin fakt qanuna əsasən hüquqi nəticələr doğurursa;2) faktın müəyyən edilməsi sonradan məhkəməyə aid olan hüquq haqqında mübahisənin məhkəmədə baxılması ilə əlaqəli olmamalıdır; 3) ərizəçinin hüquqi əhəmiyyəti olan faktı başqa qaydada almaq qeyri-mümkün olmalıdır; konkret fakta münasibətdə mövcud qanunvericilik onun müəyyən edilməsinin digər (qeyri-məhkəmə) qaydasında müəyyən etməməlidir. Göründüyü kimi xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması, xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Xüsusi icraat qaydasında işə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə isə, hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarmalı və maraqlı şəxslərə (ərizəçilərə) onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilməlidir. Deməli, iddia icraatı çərçivəsində xüsusi icraat qaydasında həll edilməli olan fakt haqqında məsələ həll oluna bildiyi halda, xüsusi icraat çərçivəsində iddia icraatında həll edilməli olan hüquq haqqında məsələ həll edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Qeyd olunan Qərarın 7.2-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edildikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunan Məcəllənin 260.1. maddəsinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması qanunvericiliklə nəzərdə tutulmadığından, həmçinin baxılmış işdə hüquq haqqında mübahisə olduğundan, iş üzrə ərizəçi X3 vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(039)-889/2021 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, həmçinin ərizəçi X4 ümumi əsaslarla məhkəmədə iddia vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 400, 402-403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(039)-889/2021 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi “daşınmaz əmlaka 40 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə faktının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1850/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1850/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver