Məhkəmə qərarları › İş №2(107)-1854/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1854/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1854/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-263/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-263/2021 nömrəli (hakim Zamin Tahirov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilmişdir. işin faktiki halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən şəhəri C.Məmmədquluzadə küçəsi 20 nömrəli evin Cavabdeh1 adına özəlləşdirmənin etibarsız hesab edilməsi və onun adına verilmiş sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsin iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 adına verilmiş 10 avqust 2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Balakən şəhəri C.Məmmədquluzadə küçəsi 18 nömrəli ünvünda 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair 31 avqust 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsin iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, X8 atası, X13 isə onun anasıdır. ünvan 1 ünvanda X3 məxsus 2 fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evlərinə dair X1 adına tərtib olunmuş 1976-cı il tarixli 8017 invertar nömrəli texniki pasportla müəyyən olunduğu kimi, həmin ünvanda onun mülkiyyətində A tikilisi 2 mərtəbəli, B tikilisi 1 mərtəbəli olmaqla 2 fərdi yaşayış evi olmuş, həmin yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0,17 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunur ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (bənd 1.11.) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Balakən şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 20 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evlərindən B tikilisi mərhum X4 adına dövlət qeydiyyatına alınmış, onun ölümündən sonra isə 02 mart 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəlik qaydasında 03 mart 2017-ci il tarixdə İddiaçı adına keçmişdir. Adına tərtib olunmuş 02 mart 2017-ci il tarixli, 3688 invertar nömrəli texniki pasportla müəyyən olunur ki, sözügedən fərdi yaşayış evi 1953-cü ildə inşa edilmiş, onun yerləşdiyi torpaq sahəsi 0.06 ha-dır. Həmin fərdi yaşayış evlərindən A tikilisi və onun yerləşdiyi 0,05 ha torpaq sahəsi ilə birlikdə hər hansı hüquqi əsas olmadan 10 avqust 2020-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, qeydiyyatın aparılmasına əsas kimi Balakən şəhər inzibati ərazi dairəsinin 08 iyul 2020- ci il tarixli arayışı və Balakən Bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxem göstərilmişdir. Belə ki, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsinin Balakən şəhər XDS İK-nin 20 fevral 1989-ci il tarixli, 2 saylı iclas protokol qərarına əsasən ona ayrılmış torpaq sahəsi olmasını qeyd etsə də, həmin qərarla müəyyən olunduğu kimi, sözügedən torpaq sahəsi ona Cəlil Məmmədquluzadə küçəsində olan boş sahədən ayrılmışdır. Həmin torpaq sahəsi ona ayrıldığı zaman mübahisə predmeti olan torpaq sahəsində artıq 1968-ci ildə inşa edilmiş yaşayış evi mövcud olmuş, torpaq sahəsi boş sahədən ibarət olmamışdır. Hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Balakən şəhər inzibati ərazi dairəsinin 08 iyul 2020-ci il tarixli arayışı ilə də təsdiq olunduğu kimi, orada yerləşən fərdi yaşayış evi 1968-ci il tarixdə inşa edilmişdir. Bununla yanaşı, Cavabdeh1 adına 07 avqust 2020-ci il tarixdə tərtib olunmuş 4223 inventar nömrəli texniki pasportla da müəyyən olunur ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2 mərtəbəli olmaqla X1 adına tərtib olunmuş 1976-ci il tarixli, 8017 invertar nömrəli texniki pasportda qeyd olunan A tikilisidir. Belə ki, həyətyanı sahədə tikilmiş fərdi yaşayış evi 1968-ci ildə, darvaza və hasar 1985-ci il tarixdə inşa edilmişdir. Göründüyü kimi, Balakən şəhər XDS İK -nin 20 fevral 1989-ci il tarixli, 2 saylı iclas protokol qərarına əsasən, Cavabdeh1 adına ayrılmış torpaq sahəsi ilə hazırda mübahisə predmeti olan torpaq sahəsi eyni olmamaqla fərqli ərazilərdə yerləşir. Bununla yanaşı, Azərbaycan SSR-in 1970-ci il 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) X24 icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. Yenə də həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Cavabdeh1 1989-cu ildə torpaq sahəsi ayrılan zaman qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə, torpaq sahəsi o zaman ayrılmış hesab olunur ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, Cavabdeh1 Balakən şəhər XDS İK-nin 20 fevral 1989-ci il tarixli, 2 saylı iclas protokol qərarına əsasən torpaq sahəsinin ayrılmasına dair qərar verilsə də, torpaq sahəsinin ayrılması prosesi tam başa çatmamış, torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmiş və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdir. Bundan başqa, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı aparılan zaman Cavabdeh1 qanuni istifadəsində olmamışdır, onun qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Buna baxmayaraq, sonuncu həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını əsassız olaraq adına dövlət qeydiyyatına aldırmış, 21 gün sonra, yəni 31 avqust 2020-ci il tarixdə həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birgə Cavabdeh2 satmışdır. Göründüyü kimi, 10 avqust 2020-ci il tarixdə Cəlil Məmmədquluzadə küçəsi 18 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan zaman hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanan əsaslar mövcud olmamış, həmin fərdi yaşayış evi X1 adına tərtib olunmuş 1976-ci il tarixli, 8017 invertar nömrəli texniki pasporta əsasən ona məxsus 2 mərtəbəli A tikilisi olmasına baxmayaraq, onun adına qeydiyyata alınmışdır. Buna görə də, Cavabdeh2 adına verilmiş çıxarış ləğv olunmalı, həmin əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Eyni zamanda bildirir ki, atası X8 09 yanvar 1982-ci ildə, anası X14 isə 15 oktyabr 1990-cı ildə ölmüşdür. 09 yanvar 1982-ci ildə ölmüş X1 ünvan 2 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kvm-də ibarət fərdi yaşayış evinin yarısına X5 adına 17 aprel 1983-cü il tarixli mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi X5 və İddiaçı adına 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02 mart 2017-ci il tarixdə anası X6 məxsus olmuş əmlaka onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi onun adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********91-10301 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh1 satdığı ev Balakən şəhəri, C.Məmmədquluzadə küçəsi 18 ünvanıdır. Həmin evdə sonuncu dəfə nə vaxt yaşadığı yadında deyil. Həmin evdə təmir işləri aparmamış, kommunal ödənişlər etməmişdir. 15 oktyabr 1990-cı ildə anası X14 öləndən sonra orada Cavabdeh1 yaşamışdır. Həmin əmlakı ata mirası hesab edir. Cavabdeh1 həmin əmlakı başqasına satdığına görə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsin iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı cavabdehin əmisidir. Cavabdeh1 babası X8 09 yanvar 1982-ci ildə, nənəsi X14 isə 15 oktyabr 1990-cı ildə ölmüşdür. 09 yanvar 1982-ci ildə ölmüş X1 ünvan 2 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kv.m-dən ibarət fərdi yaşayış evinin yarısına X5 adına 17 aprel 1983-cü il tarixli mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi X5 və İddiaçı adına 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02 mart 2017-ci il tarixdə X6 məxsus olmuş əmlaka İddiaçı öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********91-10301 nömrə ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 satdığı ev Balakən şəhəri, C.Məmmədquluzadə küçəsi 18 ünvanıdır. Cavabdehin atası X2 yaşadığı ərazidə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 2 saylı iclas protokoluna əsasən Cavabdeh1 verilmişdir. 2020-ci il ilin avqust ayına qədər Cavabdeh1 orada yaşamışdır. 31 avqust 2020-ci il tarixdə Cavabdeh1 ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Cavabdeh2 22500 manata satmışdır. Bundan sonra mübahisələndirilən daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət ev iddiaçının atası X1 adına olmamışdır. İddiaçı həmin evdə yaşamamışdır. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, 31 avqust 2020-ci il tarixdə Cavabdeh1 ona məxsus olan ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Balakən rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona 22500 manata satmışdır. Bundan sonra daşınmaz əmlak onun mülkiyyətinə keçmişdir. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət evi iddiaçının atası X1 adına olmamışdır. Daşınmaz əmakı notariat qaydasında alarkən onun mübahisəli olması ilə bağlı heç bir məlumatı olmamış, əmlak alındıqdan sonra da həmin əmlak barəsində hər hansı mübahisənin olmasından xəbəri olmamışdır. Ona görə də o, özünü hazırki əmlakın vicdanlı sahibi hesab edir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan hüquqi nəticəyə gələrək işi hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-263/2021 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümyəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahata uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, 2020-ci ildə ev tikmək üçün torpaq sahəsi axtarırmış, axtarışların nəticəsində ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi tapmış ASAN Xidmətdə müqavilə bağlamaqla evi və torpaq sahəsini almışdır. Yaranmış mübahisədən xəbəri olmamışdır. Hesab edir ki, vicdanlı alıcıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq edən İddiaçı, Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin və X25 Xidmət mərkəzinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-263/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Balakən şəhəri, C.Məmmədquluzadə küçəsi 18 ünvanında yerləşən 18 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh1 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 10.08.2020-ci il tarixdə 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müqavilədən görünür ki, 31 avqust 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Balakən rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 22500 manata satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Balakən şəhəri, C.Məmmədquluzadə küçəsi 18 ünvanında yerləşən 18 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh2 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 18.09.2020-ci il tarixdə 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 aprel 1983-cü il tarixdə Balakən rayon Dövlət Notariusu tərəfindən verilmiş mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, 09 yanvar 1982-ci ildə ölmüş X1 ünvan 4 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kvm-də ibarət fərdi yaşayış evinin yarısına X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X5 və İddiaçı xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 01.03.2017-ci il tarixdə 19 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş 02 mart 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.10.1990-cı il tarixdə ölmüş X5 vərəsəsi İddiaçıdur, ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evinin mərhuma X6 düşən 1/2 hissəsinə İddiaçı miras əmlak verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 03.03.2017-ci il tarixdə 19 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 03 iyun 2021-ci il tarixli, 106 nömrəli arayışdan görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyində 1968-ci illər üzrə əhalinin qeydiyyat kitabları aşkar olunmadı. Nümayənədəlikdə 2012-ci ildən sonra ev təsərrüfatlarının uçotu kitabları verilmişdir və 2013-2018-ci illər üzrə 14 saylı ev təsərrüfatları uçotu kitabının 50 saylı səhifəsində şəhərin C.M.Quluzadə küçəsi 18 saylı ünvanda Cavabdeh1 təsərrüfatı qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 08 iyul 2020-ci il tarixli, 1730 nömrəli arayışın surətindən görünür ki, Balakən şəhər İƏDnin 14 nömrəli təsərrüfatbaşına kitabın 49-50 səhifəsində Cavabdeh1 adına ünvan 5 ünvanda 1968-ci ildə tikilmiş 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 140 kvm, yaşayış sahəsi 70 kvm-dən ibarət fərdi yaşayış evi və 0.05 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 2 saylı iclas protokolundan çıxarışdan görünür ki, Balakən şəhəri, Cəlil Məmmədquluzadə küçəsində boş sahədən Cavabdeh1 torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 08 iyul 2020-ci il tarixli, 1730 nömrəli arayışın surətindən görünür ki, Balakən şəhər İƏDnin 14 nömrəli təsərrüfatbaşına kitabın 49-50 səhifəsində Cavabdeh1 adına ünvan 5 ünvanda 1968-ci ildə tikilmiş 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 140 kvm, yaşayış sahəsi 70 kvm-dən ibarət fərdi yaşayış evi və 0.05 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 17 noyabr 2020-ci il tarixli, 2689 nömrəli arayışının surətindən görünür ki, mərhum X1 vəfat etdiyi 1982-ci il tarixdə ünvan 6 ünvanda daimi qeydiyyatda olmuşdur. Mərhumun vərəsələri-həyat yoldaşı X14, oğlu X9, qızı X10, oğlu X11, qızı X12, oğlu İddiaçı, oğlu X7r. Həmin ünvanda X14, X9, İddiaçı qeydiyyatda qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 09 oktyabr 2020-ci il tarixli, AZ-İİ 095485 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09.01.1982-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 09 oktyabr 2020-ci il tarixli, AZ-İİ 095486 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 15.10.1990-cı ildə ölmüşdür. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadığı halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İşdən görünür ki, İddiaçı atasına məxsus ünvan 2 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kvm-də ibarət fərdi yaşayış evinin yarısına X5 adına 17 aprel 1983-cü il tarixli mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi X5 və İddiaçı adına 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02 mart 2017-ci il tarixdə X6 məxsus olmuş əmlaka İddiaçı öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********91-10301 nömrə ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ev isə Balakən şəhəri, C.Məmmədquluzadə küçəsi 18 ünvanında yerləşir. Həmin ev isə Cavabdeh1 atası X2 yaşadığı ərazidə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 2 saylı iclas protokoluna əsasən Cavabdeh1 verilmişdir. 2020-ci il ilin avqust ayına qədər Cavabdeh1 orada yaşamışdır. 31 avqust 2020-ci il tarixdə Cavabdeh1 ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Cavabdeh2 22500 manata satmışdır. Bundan sonra mübahisələndirilən daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət ev iddiaçının atası X1 adına olmamış, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Hazırkı mülki işdən isə görünür ki, iddiaçı sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı etibarsızlığını tələb etdiyi 10.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində hüquqların qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın hazırda mövcud olmasını, qüvvədə olmasını, qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Apellyasiya şikayətinin digər Cavabdeh2 ilə bağlı dəlillərinə gəldikdə məhkəmə kollegiyası qətnaməsinin bu hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından görünür ki, sözügedən evə və evin yerləşdiyi torpaq sahəsinə hazırda Cavabdeh2 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh2 evə mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh2 evə və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, etibarsızlığı barədə tələb qoyulan daşınmaz əmlakla bağlı 10.08.2020-ci il tarixli çıxarış mövcud olduğu təqdirdə belə, İddiaçı onun etibarsızılığı barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, o cümlədən apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə birinci instansiya məhkəməsi tərəfindən İddiaçı hazırkı tələblə müraciət etməsi üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, İddiaçı hazırda mövcud olmayan Cavabdeh1 adına olan çıxarışın və alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə, həmçinin mübahisələndirilən daşınmaz əmlakın X1 adına olmadığı, sözügedən evə və torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada heç bir hüquqa malik olmamışdır. Yəni iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası Cavabdeh2 vicdanlı alıcı olması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşdır. Belə ki, işdən görünür ki, 31 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsindən də göründüyü kimi, Cavabdeh1 ona məxsus olan ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Cavabdeh2 22500 manata satmış, 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçının apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. q ə t e t d i: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-263/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar