Məhkəmə qərarları › İş №2(107)-1860/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1860/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1860/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına münasibətdə müvafiq bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ona məxsus ½ hissə payının naturada bölünməsi, bu mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına münasibətdə müvafiq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı (hakim P.Hacıyev) qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına münasibətdə müvafiq bölünməsi” tələbinə dair iddia tələbi nə kommersiya mübahisələrinə, nə də ki ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrə aid deyildir. Odur ki, Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı qərardadı ləğv edilməlidir. Şəki Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı hazırda mübahisələndirdiyi ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünməsi tələbi ilə 18 aprel 2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(075)-22/2020 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Həmin ərizəsində İddiaçı sözügedən əmlakın birgə nikah dövründə əldə edildiyini bildirmişdir. (iş materialları səh.19-20). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsində qeyd edilmişdir ki, mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsində qeyd edilmişdir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qeyd edilən Qanunun 26-cı maddəsində ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri, 29-cu maddəsində isə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyalarının keçirilmə xüsusiyyətləri müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; Həmin Məcəlllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir; Həmin Məcəlllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlardan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi paylı mülkiyyətin bölünməsi zamanı payın naturada ayrılması mümkünsüzdürsə ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir ki, bunu da mediasiya institutu vasitəsi ilə reallaşdırmaq mümkündür. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddiaçının iddia ərizəsi qeyd olunan nöqsanlar səbəbindən və qanunvericiliyin tələblərini pozduğundan birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Mülki Prоsessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-1770/2021 saylı qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar