Məhkəmə qərarları › İş №2(107)-187/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-187/2021

11.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-187/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-569/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxx 2020-ci il tarixli 2(016)- 569/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 İdarəsinin ünvan 5əktəbinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh X2 İdarəsinin ünvan 5əktəbinə (bundan sonra cavabdeh və ya ünvan 5əktəbi) qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 62 nömrəli əmrinin ləğv edilməsini, onun həmin məktəbdəki tar müəllimi işinə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci il tarixdə ünvan 5əktəbində işə qəbul edilmişdir. Sonuncu dəfə isə tar ixtisası üzrə müəllim kimi fəaliyyətini davam etdirmişdir. Lakin ünvan 5əktəbinin direktoru Nümayəndə xx xxxxxx 2019-cu il tarixli 62 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişdir. Əmrin surəti isə hal-hazırda ona təqdim edilməmişdir. Bu barədə soruşan zaman ona məhkum olunmağının əsas götürüldüyü deyilmişdir. Halbuki, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Barəsində olan cinayət işinin yekun nəticəsini gözəlmədən işdən azad olunmağı barədə əmr verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 34 ildir ki, ünvan 5əktəbində müəllim kimi fəaliyyət göstərir. Ötən müddət ərzində işində nöqsana yol verməmişdir. Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilib barəsində “xxxx” qətimkan tədbiri seçildiyindən işdə iştirak etməməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Ona görə də ünvan 5əktəbinin direktoru Nümayəndə xx xxxxxx 2019-cu il tarixli 62 nömrəli əmrini qanunsuz hesab edir. Odur ki, tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı heç bir üzrlü səbəb olmadan, heç bir arayış təqdim etmədən əmək intizamını pozaraq xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək işə gəlməmişdir. xx xxxxxx 2019-cu il tarixdə onun yaşadığı ünvanına bilidiriş göndərilərək işə gəlməməsinin səbəbi haqqında rəsmi arayış təqdim etməsi üçün məktəbə dəvət edilmiş, lakin o, yenə də məktəbə gəlməmişdir. Onun işə gəlməməsi tərəflərindən aktlaşdırılmışdır. İşə gəlməməsi araşdırılarkən ona edilmiş müraciətlər zamanı xəstə olduğunu bildirmiş, lakin müəyyən edilmişdir ki, onun xəstəlik vərəqəsi yoxdur və o, xəstə olmamışdır. Araşdırma zamanı məcburiyyət qarşısında qalaraq xx xxxxxx 2019-cu il tarixində Ağsu Rayon Polis Şöbəsinə müraciət edilmişdir. Ağsu Rayon Polis Şöbəsi xx xxxxxx 2019-cu il tarixli 130-18198-1219 saylı məktubla bildirilmişdir ki, İddiaçı Ağsu Rayon Polis Şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi istintaq olunur və onun həmin maddədə göstərilən cinayət əməllərini törətməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli Ağsu Rayon Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətində “xxxx” növündə qətiimkan tədbiri seçilmiş və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılır. Belə vəziyyətin yaranması, pedaqoji fəaliyyətə uyğun olmamasını nəzərə alaraq onun işdən qanunauyğun qaydada azad edilməsi üçün MİHİRK-nin Ağsu rayon Komitəsinə müraciət edilmiş, İdarə iclasında xx xxxxxx 2019-cu il tarixində müzakirə edilərək onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad eliməsinə razılıq verilmişdir. Eyni zamanda İddiaçı hərəkətləri barədə X2 İdarəsinə münasibət bildirməsi üçün məlumat verilmişdir. İddiaçı əmrin surətinin ona təqdim edilmədiyini bildirir. İddiaçı əmək kitabçası ona verilərkən o əmrlə və əmək kitabçasındakı müvafiq qeydlərlə tanış edilmişdir. İddiaçı göstərir ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə yeni ərizə ilə müraciət edə bilər. Lakin iddiaçı unudur ki, o, işdən azad olmaq üçün ərizə verməmişdir. Əmək intizamını pozduğu üçün işəgötürən tərəfindən üzrlü səbəb olmadan işə gəlmədiyi barədə heç bir sənəd təqdim etmədiyi üçün işdən azad edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinməklə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı işdən əmək intizamını pozduğu üçün qanunauyğun qaydada azad edilmişdir. O, əmək intizamını pozaraq işə gəlməmiş, işə gəlməməsinin üzrlü səbəbdən olması heç bir sənədlə təsdiq edilməmişdir. Onun işəgötürən tərəfindən məcburi işə buraxılmamasına yol verilmədiyi üçün ona orta aylıq əmək haqqının ödənişi üçün heç bir əsas yaranmır. Bundan başqa iddiaçı iddia ərizəsini qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Odur ki, iddiaçının iddia müddətini ötürməklə qaldırdığı iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-569/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)- 569/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 59 nömrəli bildirişindən görünür ki, xx.xx.2019-cu il tarixdən dərsə gəlmədiyi üçün əmək fəaliyyət göstərmədiyi, üzrlü səbəbdən işdə olmadığı barədə sənəd təqdim edilmədiyi təqdirdə barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi ilə bağlı xəbərdarlıq edilmiş, 3 gün müddətində məktəbə gələrək rəsmi sənəd və ya rəsmi məlumat verilməsi ondan xahiş edilmişdir. ünvan 5əktəbinin direktorunun və digər işçilərinin iştirakı ilə tərtib edilən xx.xx.2019cu il tarixli Aktdan görünür ki, ünvan 5əktəbinin xalq çalğı alətləri şöbəsinin müəllimi İddiaçı həmin gün dərslərdə iştirak etməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdeh Ağsu Rayon Polis şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 61 saylı məktubdan görünür ki, məktəbin tar ixtisası üzrə müəllimi İddiaçı xx.xx.2019-cu il tarixdən hazırkı tarixə kimi məlum olmayan səbəblərdən işə gəlməmişdir, internet səhifələrindən əldə etdikləri rəsmi məlumata əsasən isə İddiaçı Ağsu Rayon Polis şöbəsində saxlanılır. Onun saxlanma səbəbi barədə məlumat verilməsi xahiş edilmişdir. Ağsu Rayon Polis şöbəsinin İQ-nun müstəntiqi tərəfindən Cavabdeh direktoruna ünvanlanan xx.xx.2019-cu il tarixli 130-18198-1219 saylı məktubla İddiaçı barəsində Ağsu rayon Polis şöbəsinuin İQ-da AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işinin istintaq olunduğu və həmin cinayət əməllərinin törətməsi ilə bağlı İddiaçı barəsində Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay müddətinə xxxx növündə qətimkan tədbiri seçildiyi, hazırda onun Ədliyyə Nazirliyi Şəkli Penitensiar müəssisəsində saxlanıldığı bildirilmişdir. X3 İttifaqı Ağsu rayon komitəsi idarə heyətinin xx xxxxxx 2019-cu il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh direktoru Nümayəndə MİHİ Ağsu rayon komitəsinə göndərdiyi xx xxxxxx 2019-cu il tarixli 62 №-li məktub nəzərə alınmış, məktəbin tar müəllimi İddiaçı işdə ciddi nöqsanlara yol verməsi və cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə məktəb rəhbərliyi tərəfindən işdən azad olunmasına MİHİ Ağsu rayon komitəsi tərəfindən razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdeh xx.xx.2019-cu il tarixli 62 nömrəli əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən etibarən işə gəlmədiyi nəzərə alınaraq akt tərtib edilmiş, onun işə gəlməməsinin səbəbi araşdırılarkən Ağsu Rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 130-18.198.1219 saylı məktubu ilə müəyyən edilmişdir ki, barəsində Azərbaycan Respubliası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq olunur və onun həmin maddədə göstərilən cinayət əməllərini törətməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində 02 (iki) ay müddətində “xxxx” növündə qətimkan tədbiri seçilməsini nəzərə alaraq, MİHİ Ağsu rayon Komitəsində baxılaraq qərar çıxarılmışdır. MİHİ Ağsu rayon komitəsinin xx xxxxxx 2019-cu il tarixli qərarını icra etmək məqsədi ilə ünvan 5əktəbinin tar ixtisası üzrə müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx xxxxxx 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə İddiaçı son haqq-hesabının ödənilməsi də əmr edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(016)-09/2020 saylı hökmünün surətindən görünür ki, İddiaçı AR CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməklə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək xxxxdə saxlanıldığı 2 (iki) ay 12 (on iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs İddiaçı ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində ünvan 5əktəbində tar ixtisası üzrə müəllim işlədiyini, təqribən iki ay ərzində işə çıxmadığını, işə çıxmamasının səbəbinin xəstəliyi olmasını, işə çıxmadığı müddətdə Bakı şəhərində olduğunu, Bakı şəhərindən Ağsu rayonuna xx xxxxxx 2019-cu il tarixində qayıtdığını və elə həmin gündə də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xxxx edildiyini bildirmişdir. “xxxx” MMC Ağsu Poçt filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli, 4/257 saylı məktubdan görünür ki, ünvan 5əktəbinin xx.xx.2019-cu il tarixli, SS626875161 AZ saylı məktubu Ağsu şəhəri, 20 yanvar küçəsində yaşayan İddiaçı, həmin sahəyə xidmət edən poçtalyondan alınmış izahata əsasən xx.xx.2019-cu il tarixdə verilmişdir. X2 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 117 saylı məktubdan görünür ki, ünvan 5əktəbinin sabiq tar müəllimi İddiaçı məktəbin xx.xx.2019-cu il tarixli 62 nömrəli əmri ilə işdən azad edilmiş, azad olunduğu tarixə istifadə etmədiyi məzuniyət günləri üçün 240.98 manat məbləğində son haqq-hesab aparılmış və həmin vəsaitin vətəndaşın plastik kart hesabına ödənişi təmin edilmişdir. ünvan 5əktəbinin direktoru Nümayəndə birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsində İddiaçı iddia müddətini ötürdüyündən iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir. Odur ki, iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edildiyindən, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması hissəsində əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin gerçək halı ondan ibarətdir ki, İddiaçı 1988-ci ildən ünvan 5əktəbində müəllim vəzifəsində işləmişdir. O, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək işə gəlməmiş, işə gəlməməsinin səbəbləri barədə müdiriyyətə məlumat verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə ünvan 5əktəbi tərəfindən onun yaşadığı ünvanına bilidiriş göndərilərək işə gəlməməsinin səbəbi haqqında rəsmi arayış təqdim etməsi üçün məktəbə dəvət edilmiş, bildiriş onun ev ünvanına çatdırılmış, lakin o, bildiriş əsasında məktəbə gəlməmişdir. Onun işə gəlməməsi işəgötürən müəssisə tərəfindən bir neçə dəfə rəsmi qaydada aktlaşdırılmışdır. İddiaçıya edilmiş müraciətlər zamanı xəstə olduğunu bildirmiş, lakin müəyyən edilmişdir ki, onun xəstəlik vərəqəsi yoxdur və o, ümumiyyətlə xəstə olmasına dair sübut təqdim etməmişdir. Ağsu Rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 130-18198-1219 saylı məktubu ilə ünvan 5əktəbinə məlumat verilmişdir ki, “İddiaçı Ağsu Rayon Polis Şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi istintaq olunur və onun həmin maddədə göstərilən cinayət əməllərini törətməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli Ağsu Rayon Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətində “xxxx” növündə qətimkan tədbiri seçilmişdir, Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılır.” Belə vəziyyətin yaranmasını, İddiaçı törətdiyi əməllərin pedaqoji fəaliyyətə uyğun olmamasını nəzərə alaraq iddiaçının işdən qanunauyğun qaydada azad edilməsi üçün cavabdeh tərəfindən X3 İttifaqı Ağsu rayon Komitəsinə yazılı təqdimatla müraciət edilmiş, təqdimat xx xxxxxx 2019-cu ildə Həmkarlar ittifaqının iclasında müzakirə edilərək iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad eliməsinə razılıq verilməsi haqqında qərar qəbul edilmişdir. ünvan 5əktəbinin direktorunun xx xxxxxx 2019-cu il tarixli 62 nömrəli əmri ilə X3 İttifaqı Ağsu rayon Komitəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı nəzərə alınaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.(maddə 80.1) Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. (maddə 80.2) Kollegiya hesab edir ki, tərəflər arasında əmək müqaviləsi Əmək Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılmış, daha sonra isə əmək intizamını pozduğu, üzrlü səbəb olmadan işə gəlmədiyi barədə heç bir sənəd təqdim etmədiyi üçün işəgötürən tərəfindən işdən azad edilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Məhkəmə kollegiyasının fikrincə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu, nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Cavabdeh isə iddiaçının tələbini qətiyyətlə inkar edir. Bundan savayı birinci instansiya məhkəməsinin iddianı rədd etməsinin digər əsası İddiaçı tərəfindən mövcud iddia tələbi üzrə iddia müddətinin ötürülməsidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. Lakin, iddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində barəsində olan cinayət işinə görə vaxtında iddia qaldıra bilmədiyini göstərmişdir. Lakin Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(016)-09/2020 saylı hökmündən görünür ki, İddiaçı AR CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmlə barəsində seçilmiş “xxxx” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal xxxxdən azad olunması hökm edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2020-ci il tarixdə xxxxdən azad edilərək artıq azadlıqda olmuş və həmin vaxtdan da işdən azad edilməsi haqqında məlumat almaq, eyni ilə məhkəməyə müraciət etmək imkanı olmuşdur. İddiaçı isə işə bərpa edilməsinə dair hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Belə ki, iddia ərizəsinə iddiaçının işdən çıxarılması barədə əmr və əmək kitabçasının surəti əlavə edilmişdir. Bu isə onu göstərir ki, həmin sənədlər iddiaçıya təqdim edilmişdir. İddiaçı isə həmin sənədlərin ona gec (iddia ilə məhkəməyə müraciət etdiyi ərəfədə) verilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. İddiaçı iddia müddətini ötürməməsi və ya üzrlü səbəbdən ötürməsi ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-569/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-569/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar