Məhkəmə qərarları › İş №2(107)-1871/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1871/2021

14.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1871/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-1139/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 25 iyun 2021-ci il tarixli 2(051)-1139/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya "xxxx" MMC) qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 25 noyabr 1981-ci il tarixdə “Azərbaycan DRES”-də İstilik cihazları və avtomatika sexində elektrik stansiyasının avtomatika və ödəmə cihazlarına xidmət edən mühəndis vəzifəsinə qəbul edilmişdir. Həmin sexdə müxtəlif vəzifələrdə işləmişdir. 06.05.2013-cü ildə isə həmin sexin texnoloqiya avadanlıqların avtomatik idarə olunmasına xidmət sahəsinə mühəndis proqramlaşdırıcı vəzifəsinə keçirilmişdir. 25 aprel 2003-cü ildə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır, o da həmin MMC-də işini davam etdirmişdir. 05 yanvar 2006-cı il tarixdə "xxxx" MMC "xxxx" MMC adlandırılmış, o da həmin MMC-də fasiləsiz olaraq öz işində çalışmışdır. İşlədiyi müddətdə hər hansı inzibati məsuliyyətə cəlb edilməmiş, töhmət almamışdır. Son zamanlar cavabdeh "xxxx" MMC-nin rəhbərliyi əsassız və qərəzli olaraq MMC-nin X11 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər işçini işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. Belə ki, cavabdeh ona və digər işçilərə bir aylıq müddətə əmək müqaviləsi bağlamağı təklif etmişdi və bu yolla onları müəssisədən kənarlaşdırmaq istəmişdir. Onlar bir aylıq əmək müqaviləsi bağlanmaqdan imtina etdiklərinə görə, cavabdeh onu, eləcə də digər işçiləri 03 may 2021-ci il tarixli əmrlə, Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə ki, hesab edir ki, ştatların ixtisarına zərurət yoxdur. Ştatların ixtisası ilə əlaqədar qanunsuzluğa yol verilmişdir. Ştatların ixtisarı zamanı peşəkarlığa qiymət verilməmişdir. Bununla əlaqədar attestasiya keçirilməmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə işçilərin attestasiyası keçirilə bilər. İş yerinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yol verilməzdir. Bundan əlavə ştatın ixtisarı zamanı işdə saxlanmalı olan işçinin üstünlüyünə də düzgün qiymət verilməmişdir. İddianın təmin olunmasını, onun işdən azad olunması barədə cavabdeh "xxxx" MMC-nin 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X14 da məhkəmə iclasında iddiaçının qanunsuz və əsassız olara işdən çıxarılmasını nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsini qanunsuz olmasını əsaslandırarkən onun əmək müqaviləsinin xitam olunmasına aid olmayan Əmək Məcəlləsində əmək müqaviləsinin xitam edilməsinin digər əsaslarına istinad edərək özünü haqlı hesab etmişdir. Belə ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Müqaviləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə işçilərin attestasiyadan keçirilməsinin heç bir əlaqəsi yoxdur. İddiaçı ştatın ixtisarı ilə əlaqədar işdən azad olunmuşdur. "xxxx" MMC-də reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisəsinin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha yüksəlməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X3 tətbiqi barədə DƏ/38 №-li 19.03.2020-ci il tarixli əmr verilmişdir. Ona görə də "xxxx" MMC-də X3 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliyini və idarəetmənin optimllaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsdilə struktur rəhbərlərinin təkliflərini Əmək qanunvericiliyinin tələblərinə uyğun müzakirə edib obyektiv qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Həmin komissiyanın 24.02.2021-ci il tarixdə X11 və Avtomatika sexində istehsalın səmərəliyini və idarəetmənin optımallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmiş, həmin iclasda komissiyanın üzvləri struktur rəhbərinin təklifini nəzərə alaraq istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən həmin sexdə “Texnoliqiya avadanlıqların avtomatik idarəolunmasına xidmət sahəsi” aparıcı mühəndis 01 ştat vahidi və ştatda işləyən İddiaçı işlədiyi ştatın ixtisar olunması qənaətinə gəlmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən X11 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmaları haqqında təqdimat 04.03.2021-ci il tarixdə sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı komitəsinə göndərilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 11 №-li 15 mart 2021-ci il tarixli iclas protokoluna əsasən X11 və Avtomatik sexində “Texnoloqiya avadanlıqların avtomatik idarəolunmasına xidmət sahəsi” aparıcı mühəndis 01 ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar olunması ilə əlaqədar işdən azad olunmasına razılıq verilmişdir. Ona görə də İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 217/Ş №-li 03.05.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ştatın ixtisarı ilə əlaqədar ona xəbərdarlıq məktubu göndərilmiş, xəbərdarlıq müddətində iş axtarmaq imkanı yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad olunmuş, boş iş yeri olmaması səbəbindən başqa işə keçirilməsinin mümkün olmaması bildirilmş və ona işdən çıxma müavinəti verilmişdir. İddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri X7 məhkəmə iclasında bildirdi ki, "xxxx" MMC-də Yenidənqurma işləri ilə əlaqədar sex və sahələrdə yeni texnologiyanın tətbiqi həyata keçirildiyi üçün "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin Yeni Təşkilat strukturu yaranmış, həmin struktura əsasən ştat vahidlərinin və işçilərin sayının ixtisar edilməsi məqsədilə "xxxx" MMC üzrə 19 mart 2020-ci il tarixli əmr verilmişdir. Həmin əmrin icrası ilə əlaqədar ixtisaslı mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Komisiyanın iclasında X11 və Avtomatika sexində istehsalat zərurəti olmayan ştatların və həmin ştatlarda işləyən işçilərin sayının azaldılması, sayın azaldılmasının əməyin tərkibinə xələl gətirmədiyi, eləcə də idarəetmənin optimallaşdırımaq, yeni texnologiyanın tətbiqinin az işçi qüvvəsinə zərurəti aradan qaldırması müzakirə edilmiş, qeyd edilən sexdə ixtisar olunacaq ştatların sayı və işçilər barədə müdiriyyət tərəfindən həmkarlar ittifaqı komitəsinə təqdimat göndərilmiş və məsələyə həmkarlar komitəsinin öz fikrini bildirməsi təklif olunmuşdur. İşəgötürən tərəfindən HİK-ə verilmiş təqdimat Həmkarlar İttifaqı Komitəsinin 15 mart 2021-ci il tarixli iclasında müzakirə edilmiş, X11 və Avtomatika sexi üzrə 12 ştatın, eləcə də İddiaçı tutduğu ştatın ixtisar olunmasına, onunla əmək müqaviləsinə xitam verilməsinə qanuna uyğun olduğuna görə razılıq verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" MMC-nin X11 və Avtomatika sexinin rəisi vəzifəsində işləyir. "xxxx" MMC-ə X3, eləcə də yeni texnologiyanı tətbiqi ilə bağlı bəzi ştatların ixtisarına zərurət yaranmışdır. X13 və Avtomatika sexində bəzi ştatların saxlanılmasına zərurət olmamasını, işçilərin əmək funksiyaların keyfiyyətli yerinə yetirilməsi və peşəkarlıq səviyyəsini nəzərə almaqla bəzi ştatların və həmin ştatda işləyən işçilərin ixtisar edilməsi məqsədə müvafiq hesab edilmişdir. O cümlədən aparıcı mühəndis İddiaçı da tutduğu ştata zərurət olmadığına görə həmin ştatın ixtisar olunması barədə təqdimat verilmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-1139/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh - "xxxx" MMC-nin rəhbərliyi müəsissədə ştat ixtisarı zamanı niyə iddiaçının ştatının ixtisar olunmasının zəruriliyini əsaslandırmadan, işçilərin peşəkarlıq səviyyəsinə qiymət vermədən və yeni texnologiyanın tətbiqi ilə bağlı həmin texnologiyanı kimin daha yaxşı bilməsini və işi kimin daha keyfiyyətli yerinə yetirə bilməsi səviyyəsi yoxlanılmadan qərəzli şəkildə onu işdən azad etmişdir. Mingəçevir Şəhər Məhkəməsində işə baxılarkən, şahid kimi dəvət olunmuş "Azərbaycan İstilik Elektirik Stansiyası” MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri X7 və “X11 və Avtomatikası sexinin" sex rəisi X2 məhkəmə prosesində iddiaçının yüksək texnologiyaları və kompüter texnikasını bilən mütəxəssis-mühəndis olmasını bildirmələrinə və rəhbərliyin göstərişini icra edərək belə rəy vermələrini etiraf etmələrinə baxmayaraq, nədənsə məhkəmə qətnaməsində bu izahatlar təhrif olunmuş, məhkəməyə sərf edən formada, yəni iddianın təmin olunmaması üçün özlərinə lazım olan formada yazılmışdır. Mingəçevir Şəhər Məhkəməsi bu sübut növlərinə hüquqi qiymət vermədən qərəzli və əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X14 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-1139/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-1139/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 25.11.1981-ci ildən “Azərbaycan DRES”-də müxtəlif vəzifələrdə işləmiş, 06.05.2013-cü il tarixdən Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də X11 və Avtomatika sexində “Texnoloqiya avadanlıqların avtomatik idarəolunmasına xidmət sahəsi” aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin direktorunun DƏ/38 nömrəli 19 mart 2020-ci il tarixli "xxxx" MMC-nin X3 tətbiqi barədə əmrində göstərilir ki, "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar istehsal- təsərrüfat fəaliyyətinin səmərəliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mövcud Təşkilat Strukturu əsasında və 01.02.2020-ci il tarixdə "xxxx" ASC-nin prezidenti tərəfindən tətbiq olunmuş 994 ştat vahidindən ibarət X10 formalaşdırılması barədə əmr verilmişdir. "xxxx" MMC-nin direktorunun 211/8 nömrəli 25 sentyabr 2020-ci il tarixli əmrindən görünür ki, istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Azərbaycan İES” MMC-də X4 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 05 nömrəli 24 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, X11 və Avtomatika sexində mövcud ştatları X8 uyğunlaşdırmaq üçün 12 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin direktorunun "xxxx" MMC-nin HİK-in sədrinə ünvanlandığı 04 mart 2021-ci il tarixli məktubda görünür ki, X11 və Avtomatika sexində ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisar edilməsi zərurəti yaranması, odur ki, həmin sexdə siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin”b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. "xxxx" MMC Həmkalar İttifaqı Komitəsinin iclasının 15 mart 2021-ci il tarixli 11 nömrəli protokolundan görünür ki, X11 və Avtomatika sexi üzrə siyahıda adları qeyd olunan 12 ştatın və həmin ştatlarda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilməsinə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən İddiaçı göndərilmiş 26 fevral 2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. "xxxx" MMC-nin direktorunun 217/Ş nömrəli 03 may 2021-ci il tarixli əmrindən görünür ki, X11 və Avtomatika sexinin mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC-nin 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 207/Ş nömrəli 03 may 2021-ci il tarixli əmrə əsasən əmək haqqı, son haqq-hesab və işdənçıxma muavinəti həmin tarixdə 1821.71 manat hesablanmış və ödənilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “iddaçı ilə əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələblərinin pozulmasına yol verilməmişdir. Ona görə də İddiaçı əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmamalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin gerçək halı ondan ibarətdir ki, İddiaçı 1981-ci ildən "xxxx" MMC-də (keçmiş “Azərbaycan DRES”-də) müxtəlif vəzifələrdə işləmiş, 06.05.2013-cü ildə həmin sexdə aparıcı mühəndis vəzifəsinə keçirilmiş, işəgötürənin 03 may 2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv olunmasını, onun işə bərpa edilməsini və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini tələb edir. İddiaçı iddia tələbini cavabdehin mübahisələndirilən əmrinin qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatının ixtisar edilməsi əsası ilə ləğv etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada həmkarlar istifaqı təşkilatının razılığını almışdır. İddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl işəgötürən iddiaçını rəsmi xəbərdar etmiş, ididaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanının yaradılması məqsədi ilə o, bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. İşəgötürən tərəfindən iddiaçıya işdənçıxarma müavinəti verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarındandır. 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci və 2 –ci bəndlərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda-azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda-azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda-azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 78-ci maddəsinin 2-ci bəndinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür. Belə ki, "xxxx" MMC-də X3 tətbiqi, texnoloqiyanın inkişafı ilə əlaqədar işəgötürən ştatların ixtisarının zərurliyi nəticəsinə gəlmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən ştatların sayını ixtisar etmək işəgötürənin əsas hüquqlarından biridir. İş materiallarından görünür ki, "xxxx" MMC-də X6 tətbiqi ilə əlaqədar istehsalın səmərəliyinin və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə komissiya yaradılmış, komisiyya zərurət olmayan ştat vahidlərini müəyyən etmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən də işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İddiaçı isə ondan aşağı səviyyədə peşəkarlığı olan eyni ştatı tutmuş işçinin ixtisar zamanı işdə saxlanması və məhkəmə iclasına şahid kimi dəvət olunmuş "xxxx" MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri X7 və “X11 və Avtomatikası sexinin" sex rəisi X1 izahatlarının təhrif edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin mübahisələndirilən əmrinin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi üçün əsaslı deyildir. Məhkəmə kollegiyasının fikrincə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstərcisi olduğu nəzərə alındıqda isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu, nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Cavabdeh isə iddiaçının tələbini qətiyyətlə inkar edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-1139/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-1139/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar