Məhkəmə qərarları › İş №2(107)-1876/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1876/2021

20.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1876/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi iddiaçı-İddiaçı vəkili X25, cavabdeh-Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1172/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1172/2021 nömrəli (hakim Məhburə Kərimova) qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. işin hаllаrı: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı verdiyi izahatında göstərmişdir ki, 12 noyabr 1985-ci il tarixdə “Azərbaycan DRES”-də İstilik cihazları və avtomatika sexində elektrik stansiyasının avtomatika və ödəmə cihazlarına xidmət edən 2-ci qrup elektrik çilingər vəzifəsinə qəbul edilmişdir Həmin sexdə müxtəlif vəzifələrdə işləmişdir. 01 aprel 1994-cü ildə isə həmin sexdə mühəndis vəzifəsinə keçirilmişdir. 25 aprel 2003-cü ildə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır, o da həmin MMC-də işini davam etdirmişdir. 05 yanvar 2006-cı il tarixdə "xxxx" MMC "xxxx" MMC adlandırılmış, o da həmin MMC-də fasiləsiz olaraq öz işində çalışmışdır. İşlədiyi müddətdə hər hansı inzibati məsuliyyətə cəlb edilməmiş, töhmət almamışdır. Son zamanlar cavabdeh "xxxx" MMC-nin rəhbərliyi əsassız və qərəzli olaraq MMC-nin X20 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər işçini işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. Belə ki, cavabdeh ona və digər işçilərə bir aylıq müddətə əmək müqaviləsi bağlamağı təklif etmişdi və bu yolla onları müəssisədən kənarlaşdırmq istəmişdir. Onlar bir aylıq əmək müqaviləsi bağlanmadan imtina etdiklərinə görə, cavabdeh onu, eləcə də digər işçiləri 03 may 2021-ci il tarixli əmrlə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə ki, hesab edir ki, ştatların ixtisarına zərurət yoxdur. Ştatların ixtisası ilə əlaqədar qanunsuzluğa yol verilmişdir. Ştatların ixtisarı zamanı peşəkarlığa qiymət verilməmişdir. Bununla əlaqədar attestasiya keçirilməmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə(peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə işçilərin attestasiyası keçirilə bilər. İş yerinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yol verilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərlə əmək müqavilələri ləğv edilə bilməz. Bundan əlavə ştatın ixtisarı zamanı işdə saxlanmalı olan işçinin üstünlüyünə də düzgün qiymət verilməmişdir. Ona görə ki, sexdə iki mühəndis ştatı vardır. Ştatın birində o, digərində X11 işləyirdi. O, K.Hacıyevadan əvvəl həmin sexdə işləyir, daha peşəkardır, həmçinin şəkər xəstəsidir. Lakin cavabdeh onun bu üstün cəhətini deyil, Kifayət Hacıyevanın sex rəisi İnqilab Güləliyevin arvadı olmasını nəzərə alaraq, onu işdən azad etmişdir. İddianın təmin olunmasını, onun işdən azad olunması barədə cavabdeh "xxxx" MMC-nin 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçının vəkili X25 da məhkəmə iclası zamanı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsini qanunsuz olmasını əsaslandırarkən onun əmək müqaviləsinin xitam olunmasına aid olmayan Əmək Məcəlləsində əmək müqaviləsinin xitam edilməsinin digər əsaslarına istinad edərək özünü haqlı hesab etmişdir. Belə ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Müqaviləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə işçilərin attestasiyadan keçirilməsinin heç bir əlaqəsi yoxdur. İddiaçı ştatın ixtisarı ilə əlaqədar işdən azad olunmuşdur. "xxxx" MMCdə Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisəsinin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha yüksəlməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X9 tətbiqi barədə DƏ/38 №-li 19.03.2020-ci il tarixli əmr verilmişdir. Ona görə də "xxxx" MMC-də X9 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliyini və idarəetmənin optimllaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsdilə struktur rəhbərlərinin təkliflərini Əmək qanunvericiliyinin tələblərinə uyğun müzakirə edib obyektiv qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Həmin komissiyanın 24.02.2021-ci il tarixdə X20 və Avtomatika sexində istehsalın səmərəliyini və idarəetmənin optımilaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmiş, həmin iclasda komissiyanın üzvləri struktur rəhbərinin təklifini nəzərə alaraq istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən həmin sexdə 01 ştat vahidi və ştadta işləyən İddiaçı işlədiyi ştatın ixtisar olunması qənaətinə gəlmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən X20 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmaları haqqında təqdimat 04.03.2021-ci il tarixdə sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı komitəsinə göndərilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 11 №-li 15 mart 2021-ci il tarixli iclas protokoluna əsasən X20 və Avtomatik sexində mühəndis 01 ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar olunması ilə əlaqədar işdən azad olunmasına razılıq verillmişdir. Ona görə də İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 217/Ş №-li 03.05.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ştatın ixtisarı ilə əlaqədar ona xəbərdarlıq məktubu göndərilmiş, xəbərdarlıq müddətində iş axtarmaq imkanı yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad olunmuş,boş iş yeri olmaması səbəbindən başqa işə keçirilməsinin mümkün olmaması bildirilmş, həmçinin, ona işdən çıxma müavinəti verilmişdir. Həmçinin, onu da bildirir ki, İddiaçı ilə bir sexdə işləyən Kifayət Hacıyeva ali təhsilli,İddiaçı isə orta ixtisas təhsillidir. Kifayət Hacıyeva əmək fəaliyyəti dövründə hər hansı bir intizam məsuliyyətinə cəlb olunmamışdır. İddiaçı isə "xxxx" MMC-nin 26 fevral 2020-ci il tarixli əmri ilə töhmət verilmişdir. İddiaçı şəkər xəstəsi olması barədə hər hansı bir sənədi bu vaxta qədər iş yerinə təqdim edilməmişdir. Eləcə də şəkər xəstəsi olması ixtisar zamanı üstünlüyü olan şəxslər siyahısına daxil deyildir. Bundan əlavə eyni ştatda işləyən Kifayət Hacıyevanın sex rəisi İnqilab Güləliyevin arvadı olması və bu səbəbdən də ştatların ixtisarı zamanı Kifayət Hacıyevaya üstünlük verilməsi barədə iddiaçının izahatı da əsassızdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan İstilik Elektrik Stansiyası” MMCnin həmkarlar ittifaqı komitəsinin sədri X14 bildirdi ki, "xxxx" MMC-də Yenidənqurma işləri ilə əlaqədar sex və sahələrdə yeni texnologiyanın tətbiqi həyata keçirildiyi üçün "xxxx" ASCnin presidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin Yeni Təşkilat strukturu yaranmış, həmin struktura əsasən ştat vahidlərinin və işçilərin sayının ixtisar edilməsi məqsədilə "xxxx" MMC üzrə 19 mart 2020-ci il tarixli əmr verilmişdir. Həmin əmrin icrası ilə əlaqədar ixtisaslı mütəxəssislərdən ibarət komisiya yaradılmışdır. Komisiyanın iclasında X20 və Avtomatika sexində istehsalat zərurəti olmayan ştatların və həmin ştatlarda işləyən işçilərin sayının azaldılması, sayın azaldılmasının əməyin tərkibinə xələl gətirmədiyi, eləcə də idarəetmənin optimallaşdırımaq, yeni texnologiyanın tətbiqinin az işçi qüvvəsinə zərurəti aradan qaldırması müzakirə edilmiş, qeyd edilən sexdə ixtisar olunacaq ştatların sayı və işçilər barədə müdiriyyət tərəfindən həmkarlar komitəsi ittifaqına təqdimat göndərilmiş və məsələyə həmkarlar komitəsinin öz fikrini bildirməsi təklif olunmuşdur. İşəgötürən tərəfindən HİK-ə verilmiş təqdimat həmkarlar İttifaqı Komitəsinin 15 mart 2021ci il tarixli iclasında müzakirə edilmiş, X20 və Avtomatika sexi üzrə 12 ştatın, eləcə də İddiaçı tutduğu ştatın ixtisar olunmasına, onunla əmək müqavilsinə xitam verilməsinə qanuna uyğun olduğuna görə razılıq verilmişdir. Birinci instansiya məhkəməsi iclasında X8 verdiyi izahtında bildirdi ki, "xxxx" MMCnin X20 və Avtomatika sexinin rəisi vəzifəsində işləyir."xxxx" MMC-ə X9, eləcə də yeni texnologiyanı tətbiqi ilə bağlı bəzi ştatların ixtisarına zərurət yaranmışdır.X22 və Avtomatika sexində bəzi ştatların saxlanılmasına zərurət olmamasını, işçilərin əmək funksiyaların keyfiyyətli yerinə yetirilməsi və peşəkarlıq səviyyəsini nəzərə almaqla bəzi ştatların və həmin ştatda işləyən işçilərin ixtisar edilməsi məqsədə müvafiq hesab edilmişdir. O cümlədən sexdə sənədləşmə işlərini aparan, mühəndis İddiaçı da tutduğu ştata zərurət olmadığına görə həmin ştat ixtisar olunması barədə təqdimat verilmişdir İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayətini qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun çıxış edən İddiaçı vəkili X25 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. X25 əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən çıxarılması əsassızdır. Həmin müəssisədə iki ştat yeri vardır, lakin İddiaçı işdən çıxarılmışdır. İddiaçı 1985-ci ildə həmin vəzifədə çalışır, o vəzifəsini qüsursuz yerinə yetirmişdir. Yerinə saxlanılan xanım sex rəsinin həyat yoldaşıdır. Bu hal özü korrupsiyaya şərait yaradan haldır. Odur ki, iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən cavabdeh Azərbaycan İstilik Elektrik Stansiyası MMCnin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1172/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin nümayəndəsi X12 əlavə olaraq bildirmişdir ki, iddiaç İddiaçı ilə bir sexdə işləyən Kifayət Hacıyeva ali təhsilli, İddiaçı isə orta ixtisas təhsillidir. Kifayət Hacıyeva əmək fəaliyyəti dövründə hər hansı bir intizam məsuliyyətinə cəlb olunmamışdır. İddiaçı isə "xxxx" MMC-nin 26 fevral 2020-ci il tarixli əmri ilə töhmət verilmişdir. Bundan başqa Kifayət Hacıyeva sex rəisi İnqilab Güləliyevin rəsmi nikahda olmalarına dair iddia tərəfi məhkəmələrdə izahatlar versələr də bu barədə hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Ola bilər ki, onlar yaxın münasibətdə olsunlar, lakin onların ər-arvad olmasını təsdiq edən sübut iş materiallarında yoxdur. Ona görə də apellayasiya şikayətinin təmin edilməməsini xahiş edir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşdə olan NT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 12.11.1985-ci ildə “Azərbaycan DRES”-in X20 və Avtomatika sexinə elektrik stansiyasına avtomatika və ölçmə cihazlarına xidmət edən 2-ci qrup elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, 01 aprel 1994-cü il tarixli əmrlə həmin sexdə mühəndis vəzifəsinə keçirilmiş, 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin direktorunun DƏ/38 №-li 19 mart 2020-ci il tarixli "xxxx" MMC-nin X9 tətbiqi barədə əmrində göstərilir ki, "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar istehsal- təsərrüfat fəaliyyətinin səmərəliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mövcud Təşkilat Strukturu əsasında və 01.02.2020-ci il tarixdə "xxxx" ASC-nin Prezidenti tərəfindən tətbiq olunmuş 994 ştat vahidindən ibarət X18 formalaşdırılması barədə əmr verilmişdir. İşdə olan "xxxx" MMC-nin direktorunun 211/8 №-li 25 sentyabr 2020-ci il tarixli əmrindın görünür ki, istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. İşdə olan Azərbaycan İES” MMC-də X10 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 05 №-li 24 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, X20 və Avtomatika sexində mövcud ştatları X16 uyğunlaşdırmaq üçün 12 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC-nin direktorunun "xxxx" MMC-nin HİK- sədrinə ünvanlandığı 04 mart 2021-ci il tarixli məktubda göstərilir ki, X20 və Avtomatika sexində ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisar edilməsi zərurəti yaranmışdır. Odur ki, həmin sexdə siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin”b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək, müvafiq qərar qəbul etməyiniz xahiş olunur. İşdə olan "xxxx" MMC Həmkalar İttifaı Komitəsi iclasının 11 №-li 15 mart 2021-ci il tarixli protokolundan görünür ki, X20 və Avtomatika sexi üzrə siyahıda adları qeyd olunan 12 ştatın və həmin ştatlarda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilməsinə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş "xxxx" MMC-nin direktoru tərəfindən İddiaçı göndərilmiş 26 fevral 2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin direktorunun 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin surətindən görünür ki, X20 və Avtomatika sexinin mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrə əsasən əmək haqqı, son haqq-hesab və işdənçıxma muavinəti həmin tarixdə 1329, 26 manat hesablanmış və ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan hallara düzgün hüquqi qiymət vermiş və işin həqiqi hallarına uyğun olan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin məcəllənin 71 -ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə əsaslı xitam verilmişdir Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X7 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hisssinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdar edilməlidir. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada həmkarlar istifaqı təşkilatının razılığını almışdır. İddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl işəgötürən iddiaçını rəsmi xəbərdar etmiş,ididaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmişdir. Həmçinin, iş materiallarında görünür ki, iddiaçıya işdənçıxarma müavinəti verilmişdir. Bundan başqa iddiaçı iddia tələbini və apellyasiya şikayətini sexdə ştatların və ya işçilərin ixtisası üçün əsas olmaması, ştat ləğv olunarkən onun uzun müddət həmin sexdə işləməsi, şəkər xəstəsi olması nəzərə alınmaması, ştatın ixtisarı zamanı onun işdə saxlanması üçün üstünlüyü olduğu halda nəzərə alınmayaraq, digər mühəndis ştatında işləyən X2 rəisi X3 həyat yoldaşı olduğuna görə məhz onun tutduğu ştat ixtisar olunması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin siyahısı Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilmişdir. Lakin həmin siyahıda şəkər xəstəsi olanlar göstərilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində göstərilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyəsi eyni olduqda üstünlüyə malik olan şəxslər işdə saxlanılır. İş materiallarına əlavə olunmuş JT 039174 №li diplomun surətindən görünür ki, Yolçuyeva X4 Politexnik texnikumunun “Elektrik stansiyaları, şəbəkələri və sistemləri” ixtisası üzrə tam kursu, PB044931 №li diplomun surətindən isə görünür ki, X13 M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutun “Ekektrik stansiyaları” ixtisası üzrə tam kursu bitirmişlər. Həqiqətən də İddiaçı orta ixtisas təhsilli, Kifayət Hacıyeva isə ali təhsillidir. Bundan başqa iddia tərəfinin İddiaçı Kifayət Hacıyevadan daha peşəkar olmasına baxmayaraq onun sex rəisi İnqilab Güləliyevin arvadı olması, bu halın özünün korrupsiyaya şərait yaradan hal olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin bu halı ilə bağlı birinci instansiya məhkəməsi Mingəçevir şəhər Qeydiyyat şöbəsinə sorğu ünvanlamış, həmin şöbənin 25.06.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, X3 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlar üzrə yoxlama aparılmış, ancaq nikah haqqında akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, digər mühəndis ştatında işləyən X1 rəisi İnqilab Güləliyevin arvadı olması səbəbindən Kifayət Hacıyevanı deyil, onun tutduğu ştatın ixtisar edilməsi barədə iddiaçının dəlilləri də əsassızdır. Bundan başqa işdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin yəni əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına aid deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1172/2021 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1172/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar