Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1889/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli 2(035)-314/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli 2(035)-314/2021 nömrəli qətanaməsi (hakim Tahir Qubadov) ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. işin halları İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyası tərəfindən cavabdehlərə verilmiş Zərdab rayonu Təzəkənd kəndinin ərazisində yerləşən JN:161 nömrəli (KOD:********) 2.53 hektar torpaq sahəsinin 1.35 hektarına dair 15 dekabr 2004-cü il tarixdə cavabdehlərlə mərhum həyat yoldaşı Əliyev Hamlet arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə hazırki cavabdehlərin (və onların digər ailə üzvlərinin) mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.53 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-161 KOD 90501018 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinin 1.35 ha hissəsini onun hazırda mərhum X13 15.12.2004-cü ildə hazırkı pulla 370-380 manata almışdır. X13 27.03.2015-ci ildə vəfat etmişdir. Ərinin vəfatından sonra torpaq sahəsini özü istifadə etmiş və cari mövsüm üçün orada buğda əkmişdir. Sözügedən torpaq sahəsi ilə əlaqədar əri ilə cavabdehlər aralarında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmamışdır. Son bir ilə kimi buna ehtiyac olmamışdır. Lakin hazırda hər şey elektron qaydada həyata keçirilməli olduğundan alqı-satqının rəsmiləşdirilməsinə zərurət yaranmışdır. Əri vəfat etdiyi üçün vərəsə kimi torpağı öz adına sənədləşdirmək istəyir. Lakin, onun hazırda mərhum X13lə cavabdehlər arasında rəsmi alqı-satqı müqaviləsi olmadığından, habelə cavabdeh Gülabatın Əliyeva (və oğlu Təbriz Əliyev) hazırda həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinə razı olmadıqlarından, eləcədə digər Cavabdeh2 yaşayış yerini tapa bilmədiyi üçün sözügedən torpaq sahəsini öz adına sənədləşdirə bilmir. Hesab edir ki, Hamlet Əliyevin vərəsəsi kimi, o, hazırkı iddianı verməkdə haqlıdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətlərinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.53 ha torpaq sahəsi verilmişdir. Cavabdeh2 onun əri olmuş, Elman spirtli içki alüdəçisi olduğundan on ildən artıqdır ki, ayrılmışlar, Elmanın hazırda harada yaşaması ona məlum deyildir. Elman spirtli içki alüdəçisi olduğundan və torpaqdan səmərəli istifadə edə bilmədikləri üçün sözügedən torpaq səhəsinin 1.35 ha hissəsini əvəzli olaraq iddiaçının hazırda mərhum X13ə bağışlamışdır. Bu barədə aralarında hər hansı bir notarial müqavilə olmamışdır. Elmanın torpağa görə nə alıb-almamasından xəbəri yoxdur. Hazırda sözügedən torpaq sahəsinəözünün ehtiyacı vardır. On görə də torpağının geri qaytarılmasını istəyir. Artıq oğlu Təbriz Əliyev də böyüyüb boya-başa çatdığı üçün torpaq sahəsinin geri qaytarılmasını istəyir. Təbriz 2-ci Qarabağ müharibəsində iştirak edərək sağlamlığını (nitq qabiliyyətini) xeyli itirib, başqa qazanc yeri yoxdur, dolanışıq üçün sözügedən torpaq sahəsini əkib-becərmək istəyir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehdehlərin tərəfində 3-cü şəxs qismində dindirilən X8 izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsi onların ümumi mülkiyyətindədir. Hazırda onlardan ayrı yaşayan atası Elman vaxtı ilə ailəyə məxsus torpaq sahəsinin bir hissəsini iddiaçının X13ə vermişdir. Həmin vaxt, o, özü uşaq olmuşdur. 2-ci Qarabağ müharibəsində iştirak edərək sağlamlığını (nitq qabiliyyətini) xeyli itirmişdir, başqa qazanc yeri yoxdur, dolanışıq üçün sözügedən torpaq sahəsini əkibbecərmək istəyir. Bu səbəbdən torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Atası sözügedən torpaq sahəsini iddiaçının ərinə verərkən onun hüquq və mənafeyini pozmuşdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Zərdab rayonu Təzəkənd kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.53 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-161 KOD 90501018 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinin 1.35 ha hissəsini mərhum X13 Cavabdeh2 15.12.2004-cü ildə 370-380 manata almışdır. O zaman torpağın satılmasına heç kəs etiraz etməmişdir. On səkkiz ildirki o həmin torpaq sahəsindən istifadə edir. Yoldaşı ora xeyli xərc çəkmişdir. Torpaq sahəsini öz adına sənədləşdirmək istəyən zaman qarşı tərəf narazılıq etməyə başlamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zərdab rayon VVAQ şöbəsi tərəfindən 01.04.1999-cu ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə İddiaçı аrаsındа 01.04.1999-cu il tаrixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilməklə rəsmi nikаh bаğlаnmış, ərə Əliyev, аrvаdа Zeynalova sоyаdı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən 31.03.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 27 mart 2015-ci ildə vəfat etmişdir. İşdə olan Torpağa Mülkiyyət hüququna Dair JN-161 Kod 90501018 olan Dövlət Aktının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2, X4, X8 və X5 mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində Zərdab rayonu Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.53 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cavabdeh2 adından yazılmış yazılı qəbzin surətindən görünür ki, Cavabdeh2 (hazırkı cavabdehlərdən biri) ona və ailə üzvlərinə düşən 1.35 hektar torpaq sahəsini özünün və ailəsinin razılığı ilə əvəzi ödənilməklə X6 ömürlük bağışladığını qeyd etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 9-cu hissəsinə görə xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısı nəinki, notariat qaydasında təsdiq edilmiş hər hansı bir müqavilə olmamış, heç sadə yazılı forma da tərtib edilmiş müqavilə də olmamışdır. Onların arasında məzmunun dəqiq məlum olmayan yazılı qəbz olmuşdur ki, həmin yazılı qəbzdə də bir tərəfdən torpağın əvəzi ödənilməklə verildiyi, digər tərəfdən bağışlanıldığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış əqd qanun nöqteyi-nəzərindən etibarsız olmuşdur, birinci instansiya məhkəməsinin həmin əqdi bağlanmamış hesab etməsi isə qanuna müvafiq və əsaslıdır. Beləliklə, apellyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyası tərəfindən cavabdehlərə apellyasiya şikayətlərinin dəlillərinə dair sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq, iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş mterialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətlərinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli 2(035)-314/2021 nömrəli qətnaməsi Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli 2(035)-314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. iş üzrə sədrik edən hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1889/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1889/2021
27.10.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver