Məhkəmə qərarları › İş №2(107)-1895/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1895/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1895/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(014)-151/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ağdaş Ərazi İdarəsinin və 3-cü şəxslər Mingəçevir “ASAN Xidmət” Mərkəzi və Cavabdeh2 qarşı «10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ağdaş Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və onun nəticələrinin-Mingəçevir “ASAN Xidmət” mərkəzinin 16.08.2019-cu il tarixli 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş 29.08.2019-cu il qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə verərək bildirdi ki, üçünçü şəxs qismində işə cəlb etdiyi Cavabdeh2 əslində cavabdehdir. Ona görə də Cavabdeh2 cavabdeh kimi prosesə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 51.3-cü maddəsinə əsasən Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum qayınatası X2 özünə məxsus olub ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.metr olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat kontorunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mərhum əri X1. Mərhum X3 həmin 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon notariat ofisində reyestrdə 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olub Ağdaş şəhər H.Əliyev pr 1/7 ünvanında (keçmiş ünvan 3 yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını ona, yəni arvadı İddiaçı vəsiyyət etmişdir. X3 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Müəyyən səbəblərdən ərinin ölümündən sonra miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamışdır. 2020-ci ildə ərinin vərəsəliyini açdırmaq istəyən zaman ona məlum olmuşdur ki, ərinin mülkü qanunsuz əsaslarla qardaşı Cavabdeh1 adına sənədləşdirilmiş və Cavabdeh2 satılmışdır. Bundan istifadə edən qaynı Cavabdeh1 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini saxta sənədlər, yəni Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış, Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında 10.05.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X7 filialının 14 sentyabr 2020-ci il tarixli arayaışına görə, Ağdaş rayon XDS İK-nin sənədləri filialda saxlanmır, Ağdaş rayon Dövlət Arxivində saxlanılır. Ağdaş rayon Dövlət Arxivinin 23.09.2020-ci il tarixli arayışına görə, Ağdaş rayon XDS İK-nin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokol kitabını tapa bilmədikləri üçün məlumat vermək mümkün olmamışdır. Cavabdeh1 həmin çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini üçüncü şəxs Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunun 16.08.2019-cu il tarixli, 4Ə1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs Cavabdeh2 satmışdır. Həmin müqavilə əsasında həyətyanı torpaq sahəsi və yaşayış evi 29.08.2019cu il tarixdə cavabdeh DƏDRX-nin 17 saylıl Ağdaş ərazi İdarəsində Cavabdeh1 adına qeydə alınmış və bu barədə onun adına həmin tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, mərhum əri tərəfindən adına verilmiş vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. O, həmin evin və həyətyanı torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasından xəbəri olmamışdır və bu mülkün onun adına sənədləşməsi tam saxta olmuşdur. S. Əhmədov onun ərinin vərəsəsi sayılmır. Belə ki, qanunvericiliyin tələblərinə görə şəxs xüsusi mülkiyyətində olan əmlakını başqasının xeyrinə özgəninkiləşdirilməsi bağışlama, alqı-satqı, dəyişdirmə və s., rəsmi qaydada rəsmiləşdirilmiş müqavilələr əsasında həyata keçirilir. Ona görə də hesab edir ki, cavabdeh DƏDRX-nin 17 saylı Ağdaş Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun nəticələri ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirmişdir ki, Cavabdeh1 nümayəndəsi vasitəsi ilə çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş 16.08.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. O, satılan əmlakın İddiaçı Əhmədiyyə qızına məxsus olmasını bilməmişdir və bilə də bilməzdir. Daşınmaz əmlakı notariusun iştirakı ilə bağlanmış müqavilə əsasında almışdır. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 27 may 2021-ci il tаrixli 2(014)- 151/2021 nömrəli qərardadı ilə İddiaçı iddia ərizəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair bu tələblə bağlı hissəsində mülki iş üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qətnaməsi ilə İddiaçı cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi, Cavabdeh2 və 3-cü şəxs Mingəçevir “ASAN Xidmət” Mərkəzinə qarşı 16.08.2019-cu il tarixli 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş 29.08.2019-cu il qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası rədd edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mərhum X3 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon notariat ofisində reystrdə 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olub Ağdaş şəhəri H.Əliyev prospekti 1/7 ünvanında (keçmiş ünvan 3 yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını ona, yəni arvadı İddiaçı qızma vəsiyyət etmişdir. Sonradan həmin vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. Müəyyən səbəblərdən ərinin ölümündən sonra ondan miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamışdır. Bundan istifadə edən qaynı olan Cavabdeh1 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini saxta sənədlər, yəni Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış, Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHBA-nm Memarlıq və tikinti şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında 10.05.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ərinə məxsus olmuş ev və torpaq sahəsinə Cavabdeh1 saxta sənədlər əldə edərək evi və torpaq sahəsini öz adına qeydə aldırdıqdan sonra notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə başqa şəxsə satması ilə bağlı mübahisənin müqavilə əsasında yarandığını hesab edərək hazırki iddia tələbi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxan məhkəmə işi icraata qəbul edərkən aidiyyat məsələsini ətraflı araşdırmamış, aradan keçən müddətdə keçirilən məhkəmə iclaslarında aidiyyat məsələsini iştirakı ilə müzakirə etməmişdir. Yalnız iş üzrə yekun qərar qəbul edərkən iddia ərizəsinin “10.05.2018-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair” hissəsinin ümumi məhkəmələrdə baxılmalı olmamasını əsas göstərməklə iddia tələbinin həmin hissədə icraatına xitam verilməsi barədə qərardad qəbul etmişdir. Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası 23 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil şikayətin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 qərardaddan verilmiş şikayətin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cаvаbdеh Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və 3-cü şəxslər Mingəçevir “ASAN Xidmət” Mərkəzi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 03 avqust 2021-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin - cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsinə məhkəmədə baxıla bilmədiyindən həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh1 adına 10.05.2018-ci il tarixdə DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata alınmasına və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə Ağdaş Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış, Ağdaş Rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışı və Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsinin eskiz layihəsi əsas olmuşdur. Ağdaş Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi mövcud olduğu dövrlərdə inzibati orqan funksiyasına malik olduğundan onun 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolu (protokol ilə qəbul edilmiş qərarı) inzibati akt hesab edilir. Belə olan halda, müvafiq daşınmaz əmlakın Cavabdeh1 adına 10.05.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi inzibati orqanın inzibati aktı əsasında aparılmışdır. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının tələbi hazırda mübahisələndirilən hissədə inzibati-hüquqi tələbdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülkihüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbаycаn Respublikаsı İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinin tələbinə görə də, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddiaya ümumi məhkəmədə, yəni Ağdaş Rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya hazırki iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət etmək hüququnu izah etməkdə düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 4-cü maddəsində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətlərinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü maddəsində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə. MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qurumları inzibati orqanlara aid edilmişdir. İşdən görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair tələbi ümumi məhkəmələrdə baxılmalı deyildir. Konkret mübahisənin hansı növ məhkəmədə - ümumi məhkəmədə, yoxsa inzibati məhkəmədə araşdırılmalı olmasının müəyyən edilməsinin mühüm təcrübi əhəmiyyətə malik olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 03 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar