Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1899/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nin X4 İstismar İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021- ci il tarixli, 2(016)-314/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 05 aprel 2021- ci il tarixli, 2(016)- 314/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh İB-nin Ağsu X3 İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 24.11.2020-ci il tarixli əmrinin ləğv edilməsi və iş buraxma üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Ağsu X3 İdarəsinin İqtisadiyyat və Uçot Şöbəsində 2016-ci ildən mühasib işləmişdir. Xəstəliyi ilə əlaqədar 02.03.2020-ci il tarixdən 24.11.2020-ci il tarixə kimi üzürlü səbəbdən işə çıxa bilməmişdir. Xəstəlik vərəqələrini vaxtında idarəyə təqdim edə bilmədiyi üçün cavabdeh tərəfindən 24.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsi ləğv edilmişdir. Hesab edir ki həmin əmr qanunsuzdur. İşə gəlmədiyi günlər üçün xəstəlik vərəqələri mövcuddur. Ona görə də göstərilən əmr ləğv edilməli və işinə bərpa edilməlidir. İşlədiyi müddətdə heç bir töhmət almamışdır. Məhkəməyə müraciət etmək üçün tərəfindən müddət buraxılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021- ci il tarixli, 2(016)-314/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə, qətnaməsində onun işdən çıxarılmasını əsaslı hesab etmişdir. Lakin, onun uzun müddət işə buraxılmaması, idarə rəisi tərəfindən təqib olunması, ailə vəziyyəti, ölkə prezidentinin işsizliyin qarşısının alınması barədə tapşırıqları barədə əsas nüansları və iş üçün əhəmiyyətli halları araşdırmamışdır. Odur ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021- ci il tarixli, 2(016)-314/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və xahişlərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021- ci il tarixli, 2(016)-314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, işdə olan 24.11.2020-ci il tarixli əmrin surətindən görünür ki, “Azərqaz” X2 X3 İdarəsinin İqtisadiyyat və Uçot Şöbəsinin mühasibi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrin verilməsinə əsas kimi Ağsu X3 İdarəsinin 10.11.2020-ci il tarixli əmək kollektivinin ümumi yığıncağının protokolu, X1 İdarə Heyətinin 23.11.2020-ci il tarixli, 01 saylı iclas protokolu, “Azərqaz” X2 X3 İdarəsinin Hüquq Şöbəsinin rəisinin 28.10.2020-ci il tarixli xidməti yazısı göstərilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin iddiaçıya ünvanladığı 25.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, 12.02.2016-cı il tarixli, 18 nömrəli əmək müqaviləsinə 24.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək kitabçasının əslini və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətini götürməsi barədə 24.11.2020-ci il tarixli məktubla göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, İdarəyə gəlmədiyindən ünvanına göndərilmişdir. İşin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onun əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla işəgötürən tərəfindən ləğv edilmişdir. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri 24.11.2020-ci il tarixdə verilmiş, əmək kitabçasının əsli və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surəti 25.12.2020-ci il tarixdə poçt vasitəsilə iddiaçının ünvanına göndərilmiş, iş materiallarına əlavə edilmiş “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətindən həmin məktubun 30.12.2020-ci il tarixdə iddiaçıya şəxsən verildiyi müəyyən edilmişdir. İddiaçı isə mövcud iddia ərizəsini 01.02.2020-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilə bilməz. Odur ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi də rədd edilməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İddiaçının sözügedən əmrin qanunsuz hesab edilməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillər cavabdeh tərəfin izahatı və iş materialları ilə tam təkzib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildilməsi əmək müqaviləsinin əsaslarındandır. Həmin Məcəllənin 70-ci maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləninn 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. İddiaçı 02.03.2020-ci il tarixdən 24.11.2020-ci il tarixə kimi xəstəliyi ilə bağlı işə çıxa bilmədiyini, xəstəlik vərəqələrini vaxtında idarəyə təqdim edə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyini qeyd etsə də, məhkəmə iclasında da iddia ərizəsində göstərilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021ci il tarixli, 2(016)-314/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 05 aprel 2021- ci il tarixli, 2(016)-314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1899/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1899/2021
12.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver