Məhkəmə qərarları › İş №2(107)-191/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-191/2020

22.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-191/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X4 və vəkili X1, İddiaçı və onun nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı «işə bərpa və vəzifəsinin icrasına buraxılma» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1271/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1271/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddiа tələbi təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Rayon X5 Qalya Qriqoryevnanın işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli, K-578 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Qəbələ rayonu Nic qəsəbə sahə xəstəxanasına əvvəlki vəzifəsinə bərpa olunması qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı «işə bərpa və vəzifəsinin icrasına buraxılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qəbələ rayon Nic sahə xəstəxanasının tibb bacısı vəzifəsinə bərpa edilməsi və həmin vəzifənin icrasına buraxılmağı haqqında öhdəliyin Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramovun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq onu işdən bir aydan artıqdır kənarlaşdırmaqla hazırkı vaxtadək işə buraxmır. Mərkəzi Xəstəxana ilə aralarında olan əmək müqaviləsi pozulmamış, lakin əmək münasibətləri qeyri-müəyyən olmaqda davam edir. O, Nic qəsəbə sahə xəstəxanasının tibb bacısı vəzifəsində işləyir. X17 X3 Moskva şəhərində yaşayır. Ona məlumat gəlmişdir ki, qızı onkoloji xəstəlikdən xx.xx.2019-cu il tarixdə Moskva şəhərində əməliyyat olunmalıdır. Bu səbəbdən o, Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramova xx.xx.2019-cu il tarixdə ərizə yazaraq qızının xəstəliyi ilə bağlı təcili olaraq Rusiya Federasiyasına getməli olduğunu bildirmiş və ona öz hesabına qısa müddətli məzuniyyət verilməsini istəmişdir. Ərizəni poçt vasitəsi ilə göndərdikdən sonra Rusiya Federasiyasına getmişdir. Onu da məhkəmənin diqqətinə çatdırır ki, həmin vaxtda, həmin vaxtdan xeyli əvvəl və xeyli sonra da Nic sahə xəstəxanasında heç bir xəstə olmamışdır. Odur ki, ona öz hesabına qısa müddətli məzuniyyətin verilməməsi üçün heç bir fövqəladə vəziyyət mövcud olmamışdır. xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasından qayıtmış və dərhal cavabdehə ərizə ilə müraciət edərək onun işdə sayılması barədə sərəncam verilməsini xahiş etmişdir. Ərizəyə qızının xəstəliyinə aid olan müvafiq epikrizləri əlavə etmişdir. Lakin cavabdehin göstərişi ilə onu işə buraxmamışlar. Bundan sonra bir neçə dəfə ərizə ilə cavabdehə müraciət edərək qeyri müəyyənliyin aradan götürülməsi, onun vəzifəsinin icrasına buraxılması barədə sərəncam verilməsini istəsə də, ərizələri cavablandırılmamışdır. O, işə qayıtmağı barədə cavabdehə məlumat verdiyi vaxtdan bir ay on gündən artıq vaxt keçməsinə baxmayaraq bu günədək ondan müvafiq izahat alınmamış, onun işə buraxılmamağı barədə cavabdehin göstərişi isə de-fakto qüvvədə qalmışdır. İşdən azad olunubolunmamağı barədə heçbir məlumatı yoxdur. Hesab edir ki, Qəbələ rayon Mərkəzi Xəstəxanasınının baş həkimi Sabir Bayramovun onu vəzifəsinin icrasına buraxmamağı barədə hərəkətləri qanunsuzdur. Ona görə də əvvəlki işinə bərpa edilməsi və vəzifəsinin icrasına buraxılmağı barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, o, Nic qəsəbə sahə xəstəxanasının tibb bacısı vəzifəsində işləyir. X17 X3 Moskva şəhərində yaşayır. Ona məlumat gəlmişdir ki, qızı onkoloji xəstəlikdən xx.xx.2019-cu il tarixdə Moskva şəhərində əməliyyat olunmalıdır. Bu səbəbdən o, Qəbələ rayon Mərkəzi Xəstəxananın baş həkimi Sabir Bayramova xx.xx.2019-cu il tarixdə ərizə yazaraq qızının xəstəliyi ilə bağlı təcili olaraq Rusiya Federasiyasına getməli olduğunu bildirmiş və ona öz hesabına qısa müddətli məzuniyyət verilməsini istəmişdir. Ərizəni poçt vasitəsi ilə göndərdikdən sonra Rusiya Federasiyasına getmişdir. Ərizəsində istədiyi məzuniyyət vaxtını texniki olaraq səhv yazmışdır. Məzuniyyət istədiyi vaxt Nic sahə xəstəxanasında heç bir xəstə olmamışdır. Yəni, ona öz hesabına qısa müddətli məzuniyyətin verilməməsi üçün heç bir fövqəladə vəziyyət mövcud olmamışdır. xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasından qayıtmış və dərhal cavabdehə ərizə ilə müraciət edərək onun işdə sayılması barədə sərəncam verilməsini xahiş etmişdir. Ərizəyə qızının xəstəliyinə aid olan müvafiq epikrizləri əlavə etmişdir. Lakin cavabdehin göstərişi ilə onu işə buraxmamışlar. Bundan sonra bir neçə dəfə ərizə ilə cavabdehə müraciət edərək qeyri müəyyənliyin aradan götürülməsi, onun vəzifəsinin icrasına buraxılması barədə sərəncam verilməsini istəsə də, ərizələri cavablandırılmamışdır. Buna görə də Qəbələ rayon Mərkəzi Xəstəxanasına gələrək baş həkimin qəbuluna düşməyə çalışsa da, onu qəbul etməmişlər. O, işə qayıtması barədə cavabdehə məlumat verdiyi vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq bu günədək ondan müvafiq izahat alınmamış, onun işə buraxılmaması barədə cavabdehin göstərişi qüvvədə qalmışdır. Hesab edir ki, Qəbələ rayon Mərkəzi Xəstəxanasınının baş həkimi Sabir Bayramovun onun vəzifəsinin icrasına buraxmaması barədə hərəkətləri qanunsuzdur. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçının etibarnamə üzrə nümayəndəsi X14 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı Nic qəsəbə xəstəxanasında tibb bacısı vəzifəsində işləmişdir. Öz hesabına məzuniyyət verilməsinə dair onun ərizəsi Qəbələ rayon Mərkəzi Xəstəxanasına poçt vasitəsi ilə daxil olmuşdur. Həmin ərizəsində iddiaçı 2019-cu ilin iyul ayının 18-dən avqust ayının 18-nə kimi öz hesabına məzuniyyətə çıxarılmasını xahiş etmişdir. Buna görə də xəstəxananın baş həkiminə zəng edərək İddiaçıın öz hesabına məzuniyyətə çıxmaq üçün xahiş etdiyi bir ay müddətin çox olduğunu və ona yalnız bir həftə məzuniyyətin verilməsinin mümkün olduğunu bildirdikdə, baş həkim iddiaçının işə gəlmədiyini, artıq Azərbaycan Respublikasının ərazisini tərk etdiyini ona demişdir. Belə olduğu halda bu barədə iyul ayının 4-də Həmkarlar İttifaqının sədri Samir Şərifova məktubla müraciət olunaraq məlumat verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə üzürsüz səbəbdən işə gəlmədiyi üçün Nic qəsəbə xəstəxanasında akt tərtib edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi iyul ayında məzuniyyətdə olduğu üçün avqust ayının 8-də sistemə daxil edilmişdir. Hazırda onun yarımştat işi iki nəfər arasında bölünmüşdür. Avqust ayının 27-də iddiaçı xəstəxanaya dəvət olunsa da o, özü gəlməmiş, əri gəlmişdir. Buna görə də iddiaçının işinə bərpa edilməsi mümkün olmamışdır. Yanvar ayının birindən yeni ştatlar olacağına görə ona iş yeri təklif olunmuşdur. O, həmin təklifləri qəbul etməmişdir. Bu müddət ərzində iddiaçı onlara hər hansı problem yaratmamış, lakin əri imüxtəlif vaxtlarda xəstəxanaya gələrək dəfələrlə səs-küy yaratmışdır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin iclasında X10 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Nic qəsəbə xəstəxanasınının baş həkimidir. İddiaçı həmin xəstəxanada tibb bacısı vəzifəsində işləmişdir. Onun işə gəlmədiyini, ərizə ilə Qəbələ RMX-nın baş həkimi Sabir Bayramova müraciət edərək icazə istədiyini və Rusiya Federasiyasına getdiyini iki gün sonra başqa bir tibb bacısından öyrənmişdir. Daha sonra Qəbələ RMX-nın kadrlar şöbəsinin müdiri Aygun Əliyeva zəng edərək İddiaçı öz hesabına ancaq 7 təqvim günü icazə verə biləcəklərini bildirməklə ərizəsini dəyişməsini xahiş etdikdə o, artıq iddiaçının Azərbaycan Respublikasının ərazisini tərk etdiyini bildirmişdir. İddiaçı bu günə qədər heç bir əmək intizamını pozmamış, işi ilə bağlı narazılıqları olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında X16 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, Qəbələ rayon Mərkəzi Xəstəxanasının HİŞİT-nin sədridir. Xəstəxananın baş həkimi 2019-cu ilin iyul ayının 01-də ərizə ilə ona müraciət edərək İddiaçı işdə olmaması ilə bağlı məsələnin müzakirə edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə rəyasət heyətinin 5 nəfər üzvü ilə iclas keçirilmiş, baş həkimin məktubu və iddiaçının iş buraxmasına dair tərtib olunmuş akt oxunaraq müzakirə olunmuşdur. Nic qəsəbə xəstəxanasının tibb bacısı İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzürsüz səbəbdən işdə olmaması müəyənləşmişdir. İddiaçı ilə əlaqə yaradaraq onun iclasda iştirakını təmin etməyə çalışmış, lakin sonuncu respublikadan kənarda olduğu üçün iclas onun iştirakı olmadan keçirilmişdir. HİK-nə ünvanlanmış məktubun ayın 04 iyul tarixdə qeydə alınması, razılıq məktubunun 02 iyul tarixində qeydə alınması, protokolunda 04 iyul tarixdə qeydə alınması ilə bağlı heç nə deyə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsi ziddiyyətli tərtib edilmiş və məhkəmənin qətnaməsində iddia ərizəsi ilə iddiaçının məhkəmədə verdiyi ifadələri arasında olan ziddiyyətlərə əhəmiyyət verilməmişdir. İddiaçının iddia ərizəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət vardır. Belə ki, iddia ərizəsində iddiaçının Rusiya Fedrasiyasından qayıtmasının tarixi xx.xx.2019-cu il göstərildiyi halda məhkəmə iclasında Rusiya Federasiyasından qayıtma tarixini xx.xx.2019-cu il kimi göstərilmişdir. Məhkəmə cavabdehin nümayəndəsi Əliyeva Aycün Əlövsət qızının məhkəmədə verdiyi ifadəsini təhrif etmişdir. Beləki, o, məhkəmə iclasında göstərmişdir: "Əliyeva Aygün Əlövsət qızı iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı Nic qəsəbə xəstəxanasında tibb bacısı vəzifəsində işləmişdir... iş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır" Çox maraqlıdır ki, iddianı qəbul etməyən cavabdehin nümayəndəsi qərar qəbul edilməsini nəyə görə məhkəmənin mülahizəsinə buraxmalıdır. İddiaçının nümayəndəsinin məhkəmədəki izahatını təhrif etməklə məhkəmə qeyriobyektivliyə yol vermiş nəticədə qanunsuz qətnamə qəbul ediləməsinə gətirib çıxarmışdır. Məhkəmə işdə olan Nic qəsəbə sahə xəstəxanasında 2019-cu ilin iyun iyul ayları üçün tərtib olunmuş tibb işçilərinin növbətçilik cədvəlinə istinad edərək göstərmişdir ki, iddiaçı iyun ayının 19, 24, 27 və 30-da, iyul ayının isə 03 və 06-da işdə olmamaqla, cəmi 6 gün işdə olmamışdır. İddiaçının xarici pasportundakı vizalar üçün ayrılmış səhifəsindən görünür ki, iddiaçı 11 gün Azərbaycan Respublikası ərazisində olmamışdır. Lakin, məhkəmə bu faktı araşdırarkən əmək müqaviləsinə istinad etməmiş və müəyyən olunmamışdır ki, işə davamiyyət növbətçilik cədvəliyləmi müəyyən olunur. Növbətçilik cədvəli işçinin həmin gün üçün ən çox məsuliyyət daşıdığı gündür. Sadəcə olaraq məhkəmə iddiaçını işə bərpa etmək üçün işdə olmama günlərinin sayını azaltmaq və ona haqq qazandırmaq üçün istinad etdiyi haldır. İşdə araşdırılmış xarici pasporla müəyyən olunmuşdur ki, xx xxxx 2019-cu il tarixdə iddiaçı respublikanı tərk etmiş və xx xxxx 2019-cu ildə respublikaya qayıtmışdır. İddiaçının ərizəsinə diqqət yetirdikdə müəyyən olunur ki, o, ərizəsində xx.xx.2019-cu ildən 18. 08. 2019-cu il tarixədək icazə istəmişdir. Ərizənin yazılma tarixi isə xx xxxx 2019cu il göstərilmişdir. Ərizə ilə iddiaçının respublikanı tərk etməsi arasında olan təqvim tarixini üzləşdirdikdə məlum olur ki, iddiaçı respublikaya qayıtdıqdan sonra ərizə yazmışdır. Başqa bir fərq ondan ibarətdir ki, ərizənin yazılma tarixinin səhv olduğu qənaətinə gəlsək belə iddiaçının respublikanı tərk etməsi ilə onun ərizə yazması arasında iki gün müddət olmuşdur ki, bu müddət ərzində o, ərizəni əyani şəkildə təqdim edə bilərdi və rəhbərliklə görüşə bilərdi. Onun real imkanı olmuşdur ki, respulikadan getməli olduğunu əyani razılaşdıra bilsin. Lakin, o, bundan istifadə etməmiş və respublikanı tərk etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçının və məhkəmənin iş üzrə gətirdiyi arqumentlər real vəziyyəti əhatə etmir. Məhkəmə iddiaçını işə bərpa etmək üçün iddiaçının saxta arqumentlərini əsas götürmüş işə düzgün hüquqi qiymət verməmişdir. Daha doğrusu iş hərtərəfli araşdırılmamış nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamədə maddi hüquq normalarına istinad etsə də həmin maddi hüquq normaları qətnamə tərtib etmək xatirinə istinad olunan normalardır. Çünki, real vəziyyəti araşdırmadan qətnamə tərtib edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 217 və 218-ci maddələrinin tələblərini də pozmuşdur. Belə ki, yuxarıda qeyd edilən məsələlərin araşdırılması zəruri olan məsələlərdir. Çox təəssüflər olsun ki, bu məsələlərin araşdırılması üçün məhkəmə səy göstərməmişdir. Sadəcə olaraq cavabdehin qeyrisəmimi ifadəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)- 1271/2019 nömrəli qətnaməsini ləğv edib iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X6 və vəkili X2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X14 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1271/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1271/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan iş materiallarında olan Qəbələ rayon Mərkəzi Xəstəxanasının «İddiaçı başqa vəzifəyə keçirilməsi haqqında» xx.xx.2014-cü il tarixli, 86 nömrəli əmrin surətindən görünür ki, həmin tarixdən etibarən İddiaçı öz ərizəsi əsasında Nic qəsəbə sahə xəstəxanasının Poliklinika şöbəsinin tibb bacısı vəzifəsindən 0.5 ştat vahidi olmaqla Nic qəsəbə sahə xəstəxanasının tibb bacısı vəzifəsinə keçirilmişdir. İşdə olan Qəbələ rayon Mərkəzi Xəstəxanası ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 371 saylı «əmək müqaviləsindən görünür ki, o, Nic qəsəbə sahə xəstəxanasında tibb bacısı vəzifəsində çalışmışdır. İşdə olan İddiaçı Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramova yazdığı və poçt vasitəsi ilə ünvanladığı ərizədə o, qızının xəstə olması səbəbindən Rusiya Federasiyasına getməkdən ötrü xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək öz hesabına icazə verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı verilmiş PC AZE C01741643 nömrəli xarici pasportunun vizalar üçün ayrılmış səhifəsində aparılan qeydlərdən görünür ki, o, 20,xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası sərhədini keçmiş və xx.xx.2019-cu il tarixdə respublika ərazisinə daxil olumuşdur. İşdə olan Nic qəsəbə sahə xəstəxanasınını baş həkimi F.Ağayevin, stasionar tibb bacısı Nəcabət Mustafayevanın və tibb bacısı Alvina Dinçarinin iştirakı ilə xx.xx.2019-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, aktda stasionar tibb bacısı İddiaçı xx xxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işə gəlmədiyi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Mərkəzi Xəstəxanasınını xx.xx.2019-cu il tarixli, 578-K nömrəli əmrin surətindən görünür ki, Nic qəsəbə sahə xəstəxanasınının stasionarın tibb bacısı İddiaçı ilə bağlanmış 371 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin tarixdən xitam verilmişdir. Əmrlə onun son haqq-hesabı, əmək kitabçası və əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi nəzərdə tutulmuşdur. İşdə olan «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”inin surətindən görünür ki, İddiaçı ilə Qəbələ rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir İşdə olan Nic qəsəbə sahə xəstəxanasındə 2019-cu ilin iyun-iyul ayları üçün tərtib orta tibb işçilərinin növbətçilik cədvəlindən görünür ki, İddiaçı iyun ayının 19,24,27 və 30da, iyul ayının isə 03 və 06-da olmaqla, cəmi 6 gün işdə olmamışdır. İş materiallarında olan Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramovun xx xxxx 2019cu il tarixdə Qəbələ RMX-nının H.İ.Ş.İ.T-nin sədri Samir Şərifova ünanladığı 7-3/26 saylı məktubda Nic qəsəbə xəstəxanasının tibb bacısı İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzürsüz səbəbdən işə gəlmədiyi, bu barədə xəstəxanada akt tərtib edildiyi göstərilməklə onun qanunauyğun olaraq işdən azad olunmasına razılıq verilməsi xahiş olunmuşdur. Məktubda həmçinin sonuncunun təqdim etdiyi sənədlərdən onun Rusiya Federasiyasında olduğunun müəyyən edildiyi göstərilməklə, məktuba tərtib edilmiş aktın surətinin və onun Rusiya Federasiyasında olması barədə sənədlərin əlavə olunduğuna dair qeyd aparılmışdır. İşdə olan Qəbələ SİHİ şurasının sədri S.Şərifovun Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi S.Bayramova ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, məktubda xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndində nəzərdə tutulan hallar olmadığı halda Məcəllənin 70-ci maddəsinin «d» bəndinə müvafiq olaraq İddiaçı tutduğu vəzifədən azad edilməsinə Qəbələ SİHİ şurasının etiraz etmədiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 42.1, 70-ci maddəsinin «ç» bəndinə, 72-ci maddəsinin “a” bəndində, 80-cı maddəsinin 1-ci bəndinə, 80-cı maddəsinin 2-ci bəndinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 128, 129 və 130-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-cı maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı, elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən isifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin Məcəllənin 130-cu maddəsinin «i» bəndinə görə ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Ayrumova X7 Kuranovanın onkoloji xəstəliyi ilə bağlı X9 şəhərində əməliyyat olunacağını nəzərə alaraq təxirəsalınmadan Moskva şəhərinə getməli olduğundan (yəni, xəstəxanaya gəlib işəgötürəni bu barədə məlumatlandırmaq imkanı olmadığı üçün) ödənişsiz əmək məzuniyyətinin verilməsi üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramova rəsmi ərizəsini poçt vasitəsi ilə göndərməklə Rusiya Federasiyasına getmişdir. İşin bu halını cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi A.Əliyeva məhkəmədə verdiyi izahatında etiraf etmişdir. Bundan başqa işin halları və mülki işə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının qızı X12 həqiqətən Moskva şəhəri, «A.S.Liqinov» adına Elmi-Praktiki Mərkəzdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə stasionar müalicə olunmuşdur. Cavabdeh ailə vəziyyəti ilə bağlı ödənişsiz məzuniyyətin müddətin 7 gündən artıq olmadığını əsas gətirərək heç bir hüquqi əsas olmadan İddiaçı məzuniyyətlə təmin etməmişdir. Əksinə, iddiaçının işlədiyi Nic qəsəbə sahə xəstəxanasında sonuncunun işə gəlməməsinə əsaslanmış akt tərtib etməklə xx.xx.2019-cu il tarixli, 578-K nömrəli əmrlə İddiaçı ilə bağlanmış 371 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad etməklə həmin tarixdən xitam vermişdir. İşdə olmalı müddətlər nəzərə alınsa – iddiaçə 2019-cu ilin iyun ayının 19, 24, 27 və 30-da, iyul ayının 03 və 06-da olmaqla, cəmi 6 gün işdə olmamışdır. İddiaçı ailə məsələsi olan yaxın qohumu, yəni qızı Y.Kuranovanın xəstəliyi ilə bağlı ödənişli məzuniyyət verilməsi barədə rəsmi ərizə ilə işəgötürənə müraciət etsə də onun arzusu yerinə yetirilməmiş və cavabdeh heç bir hüquqi əsas olmadan onu ödənişsiz məzuniyyətlə təmin etməmişdir. Bununla da cavabdeh İddiaçı Əmək Məcəlləsinin 128- 130-cu maddələri ilə qorunan hüquqlarını pozmuşdur. Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramov xx xxxx 2019-cu il tarixdə Qəbələ RMX-nının H.İ.Ş.İ.T-nin sədri Samir Şərifova 7-3/26 saylı məktub ünvanlayaraq Nic qəsəbə xəstəxanasının tibb bacısı Qaylya Ayrumovanın xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzürsüz səbəbdən işə gəlmədiyi, bu barədə xəstəxanada akt tərtib edildiyini göstərməklə onun qanunauyğun olaraq işdən azad olunmasına razılıq verilməsini xahiş etmidir. Qəbələ SİHİ Şurasının sədri S.Şərifov Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi S.Bayramova ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda, Qəbələ rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq İddiaçı tutduğu vəzifədən azad edilməsinə Qəbələ SİHİ Şurasının etiraz etmədiyini göstərmişdir. S.Şərifov məhkəmə araşdırılması zamanı verdiyi ifadəsində xəstəxananın baş həkiminin 2019-cu ilin iyul ayının 01-də ərizə ilə ona müraciət edərək İddiaçı işdə olmaması ilə bağlı məsələnin müzakirə edilməsini xahiş etdiyini, xx.xx.2019cu il tarixdə rəyasət heyətinin 5 nəfər üzvü ilə iclas keçirildiyini, baş həkimin məktubu və iddiaçının iş buraxmasına dair tərtib olunmuş akt oxunaraq müzakirə olunduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi S.Bayramovun Qəbələ RMX-nının H.İ.Ş.İ.T-nin sədri Samir Şərifova ünvanladığı 7-3/26 saylı (xx.xx.2019-cu il tarixli) məktubla, sonuncunun ona xx.xx.2019-cu il tarixdə yazdığı məktubların yazılma tarixləri arasında olan və eləcə də S.Şərifovun məhkəmə iclasında şahid qismində verdiyi ifadələri arasında olan ziddiyyət həmin sənədlərin sonradan tərtib olunduğuna dəlalət edlir. İşin bu halı deməyə əsas verir ki, işəgötürən (cavabdeh) iddiaçı ilə arpalarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (əmrdə qeyd olunmuş) xitam verən zaman həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Yəni, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, HİK iddiaçının da iclasda iştirakının təmin etməmiş və bununla bağlı hər hansı bir tədbir görməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Buna görə də cavabdehin iş təklifinə iddiaçının imtinası işçinin işəgötürənlə əmək münasibətlərinə daxil olması baxımından onun sərbəst iradə ifadəsi olaraq qiymətləndlirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia tələbində onun işdən çıxarılması və işə buraxılmaması nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının alınması barədə iddiada heç bir tələb qoymamışdır. Buna görə qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə ehtiyac olmur. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Rayon X5 Qalya Qriqoryevnanın işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli, K-578 nömrəli əmri ləğv edilməli, İddiaçı Qəbələ rayonu Nic qəsəbə sahə xəstəxanasına əvvəlki vəzifəsinə bərpa olunmalıdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1271/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)- 1271/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Qəbələ rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Əliyeva Aygün Əlövsət qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar