Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1916/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli, 2(046)-1232/2021 saylı qətnaməsindən maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, N.Nərimanov adına Tibb İnstitutu tərəfindən 108319 nömrəli diplomun və 3044/884 nömrəli fərdi yaşayış evinə aid texniki pasportun ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin həcminin azaldılması barədə ərizə verərək göstərmişdir ki, xx xxxxxxxx 1950-ci ildə Göyçay şəhərində anadan olmuşdur. 12 sentiyabr 1950-ci il tarixli, 276 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə ona aid məlumatlar qrafasında soyadı, adı və ata adı “Ərizəçi” kimi qeyd olunmuşdur. Göyçay rayonunda orta məktəbi bitirdikdən sonra, 1968-ci ildə N.Nərmanov adına Tibb İnstitutuna daxil olmuş, 28 iyun 1974-cü ildə həmin İnstitun “Həkim” ixtisasını bitirmişdir.Yaş həddi ilə bağlı əmək pensiyası təyin edilərkən, təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi üçün Maraqlı şəxsnə müraciət edərkən məlum olmuşdur ki, N.Nərmanov adma Tibb İnstitutu tərəfindən verilmiş 108319 nömrəli diplomda soyadı “Vətənxa” əvəzinə “Vətənxah” kimi qeyd edilmişdir. Təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd etmək istəyir ki, əvvəlki sovet pasportlarında və əvvəlki şəxsiyyət vəsiqəsi müvafiq qurumdan aldığı vaxt səhvən familiyası Vətənxa əvəzinə Vətənxah yazılmışdır. Buna görə də, bütün sənədləri Vətənxah kimi olmuşdur. N.Nərmanov adına Tibb İnstitutun tərtib etdiyi diplomda soyadının “Vətənxah” deyil, “Vətənxa” olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyim üçün, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli, 2(046)-1232/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) ərizə təmin edilmiş, N.Nərimanov adına Tibb İnstitutu tərəfində verilmiş 108319 nömrəli diplomun Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli, 2(046)-1232/2021 saylı qətnaməsinin dəyişdirilmədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli, 2(046)- 1232/2021 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi maraqlı şəxs DSMF-nin Göyçay rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddiası məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1-ci bəndində məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsi qeyd olunur. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bundan əlavə, Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir) ikincisi, həmin sənədlər hüguqmüəvvənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüguq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, ərizəçi yuxarıda qeyd edilən Plenumun qərarında göstərilən tələbə əməl etməmiş, məhkəməyə müraciət edən ərizəçiyə hüguq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə hər hansı bir məlumat verilməsi aşkar edilməmişdir. Ərizəçi ilk öncə mübahisəli diplomu vermiş təşkilata müraciət etməli, imtina edildikdə isə bununla bağlı məhkəməyə müraciə etməli idi. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli, 2(046)-1232/2021 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi maraqlı şəxs DSMF-nin Göyçay rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddiası məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli, 2(046)-1232/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs DSMF-nin Göyçay rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddiası məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçiyə yuxarıda qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərаrdаddаn surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan, 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1916/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1916/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver