Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1927/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı Cavabdeh və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1nun mülkiyyətində olan Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi, dalan 3,ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə onun ½ hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə İddiaçı Cavabdeh və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi, dalan 3,ev 4 ünvanında yerləşən fərdi yaşayış evi seriya MA ******* nömrəli, xx xxx 2010-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1nun mülkiyyətində olmuşdur. X1 xx xxxx 2012-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra birinci növbə vərəsə olaraq o və qardaşı olan Cavabdeh qalmışdır. Qeyd edir ki,o,atasından miras qalmış evə 2013-cü ilin sentyabr ayında köçmüşdür. Qeyd edir ki, o, miras qalmış evin ikinci mərtəbəsində bir otaqda yaşayır. Otaqda ona məxsus geyim əşyaları və mebellər vardır. Həmin evdə qardaşının ailəsi də yaşmaqdadır. Qardaşı və ailəsi atası sağ olandan indiyə qədər həmin evdə yaşayırlar. Atasının yas mərasimində iştirak etmişdir. Yaşadığı otaqda bəzi mebel əşyaları qardaşı olan cavabdehə məxsusdur. Qeyd edir ki, o, notariat kontoruna miras qalmış evin yarısının onun adına rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdeh atasından miras qalmış evin bütünlüklə onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Odur ki, notariat kontoruna müraciət etdikdə cavabdehlə aralarında mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatla onun miras əmlakı qəbul etdiyi təsdiq olunur. Cavabdeh tərəf öz izahatında bildirmişdir ki, atası vəfat etdikdə, o, həmin evdə keçirilən yas mərasimlərində iştirak etmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Seriya MA ******* nömrəli, xx xxx 2010-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X1nun mülkiyyətində olmuşdur. X1 xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir. Atasının vərəsələri o və qardaşı Cavabdehdur. Atası vəfat etdikdən sonra, o və qardaşı miras əmlakı faktiki olaraq qəbul edərək, ondan istifadə etmişlər. O, mənzilə xeyli sonra köçsə də hazırda orada yaşayır. Onlar miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişlər. X8 miras əmlakla bağlı vərəsəlik işi açılan zaman qardaşı Cavabdeh miras əmlakın bütövlüklə özünün adına rəsmiləşdirilməsini tələb etmişdir. İndi isə, birinci instansiya məhkəməsi onun hansısa müddəti buraxdığını deyərək, onun atasından qalmış miras əmlaka payını tanımaqdan imtina edir. Halbuki, o da qardaşı Cavabdehlə birlikdə atasının vərəsəsidir və ona da atasından miras qalmış evdən pay düşür. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı iki dəfə məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Göyçay Rayon Notariat Kontorunun X4 xx xxxxxx 2020-ci il tarixli notariat əməliyyatı aparılmasından 70 nömrəli imtina qərarından görünür ki, xx xxxx 2012-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi ilə bağlı miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1969-cu ildə anadan olmuş İddiaçı valideynləri X6 və X7r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, mərhum X6 xx xxxx 2012-ci ildə vəfat etmişdir. İddiaçı vərəsə kimi mirasın qəbulu barədə qanunvericliklə müəyyən edilmiş müddət ərzində notariat kontoruna ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etmələrinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmiş, miras qalmış mübahisə predmeti olan fərdi yaşayış evinə mərhumun ölümündən bir ildən artıq vaxt keçdikdən sonra köçüb yaşamağa başlamışdır. Cavabdeh isə həm miras qoyanın sağlığında, həm də ölümündən sonra həmin ünvanda daimi olaraq yaşamış, miras əmlakı qoruyub saxlamış, həmin əmlakı faktiki qəbul edərək kommunal xərcləri və vergisini vaxtlı-vaxtında ödəmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda vərəsəliyin özü tərəfindən qəbul edilməsini sübut etmə vəzifəsi iddiaçının üzərilərinə düşür. Başqa sözlə iddiaçı cavabdehin vərəsəliyi qəbul etməməsini deyil, özünün vərəsəliyi qəbul etməsini sübut etməlidir. Lakin iddiaçı özü tərəfindən vərəsəliyin qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Apellyasiya şikayətinə nəzər saldıqda görünür ki, apelyator öz mənafeyindən çıxış etmiş, lakin apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1927/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1927/2020
17.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver