Məhkəmə qərarları › İş №2(107)-194/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-194/2022

19.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-194/2022 19.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilk iddia Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiası üzrə (açar sözlər: zəbt olunmuş mənzildən çıxarılma və mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh2, eyni zamanda cavabdehlərin vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş mənzildən çıxarılma, mənzilin boşaldılması və ödənilmiş 12300 manat vəsaitin kirayə haqqı kimi hesablanması tələbinə dair” ilk və Cavabdeh2 İddiaçı qarşı “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia üzrə Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(014)- 1092/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçılar İddiaçı və Nümayəndə iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli onlara məxsus mənzildən çıxarılması, mülkiyyətlərinin qanunsuz zəbtdən azad edilərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan ilkin iddia üzrə iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə “Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən” ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılması, ödənilmiş 12300 manat vəsaitin kirayə haqqı kimi hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 qaşılıqlı iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək, İddiaçı X3, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş mənzildən çıxarılma tələbinə dair» iddia ilk iddia əsassız olduğundan rədd edilməsinə, onun, yəni Cavabdeh2 İddiaçı qarşı “Mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməsinə, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadə olunan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2- ci mərtəbəsində, ümumi sahəsi 77,9 kv.metr, yaşayış sahəsi 55.2 kv.metr olan 4 otaqdan ibarət 9 nömrəli mənzilə görə ödəmiş olduğu 18000 (on səkkiz min) ABŞ dolları, 5000 (beş min) manat həmin mənzili yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat, cəmi 18000 (on səkkiz min) ABŞ dolları və 5030 (beş min otuz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə “iddia tələbinin həcminin arıtırılmasına dair” ərizə verərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə Ağdaş şəhəri Nəbiyev küçəsi 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində ümumi sahəsi 77.9 kv.m, yaşayış sahəsi 55.2 kv.m olan 4 otaqdan ibarət 9 nömrəli mənzilə görə ödəmiş olduğu 18000 (on səkkiz min) ABŞ dolları, həmin vəsaitin 7 il üzrə illik 5 (beş) faizi 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində, 5000 (beş min) manat həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat, cəmi 24300 (iyirmi dörd min üç yüz) ABŞ dolları və 5030 (beş min otuz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-in 17 saylı Yevlax rayon ərazi idarəsi tərəfindən seriya nömrəsi 0012060, reyestr nömrəsi **********4505101- 093002 qeydiyyat nömrəsi ********** olan xx.xx.2009-cu il tarixli çıxarışla Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır və tam olaraq da mülkiyyətinə verilmişdir. Cavabdehlər 2014-cü ildə yaşayış evini almaq niyyəti ilə onlar ilə razılaşmış, bundan sonra ilkin olaraq onlara 13000 manat ilkin ödəniş ödəyərək qalan məbləği də 1 ay ərzində ödəyəcəklərinə söz vermişlər. Sonradan cavabdehlər mənzili almaq üçün imkanlarının çatmadığını, ödədikləri məbləğin əvəzində də kirayə qalacaqlarını bildirdirlər. Bundan sonra cavabdehlər həmin məbləğin 700 mantına soyuducu aldılar. Yerdə qalan 12300 manat manatın əvəzinə də 2021-ci ilədək onların evində kirayə qalacaqlarına dair razılaşdılar. 2021-ci il başlayandan cavabdehlərə dəfələrlə evi boşaltmalarını, onlara təhvil vermələrini bildirsələr də, cavabdehlər evlərindən çıxmır, onlara məxsus mülkiyyətlərinə zəbt edərək qanunsuz əməllərinə davam edirlər. Bu günədək yaxın ünsiyyətləri olduğu üçün dəfələrlə qanunsuz əməllərinə son vermələri barədə xəbərdarlıq etsələr də, hər dəfəsində qanunsuz hərəkətlərinə davam edirlər. Hazırda onlar öz mülkiyyətlərindən istifadə edə və evlərinə girə bilmirlər, cavabdehlər isə onların mülkiyyətlərinə sahiblənməkdədirlər. Odur ki, məhkəmədən ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş edirlər.

6. Cavabdeh X4 qarşılıqlı iddia ərizəni belə əsaslandırmışdır ki, İddiaçı X3, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş mənzildən çıxarılma tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli onlara məxsus mənzildən çıxarılması, mülkiyyətlərinin qanunsuz zəbtdən azad edilərək onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi tam əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 2014-cü ilin may ayında o və əri Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X5 ilə razılaşaraq mübahisə predmeti olan mənzili 40000 (qırx min) ABŞ dolları məbləğində pula almağı qərarlaşdırdılar. Razılaşma belə oldu ki, o və əri Cavabdeh1 həmin mənzilə görə həmin puldan onlara nəğd olaraq 18000 ABŞ dolları məbləğində verirlər, qalan 22000 ABŞ dollarını isə bir il müddətinə onlara verirlər. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər onunla razılaşaraq 18000 ABŞ dollarını onlardan qəbul edəndən sonra evin açarlarını onlara verdilər. Mənzil yaşayış üçün tam yararsız və təmirsiz, işıq, su və təbii qaz xətləri, eləcə də mənzilin balkonu təhlükəli vəziyyətdə olduğuna görə onlar həmin mənzili 5000 manat vəsait xərcləməklə orta səviyyədə təmir etdirib, qaz, elektrik və su xətlərini qaydasına salandan sonra həmin mənzilə köçərək orada yaşamağa başlamışlar. Qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında mübahisə predmeti olan mənzilin onlara satılması ilə bağlı razılaşma və ya beh müqaviləsi bağlanmamış və rəsmiləşməmişdir. 2015-ci ilin fevral ayında dolların manata nisbətən dəyəri qalxdığından və mənzilə görə qarşılıqlı iddia üzrə cavabdehlərə borclu olduqları 22000 ABŞ dollarını vermək imkanları olmadığına görə o əri ilə qarşılıqlı iddia üzrə cavabdehlərlə görüşərək vəziyyəti onların nəzərlərinə çatdırdılar və dolların qiymətinin onlardan asılı olmayan səbəblərdən qəflətən bahalaşdığından onlara güzəşt etmələrini onlardan xahiş etdilər. Lakin onlar onlara heç bir güzəşt etməyəcəklərini bildirəndə, onlar onlardan verdikləri 18000 ABŞ dolları pullarından həmin mənzildə yaşadıqları dövr üçün kirayə haqqını çıxaraq qalan məbləği qaytarılmasını və mənzildən çıxmaq istədiklərini bildirəndə cavabdehlər dedilər ki, hazırda həmin məbləğdə pulları yoxdur, pulu düzəldən kimi onlara xəbər edəcəklər. Onlar onlardan evin təmirinə çəkdikləri xərcin əvəzini də istəmədiklərini onların nəzərinə çatdırmışlar. Cavabdehlər pulu düzəldənə qədər onların orada yaşamaqlarına razı olduqlarını söylədilər. Bundan sonra onlar hər il qarşılıqlı iddia üzrə cavabdehlərdən pullarının qaytarılmasını onların nəzərinə çatdıranda hər dəfə deyiblər ki, hələlik pulu düzəldənə kimi yaşasınlar və heç nədən narahat olmasınlar. Lakin sonradan qaşılıqlı iddia üzrə cavabdehlər ona və ailə üzvləri olan digər cavabdehlərə qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə cavabdeh və əri ilə aralarında yaranmış mübahisənin səbəbləri yuxarıda qeyd etdiyi kimi olduğu halda onlar iddia ərizəsində göstərmişlər ki, onlardan mənzili onlara satmaları ilə bağlı cəmi 13000 manat pul almış, sonradan guya onlar mənzilə görə onlara borclu qaldıqları pulu verə bilmədiklərinə görə ödədikləri məbləğin əvəzində 2021-ci ilə kimi mənzildə kirayə qalacaqlarını bildirmişlər. Bütün bunların hamısı yalandır. İşin həqiqi halları məhz yuxarıda göstərdikləridir. Ona görə də o və ailə üzvləri həmin mənzili qarşılıqlı iddiası üzrə cavabdehlər Cavabdeh2 və Nümayəndə oğlu tərəfindən 18000 ABŞ dolları məbləğində pulun həmin mənzili təmir etdirərək tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 5000 manat xərcin əvəzi ona tam ödənildikdən sonra onlara qaytara bilmir. Həqiqətən iddiaçıdan soyuducu almışlar. Odur ki, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmədən ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin isə iddia müddəti tətbiq edilməklə rədd edilməsni xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 məhkəmədən ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir.

9. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 13 sentyabr 2021-ci il tarixli 2(014)-1092/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 77.9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli onlara məxsus mənzildən çıxarılmaları, mənzilin boşaldılması, ödənilmiş 12300 manatın cavabdeh tərəfin 2014-2021-ci illər ərzindəki kirayə haqqı kimi hesablanması, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) İddiaçı və Nümayəndə qarşı “Mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçıların mənzilin dəyəri kimi 18000 ABŞ dolları məbləğində vəsait ödəmələri öz təsdiqini tapmamışdır. Həmçinin hər iki tərəf təsdiq etmişlər ki, bu münasibət iddiaçıların mənzillərini satması, cavabdehlərin isə mənzil almaq istəklərindən yaranmışdır. Mənzillərin alqı-satqısında isə Azərbaycan Respublikasında manat ekvivalenti istifadə oluna bilərdi. Hazırda dolların kursu qalxdığından cavabdehlərin pulun dəyərinin artırılması məqsədilə 13000 manat ödədikləri vəsaiti dollar ekvivalenti ilə tələb etdikləri aşkardır.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 5000 (beş min) manat həmin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda təmir olunduğu göstərilən mənzildə iddiaçılar deyil, cavabdehlər yaşayır. Həmçinin 7 ildən artıq müddətdir ki, həmin təmirdən yararlanmışlar. Həmin təmir işlərinin 2014-2015-ci ildə aparıldığını Cavabdeh2 məhkəmə iclasında təsdiq etmişdir.

12. İddiaçlar İddiaçı və Nümayəndə mənzilin təmiri ilə bağlı tapşırıq vermələri də öz təsdiqini tapmamışdır.

13. Bundan başqa birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənziliə görə ödənmiş məbləğ və “mənzilin təmirinə çəkilmiş xərc” olduğu iddia edilən məbləğlə bağlı Mülki Məcəllənin 373-cü maddəsində göstərilmiş iddia müddətini ötürmüşdür.

14. Qətnamədən narazı olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili X2 apellyasiya şikayəti vermişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili X2 apellyasiya şikayətini belə əsaslandırmışlar ki, işə baxan Ağdaş Rayon Məhkəməsinin iclasında tərəflərin və məhkəmənin iştirakı ilə yazılı sübut olaraq məhkəməyə təqdim etdiyi səs yazısını dinləyiblər. Həmin səs yazısı tərəflərdən Nümayəndə, özü-Cavabdeh2 və oğlu olan digər Cavabdeh3 arasında baş vermiş danışıqların səs yazısıdır. Həmin səs yazısı məhkəmənin iştirakı ilə dinlənildikdən sonra müzakirə olunmuş və işin həqiqi hallarını özündə əks etdirməsi sübut olunmuşdur. Həmin səs yazısından məlum olur ki, Nümayəndə onlardan 18000 ABŞ dollarını aldığını etiraf edir, həmin məbləğin 1000 ABŞ dollarını soyuducuya çıxdığını göstərir. Mənzildən istifadə və mənzildən çıxarılma ilə bağlı aramızda heç bir razılıq əldə olunmadığı öz təsdiqini tapır. Həmin disk maddi sübut kimi məhkəməyə təqdim edilməsinə və məhkəmə tərəfindən məhkəmə iclasında araşdırılmasına baxmayaraq qətnamədə bu barədə heç bir qeyd yoxdur, qətnaməndə yazılı sübut kimi səs danışığına münasibəti bildirilməmişdir, həmin diskin yazılı sübut kimi qəbul edilməməsi əsaslandırılmamışdır. Bundan başqa iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər arasında mənzilin alqı-satqısı, satış qiyməti, qarşılıqlı iddia üzrə iddiaçının evin alınması ilə bağlı borclu olduğu ödəyə bilmədiyinə görə pulunu geri istəməsi, cavabdehlərin bununla razılaşması, cavabdehlər tərəfindən həmin məbləğin hazırda qaytarılmasının mümkün olmaması, pulu qaytarana kimi iddiaçıların həmin mənzildə yaşamalarına razılıq vermələrinin hamısı qarşılıqlı razılaşma əsasında şifahi qaydada həyata keçirilmişdir. İlkin iddia üzrə cavabdehlər həmin mənzilə köçərək orada yaşamağa başlamışlar və mənzildə yaşadıqları dövrdə mənzili təmir etdirmişlər. Cavabdehlərin mənzilə görə onlara verdiyimiz pulu bizə qaytarana kimi həmin mənzildə yaşamağımıza razı olmaları barədə razılaşmamızı əks etdirən diskə yazılmış telefon danışığımız sübut kimi məhkəməyə təqdim olunmuşdur. Qarşılıqlı iddia üzrə cavabdehlər sonradan yuxarıda göstərilən şifahi razılaşma şərtlərini pozmaqla qarşılıqlı iddia üzrə iddiaçıya və digər ailə üzvlərinə mənzilə görə ümumilikdə 24300 ABŞ dolları məbləğində maddi zərər vurmuşlar.Mənzilin təmirinə 5000 anat pulunu da ilkin iddia üzrə cavabdehlər çəkmişlər. Qarşı tərəflə aramızda bizim həmin mənzildə kirayıçi kimi yaşamağımız barədə hər hansı formada razılaşmamız olmamışdır.İlkin iddia üzrə iddiaçılar biz ondan mənzilə görə verdiyimiz pulu istəyəndə dedilər ki. pulumuz yoxdu. Pulu düzəldənə kimi mənzildə yaşayın. Ağdaş Rayon Məhkəməsi 12300 manatın kirayə haqqı kimi hesablanması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, tərəflər arasında kirayə haqqında nə yazılı, nə də şifahi heç bir razılaşma olmuşdur. Kirayə müqaviləsi sadəcə olaraq qarşılıqlı iddia üzrə cavabdehlərin onlara qaytarmalı olduğu 18000 ABŞ dollarını birdəfəlik qaytara bilmədiklərinə və həmin məbləği onlara qaytarmaq istəməddiklərinə görə həmin məbləği onlara qaytarana kimi həmin mənzildə qalmaqlarına razılaşmasını onların 2014-cü ildən həmin mənzildə yaşamağınıı əsas götürərək şəxsən özünün razılığı ilə qaytarmalı olduğu 18000 ABŞ dolları məbləğində pulla kompensasiya etmək üçün uydurmasıdır. Göründüyü kimi, özləri tərəfindən razılaşmanın şərtləri pozulmadığı halda, qarşılıqlı iddia üzrə cavabdehlər aralarında olan qarşılıqlı razılaşmanın şərtlərini sonuncular pozmuş, nəticədə qeyd etdiikləri məbləğdə zərər vurmuşlar. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(014)- 1092/2021 saylı qətnaməsini ləğv edərək ilkin iddia ərizəsi əsassız olduğundan rədd edilməsi və qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, eyni zamanda cavabdehlərin vəkili və Cavabdeh1 etibamə üzrə nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı, Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə cavabdehlər və onların vəkili apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi: Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1 Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(014)-1092/2021 saylı qətnaməsi qismən - “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 1-ci dalanda istifadədə olan 0.119 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində 77,9 kv.m ümumi, 55.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı qızının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır.

28. İşdə olan xx.xx.2021-ci il tarixli İddiaçı və Nümayəndə tərəfindən verilmiş ərizədən məlum olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxartma tələbinə dair iddia qaldırmışlar. Qarşılıqlı olaraq da cavabdehlər onlara qarşı pul tələbinə dair iddia qaldırmışlar. İddiaçılar iddia ərizələrində mənzil almağa razılaşdıqları, 2015-ci ildə pulun kursu öldüyündən həmin razılaşmanın pozulmasını bildirmişlər. Qeyd edir ki, həmin pulu ondan cavabdehlər kirayə haqqı kimi saxlanmış və evdə yaşamağa başlamışlar. Ancaq cavabdehlər onların həmin pulu qaytarmalı olduqları bildirdiklərindən hesab edir ki, bununla bağlı onlar 3 illik iddia müddətini ötürmüşlər. Cavabdehlər həmin pulun onlarda mənzilin dəyəri kimi qalmadığını bildirdiklərindən 2015ci ildən hazırki müddətə qədər mülkiyyətlərində olan mənzildə yaşamaqda davam etdiklərini də bildirmişlər. Yuxarıda göstərilənlərə əsas tutub, məhkəmədən iddia müddətinin tətbiq edərək iddia müddəti ötdüyündən qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

30. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

31. Müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı tərəf iddia predmeti olan mənzilin özlərinə məxsus olduğuna əsaslanaraq cavabdehlərin həmin mənzildən çıxarılmasını, mənzilin boşaldılmasını və onlara ödənilmiş 12300 manat məbləğində vəsaitin kirayə haqqı kimi hesablanmasını tələb edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə özgənin sahibliyində olan əmlakın geri alınması üzrə yaranan mübahisədir.

32. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh tərəf öz aralarında şifahi əqd bağlayaraq hazırda mübahisə predmeti olan mənzili cavabdeh tərəfin ilkin ödəniş kimi 13000 manat ödəməsində və mənzilin satış məbləğinin 1 ay müddətinə ödənilməsi qarşılığında mənzili cavabdeh tərəfə satmağa razı olmuşlar. Cavabdeh tərəf iddiaçı tərəfə 13000 manat məbləğində pulu ödəmiş, lakin qalan məbləği ödəyə bilməmişdir. Maddi imkanı zəif olduğundan cavabdeh tərəf iddiaçı tərəfə verdikləri pulun müqabilində 2014-2021-ci illəri ərzində qalmalarını bildirmiş və iddiaçı tərəfdə buna razı olmuşdur. Hazırda isə həmin müddət tamam olmuşdur, lakin cavabdeh tərəf iddiaçı tərəfə məxsus mənzili könüllü tərk etməkdən imtina edir. İş materialları arasında olan çıxarışdan da tam aydın olur ki, mübahisə predmeti olan mənzil İddiaçı məxsusdur. Ona görə də birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.

34. Belə ki, cavabdeh tərəf mübahisə predmeti olan mənzilin 2014-cü ildən halhazıradək onların istifadəsində olduğunu və həmin mənzildə yaşadıqlarını etiraf edir.

35. Yəni belə çıxır ki, qarşılıqlı iddia əsaslı sayılacağı təqdirdə, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) əvəzsiz olaraq heç bir haqq ödəmədən iddiaçıların mülkiyyətində olan mənzildə 7 il ərzində yaşayaraq həmin mənzildən istifadə etmişlər. Mübahisənin həllinə belə yanaşma ağlabatan olmamaqla yanaşı, tərəflərin qarşılıqlı münasibətlərinə də uyğun deyildir.

36. Digər tərəfdən, cavabdehlərin mənzilin dəyəri kimi 18000 ABŞ dolları məbləğində vəsait ödəmələri öz təsdiqini tapmamışdır. Həmçinin, hər iki tərəf təsdiq etmişlər ki, bu münasibət iddiaçıların mənzillərini satması, cavabdehlərin isə mənzil almaq istəklərindən yaranmışdır. Mənzillərin alqı-satqısında isə Azərbaycan Respublikasında manat ekvivalenti istifadə oluna bilərdi. Hazırda dolların kursu qalxdığından cavabdehlərin pulun dəyərinin artırılması məqsədilə 13000 manat ödədikləri vəsaiti dollar ekvivalenti ilə tələb etdikləri aşkardır.

37. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən - “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia hissəsində ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

38. Çünki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə görə ödənmiş məbləğ və “mənzilin təmirinə çəkilmiş xərc” olduğu iddia edilən məbləğlə bağlı Mülki Məcəllənin 373-cü maddəsində göstərilmiş iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında hər iki tərəfində etiraf etdiyi kimi şifahi müqavilə (əqd) 2014-cü ildə bağlanmışdır. Həmin müddətdən hazırkı müddətə qədər isə qarşılıqlı iddia üzrə iddiaçı həmin pulları ilk iddia üzrə iddiaçı tərəfdən tələb etməmiş və bu hərəkətsizliyi nəticəsində də həmin məbləğin evin kirayə pulu kimi verildiyini bir növ etiraf etmişdir. Buna görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddəti tətbiq etməklə qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olmamışdır.

40. Bu aşağıdakı hallardan irəli gəlir.

41. Birincisi, qarşılıqlı iddia tələblərinə iddia müddətinin tətbiqi o anlama gəlir ki, iddia tələbi əsaslıdır, lakin tərəf məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyindən iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin belə yanaşması onun ilk iddia ilə gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Çünki qarşılıqlı iddianın pulun ödənilməsi hissəsində əsaslı olması ilk iddianın ödənilmiş 12300 manat vəsaitin kirayə haqqı kimi hesablanmasına dair hissəsinin əsassızlığına səbəb olan haldır.

42. Digər tərəfdən, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya iddia müddəti tətbiq edərkən tərəflər arasında mənziliə görə ödənmiş və “mənzilin təmirinə çəkilmiş xərc” olduğu iddia edilən məbləğlə bağlı şifahi müqavilənin (əqdin) bağlanmasına istinad etmişdir.

43. Halbuki, qanunun tələbinə görə daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi yazılı formada bağlanmalı və notarial qaydada təsdiq olunmalıdır. İndiki halda bu baş verməmişdir.

44. Mənzilin yaşayış üçün istifadə ilə bağlı təmirinə çəkilmiş 5000 (beş min) manat xərcin olduğunu sübuta yetirmə yükü cavabdehin (qarşılılıqlı iddia üzrə iddiaçının) üzərinə düşür.

45. İşin apellyasiya baxışı zamanı alınmış 04 may 2022-ci il tarixli, 10/1498 saylı ekspert rəyində mübahisəli mənzildə aparılmış təmir - bərpa işlərinin hansı tarixdə və hansı tarixdən hjal-hazıradək aparılıb aparılmamasının müəyyən olunmasına dair hər hansı metodika olmadığı səbəbindən 2014-cü ildən hal-hazıradək hansı təmir-bərpa işlərinin görülüb-görülməməsini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, bu səbəbdən də. Təmir-bərpa işlərinə nə qədər xəərc çəkilməsi və ustalara nə qədər pul verilməsi ilə bağlı suallar üzrə tədqiqat aparılmadığı göstərilmişdir.

46. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəf yaşayış evinin təmirinə 5000 manat pul xərclədiyini sübuta yetirə bilməmişdir.

47. Eyni zamanda iddiaçlar İddiaçı və Nümayəndə mənzilin təmiri ilə bağlı cavabdehlərə tapşırıq vermələri də öz təsdiqini tapmamışdır.

48. Yuxarıda sadalananlara əsasən, iddia ərizəsində göstərilən mənzilin iddiaçı tərəfə məxsus olduğunu və bu mənzilin cavabdeh tərəfin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir.

49. Göründüyü kimi, cavabdehlər ödənilmiş yaşayış evinə görə ödənilmiş vəsaiti isə 2015-ci ildən qaytarılması ilə bağlı iddia qaldırmaq hüquqları olsada, belə bir iddia qaldırmayaraq iddiaçılarla razılaşdıqları kimi kirayəçi kimi yaşamaqda davam etmişlər. Kirayə müddəti bitdikdən sonra iddiaçılar mənzildən çıxarma tələbi qaldırdıqdan sonra, pul tələbi ilə qarşılıqlı iddia vermişlər.

50. Eyni zamanda toplanmış sübutlarla iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) cavabdehlərə zərər vurması və mülki hüquq pozuntusu (delikt) törətmələri öz təsdiqini tapmamışdır. Ona görə də iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) mülki hüquq məsuliyyəti yaranmamışdır.

51. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi Cavabdeh2 İddiaçı qarşı “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiasının аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(014)-1092/2021 saylı qətnaməsi qismən - “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(014)-1092/2021 saylı qətnaməsi qismən - “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər (ilk iddia üzrə iddiaçılar) İddiaçı və Nümayəndə qarşı “mənzilə görə ödənilmiş pulun, çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar