Məhkəmə qərarları › İş №2(107)-195/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-195/2024

09.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-195/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinə qarşı (açar sözlər: Əmək mübahisələri - İşə bərpa) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli, 2(046)- 1848/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan mühəndis-hidrometr Şahin Allahverdiyev tərəfindən X3 İdarəsinin rəisi Orxan Mahmudova ünvanlanmış 06 iyun 2023-cü il tarixli məlumatdan görünür ki, 06 iyun 2023-cü il tarixdə İdarənin mexanizatorları İddiaçı və digərləri mexanizimlərin nasaz olduğunu bildirərək işə çıxmaqdan imtina etmişlər. Yağ və hava filtrlərinin dəyişdirilməsini səbəb göstərmişlər. Halbuki, üç gün öncə, yəni 02 iyun 2023-cü il tarixdə bütöv günü tam şəkildə işdə olmuş və verilən tapşırıqları yerinə yetirmişlər. X3 İdarəsində 27 illik iş təcrübəsində belə bir durumun olması ilə ilk dəfə rastlaşır. Belə nəticəyə gəlmək olar ki, yuxarıda adları qeyd olunan mexanizatorlar sövdələşərək, suvarmanın qızğın vaxtı idarənin, rayonun işini pozmuşlar. Nəticədə rayon ərazisində olan suvarma arxlarında lildən təmizlənmə işləri dayanmış və su istifadəçilərinin haqlı narazılığına səbəb olmuşdur. İşçilər haqqında tədbir görülməsi xahiş olunmuşdur.

2. İş materiallarında olan baş mexanik Cəmil Pənahov tərəfindən X3 İdarəsinin rəisi Orxan Mahmudova ünvanlanmış 06 iyun 2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı və digərləri 06 iyun 2023-cü il tarixdə baş mühəndis Lətif Əliyevin iş bölgüsünü pozaraq, mexanizmlərin nasaz olmasını bəhanə gətiərək işə çıxmaqdan imtina etmişlər. Həmin şəxslər barəsində tədbir görülməsi xahiş olunmuşdur.

3. İş materiallarında olan baş mühəndis Lətif Əliyev tərəfindən X3 İdarəsinin rəisi Orxan Mahmudova ünvanlanmış 06 iyun 2023-cü il tarixli məlumatdan görünür ki, 06 iyun 2023-cü il tarixdə iş bölgüsü apararaq, ekskavator mexanizatorlarına suvarma arxlarının lildən təmizlənməsi işləri tapşırılmışdır. Lakin İddiaçı və digərləri mexanizmlərin (ekskavatorların) nasaz olduğunu bildirərək, işə çıxmaqdan imtina etmişlər. Səbəb kimi, yağ və hava filtrlərinin dəyişdirilməli olmasını, eləcə də kondisionerin işləməməsini göstərmişlər.

4. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli aktdan görünür ki, Göyçay SSİ-nin baş mühəndisi Lətif Əliyev, baş mexaniki Cəmil Pənahov və kadr üzrə mütəxəssis Günel Əliyeva yuxarıdakı məlumatların məzmununa uyğun akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, İddiaçı və digərləri işə çıxmamalarına səbəb kimi texnikaların nasaz olduqlarını bildirsələr də, baş mexanik C.Pənahov bunun bəhanə olduğunu bildirmiş, texnikaların işlək vəziyyətdə olduğu haqqında izahat vermişdir. İdarə rəhbərliyi tərəfindən İddiaçı və digər şəxslərdən texnikaların nasaz olması ilə bağlı izahat tələb olunmuş, lakin adları qeyd olunan işçlər izahat verməkdən imtina etmişlər. İzahat alınmasına səbəb bildirdikləri nasazlıqlara uyğun olaraq servis xidmətinin təşkil olunmasıdır. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir.

5. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli texniki xidmət göstərilməsi haqqında 01-23 saylı müqavilədən görünür ki, X3 İdarəsi (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında sifarişçiyə məxsus olan texnikaya (texnikalara) texniki xidmət göstərilməsi və baxış keçirilməsi üçün 2 il müddətinə qüvvədə olan müqavilə bağlanmışdır.

6. İş materiallarına əlavə olunmuş 08 iyun 2023-cü il tarixli 66 saylı məktubdan görünür ki, X3 İdarəsi Equipment Transport and Service MMC-yə müraciət edərək, İdarənin balansında olan texnikalara baxış keçirilməsinin təmin edilməsini xahiş etmişdir.

7. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis rəyi verilməsi üçün baxışa təqdim edilmiş texnikaların texniki vəziyyəti müfəssəl şəkildə qeyd olunmuşdur. İddiaçı təhkim olunmuş texnikanın işini davam etdirmək qabiliyyətinda olması qeyd edilmişdir.

8. İş materiallarında olan teleqramlardan görünür ki, İddiaçı İdarəyə gələrək izahat verməsi tələb olunmuşdur.

9. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli aktdan görünür ki, X3 İdarəsinin əməkdaşı İddiaçı və digərləri 12 iyun 2023-cü il tarixdə saat 09:00-da idarəyə gəlmiş, iş bölgüsünü almaqdan imtina edərək saat 11:00-da idarəni icazəsiz tərk etmişlər. Həmin işçilərlə telefon əlaqəsi saxlanılmış, onlardan işə qayıtmaları tələb edilmiş, lakin sonuncular Bakı şəhərinə Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinə idarənin fəaliyyəti ilə bağlı şikayətə gəldiklərini və bu səbəbdən işə gələ bilməyəcəklərini demişlər. Nəticədə İddiaçı və digərləri qanunsuz olaraq heç bir üzürlü səbəb olmadan iş vaxtı işdən yayınmışlar.

10. İş materiallarında olan İddiaçı Göyçay SSİ-nin rəisi Orxan Mahmudova yazdığı 13 iyun 2023-cü il tarixli izahatda qeyd olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə işdə olmuşdur. Dəfələrlə texnikanın servisə ehtiyacı olduğunu mexanikə, mühəndisə və rəisə bildirsə də, heç bir cavab ala bilməmişdir. Bu səbəbdən, məsuliyyətli şəxs olaraq texnikanın məhv olmasına göz yummamışdır. xx.xx.2023-cü il tarixdə texnikanın iş fəaliyyətini dayandırmışdır və xx.xx.2023-cü il tarixdən texnikanı İdarənin həyətində saxlamışdır.

11. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli 72 saylı məktubdan görünür ki, X3 İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Ş.Allahverdiyevə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə münasibət bildirməsi xahiş olunmuşdur. Məktubda qeyd olunmuşdur ki, X3 İdarəsinin ekskavatorçuları X4, İddiaçı, X2, X8 əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək intizam pozuntusu törətmişlər. Belə ki, X4, İddiaçı, X2, X8 xx.xx.2023-cü il tarixdə iş bölgüsü üzrə təyin edilmiş əraziyə getməkdən qəsdən imtina etmiş, bunun səbəbi kimi onlara təhkim edilmiş texnikaların nasazlığını göstərmişdirlər. X3 İdarəsinin müraciəti əsasında dəvət edilmiş "xxxx" MMCnin mütəxəssisi qeyd edilən texnikalara baxış keçirməsi və müvafiq rəy verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin mütəxəssisi sürücülərin, eləcə də idarənin digər əməkdaşlarının iştirakı ilə texnikalara baxış keçirmiş və müvafiq mütəxəssis rəyi vermişdir. Verilmiş mütəxəssis rəyində X4, İddiaçı, X2, X6 təhkim olunmuş texnikaların istismara yararlı olduğu yəni, iş bölgüsü ilə təyin edilmiş işlərin görülməsi üçün yararlı olduğunu bildirmişdir. Bundan sonra X4, İddiaçı, X2, X6 iş bölgüsü üzrə təyin edilmiş işlərin görülməsi təkrar tələb edilmiş, lakin sonuncular verilmiş tapşırıqları icra etməkdən qəsdən imtina etmişlər. Bununla da, X4, İddiaçı, X2, X8 əmək funksiyalarını yerinə yetirməmişlər. Eyni zamanda, X4, İddiaçı, X2, X8 xx.xx.2023-cü il tarixdə saat 09:00da işə gəlmiş, iş bölgüsünü almadan idarəni saat 11 radələrində öz başına tərk etmiş, bu barədə idarənin məsul əməkdaşlarına məlumat verməmiş, beləliklə iş vaxtı əmək müqaviləsi üzrə saat 09:00-dan nahar fasiləsi istisna olmaqla 18:00-dək işdə olmalı olduğu halda adları qeyd edilən şəxslər iş vaxtı işdə olmamışlar. Bununla da X4, İddiaçı, X2, X8 əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdirlər.

12. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmrdən görünür ki, X3 İdarəsində ekskovatorçu vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən) 14 iyun 2023-cü il tarixdən xitam verilmişdir.

13. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli MQŞ/MT-035/2023-014 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi brədə arayışdan görünür ki, tərəflər 26 iyul 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və həmin gündən etibarən məcburi iş buraxdığı günlərinə görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 mart 2023-cü il tarixdə cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinə ekskavatorçu vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt idarənin rəis əvəzi baş mühəndis Lətif Əliyev olmuşdur. Az müddətdən sonra idarəyə Orxan Mahmudov rəis vəzifəsinə təyin etmişlər. Orxan Mahmudov idarəyə rəis təyin edildiyi gündən etibarən onu və bir qrup işçini gözümçıxdıya salmağa başlamışdır. Hər gün hədə-qorxu, hər gün işdən çıxarılma ilə bağlı təhdid. Lakin bütün bunlara baxmayaraq işlərinə davam etmişlər. 06 iyun 2023-cü il tarixdə bir qrup digər ekskovatorçular istifadələrində olan texnikaların texniki baxış müddətinin artıq çoxdan keçdiyini, yağlamaya ehtiyacı olan hissələrin artıq uzun müddətdir ki, yağlanmadığını bildirərək, istifadələrində olan texnikalar ilə işə çıxmaqdan imtina etmişlər. Lakin idarənin rəisi O.Mahmudov guya texnikalara mütəxəssis tərəfindən baxış keçirildiyini, heç bir nasazlıq aşkar edilmədiyini bildirmişdir. Hələ üstəlik «kim texnikasının harasından narazıdırsa getsin öz vəsaiti hesabına düzəltdirsin» deyə kinayəli ifadə də işlətmişdir. Ya nasaz texnikalarla işə çıxmalarını, ya da texnikaları saxlayaraq işdən azad ediləcəklərini bildirmişdir. Onlar öz növbələrində O.Mahmudova texnikaları hər gün özləri işlətdiklərini, nəyin saz, nəyin nasaz olduğunu gələn mütəxəssisdən yaxşı bildiklərini demişlər. Belə olan halda O.Mahmudov texnikaların idarədə saxlanmasını, işə çıxmayacaqları üçün də heç bir əmək haqqı hesablanmayacağını bildirmişdir. Bütün bu baş verən haqsızlıqlarla bağlı 12 iyun 2023-cü il tarixdə o, digər iş yoldaşları Orxan Əsgərov, Əli Əmrahov, Vüsal İbrahimov, Seymur Teymurov və Əsgərzadə Elməddin ilə birlikdə Bakı şəhərinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə şikayətə getmişlər. Getməzdən qabaq bu barədə idarənin baş mühəndisi Lətif Əliyevə məlumat vermişlər. 12 iyun 2023-cü il tarixdə onlar Bakı şəhərində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də olmuşlar. Onları orada Qurban müəllim adlı bir şəxs 2 dəfə qəbul etmiş, şikayətlərini dinləmişdir. Hətta həmin şəxs mobil telefon vasitəsi ilə Orxan Mahmudovla telefon əlaqəsi yaratmış və onların şikayətə gəldiklərini bildirmişdir. Onlar aidiyyəti üzrə şikayətlərini edərək elə həmin gün yenidən Göyçay rayonuna geri qayıtmışlar və ertəsi gün həmişəki kimi iş yerlərinə gəlmişlər. Lakin artıq burada onlara qarşı qurulmuş planla rastlaşmışlar. Belə ki, O.Mahmudov kollektivin ümumi iclasını çağıraraq onların, yəni Bakı şəhərinə şikayətə getmiş 6 nəfər işçinin işdən azad edilməsi məsələsini müakirəyə çıxartmışdır. Kollektivin iclasında O.Mahmudovun qurduğu oyunun əksinə olaraq heç kim onlardan işdən azad edilmələrinə razı olmadığını bildirmişdir. Belə olduğu halda O.Mahmudov qurduğu oyunun davamı olaraq guya X3 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək onların, xüsusən də şəxsən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edeilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Şəxsən onun da iştirak etməli olduğu həmin iclasa heç dəvət də edilməmiş və həmin iclasda guya onun işdən azad edilməsinə müsbət rəy verilmişdir. Bunun da nəticəsi olaraq 14 iyun 2023-cü il tarixdə qanunsuz olaraq o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. Əsas olaraq isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndi, yəni özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi götürülmüş və əmrdə qeyd edilmişdir. 14 iyun 2023cü il tarixli, 51/2 nömrəli «Əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə» əmrdə yazılanlar tamailə əsassızdır, orada qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Əmrdə qeyd edilir ki, guya o, heç bir məsul şəxsdən icazə almadan özbaşına iş yerini tərk edərək Bakı şəhərinə getmişdir. Yuxarıda da qeyd etdiyi kimi, Bakı şəhərinə tək o deyil, idarənin digər 5 nəfər adını çəkdiyi işçiləri ilə getmişdir, bundan əlavə onlar və yaxud o, Bakı şəhərinə gedərkən idarənin baş mühəndisinə məlumat vermişlər və onlar oraya gəzməyə, ya da istirahətə deyil, istifadə etdikləri texnikaların istismara yararsız vəziyyətdə olduğunu bildirmək üçün rəhbərliyə məlumat vermək məqsədi ilə getmişlər. Bütün bunlar faktdır və danılmaz sübutlara malikdir, yəni məhkəmə prosesi zamanı yuxarıda adlarını çəkdiyi şəxslər bütün bunları etiraf edəcəklər. Bundan başqa, əgər onun Bakı şəhərinə getməsi kobud qanun pozuntusudursa və buna görə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilirsə, nə üçün onunla bir yerdə olan işçilərdən ikisi - Orxan Əsgərov və Elməddin Əsgərzadə öz ərizələrinə əsasən işdən azad edilirlər, digər 3 nəfər barəsində isə heç bir intizam tənbehi belə görülməmişdir? O, adlarını çəkdiyi yoldaşlarının nə cəzalanıdırılmalarını, nə də işdən çıxarılmasını istəmir, əksinə işdən öz ərizələrinə əsasən azad edilmiş yoldaşlarının da işlərinə bərpa edilmələrini istəyir, çünki sonuncular da onun kimi Orxan Mahmudovun qurduğu oyunun qurbanı olmuşlar. O, bunu deməklə məhkəmənin xüsusi olaraq nəzərinə çatdırmaq istəyir ki, onun qanunsuz olaraq işdən azad edilməsi Orxan Mahmudovun ona qarşı olan şəxsi qərəzliyidir və bu da qanunvericiliyə ziddir. O.Mahmudovun ona qarşı olan şəxsi qərəzliliyi bu gün onun maddi və mənəvi vəziyyətinin həddən artıq pisləşməsinə səbəb olmuşdur. Himayəsində üç övladı var. Onlardan biri hal-hazırda həqiqi hərbi xidmətdədir, ikisi isə azyaşlıdırlar. Onun qanunsuz, qərəzli və əssasız olaraq işdən çıxarılması övladlarının da maddi və mənəvi durumuna pis təsir göstərmişdir. Hazırki ağır iqtisadi durumda o, sonuncuların dolanışığını həyata keçirdə bilmir. O.Mahmudovun qanunsuz əməlləri nəticəsində 3 ailə başçısı işsiz qalmışdır. Prezident İ.Əliyevin bütün görüşlərində etdiyi çıxışlar zamanı məmurlara dediyi ilk söz xalqın, millətin rifah halının yüksəldilməsidir, lakin görünən odur ki, O.Mahmudov kimi rəhbərlər, məmurlar ya ölkə başçısının çıxışlarını dinləmirlər, ya da həmin sözləri qulaqardına vururlar. 14 iyun 2023-cü il tarixdə əmək kitabçasını vermişlər və elə həmən gün Mediasiya təşkliatına müracət etmişdir. 31 iyul 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Göründyü kimi, X3 İdarəsinin rəhbərliyi onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsinə dair əmr verməklə öz hüquqlarından sui-istifadə edərək qanunsuzluq etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, X3 İdarəsinin ekskavatorçusu İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək intizam pozuntusu törətmişdir. Belə ki, İddiaçı 06 iyun 2023-cü il tarixdə iş bölgüsü üzrə təyin edilmiş əraziyə getməkdən qəsdən imtina etmiş, bunun səbəbi kimi ona təhkim edilmiş texnikanın nasaz olduğunu göstərmişdir. X3 İdarəsi tərəfindən "xxxx" MMC-yə müraciət edilərək, qeyd edilən texnikalara mütəxəssisləri tərəfindən baxış keçirilməsi və müvafiq rəy verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin mütəxəssisi sürücülərin, eləcə də idarənin digər əməkdaşlarının iştirakı ilə texnikalara baxış keçirmiş və müvafiq mütəxəssis rəyi vermişdir. Verilmiş mütəxəssis rəyində İddiaçı təhkim olunmuş texnikanın istismara yararlı olduğu, yəni iş bölgüsü ilə təyin edilmiş işlərin görülməsi üçün yararlı olduğunu bildirmişdir. Bundan sonra İddiaçı iş bölgüsü üzrə təyin edilmiş işlərin görülməsi təkrar tələb edilmiş, lakin sonuncu verilmiş tapşırıqları icra etməkdən qəsdən imtina etmişdir. Bununla da, İddiaçı əmək funksiyalarını yerinə yetirməmişdir. Eyni zamanda, İddiaçı 12 iyun 2023-cü il tarixdə saat 09:00-da işə gəlmiş, iş bölgüsünü almadan idarəni saat 11 radələrində özbaşına tərk etmiş, bu barədə idarənin məsul əməkdaşlarına məlumat verməmiş, beləliklə iş vaxtı əmək müqaviləsi üzrə saat 09:00-dan nahar fasiləsi istisna olmaqla 18:00-dək işdə olmalı olduğu halda İddiaçı iş vaxtı işdə olmamışdır. Bununla da, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi X1 Komitəsindən xahiş edilmişdir. HİK tərəfindən müraciətə baxılaraq, 14 iyun 2023-cü il tarixdə 07 saylı protokol tərtib edilmiş və İdarənin ekskavatorçusu İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. İdarənin 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmri ilə X3 İdarəsində ekskavatorçu vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə 14 iyun 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən) xitam verilmişdir. Əmrdəki göstərişlərin icra edilməsi müvafiq olaraq Kadrlar şöbəsinə və Mühasibatlığa həvalə olunmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının hər hansı hüququ pozulmamış, əmr verilərkən Əmək Qanunvericiliyinə ciddi şəkildə riayət edilmişdir. Ona görə də, məhkmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 20 sentyabr 2023-cü il tаrixli, 2(046)-1848/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh X3 İdarəsi hazırda mübahisələndirilən əmri verməmişdən öncə İddiaçı izahatını almış, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə vaxtından əvvəl xitam verilməsinə razılığın verilməsi (münasibət bildirilməsi) üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş, HİK-də məsələ müzakirəyə qoyularaq iştirak edən şəxslərin fikirləri dinlənilmiş, işçi ilə bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə HİK tərəfindən razılıq verilmiş, məhz bundan sonra işəgötürən tərəfindən mübahisələndirilən əmr verilmişdir. Əmr verilərkən Əmək Qanunvericiliyinin tələbləri, eləcə də iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

21. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. 14 iyun 2023-cü il tarixli, 51/2 nömrəli “Əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə” ki əmrdə yazılanlar tamamilə əsassızdır, orada qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli, 2(046)-1848/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli, 2(046)-1848/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

28. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

29. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya

30. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

31.Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

(-).

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

3. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, ... əsasən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır.

32. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habeləfiziki şəxs.

33. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; (-). f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

34. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-). ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

35. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

36. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

(-).

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

37. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

38. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri (-)

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli, 2(046)-1848/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

52. Müəyyən edilmişdir ki, İddiaçı 13 mart 2023-cü il tarixli 21 saylı əmrlə X3 İdarəsinə ekskavatorçu vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin şərtlərinə görə iş saatları 09.00-dan başlayaraq nahar fasiləsi çıxılmaq şərti ilə 18.00-dək müəyyən edilmişdir. İddiaçı X3 İdarəsinin 06 iyun 2023cü il tarixli iş bölgüsünə əsasən suvarma arxlarının lildən təmizlənməsi işləri tapşırılmışdır. Lakin İddiaçı ona təhkim olunmuş ekskavatorun nasaz olduğunu bildirərək, işə çıxmaqdan imtina etmişdir. Səbəb kimi, yağ və hava filtrlərinin dəyişdirilməli olmasını, eləcə də kondisionerin işləməməsini göstərmişdir. X3 İdarəsi işçinin texnikanın işləyə bilməyəcək dərəcədə nasaz olması barədə bildirdiklərinin yoxlanılması üçün Equipment Transport and Service MMC-yə müraciət edərək, İdarənin balansında olan texnikalara baxış keçirilməsi və baxışın nəticələrinə dair rəy verilməsinin təmin edilməsini xahiş etmişdir. Texnikalara yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçıya təhkim olunmuş texnika işini davam etdirmək qabiliyyətindədir. Bundan sonra, İddiaçı 12 iyun 2023cü il tarixdə saat 09:00-da idarəyə gəlmiş, iş bölgüsünü almaqdan imtina edərək saat 11:00-da idarəni icazəsiz tərk etmişdir. Halbuki, ona təhkim edilmiş texnika işlək vəziyyətdə olmuşdur. Həmin işçi ilə telefon əlaqəsi saxlanılmış, ondan işə qayıtması tələb edilmiş, lakin o, Bakı şəhərinə Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinə idarənin fəaliyyəti ilə bağlı şikayətə gəldiyini və bu səbəbdən işə gələ bilməyəcəyini demişdir. Nəticədə, İddiaçı heç bir üzürlü səbəb olmadan iş vaxtı işdən yayınmışdır. İddiaçı tərəfindən yol verilmiş intizam pozuntusu ilə əlaqədar olaraq izahat verməsi üçün Göyçay SSİ-yə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı 13 iyun 2023-cü il tarixdə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə işdə olduğunu, dəfələrlə texnikanın servisə ehtiyacı olduğunu mexanikə, mühəndisə və rəisə bildirsə də, heç bir cavab ala bilmədiyini, bu səbəbdən, məsuliyyətli şəxs olaraq texnikanın məhv olmasına göz yummadığını, xx.xx.2023-cü il tarixdə texnikanın iş fəaliyyətini dayandırdığını və xx.xx.2023-cü il tarixdən texnikanı İdarənin həyətində saxladığını bildirmişdir. Lakin həmin izahatında 12 iyun 2023-cü il taixdə iş saatlarında icazəsiz olaraq İdarəni tərk edib, Bakı şəhərinə getməsinin üzürlü səbəbləri barədə heç bir fikir bildirməmişdir.

53. Göründüyü kimi, İddiaçı 12 iyun 2023cü il tarixdə işdə olmamasının heç bir üzürlü səbəbi, yəni Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndində qeyd edilən üzürlü hallar – özünün xəstəliyi, yaxud yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halı olmamışdır.

54. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən də görünür ki, İddiaçı təhkim edilmiş texnikanın vəziyyəti qarşıda qoyulmuş tapşırığın icra edilməsi üçün yararlı vəziyyətdə, işini davam etdirmək qabiliyyətində olmuşdur. Bu da onu deməyə əsas verir ki, İddiaçı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozmuş, özünün əmək funksiyasını yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmışdır.

55. İddiaçı 06 iyun 2023-cü il tarixdən verilmiş iş bölgüsünü almaqdan imtina etməsi, həmçinin 12 iyun 2023-cü il tarixdə heç bir üzürlü səbəb olmadan işdə olmaması tərtib edilmiş aktlarla, eləcə də özünün iddia ərizəsində qeyd etdikləri ilə tam sübuta yetirilir.

56. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, cavabdeh X3 İdarəsi hazırda mübahisələndirilən əmri verməmişdən öncə İddiaçı izahatını almış, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə vaxtından əvvəl xitam verilməsinə razılığın verilməsi (münasibət bildirilməsi) üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş, HİK-də məsələ müzakirəyə qoyularaq iştirak edən şəxslərin fikirləri dinlənilmiş, işçi ilə bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə HİK tərəfindən razılıq verilmiş, məhz bundan sonra işəgötürən tərəfindən mübahisələndirilən əmr verilmişdir. Əmr verilərkən Əmək Qanunvericiliyinin tələbləri, eləcə də iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

57. Apellyasiya şikayətinin dəlillərindən biri də iş vaxtı iddiaçının Bakı şəhərinə tək deyil, idarənin digər beş nəfər işçisi ilə getməsinə baxmayaraq onunla bir yerdə olan işçilərdən ikisi öz ərizələrinə əsasən işdən azad edilmiş, digər üç nəfər barəsində isə heç bir intizam tənbehi belə görülməməsi barədədir.

58. İş materialları ilə müəyyən olunur ki, iddiaçının göstərdiyi işçilərdən ikisinin (X4 və X5) vermiş olduqları ərizələrinə əsasən onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmiş, digər işçiyə (X8) isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

59. Ona görə də məhkəmə kollegiyası şikayətin həmin dəlillərini əsassız hesab edir.

60. Qeyd edilməlidir ki, işçilərə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərinin tətbiqi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İşəgötürənin bu hallarda malik olduğu diskresion səlahiyyəti əmək qanunvericiliyinin hüdudları çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanımalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı işəgötürənin öz əmrini əsaslandırmasında istinad etdiyi halların əmək qanunvericiliyinin 10, 70, 71, 72 və 186-cı maddələrinin müddəaları baxımından mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır.

61. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmri verilərilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir.

62. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozmasına, eyni zamanda özünün əmək funksiyasını yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmasına görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından iddia tələbi əsassızdır.

63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

64. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

65. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli, 2(046)-1848/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli, 2(046)-1848/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar