Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1951/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı “İşəgötürənin 02 iyun 2021-ci il tarixli, 65-K saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1421/2021 saylı, 05 avqust 2021-ci il tаrixli qətnaməsindən cavabdeh AR "xxxx" ASC-nin X7 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 65-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 1971-1974-cü illərdə Şuşa kənd Təsərrüfatı Texnikumunu baytar-feldşer ixtisası üzrə bitirdikdən sonra Yevlax rayonu Sabir adına kolxozda baytar texniki kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra fəaliyyətini Mingəçevir şəhərində davam etdirmişdir. 1978-ci ildə AZ DRES-də əmtəəşünas, 1979-cu ildə X2 şöbə müdiri, müditin müavini, Dövlət Standartlaşdırma və Metereologiya idarəsində 5 saylı ərazi üzrə sektor müdiri, idarə rəisi və s. kimi mühüm vəzifələrdə çalışmışdır. 1992-ci ildə X5 İnstutunu, iqtisadçı-mühəndis ixtisası üzrə qiyabi yolla bitirərək ali təhsil almışdır. 2013-cü ildən cavabdeh təşkilat olan Mingəçevir “Sukanal” idarəsində təchizat üzrə mühəndis vəzifəsinə qəbul olunaraq, işdən azad edilənədək fasiləsiz və ardıcıl olaraq həmin müəssisədə işləmişdir. Həmin iş sahələrinin hamısı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən daimi xarakterli olmuşdur və o həmin iş və vəzifələrdə müddətsiz əmək müqaviləsinə əsasən işləmişdir. Lakin 2019-cu ilin sentyabr ayında bütün müəssisə çalışanlarına, o cümlədən ona gözlənilmədən işə götürən tərəfdən təklif olunmuş ki, işdən çıxma ərizələri yazsınlar, sonra müddətli müqavilə əsasında yenidən işə bərpa olunacaqlar. Əks təqdirdə təklif olunan şərti yerinə yetirməyənlər birdəfəlik işdən azad olunacaqlar. 17 ildən artıq müddətdə işlədiyi və yeganə qazanc və gəlir mənbəyi olan işini itirməmək xatirinə işə götürənlə razılaşmaq məcburiyyətində qalmışdır. Beləliklə 02.09.2019-cu il tarixli 304-K saylı əmrə əsasən onunla işəgötürən arasında 463 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi imzalandı və o həmin tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Rəhbərlik yanında aparatına əməyin təşkili üzrə operator təchizatı üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirmişdir. Qeyd edir ki, onunla yalnız 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış, bundan sonra aralarında heç bir yazılı razılaşma və ya əmək müqaviləsinə dəyişiklik olunmamışdır. Tamamilə qanunsuz və əsassız hesab etdiyi işəgötürənin 65-K saylı, 02 iyun 2021-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin birinci bəndinə əsasən xitam verilmişdir. Əvvəla o cavabdeh təşkilatda 2013-cü ildən fasiləsiz və etirazsız olaraq mühəndis kimi 10 ilə yaxın müddət ərzində işləmişdir. İşlədiyi müddət ərzində barəsində işiylə bağlı heç bir intizam, inzibati və ya tənbeh tədbiri görülməmişdir. Öhdəsində heç bir yerdə işləməyən həyat yoldaşı və digər ailə üzvləri vardır. Ailələri həssas ailə hesab olunur. Oğlu 2013-cü ildə vəfat etdikdən sonra əvvəldən də onunla birlikdə və himayəsində yaşayan onun bir oğlu və bir qız övladı, həyat yoldaşı tamamilə onun maddi və mənəvi himayəsi altında yaşayır. Böyük nəvəsi BDU-nun 4-cü kursunda təhsil alır, digər nəvəsi isə artıq bu ilki qəbul imtahanlarında iştirak edir. Onların və işləməyən həyat yoldaşının yeganə gəlir və qazanc mənbəyi onun iş yeridir. Onunla cavabdeh təşkilat arasında yalnız bir dəfə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Belə çıxır ki, onunla sınaq müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin, o cümlədən işçinin (yəni onun) sonrakı taleyi açıq qalmışdır. Maraqlıdır ki, 2013-cü ildən cavabdeh təşkilatda rəhbər vəzifələrdə uzun müddət çalışdıqdan sonra 2019-cu ilin sentyabr ayında onunla yalnız sınaq müddəti ərzində müddətli əmək müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmədən cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 65-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1421/2021 saylı, 05 avqust 2021-ci il tаrixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 65-K saylı 02 iyun 2021-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın təchizat üzrə mühəndis vəzifəsinə bərpa olunması, İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 20.09.2013-cü ildən Mingəçevir Sukanal İdarəsində çalışmışdır. Mingəçevir Sukanal İdarəsinin Rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi vəzifəsinə 20 sentyabr 2013-cü il tarixdən 20 sentaybr 2014-cü il tarixədək təyin edilmişdir. Sonradan “Mingəçevir Sukanal” İdarəsinin Rəhbərlik yanında aparatına təchizat üzrə mühəndis vəzifəsinə 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019- cu il tarixinədək 3 (üç) ay müddətinə qəbul edilmişdir. Lakin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin hallarını əmək qanunvericiliyinin müddəaları əsasında təhlil edib hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Belə ki, İddiaçı hazırki vaxta kimi işlədiyi vəzifədə və cavabdeh olan müəssisədə uzun illərdir ki işləyir. Onun əvvəllər və hazırda tutduğu vəzifə daimi xarakter daşımışdır. İddiaçının planlı şəkildə daimi işdən azad olunaraq 3 aylıq müddətli müqavilə əsasında işə qəbul olunması İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlmişdir ki, İddiaçı işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə Mingəçevir Sukanal İdarəsinin tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən Mingəçevir Sukanal İdarəsinin tərəfindən sübut olunmadı. Eyni zamanda müqavilənin nəticə hissəsində imza İddiaçı tərəfindən icra olunsa da qanuna və kargüzarlıq haqqında təlimata əsasən müqavilənin digər səhifələri imzalanmamışdır. Halbuki, bir neçə səhifədən ibarət olan müqavilənin hər səhifəsi müqavilə bağlayanlar tərəfindən imzalanmalı və ya qanuna müvafiq olaraq tikilməli olduğu halda yalnız sonuncu vərəq imzalanmışdır. 463 saylı müqavilədə sözügedən müqavilənin müddətli olması qeyd olunmuş vərəq iddiaçı tərəfindən imzalanmamışdır. Bu hal isə öz növbəsində müqavilənin əsassız və işçinin hüquqlarının pozulması və aldatma nəticəsində bağlanmasını ehtimal etməyə zəmin yaradır. Bunun əksini təsdiq edən mötəbər sübutlar isə işə götürən təşkilatın yəni cavabdehin nümayəndəsi tərəfindən sübut oluna bilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsi “əmək müaviləsinə xitam verilməsinə dair” əmri çıxararkən Əmək Məcəlləsinin müvafiq maddələrində göstərilmiş prosedur qaydalarını ciddi şəkildə pozmuşdur. Belə ki, əmr verilməzdən əvvəl əmək müqaviləsinə xitam verilməsi məsələsinə dair Həmkarlar İttifaqının iclası keçirilməli həmin iclasın sonunda müvafiq protokol tərtib olunmalı və Həmkarlar İttifaqının sədri əmək müaviləsinə xitam verilməsinə razı olub-olmadığını cavab məktubu ilə həmin müəssisənin rəhbərinə bildirməli idi. Bundan əlavə İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə aid olub-olmamağı araşdırılmamışdır. İş materiallarından da görünür ki, həmin qaydaların heç birinə əməl edilməmiş, işçinin 7 illik əmək stajı nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianı tam əsaslı hesab etmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli və cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 65-K saylı 02 iyun 2021-ci il tarixli əmri ləğv edilsin, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi vəzifəsinə bərpa olunsun, İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilsin. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 2-ci maddəsinin 3-cü hissəsi, 14-cü maddəsi, 43-cü maddəsinin 3-cü hissəsi, 45-ci maddəsinin 4-cü hissəsi, 45-ci maddəsinin 5-ci hissəsi, 46-cı maddəsinin 6-ci hissəsi, 47-ci maddəsi, 78-ci maddəsi, 80ci maddəsinin 2-ci hissəsi, 288-ci, 292-ci, 300-cü maddələri, X4 02 iyun 1982-ci il tarixdə qəbul etdiyi “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı Tövsiyyəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli va obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli, 410 saylı, 29 iyul 2019-cu il tarixli 328 saylı Qərarları "xxxx" ASC-nin 01.11.2016-cı il tarixli, 467 saylı əmri ilə "xxxx" ASC-nin tabeçiliyində olan idarələrində struktur dəyişikliyi olmuşdur. Qərarın icrası ilə əlaqədar digər Sukanal İdarələrinin işçiləri o cümlədən, Mingəçevir Sukanal İdarəsinin işçilərinin əmək müqaviləsinə xitam verilmiş və yeni əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul olunmuşlar. İddiaçıla 20.09.2013-cü ildə 296 saylı müddətli əmək müqaviləsi bağlanmışdır. 29.08.2019-cu il tarixində İddiaçı ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il tarixdə ləğv olunmasını xahiş etmişdir. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli, 22-k saylı əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” 29.08.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. İddiaçı 30.08.2019-cu il tarixində 02.09.2019-cu il tarixində Rəhbərlik yanında aparata təhcizat üzrə mühəndisi vəzifəsinə təyin olunması barədə ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli, 304-k saylı əmrinə əsasən əmək müqaviləsi bağlanmışdır. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” 02.09.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə İddiaçıla 463 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinin 2.3-cü hissəsində 3 aylıq müddətə bağlanması qeyd olunmuşdur. Əmək müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu” hissəsinə imza etməklə əmək müqaviləsinin bir nüxsəsini almağını təsdiq etmişdir. Mingəçevir Sukanal İdarəsi 24 may 2021 -ci il tarixində İddiaçı “əmək müqaviləsinin müddətinin bitməsi” ilə əlaqədar əmək müqaviləsinə 02.06.2021-ci il tarixindən xitam verilməsi barədə xəbərdarlıq məktubu təqdim etmişdir. İşçi məktubu almaqdan imtina etmiş, bu barədə akt tərtib olunmuşdur. Xəbərdarlıq məktubu işçinin ünvanına poçt vasitəsilə göndərilmişdir. Mingəçevir Sukanal İdarəsinin 02.06.2021-ci il tarixli, 65-k saylı əmri ilə əmək müqaviləsinə xitam verilmiş və həmin gün əmr əmək kitabçası ilə birlikdə İddiaçı təqdim olunmuşdur. Rəsmi sənədlərlə də sübut olunur ki, əmək qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etsə də, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qeyd olunur, ki iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər hansı dəyişiklik edilməmiş, struktur dəyişikliyini nəzərə alaraq yeni əmək müqaviləsi bağlanmış və müqavilənin təsdiq edilmiş digər nüsxəsi iddiaçıya təqdim edilmişdir. Əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya təqdim edildiyi öz imzası ilə təsdiq edilmişdir. Eyni zamanda qətnamədə müqavilənin kargüzarlıq haqqında təlimata əsasən hər səhifəsinin imzalanmalı olduğu, hazırkı halın müqaviləni əsassız və işçinin hüquqlarının pozulması və adatma nəticəsində bağlanmasını ehtimal etməyə zəmin yaratdığı qeyd olunur. Halbuki qanunda və ya digər qanunvericilik aktlarında müqavilənin hər səhifədə imzalanmalı olmasını vurğulayan hər hansı imperativ norma mövcud deyil. Bundan əlavə, müqavilənin müddətli olmasından xəbərdar olmadığını iddia edən İddiaçı bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. O, məhkəməyə iddia ərizəsi təqdim etməklə kifayətlənmiş, iddia etdiyi halları təsdiq edəcək hər hansı sübut göstərməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsi işəgötürənin hüquqlarını görməzdən gələrək və əsassız hallara istinad edərək iddiaçının iddiasını təmin etmiş, nəticədə onların hüquqları ciddi şəkildə pozulmuşdur. Halbuki işə qəbul və işdən azad edilmə prosesini həyata keçirərkən bütün hərəkətlər qanunvericiliyə uyğun olaraq icra edilmiş, işçinin heç bir hüququ pozulmamışdır. Əmək qanunvericiliyini nəzərə alaraq hesab olunur ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə əmək müqaviləsində qeydiyyat aparmışdır. Yəni onun əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən buna işçinin heç bir narazılığı olmamışdır. İşçinin hər hansı hüququnun pozulduğu hazırda iddia edilə bilməz. Hazırkı əmrdən isə narazı olan işçiyə bildirilir ki, müddətli əmək müqaviləsində müddətin qurtarması ilə bağlı verilmiş əmr əmək qanunvericiliyinə əməl olunmaqla icra edilmişdir. Belə ki, qanunla nəzərdə tutulmuş müddətdə işçiyə xəbərdarlıq olunmuş və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun iddiaçıya çatdırılmışdır. İşçinin iradəsi əleyhinə işəgötürən tərəfindən heç bir qanunsuz addım atılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)- 1421/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)-1421/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)- 1421/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən: Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fizikişəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilir; İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)-1421/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)- 1421/2021 saylı qətnaməsini cavabdeh AR "xxxx" ASCnin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)-1421/2021 saylı qətnaməsi cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 20.09.2013-cü ildən Mingəçevir Sukanal İdarəsində çalışmışdır. Mingəçevir Sukanal İdarəsinin Rəhbərlik yanında aparatın təchizat üzrə mühəndisi vəzifəsinə 20 sentyabr 2013-cü il tarixdən 20 sentaybr 2014-cü il tarixədək təyin edilmişdir. Sonradan iddiaçı ilə 02.09.2019-cu il tarixli 304-K saylı əmrə əsasən işəgötürən arasında 463 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi imzalanmış və iddiaçı həmin tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Rəhbərlik yanında aparatına əməyin təşkili üzrə operator təchizatı üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirmişdir. İddiaçı ilə 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış, “Mingəçevir Sukanal” İdarəsinin Rəhbərlik yanında aparatına təchizat üzrə mühəndis vəzifəsinə 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019- cu il tarixinədək 3 (üç) ay müddətinə qəbul edilmişdir. Bundan sonra aralarında heç bir yazılı razılaşma və ya əmək müqaviləsinə dəyişiklik olunmamışdır. Lakin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, apellyator 29.08.2019-cu il tarixində İddiaçı könüllü olaraq ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il tarixdə ləğv olunmasını xahiş etməsini əsaslandıra bilməmişdir. Məhkəmə Kollegiyası iddiaçının uzun müddət bir müəssiədə müddətsiz qaydada işləyərkən birdən-birə yeganə qazanc yerinin itirilməsinə səbəb ola biləcək işdən azad olunma barədə ərizə yazmasını inandırıcı hesab etmir. Belə ki, iddiaçı işdən azad olunma barədə ərizə yazdıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanmaya da bilərdi. Burdan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçını yeni qısa müddətli əmək müqaviləsi bağlamağa məcbur etməklə onun konstitusiyon hüququnu pozmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)-1421/2021 saylı qətnaməsi cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)-1421/2021 saylı qətnaməsi cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1951/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1951/2021
21.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver