Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1990/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli X-20/10 saylı əmrinin ləğv edilməsi (etibarsız hesab edilməsi), onun Cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat vəsaitini tutlub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəməyə vermiş olduğu iddianı «işə barpa olunma tələbinə dair» iddia ərizəsi kimi qəbul edilməsini və işə bərpa olunmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli X-20/10 saylı əmrinin ləğv edilməsi (etirabsız hesab edilməsi), onun cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə işə bərpa edilməyi, xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək mücburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün təfsir etməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o, 15 ilə yaxındır «Gilan» şirkətinin Qəbələ konserv zavodunda işləyir. İndiyədək həmin zavodda müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu dəfə təsərrüfat şöbə rəisi vəzifəsinin icrası ona həvalə edilmişdir. İşlədiyi müddətdə həmişə öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Bütün bu illərdə var gücünü, enerjisini, qabiliyyətini şirkətin yolunda sərf etmişdir. Lakin 2020-ci ilin iyun ayının 19-da o, birdən-birə ən ağır intizam tənbehi ilə işdən çıxarılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq onunla olan əmək münasibətlərinə xitam vermişdir. Bununla da o, qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Halbuki, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsu ilə ləğv edilə bilər. Dana sonra ona həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmağı barədə qeydlərin aparıldığı əmək kitabçası və əmrin surətini təqdim etmişlər. Bunun haqsızlıq olduğunu bəyan etməklə etiraz etmişdir. Onun işdən çıxarılmağı, onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə direktor müavini Rahib Kərimovun imzaladığı və möhürlə təsdiq etdiyi Cavabdeh MMX-nin xx xxxx 2020-ci il tarixli X-20/10 saylı əmr qanuna ziddir və ləğv olunmalıdır. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Maqsudova Aynur Rövşən qızı birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadəsində göstərmişdir ki, təsərrüfat şöbəsinin fəhləsi Nazim Orucov xx.xx.2020-ci il tarixdə oturduqları otağa gəlib ona may ayı üçün əmək haqqının 69 manat əskik hesablandığını bildirmişdir. Bunu araşdırmaq üçün cəmiyyətin əməkdaşı olan Ceyhun Hafizova müracəit etmişdir. Sonuncu məsələyə aydınlıq gətirmişdir. İşçinin davamiyyət tabeli digər əməkdaşlar Qadir İsmayılov tərəfindən təqdim olunmuşdur. Qadirlə əlaqə saxlamış və sonuncu ona işçinin davamiyyətinin təsərrüfat şöbəsinin rəisi tərəfindən təqdim olunduğunu və həmin tabelə əsasən işçinin əmək haqqının hesablandığını bildirmişdir. İşiçyə məsələni şöbə rəisi ilə həll etməklə kömək edəcəyinə söz vermişdir. Məsələyə aydınlıq gətirilməsinin yazılı olmasının uyğun olmasını düşünərək və ona köməklik göstərilməsi məqsədi ilə mühasibatlığa email vasitəsi ilə müraciət etməyə hazırlaşmışdır. Elə bu zaman təsərrüfat şöbəsinin rəisi İddiaçı əsəbi halda içəri daxil olmuşdur. Məsələyə aydınlıq gətirilməsini xahiş edib və problemin izahatının mühasibatlıqdan yazılı olaraq gələcəyini deyəndə həmin şəxs «işləyə bilmirsiniz, mənim üstümə atmayın günahlarınızı» deyərək ona qışqırmış və üzərinə gəlmişdir. Təmkinliyini qoruyub məsələni aydınlaşdırmaqla cavab verəcəyini sonuncuya bildirmişdir. Şöbə rəisi isə ona yenə çığıraraq «özünüz düzgün işləyin, sonra danışın» deyə bildirmişdir. O, şöbə rəisindən səsinin tonunu aşağı salmağı xahiş etmişdir. Bu zaman o, «aaz sən kimsən, mənim səsimi kəsəsən» sözləri ilə çığırmağa başlamışdır. Buna görə də ona «tərbiyəsiz» demişdir. Çünki müvafiq vəziyyətdə başqa uyğun söz tapa bilməmişdir. Bundan sonra iddiaçı «sən kimilərin çox görmüşük və kimin hesabına burada olduğunu çox gözəl bilirəm» sözlər və digər nalayiq ifadələr işlətməklə təhqirlərlə ona hücum çəkmişdir. Tikinti-təmir bölümünün rəisi Raqub Abdullayev fiziki güc tətbiq olunmasın deyə onun önünə keçərək qarşısını almışdır. Gülşən Hümbətovanın köməyi ilə Raqub iddiaçını otaqdan güclə çıxartmışdır. Daha sonra o, direktor müavini Rahib Kərimovun yanına sənəd imzalatmaq üçün yaxınlaşmış və məsələni ona daşınmışdır. Sonuncu iddiaçını otağına çağırmışdır. İddiaçı orada da onun günahkar olduğunu öz istəklərinə uyğun olaraq izah verərək «bu mənə tərbiyəsiz dedi, tərbiyəsiz özünsən» sözləri ilə yenidən özündən çıxmışdır. Otaqda olan maliyyəçi Kənan Şahverənov ona məsləhətlə «yəqin ki, tərbiyəsizlik etmisiniz ki, elə deyib» sözlərini demişdir. Bu zaman iddiaçı yenə izah olunmaz qışqırıq səsləri ilə onu da davaya sövq etməyə başlamışdır. Buna görə də direktor müavini onu güclə otağından çıxartmışdır. Qorxu və şok hissələri onda o qədər çoxalmışdır ki, uzun müddət otaqdan çıxa bilməmişdir. Eyni hal 2020-ci ilin aprel ayında da Çipsi ofisində işçilərin gözü önündə sadəcə həmin vəziyyətdən azacıq yumuşaq formada olmuşdur. Həmin vaxt da susmağa üstünlük vermişdir. Amma bu dəfə iddiaçı bütün etik, insani, professional hədləri aşaraq ona qorxu və stress kimi hallar yaşatmış, onu kollektiv içində gözdən salmağa çalışmışdır. O, «xxx» MMC-nin əməkdaşıdır, lakin 6 il Cavabdeh MMCnin işçisi olmuşdur. Buna görə də bura onun üçün doğma olmuş və bu illər ərzində işçilərlə daim səmimi münasibət yaratmışdır. Bu gün də müəssisəyə yüksək səviyyədə xidmət göstərmək üçün bütün məsuliyyəti ilə işini görməyə çalışır. Lakin bu kimi hallar əmək məhsuldarlığını sıfra endirir, onu həm işçi və həm də qadın kimi çox sarsıdır. Vəziyyətin bu yerə çatmaması, konfliktin yaranmaması üçün bütün professional cəhətlərini işlətməyə çalışsa da mümkünsüz olmuşdur. Çünki, İddiaçı atrıq otağa daxil olanda dava və provakasiya ilə gəlmişdir. O, əvvəlcə otağı tərk etmək istəsə də fikrindən daşınmışdır. Fikirləşmişdir ki, eyni aqressiya ilə onun arxasınca gələcək və konflikti kütlə görəcəkdir. X4 birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadəsində göstərmişdir ki, hadisə baş verən gün xxx əməkdaşı Aynur Maqsudova sənədlərin direktor müavininə təsdiqlənməsi üçün otağına gətirmişdir. Söhbət əsnasında Aynur Maqsudova üzgün və şok halda direktor müavininə «mən bu insana neyləyim, kimə şikayət edim ki, tədbir görsün» deyərək müraciət etmişdir. Sonuncu məsələnin nədən ibarət olduğunu soruşduqda o, İddiaçı onu işçilərin yanında təhqir etdiyini bildirmişdir. Direktor müavini bundan sonra İddiaçı telefonla zəng edərək məsələnin nə olduğunu soruşmuşdur. İddiaçı isə ona otağına gələcəyini bildirmiş və az sonra aqressiv formada otağa daxil olaraq əyləşmişdir. Bu dəqiqələrdə işçinin əmək haqqının az hesablandığını aydınlaşdırmaq üçün digər xxx əməkdaşına zəng etmişdir. Məsələyə qarışmaq fikrində də olmamışdır. Lakin İddiaçı «Dərgah deyir ki, Aynur deyir Ramin tabeli səhv verib deyə işçinin əmək haqqı az hesablanmışdır» ardınca da əlini əşya göstərircəsinə Aynura uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» dedikdə o, normal olaraq sakitliyini saxlaya bilməmiş və «yəqin etmisən ki, deyib» cavabını vermişdir. Sözünü tamamlamamış Ramin yüksək səs tonu ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə» deyərək ayağa qalxaraq «gəl» deyərək onu mübahisəyə çəkməyə çalışmışdır. Ayağa qalxsa da stolun arxasından çıxmamışdır. Direktor müavini Ramini çətinliklə (aqressiv qışqırıqla gəl deyərək ona çığıran) sonuncunu və sonra da onları otağından çıxartmışdır. Sonradan fikirləşmişdir ki, sakitliyini qorumaqla, məsələyə müdaxilə etməli olmadığı halda bunu etmişdir. Lakin İddiaçı Aynur Maqsudova ilə digər işçilərin yanında anormal danışmağı birinci dəfə deyil, bir neçə dəfə olduğunu düşünərək onun yerinə başqa kim olsaydı qadına qarşı etikadan bü curə kənar davranışa görə eyni ilə reaksiya verəcəyinə əmin olmuşdur. X9 birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadəsində göstərmişdir ki, hadisə baş verən gün xxx əməkdaşı Aynur Maqsudova sənədləri təsdiqlətmək üçün onun xidməti otağına gəlmişdir. Söhbət əsnasında sonuncunun üzgün və şok halda «mən bu insana neyləyim, kimə şikayət edim ki, tədbir görsün» deyərək ona müracəit etmişdir. Məsələnin nə olduğunu soruşduqda İddiaçı onu işçilərin yanında təhqir etdiyini bildirmişdir. Telefonla zəng edərək İddiaçı məsələnin nə olduğunu soruşmuşdur. İddiaçı bu zaman ona «Aynur deyir Ramin tabeli səhv verib deyə işçinin əmək haqqı az hesablanıb» cavabını vermişdir. Sonra da onun xidməti otağına gələrək əlini əşyanı göstərən tərzdə Aynur Maqsudovaya uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» dedikdə otaqda onun yanında olan Kənan Şahverənov sakitliyini saxlaya bilməmiş və «yəqin etmisən ki, deyib» cavabını vermişdir. Sözünü tamamlamadan İddiaçı yüksək səs tonu ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə” deyərək ayağa qalxaraq «gəl» deyərək Kənanı mübahisəyə çəkməyə çalışmışdır. Kənan oturduğu yerdən ayağa qalxsa da stolun arxasından çıxmamışdır. Ramini çətinliklə otaqdan çıxartmış və sonra da digər işçilərdən otaqdan çıxmalarını xahiş etmişdir. X10 birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə işlə bağlı Aynur Maqsudovanın qəbulunda olan zaman işçilərdən biri maaşı az hesablandığı üçün sonuncuya yaxınlaşmışdır. Aynur Maqsudova bu məsələ ilə bağlı mühasibatlığa müraciət etmiş və işçinin tabeli səhv təqdim edildiyini öyrənmişdir. Bu zaman əsəbi halda bir şəxs daxil olmuşdur. Sonradan həmin şəxsin şöbə rəisi olduğunu bilmişdir. Daxil olan şəxs yüksək tonlu səslə və qışqıraraq Aynur Maqsudovanın üzərinə getmiş və onu səhv işləməkdə günahlandırmışdır. Aynur Maqsudova daxil olan şəxsdən səs tonunu aşağı salmasını xahiş və tələb etdikdə həmin şəxs ona qışqıraraq «aaz, sən kimsən mənim səsimi kəsirsən» deyəndə Aynur ona «tərbiyəsiz» deməklə cavab vermişdir. Bundan sonra da həmin şəxs ona qışqıraraq Aynur Maqsudovanın üzərinə getmişdir. Lakin otaqda olan digər xanım və bəy qışqıran şəxsi güclə çölə çıxarmışdır. X5 birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadəsində göstərmişdir ki, xx.xx.2020ci ildə müəssisədə işləyən işçi X6 əmək haqqının düzgün hesablanmadığı ilə bağlı müraciət etmişdir. Buna görə də Aynur Maqsudova mühasiblə əlaqə saxladıqda ona tabeldə əmək günlərinin həqiqətən də az göstərildiyini bildirmişlər. Bu zaman təsərrüfat şöbəsinin müdiri İddiaçı onun otağına daxil olaraq «siz deyirsiniz ki, mən tabeli səhv yazmışam, öz səhvlərinizi görmürsünüz məndə səhv axtarırsınız» deyə ona qışqırmışdır. Aynur Maqsudova ona səs tonunu aşağı salmağı xahiş etmişdir. Bu zaman İddiaçı onun üzərinə gəlmişdir. Vəziyyəti görüb tez ayağa qalxmış və otaqda olan Raqub Abdullayevlə onu otaqdan çıxarmışdır. İddiaçının müəssisədə qanunazidd hərəkətləri ilə işin ahəngini pozması nəticəsində həmin gün normal işləyə bilməmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış «əmək müqaviləsi»nə əsasən o, limonad istehsal sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC ilə şöbə müdiri vəzifəsində çalışan İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış «əmək müqaviləsinə əlavə»yə görə onlar arasında xx xxxxxx 2011ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə və əlavəyə görə sonuncu K-247/18 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən şöbə müdiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən onun tarif maaş ştat cədvəlinə uyğun olaraq əmək haqqı 2400 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə MMC-də işləyən fəhlə (işçi) X6 əmək haqqının düzgün hesablanmadığı ilə bağlı xxx əməkdaşı Aynur Maqsudova müraciət etmişdir. Buna görə də sonuncu mühasiblə əlaqə saxladıqda ona tabeldə əmək günlərinin həqiqətən də az göstərildiyi məlum olmuşdur. Bundan sonra iddiaçı ( Cəmiyyətdə təsərrüfat şöbəsinin rəisi işləyən) İddiaçı İbrahim oğlu aqressiv tərzdə Aynur Maqsudovanın xidməti otağına daxil olaraq onunla mübahisə etməyə başlamış, səs-küy yaratmış, müəssisədə çalışan işçilərin narahatlığana səbəb olmaqla işin ahəngini pozmuşdur. Müəssisənin direktor müavini Rahib Kərimov məsələdən Aynur Maqsudova vasitəsi ilə xəbər bildikdə İddiaçı İbrahim oğlunu otağına dəvət etmiş və onunla söhbət aparmışdır. Bu zaman İddiaçı xxx-nin əməkdaşı Aynur Maqsudovanın, Cəmiyyətin işçisi X4 və digərlərinin yanında əvvəlki qanunazidd hərəkətlərini daha da aqressiv olaraq davam etdirmiş və orada olan işçilərlə, kobud, nəzakətsiz və etikadan kənar hərəkətlərlə mübahisə edərək ( şöbə müdiri olaraq digər işçilər üçün nümunəvi davranışı ilə örnək olmalı olduğu halda) Aynur Maqsudovanı əsassız və lüzumsuz yerə təhqir etmiş və bu cürə hərəkətləri ilə də müəssisənin iş ahəngini bir neçə müddətə pozmuşdur. İşin qeyd olunan halları şahid ifadələri və məhkəmyə təqdim olunmuş aktlarla sübut edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş “Davranış kodeksi»nin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində qeyd olunan tələblərə görə Cavabdeh MMC-nin hər bir işçisi ətrafındakı bütün insanlara hörmətlə yanaşmalı və hər kəsin şəxsiyyətini qiymətləndirməli, başqasının fikri ilə razılaşmasa da, buna səbr və hörmətlə yanaşmalı, bütün vəziyyətlərdə özünü ələ almağı bacarmalı, ədəbli və nəzakətli olmalıdır kimi etik prinsiplərə əməl və riayət etməyə borcludurlar. Bundan əlavə Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş «daxili əmək intizamı qaydaları»ın 2ci bəndinə əsasən cəmiyyətdə çalışan hər bir işçi öz iş vəzifələrini vicdanla yerinə yetirmək, əmək intizamına riayət etmək, digər işçilərə öz vəzifələrini yerinə yetirməyə mane olmaqdan çəkinmək kimi tələblərə əməl etməyə borcludur. Qaydaların 6.1-cı bəndinə əsasən işçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyətsiz yerinə yetirdikdə Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutlan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bir sıra intizam tənbehlərindən birini verə bilər və eləcə də Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edə bilər. Göründüyü kimi, İddiaçı İbrahim oğlu Cavabdeh MMC-nin “Davranış kodeksi»nin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində və eləcə də «daxili əmək intizamı qaydaları»ın 2-ci bəndinə qeyd olunan tələblərdən tam xəbərdar olduğu halda, qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməklə iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngini pozmuşdur. Buna görə də “Cavabdeh» MMC-nin direktorunun müavini X7 xx.xx.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmri ilə cəmiyyətlə təsərrüfat şöbəsinin rəisi olaraq İddiaçı arasındakı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70 «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrdə direktor müavini əmək qanunvericiliyinin tələblərinə tam olaraq riayət etməklə əsaslandıraraq İddiaçı xx.xx.2020-ci il tarixdə İnsan Resursları xidməti aparılan otağa və cəmiyyətin direktorunun otağına daxil olarkən əməkdaşları qeyri-etik ifadələrlə təhqir etməsini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə görə əmək vəzifələrinin, habelə cəmiyyətin «Şirkətdaxili intizam Qaydaları»nın müvafiq tələblərinin kobud şəkildə pozduğunu göstərmişdir. Həmçinin Əmək qanunvericiliyinin mənasına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahat verməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə (sərəncamda, qərarda) göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. İş materialalırında olan və İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə “Cavabdeh» MMC-nin direktoru Elşad Paşayevə yazılmış izahatdan müəyyən edilir ki, işəgötürən tərəfindən əmək qanunvericilyinin qeyd olunan tələblərinə tam olaraq riayət olunmuşdur. “Cavabdeh» MMC-nin direktorunun müavini X7 xx.xx.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmrində İddiaçılə aralarındakı əmək müqaviləsinin ləğv olunması zəruriliyi əsaslandırılmışdır. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, Cavabdeh MMC-nin təsərrüfat şöbə rəisi İddiaçı xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam əmrini oxumuş, lakin əmrlə tanış olmasını imzası ilə təsdiqləməkdən imtina etmişdir. Bu barədə Cavabdeh MMC-nin direktor müavini Rahib Kərimovun və «X3» MMC-nin İR meneceri Vüsal Həmidovun iştirakları ilə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş müəssisənin Həmkarlar Təşkilatının üzvlərinin siyahısından görünür ki, iddiaçı Həmkarlar Təşkilatının üzvü deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1990/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1990/2020
12.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver