Məhkəmə qərarları › İş №2(107)-1999/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1999/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1999/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, cavabdehlər Cavabdeh Vahim oğlu və X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh Vahim oğlu və X4 qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1171/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh Vahim oğlu və X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh Vahim oğlunun istifadəsində olan Mingəçevir şəhərinin Sağ Sahil küçəsindəki evə köçürülməsi və mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək bildirdiki xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə cavabdehlər Cavabdeh Vahim oğlunun və X2 istifadəsində olan Mingəçevir şəhərinin Sağ Sahil küçəsindəki evə köçürülməsi və mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1171/2020 nömrəli (hakim H.Mirzəliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı övladları – xx xxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxxxx 2017-ci il təvəllüdlü X10 ilə birlikdə Mingəçevir şəhəri, X15 Mehmanxanada yerləşən evə köçürülmələri, həmin evdən ümumi əsaslarla istifadə hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh Vahim oğlu və X7 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Vahim oğlu ilə 2014-cü ilin avqust ayında faktiki ailə münasibətlərinə daxil olmaqla nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı iki nəfər uşaqları olmuşdur. Ailə qurduları müddətdə münasibətləri yaxşı olmuşdur. Daha sonra münasibətləri pozulmağa başlamış və cavabdeh onu ailə kimi saymamışdır. Münasibətləri pozulduqdan və ayrıldıqdan sonar uşaqları da götürüb Sabirabad rayonuna getmişdir. Özü Ağdam rayonundan olan məcburi köçkündür. Cavabdeh ona qarşı Mingəçevir şəhər məhkəməsində iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2356/2019 saylı qətnaməsinə əsasən Cavabdeh Vahim oğlu ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 onun yanında qalması və hər uşağa 100 manat olmaqla cəmi 200 manat miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Boşanmamışdan əvvəl Mingəçevir şəhəri X15 mehmanxanasında 2014-cü ilin avqust ayından 2019-cu ilin yanvar ayına kimi fasiləsiz yaşamışlar. Sonra həmin evdə yaşamaq istəsə də cavabdeh ona və uşaqlarına evdə yaşamağa imkan verməmişdir. Lakin, hazırda yaşamağa başqa yeri yoxdur. Buna görə də xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə cavabdehlər Cavabdeh Vahim oğlunun və X2 istifadəsində olan Mingəçevir şəhərinin Sağ Sahil küçəsindəki evə köçürülməsi və mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh Vahim oğlu və X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Belə ki, idddiaçının da göstərdiyi kimi onların yaşadığı bu yaşayış sahəsi tikintisi yarımçıq qalmış mehmanxanadır. Öz gücləri və vəsaitləri natamam şəkildə yaşayış üçün uyğunlaşdırlmışdır. Bu yaşayış sahəsinin heç bir mülkiyyət sənədi yoxdur. Xüsusi təyinatlı mənzil və ya yaşayış sahəsi kimi heç bir müqavilələri yoxdur. Bu yaşayış sahəsində onların yaşadığını təsdiq edən dövlət və ya bələdiyyə orqanları tərəfindən təsdiq edilmiş sosial kirayə müqaviləsi də yoxdur. Ona görə də işə baxan hakim Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin normalarını tətbiq etməklə yanlış nəticəyə gəlmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1171/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Vahim oğlu apellyasiya şikayətinimüdafiə edərək bildirmişdir ki, iddiiaçı onun keçmiş arvadıdır. Münasibətləri yaxşı olmadığından rəsmi qaydada boşanmışlar. Mübahisəli yaşayış sahəsinin heç bir sənədi yoxdur. Həmin yaşayış sahəsi Ağdam rayonundan məcburi köçkün olduqlarından dövlət tərəfindən verilmişdir. Hesab edir ki, bundan sonra onların bir yerdə yaşaması mümkünsüzdür. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə oğlu Amənin xasiyyəti düzgün gəlməməsi səbəbindən boşanmışlar. Bundan sonra da onların bir yerdə yaşaması mümkün olmayacaq. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb, ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdeh tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1171/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Vahim oğlu ilə İddiaçı arasında olan nikahın pozulması xx xxxxxx 2020-ci ildə 04 nömrə ilə qeydə alınmışdır. Apellyasiya məhkəməsinin sorğusu nəticəsində əldə olunmuş AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər bölməsinin xx.xx.2020-ci il tarixli, 327 nömrəli məktubunun məzmunundan aydın olur ki, X7 1993-cü ildən Ağdam rayonunun işğalı ilə əlaqədar ailəsi ilə birlikdə Mingəçevir şəhərində məskunlaşmış və müxtəlif ünvanlarda kirayədə yaşamışlar. 2014-cü ilin aprel ayından halhazıradək o, aşağıdakı ailə üzvləri ilə birlikdə AR X1 balansında olan, H.Hüseynov küçəsində yerləşən tikintisi yarımçııq qalmış mehmanxana binasında məcburu köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və yaşayırlar. X7, X3, Cavabdeh Vahim oğlu, İddiaçı, X9 və X10. Tərəflərdən hər hansı birinin adına mənzil və ya torpaq sahəsinin olması barədə “Dövlətqaçqınkom”un sənədlərində heç bir məlumat yoxdur. Ailə dövlət tərəfindən mənzillə təmin olunmayıb. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33 və 34-cü maddələrinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən maddi hüquq normalarının hamısını düzgün istinad etməsə də, mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi olaraq həmin səhvin davam etdirilməməsi baxımından kollegiya aşağıda sadalanan maddi hüquq normalarına da istinad olunmasını məqəsədə müvafiq hesab etmişdir. Kollegiya belə qənaətə gəlir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailəüzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Mənzil Məcəlləsinin 66.1 və 66.1.1. maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin yaşadığı yaşayış sahəsinə digər şəxsləri müəyyən edilmiş qaydada köçürmək hüququ vardır. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, tərəflər Ağdam rayonundan olan məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışlar. Cavabdeh Vahim oğlu ilə İddiaçı arasında olan nikahın pozulması xx xxxxxx 2020-ci ildə 04 nömrə ilə qeydə alınmışdır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər bölməsinin xx.xx.2020-ci il tarixli, 327 nömrəli məktubunun məzmunundan aydın olur ki, X7 1993-cü ildən Ağdam rayonunun işğalı ilə əlaqədar ailəsi ilə birlikdə Mingəçevir şəhərində məskunlaşmış və müxtəlif ünvanlarda kirayədə yaşamışlar. 2014-cü ilin aprel ayından hal-hazıradək o, aşağıdakı ailə üzvləri ilə birlikdə AR X1 balansında olan, H.Hüseynov küçəsində yerləşən tikintisi yarımçııq qalmış mehmanxana binasında məcburu köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və yaşayırlar. X7, X3, Cavabdeh Vahim oğlu, İddiaçı, X9 və X10. Tərəflərdən hər hansı birinin adına mənzil və ya torpaq sahəsinin olması barədə “Dövlətqaçqınkom”un sənədlərində heç bir məlumat yoxdur. Ailə dövlət tərəfindən mənzillə təmin olunmayıb. Ona görə də iddiaçı hazırki iddia ilə bağlı məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının mübahisəli evin müvəqqəti kirayəçisi olmasına, onlarla birgə təsərrüfat aparmasına istinad edərək iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh Vahim oğlu və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1171/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar