Məhkəmə qərarları › İş №2(107)-20/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-20/2025

09.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-20/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin naturada bölgüsünün aparılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Məhkəmə qərarının preyudisiallığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin naturada bölgüsünün aparılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(037)-13/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsində göstərilmiş qaydada bölünmüş qaydada naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onun payına düşən dəyərə uyğun məbləğin nağd şəkildə cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 4/6, ona 2/6 hissə olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(037)-13/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov), iddia tələbinin təmin edilməsi, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 44B ünvanında yerləşən, ümumi sahəsi 56.2 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin 1348A inventar nömrəli texniki pasport sənədində göstərilən 6 və 7 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğunun açılması, 6 və 5 nömrəli otaqlar, 7 və 5 nömrəli otaqlar arasındakı qapı boşluğunun bağlanılması, 6 nömrəli otaqdan çöl hissəyə giriş-çıxış qapısının açılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, İddiaçı 25 (iyirmi beş) manat və Cavabdeh 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı X2, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 hazırkı mübahisə tərəfləri arasında eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə əvvəllər baxıldığından və qanuni qüvvəsində olan məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 mövqeyi ilə razı olduğunu göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mülki iş materiallarında olan İsmayıllı Rayon Xalq Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Osmanov Timofey (Əli) Əhliman oğluna qarşı ev bölgüsü tələbinə dair iddiası təmin edilmiş, tərəflərin birgə nikah müddətində tikdirdikləri yaşayış evinin birinci mərtəbəsində şərq tərəfdəki 26,5 m2 yaşayış sahəsi olan bir otaq və ikinci mərtəbəsindəki üç otaq iddiaçı Cavabdeh, evin qərb hissəsində birinci mərtəbədə bir-biri ilə əlaqəsi olan 26,9 m2 və 22 m2 yaşayış sahəsinə malik iki otaq cavabdeh Osmanov Timofey (Əli) Əhliman oğluna verilmiş, yardımçı və əlavə tikililər birgə istifadədə saxlanılmışlar. Eyni zamanda iddiaçı hazırkı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, eyni tərəflər arasında, eyni fərdi yaşayış evinin bölgüsünə dair qanuni qüvvəsində olan məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, İddiaçı yenidən həmin tələblə məhkəmədə iddia qaldırmış, birinci instansiya məhkəməsi isə buna dair iddia tələbini yenidən təmin etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallığın müəyyən etdiyi qaydalara görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı) Çünki evin bölgüsü tələbinə dair eyni tərəflər arasında artıq qanuni qüvədə olan qətnamə mövcuddur. Yəni tərəf eyni, predmet eyni və əsas eynidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(037)-13/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-13/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin naturada bölgüsünün aparılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar